Azərbaycan ədəbiyyatının və ana dilimizin böyük hamisi

 

Akademik Bəkir Nəbiyev Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına qayğısı və dil siyasəti haqqında

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” monoqrafiyasının ilk nəşri 1998, ikinci nəşri isə 2009-cu ildə olub. Hər iki nəşrin ön söz müəllifi akademik Bəkir Nəbiyevdir. Birinci nəşrdə AMEA-nın müxbir üzvü, prof. Yaşar Qarayev, prof. Vilayət Quliyev və prof. Məhərrəm Qasımlının araşdırmaları yer alıb. İkinci nəşrin birinci fəslini akad. B.Nəbiyevin “Heydər Əliyev haqqında etüdlər”, ikinci fəslini prof. Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycan folkloru”, üçüncü fəslini akad. Teymur Kərimlinin “Heydər Əliyev və klassik ədəbiyyat”, dördüncü fəslini dos. Nikpur Cabbarlının “Heydər Əliyev və ədəbi proses”, beşinci fəslini isə prof. Nizaməddin Şəmsizadənin “Heydər Əliyev və azərbaycançılıq” məqalələri təşkil edir.

Akad. B.Nəbiyev 2007-ci ildə “Heydər Əliyev haqqında etüdlər” monoqrafiyasını ayrıca çap etdirib. Həmin məqalə alimin 5 cilddə seçilmiş əsərlərinin dördüncü cildində (Bakı: “Çinar-Çap”, 2009, 556 s.) yer alıb. “Xalqına sədaqəti, böyük dövlətçilik təcrübəsi”, “idarəçilik istedadı, xarakter bütövlüyü, heyrətamiz enerjisi”, “Azərbaycan xalqına, onun dilinə, dininə, ədəbiyyatına, digər mənəvi dəyərlərinə dərindən bələd” olan (akad. B.Nəbiyev) Heydər Əliyevin bu monoqrafiyada zəngin milli ədəbiyyatımıza tarixi xidmətlərinə yer verilib.

Heydər Əliyev siyasi-kulturoloji fəaliyyət zəminində mifologiya, folklor, klassik və müasir irs, habelə, dünya ədəbiyyatı haqqında qiymətli elmi fikirlər söyləyib. Onun ədəbi-bədii zövqü Nizami, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, Q.Zakir, M.F.Axundzadə, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, M.Şəhriyar, S.Rüstəm, M.Dilbazi, B.Vahabzadə, N.Xəzri, M.Araz, X.R.Ulutürk, Anar, Elçin, F.Qoca və başqaları ilə bərabər, rus, Avropa klassiklərinin əsərləri əsasında formalaşıb. O, “Kitabi-Dədə Qorqud” dastanlarını “bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir əsər kimi” dəyərləndirib. Akad. B.Nəbiyev yazır: “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyi Ümummilli liderimizin şəxsi təşəbbüsü və böyük səyləri nəticəsində həyata keçirilmiş və Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyəti sahəsində çox əlamətdar hadisə kimi tarixə düşmüşdür”.

Monoqrafiyada akad. B.Nəbiyev mühüm ədəbiyyat tədbirlərinin nəticələrini diqqətdə saxlamaqla bərabər, onların siyasi əhəmiyyətinə xüsusi nəzər yetirib. Görkəmli akademik dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubiley tədbirindən danışarkən bildirir ki, Heydər Əliyev Şərq bədii fikrinin tarixində yeni səhifə açmış böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini dünyaya böyük mənəvi sərvətlər vermiş Dante, Şekspir, Şiller, Puşkin, Balzak, Tolstoy və Qorki ilə yanaşı tutur, yubiley tədbirlərinə böyük məna verirdi. Bu cəhətdən onun aşağıdakı fikirləri də əhəmiyyətlidir. “Bu tədbirlərin... (1970-ci illərdən üzü bəri görülən işlərin miqyası nəzərdə tutulurdu - Ə.Ə.) siyasi əhəmiyyəti bu oldu ki, Azərbaycan rəhbərliyi və Azərbaycan elmi öz sənətkar övladına birmənalı şəkildə sahib çıxmaqla bərabər, o vaxtadək qonşu İranda və bəzi digər ölkələrdə Nizaminin, guya, fars ədəbiyyatının nümayəndəsi olması barəsində deyilənlərə son qoyuldu. Nizamişünasların Bakıda toplanan beynəlxalq konqresi artıq dünyanın bir sıra tanınmış şərqşünas və tarixçilərinin, nizamişünaslarının da bu məsələdə obyektiv mövqe tutduqlarını, Nizamini məhz Azərbaycan klassik ədəbiyyatının təmsilçisi, Azərbaycan xalqının dahi oğlu kimi qəbul etdiklərini göstərdi”. (s.55) (Yeri gəlmişkən, xatırlayaq ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilmiş 12 iyun 2015-ci il tarixli təntənəli açılış mərasimini. Bu tədbirdə Nizami Gəncəvi nə qədər möhtəşəm idi! - Ə.Ə.).

Akad. B.Nəbiyev xatırladır ki, Heydər Əliyev böyük renessans şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsində də çox böyük zəhmətlər çəkmişdi. Ulu öndər hesab edirdi ki, İ.Nəsimi yaradıcılığında “ən mühüm cəhət onun insanpərvərlik ideyalarının qüvvəti, şairin bir fikir adamı, bir şəxsiyyət kimi əzəməti, ana dilində yazdığı əsərlərində özünü xüsusi təravətlə nümayiş etdirən poetik möcüzəsi idi” (s.55). Heydər Əliyev bu yubileyin (Nəsimi yubileyi - Ə.Ə.). SSRİ, UNESCO xətti ilə dünya miqyasında qeyd olunması üçün layihələri “Sov.İKP MK siyasi bürosu kimi çox böyük bürokratiya maneəsindən keçirmişdi”, “zamanın çox nadir ədəbi-mədəni hadisəsi olan Nəsimi yubileyi UNESCO-nun tədbirləri sırasına daxil edilmişdi”. “Beləliklə, İ.Nəsimi yubileyi dünya miqyasında qeyd edilən ilk Azərbaycan şairi olmuşdu” (s.56). Alim, şair və incəsənət xadimlərinin iştirakı ilə Bakıda zirvə tədbirləri keçirilmiş, bir sıra uğurlarla yanaşı, akad. B.Nəbiyevin tərtib etdiyi rus dilində məqalələr toplusu (şairin dövrü, mühiti, şəxsiyyəti, hürufilik təlimi, əsərlərinin dil-üslub xüsusiyyətləri və s. ilə bağlı) nəşr edilib.

Akad. B.Nəbiyev dahi şəxsiyyət Heydər Əliyevin “Alim, ədib və incəsənət xadimləri haqqında yubiley tədbirinin keçirilməsi onların özlərindən çox, xalqımıza, cəmiyyətimizə lazımdır” kəlamını xüsusi xatırladır. Müəllif yazır: “Ulu öndər ağır müharibə şəraitində yaşayan, erməni işğalçılarına qarşı mübarizə aparan Azərbaycanın ən çətin məqamlarında da ölkəmizin xilas yolların yalnız hərbi qüdrətimizin artırılmasında deyil, həm də xalqımızın mənəvi dəyərlər baxımından çox güclü olmaq potensialında, Azərbaycanın zəngin və orijinal mədəniyyət yurdu olmasında görür, klassiklərimizin bənzərsiz irsini ən müxtəlif vasitələrdən istifadə edərək dönə-dönə dünya miqyasına çıxarmaqla doğma yurdumuzu qabaqcıl bəşəriyyətə olduğu kimi tanıtmağa çalışırdı. Bu isə, öz növbəsində, gecə-gündüz Azərbaycana, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı böhtanlar püskürən erməni təxribatını tərksilah etmək, ona böyük zərbə vurmaq demək idi” (s.57).

Ulu öndər dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinin keçirilməsinə də tarixi-siyasi və ədəbi hadisə kimi dəyər verirdi. Bu barədə akad. B.Nəbiyev yazır: “Füzuli Heydər Əliyevin sənətinə pərəstiş etdiyi nadir Azərbaycan dahilərindən biri idi. Ulu öndər Füzuli haqqında ən müxtəlif münasibətlərlə çox maraqlı fikirlər söyləmiş, şairin Azərbaycan ədəbiyyatında, Şərq poeziyası və dünya ədəbi-ictimai fikir tarixində mövqeyini dönə-dönə yüksək qiymətləndirmişdir” (s.58).

Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində M.Füzulinin 500 illik yubileyinin keçirilməsi çox geniş olub, Türkiyənin Ankara və İstanbul, Rusiyanın Moskva və Sankt-Peterburq, İranın Tehran və Təbriz, İraqın Bağdad, Kərbəla və Kərkük ərazilərini, habelə, Tiflis, Daşkənd, Dərbənd, Mahaçqala və başqa şəhərləri əhatə edib. Bu münasibətlə Parisdə UNESCO-nun baş qərargahında bir sıra yığıncaq, beynəlxalq forum, türk dünyası yazıçılarının üçüncü qurultayı, türksoy təşkilatının 8-ci toplantısı, Bakıda beynəlxalq simpozium keçirilib. Heydər Əliyev 1996-cı il noyabrın 8-də Bakıda keçirilmiş zirvə toplantısında Füzuli sənətinin fəlsəfi mahiyyətini, onun özünəqədərki dövrün Şərq və Qərb fəlsəfəsini, zəmanəsinin fəlsəfi fikrini dərindən öyrəndiyini, bir sıra əsərlərini fars, ərəb və türk dillərində yazmış şairin poetik irsinin əhəmiyyətini xüsusi qeyd edib” (s.60).

Akad. B.Nəbiyev Füzuli yubileyindən danışanda onun tarixi-siyasi əhəmiyyəti haqqında vurğulayır ki, “Füzuli - 500” tədbiri xalqımızın mənəvi həyatını zənginləşdirmək, adamlarımızı ruhlandırmaq, Vətənə, torpağa sədaqət ruhunda tərbiyələndirməklə bərabər, “Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək üçün hamımızı səfərbər edir” (s.60). Akademik qeyd edir ki, Heydər Əliyev müdrik siyasətçi və dövlət xadimi kimi qiymətləndirirdi ki, “yubileylərin keçirilməsi, bir tərəfdən, yubilyarların xalq, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən, müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir” (s.61). “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın” - belə öyüd-nəsihət edirdi Ulu öndər. “Beləliklə də, Heydər Əliyev dövlət yubiley komissiyasının üzvləri, elmi müəssisələr, yaradıcılıq təşkilatları, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, yerli icra orqanları qarşısında vəzifə kimi qoyur və tələb edirdi ki, bu tədbir vasitəsilə Azərbaycan xalqı dünyaya daha yaxından tanıdılsın”. “Qoy dünya bilsin ki, xalqımızın çoxəsrlik, zəngin tarixi mədəniyyəti var” (s.61). Akademik B.Nəbiyev fikirlərini dinamik inkişaf etdirərək ümumiləşdirir ki, “Heydər Əliyev iftixar duyğusu ilə deyirdi ki, bu gün biz həm Azərbaycanda, həm Füzulinin doğulduğu yerdə, Bağdadda, həm də Ankarada Füzulinin 500 illiyini qeyd edərkən artıq keçmişdəki kimi parçalanmış vəziyyətdə deyilik. İndi böyük Türkiyə Cümhuriyyəti ilə yanaşı, digər türk cümhuriyyətləri də vüqarla dayanmışdır. Ay-ulduzlu Türkiyə bayrağının yanında indi artıq beş müstəqil türk cümhuriyyətinin bayraqları dalğalanır. Bunlardan biri də Azərbaycanın bayrağıdır” (s.62).

Akad. B.Nəbiyevin məlumatına görə, Molla Pənah Vaqifin Şuşadakı heykəlinin açılışında vilayətin ozamankı bütün erməni rəhbərliyi, ziyalıları iştirak edib. Heydər Əliyev “Böyük Azərbaycan şairi Vaqifin timsalında Qarabağda XVIII əsrin ortalarında məskunlaşan ermənilərə başa salırdı ki, torpağın əsl sahibləri, onun təəssübünü çəkənlər, onun şöhrətini dünyaya yayanlar kimlərdir” (s.64). “Heydər Əliyevin iradəsilə Şuşada ucaldılan Vaqif məqbərəsi yalnız konkret bir şairin abidəsi deyildi, bu məqbərə daha çox, türk-azərbaycanlı ruhunun əsrlər boyu Qarabağa hakimiyyətinin simvolu idi, bu torpaqda yaranmış təkrarsız sənətin simvolu idi” (s.65).

C.Məmmədquluzadə Heydər Əliyevin “ən çox sevdiyi, yaradıcılığına pərəstiş etdiyi ictimai fikir bahadırı idi”. Ulu öndər 1998-ci il dekabrın 28-də Respublika sarayında müdrik yazıçının 125 illik yubileyindəki nitqində “C.Məmmədquluzadənin öz yaradıcılığı ilə Azərbaycan xalqının milli oyanışında misilsiz rol oynadığını əsaslandırırdı”. Onun fikrincə, yeni milli ideologiyanın yaradıcıları, ilk növbədə, bu dahi sənətkarın ədəbi-ictimai irsinə müraciət etməlidirlər: “C.Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır. Və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də C.Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın yaranmasına, formalaşmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir” (“Ədəbiyyatın yüksək borcu və amalı” kitabında, “Ozan”, 2000, s.265).

Heydər Əliyev Hüseyn Cavid irsinə də yüksək qiymət verib. Akad. B.Nəbiyev yazır ki, “Heydər Əliyevin nəzərində H.Cavid Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmiş dahi sima idi. Onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Ulu öndər əsaslandırırdı ki, bu hörmətli sənətkarın bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırır. Ədib həmişə öz iradəsiylə yaşamış, öz xalqına sadiq olmuşdur, xalqını həddən artıq sevmiş və ona yetərincə xidmət etmişdir”. Buna görə də Heydər Əliyev onun qəbrini 1982-ci ildə Naxçıvanda ata-baba torpağına tapşırıb. 1997-ci ildə böyük ədəbiyyat hamisi Hüseyn Cavid məqbərəsinin açılışı zamanı deyib: “Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. Mən bunu etdim...” (s.68).

Ulu öndər Heydər Əliyev C.Cabbarlıya zəmanəsinin fəlsəfəsini və psixologiyasını, dövlətlər arasında qırılmaz əlaqəni, xalqın tarixi müqəddəratının rəşadətli səhifələrini açıq göstərmək baxımından qiymət verirdi. Böyük rəhbər bildirirdi ki, onun gördüyü işlər - sözün əsl mənasında, yorulmaz əmək fədaisinin hünəridir. “C.Cabbarlı müasir Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuşdur. Bu dramaturgiyanın inkişafının əsas istiqamətlərini müəyyən etmişdir, Azərbaycan xalqının və ozamankı sovet ölkəsindəki bir çox başqa xalqların teatr mədəniyyətini zənginləşdirən qiymətli töhfələr vermişdir. Bizim bütün müasir dram sənətimiz müəyyən mənada Cabbarlı teatrının bəhrəsidir. M.F.Axundzadə və C.Məmmədquluzadənin böyük ənənələrini inkişaf etdirib zənginləşdirən Cabbarlı teatr yaradıcılığının həqiqi novatoru olmuş, Azərbaycan səhnəsində bu gün də gözəl səmərə verən yeni ənənələrin əsasını qoymuşdur” (s.68-69).

Xalq şairi Səməd Vurğun haqqında danışanda da Ulu öndərin siyasi xadim fitrətinin gizli mənalarını belə bəlgələyirdi: “Azərbaycan ədəbiyyatının keçən əsrdəki inkişafının mühüm mərhələsi onun (S.Vurğunun - Ə.Ə.) şərəfli adı, böyük istedadı və çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə üzvi surətdə bağlıdır”. “Yüksək humanist dəyərləri, həyati və tarixi hadisələri fəlsəfi dərinliyi ilə qavrayıb mənalandırmaq, xəlqilik, bədii sözün çoxəsrlik ənənələri, qırılmaz varislik əlaqələri, romantik vüsət S.Vurğun poeziyasının əsas xüsusiyyətlərindəndir. O, milli şeirimizi novator keyfiyyətlərlə zənginləşdirmiş, yüksək sənət məktəbi yaratmışdır” (s.69). Ədəbiyyat bilicisi Heydər Əliyev xüsusi vurğulayırdı ki, “XX əsr, xüsusilə də həmin yüzillikdə S.Vurğunun yazıb-yaratdığı 1920-50-ci illər bəşər tarixinin çox mürəkkəb, ziddiyyətli proseslərlə əlamətdar olan bir dövrüdür. Birinci Dünya müharibəsi, milyonlarla günahsız insanın qanı bahasına Rusiya imperiyasında sosializmin bərqərar olması, faşizmin Avropaya meydan oxuması, İkinci Dünya müharibəsi, “soyuq müharibə”nin təzadları, Böyük Vətən müharibəsi ərəfəsində və faşizm üzərində qələbədən sonra sovetlərin möhkəmlənməsi, ölkədə 1930-50-ci illərdə şəxsiyyətə pərəstişin tüğyan etməsi... belə bir dövrdə yaşamaq, yaratmaq və yüksək yaradıcılıq səviyyəsinə çatmaq hər bir insana nəsib ola bilməzdi” (s.69).

Müdrik şəxsiyyət Heydər Əliyev 1930-50-ci illərin mürəkkəb tarixi şəraitini, ədəbi prosesin çətinliklərini Xalq şairi Süleyman Rüstəmə münasibətində belə səciyyələndirirdi: “Deyirlər ki, niyə H.Cavid, S.Hüseyn, Ə.Cavad, M.Müşfiq və başqaları repressiyaya məruz qalıblar, amma məsələn, S.Rüstəm, S.Vurğun, R.Rza və qeyriləri yox? Biz unuda bilmərik ki, Stalin repressiyası qlobal miqyaslı bir zəlzələ, dəniz tufanı, qasırğa, nəhəng qar uçqunu kimi ölkəyə gəlmiş ictimai-siyasi fəlakət idi. Bu kataklizmdən bir təsadüf, yaxud möcüzə sayəsində qurtulmuş bir sıra Vətən oğullarını onların o biri qardaşları xilas ola bilmədikləri üçün ittiham etməyə bizim haqqımız yoxdur” (s.72). Akad. B.Nəbiyev “alman faşizminə qarşı mübarizədə şairin əsəri Azərbaycan xalqı, özəlliklə də, gənclərimiz arasında vətənpərvərlik hisslərinin inkişafında, qüvvətlənməsində çox böyük rol oynamışdır”, - deyə Ulu öndərin qiymətli fikirlərini xatırladanda Onun fərdiləşdirmələrini xüsusi qabardırdı: “Yalnız Vətəni, millətini hədsiz sevən və ona sadiq olan bir insan S.Rüstəmin yazdığı şeirləri yaza bilərdi. Bunlar bizim ədəbiyyat, mədəniyyət tariximizin qızıl səhifələridir” (s.71).

11 aprel 1998-ci il tarixli təbrikində Heydər Əliyev Məhəmmədhüseyn Şəhriyarı böyük vətənpərvərlik duyğularının tərənnümçüsü olan filosof şair kimi təqdim edirdi. Bildirirdi ki, “Şəhriyarın irsi onun yaşayıb-yaratdığı zamanın, ictimai-siyasi, fəlsəfi və ədəbi görüşlərinin parlaq inikasıdır” (s.73). Heydər Əliyev demişdir: “Şair xalq həyatının dərinliklərinə enib, dövrün kəskin ictimai ziddiyyətlərini, şərin, mütləqiyyətin, ədalətsizliyin, mənəvi məhkumiyyətin faciələrini poeziyanın rəvan, aydın və təsirli dili ilə bütün dünyaya car çəkmişdir”. “Şəhriyar da Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zənginləşməsində böyük rol oynamışdır” (s.74).

Heydər Əliyev 1998-ci il aprelin 24-də Xalq şairi Mirvarid Dilbazinin 85 illik yubileyində iştirak edib və parlaq nitq söyləyib. O, M.Dilbazinin qadın taleyi haqqında danışaraq onun şəxsiyyətini və sənətini ədəbiyyatımızın nadir hadisəsi adlandırıb. M.Dilbazi “İstiqlal” ordeni ilə təltif edilmiş, “1930-cu ildən başlayaraq S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, O.Sarıvəlli, M.Rahim, N.Rəfibəyli kimi sənətkarlarla bir sırada, yorulmaq bilmədən səmərəli fəaliyyət göstərmişdir”.

15 aprel 1995-ci ildə Heydər Əliyev daha üç böyük sənətkarı ilk dəfə “İstiqlal” ordeni ilə təltif edib. Bunlar Xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rza Ulutürk olub. Bunun səbəbini Ulu öndər belə izah edirdi: “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bu da asan bir proses deyildir. Çox vaxt tələb edən prosesdir. Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq B.Vahabzadə, M.Araz, X.Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər. Ona görə mən düşündüm: biz müstəqillik qazanmışıq. Respublikamız müstəqil dövlətdir. Xalqımız milli azadlıq əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının - hərənin öz yeri, öz payı, hərənin öz xidməti var. Ancaq elə şəxsiyyətlər var ki, onlar bu işin, bu prosesin yaranmasında, formalaşmasında, inkişaf etməsində xüsusi xidmətlər göstəriblər. B.Vahabzadə, M.Araz, X.R.Ulutürk ədəbiyyatımızın məhz bu cür çox görkəmli simalarıdırlar” (s.77).

Heydər Əliyev milli ədəbiyyatımızla bərabər, milli dilimizin də keşiyini çəkib, onun tarixi inkişafı üçün var qüvvəsini sərf edib. Ulu öndərin dil siyasəti 1969-cu ildən başlamış və O, hakimiyyəti dövründə “ana dilimizin də qayğısına qalmış, onun saflığı, təmizliyi, zənginliyi, inkişafı, xalqın, cəmiyyətin həyatında özünəlayiq yer tutması uğrunda yorulmaq bilmədən mübarizə aparmışdır” (s.85).

Ümummilli lider Heydər Əliyev 1978-ci il Konstitusiyasına ana dili barəsində 73-cü maddəni daxil etdirib. Bu da ondan ibarətdir ki, “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” (s.87).

Milli dilimizin bənzərsiz təəssübkeşi Heydər Əliyev Azərbaycan dilini heyranlıqla sevib. Ona güclü məhəbbət bəsləyib, “xalq mənəviyyatı, psixologiyası, ədəbiyyatı, mədəniyyəti - bütün bunların daşıyıcısı olan ana dilimizə dərindən bələd olub. Akad. B.Nəbiyev mahiyyəti vurğulayaraq göstərir ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan dilinin, ədəbiyyatının və incəsənətinin inkişaf perspektivlərinə dair uzunmüddətli siyasət işləyib hazırlamış və hər cür müqavimətlərə, mürəkkəbliklərə baxmayaraq, onu ardıcıllıqla həyata keçirmişdir”. (s.76) O, 1995-ci ildə “Azərbaycan dilinə müstəqil respublikamızın dövlət dili statusu vermiş, ana dilimiz cəmiyyət həyatının bütün sahələrində, o cümlədən, xüsusən, dövlət idarəçiliyində özünün, həqiqətən də, layiqli yerini tutmuşdur” (s.89). Həmin ildə Ulu öndər Azərbaycan Milli Elmlər Akademiyasında ana dilimizin türk, yoxsa Azərbaycan dili adlandırılması barəsində iki günlük müzakirə keçirmiş, qərara alınmışdır ki, dilimiz dövlət dili olaraq məhz Azərbaycan dili kimi təsdiq edilsin. Ümummilli lider Heydər Əliyev ədəbiyyatımıza tarix, mədəniyyət, mövcudluq, millilik, milli mənlik şüuru ilə bərabər, dövlət siyasəti kimi baxmış, 1970-ci ildən başlamış dil siyasətini uğurla həyata keçirmiş, dilimizə tam dövlət dili statusu vermişdir.

Bizi millət kimi qoruyub saxlayan dilimiz, ədəbiyyatımız, tariximiz və ənənələrimizdir. Hazırkı siyasi-tarixi şəraitdə bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin böyük xidmətləri vardır. O, Ulu öndərin ədəbi-ictimai fikir tariximiz haqqında vacib konsepsiyasını səylə davam etdirməkdə, əhəmiyyətli uğurlar qazanmaqdadır.

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,

filologiya üzrə elmlər doktoru

Yeni Azərbaycan.-2015.- 31 iyul.- S. 3.