Azərbaycanda regionların tarazlı inkişafı təmin edilir

 

Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 11 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində bütün ölkəboyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.

Dövlət proqramlarının reallaşdırılması Azərbaycanın regionlarını da iqtisadi güc amilinə çevirib

Son 11 ildə Azərbaycanın bölgələrinin sürətli inkişafının təmin edilməsində 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub. Hazırda respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir. İndiyədək tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci Proqramın icrasına 16 milyard, ikinci Proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Regionlarda inkişaf tempi, quruculuq-abadlıq işləri son bir ildə də intensiv şəkildə davam etdirilib. Ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev üçüncü Dövlət Proqramının da icrasını daim şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı təkcə son bir il ərzində bölgələrə 23 səfər edərək 120-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb, həmçinin, ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 Sərəncam imzalayıb.

Regionlarda reallaşdırılan infrastruktur layihələri gələcək inkişaf üçün etibarlı zəmin yaradır

Bu, bir həqiqətdir ki, zəruri infrastruktur təminatı yaradılmadan hər hansı bir sahədə inkişafa nail olmaq da mümkün deyil. Bu mənada son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır.

Regionların tarazlı inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, son 11 ildə Azərbaycanın elektrik enerjisi sistemində 23 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib.

Hazırda ölkəmizdə dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən su-kanalizasiya layihələri üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 480 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Bütün ölkəboyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Belə ki, son 11 ildə ölkədə 10 min kilometr yol çəkilib və yaxud əsaslı şəkildə yenidən qurulub, 340 körpü və tunel tikilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir.

Regionlarda həyata keçirilən layihələr ölkənin bütün şəhərlərində qazlaşdırmanı yüz faiz səviyyəsinə çatdırmağa imkan verib. Hazırda respublika üzrə kəndlərin qazlaşdırılması intensiv şəkildə davam etdirilir. Hədəf isə ölkədə qazlaşdırmanın səviyyəsini 90-95 faizə çatdırmaqdan ibarətdir.

Son illərdə Azərbaycanın regionlarında reallaşdırılan infrastruktur layihələri içərisində Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi strateji əhəmiyyət daşıyır. Bu iki meqalayihənin icrasına təxminən 1 milyard 700 milyon manat vəsait yönəldilib və nəticədə, on minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılıb.

Bölgələrdə intensiv şəkildə sosial istiqamətli layihələrin reallaşdırılmasını da xüsusi vurğulamaq lazımdır. Regionlarda sosial infrastruktur yaradılmasında, həmçinin, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond da yaxından iştirak edir. Ötən 11 il ərzində Fondun yaxından iştirakı ilə ölkəmizdə 3 min məktəb, 500-dən çox tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Respublikanın müxtəlif bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb, gənclər mərkəzləri istifadəyə verilib.

Regionların tarazlı inkişaf etdirilməsi ölkənin ərzaq təminatında və ixrac imkanlarının artmasında mühüm rol oynayır

Azərbaycanda regionların tarazlı inkişaf etdirilməsi ölkənin ərzaq təminatında və ixrac imkanlarının artmasında mühüm rol oynayır. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, yumurtaya, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.

Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanlarını da artırıb. Paralel surətdə xarici ölkələrdə respublikamızın ixrac infrastrukturu qurulur. Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi cari ildə başa çatdırılacaq. Gələcəkdə digər ölkələrdə də belə mərkəzlərin yaradılması perspektivləri araşdırılır.

Respublikanın müxtəlif regionlarında turizmin inkişafı təmin edilir

Məlumdur ki, Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” Qış-Yay Turizm Kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, hotel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.

Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 18 iyun.- S. 6.