Azərbaycan QDİƏT çərçivəsində
fəal siyasət həyata keçirir
Azərbaycan
nümayəndə heyəti QDİƏT Parlament Məclisinin
işində aktiv iştirak edir
Xəbər verildiyi kimi, iyunun 8-10-da Moldovanın paytaxtı Kişineu şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi (PM) Baş Assambleyasının 45-ci plenar iclası keçirilib. Tədbirdə Milli Məclisin deputatları - QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri Musa Quliyev və nümayəndə heyətinin üzvləri Ayaz Orucov, Jalə Əliyeva, Mixail Zabelin iştirak ediblər.
Öncə Assambleyanın 52-ci Büro iclası keçirilib. Sonra Moldova parlamentinin binasında Daimi Komitənin 45-ci iclası öz işinə başlayıb. İclasda Parlament Məclisinin hesabatı dinlənilib, QDİƏT PM-in statusunun yüksəldilməsi məsələsinə baxılıb. Qurumun birinci yarımillikdə beynəlxalq tədbirlərdə iştirak etmiş və işgüzar səfərlərdə olmuş nümayəndələri Daimi Komitədə hesabat veriblər. Musa Quliyev sədri olduğu İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin yarımillik fəaliyyəti barədə hesabat məruzəsi edib.
Baş Assambleyanın ikigünlük 45-ci plenar iclasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Musa Quliyev “QDİƏT 2012-nin iqtisadi gündəliyinin həyata keçirilməsində parlamentlərin töhfəsi: cari vəziyyət və gələcək perspektivlər” mövzusuna həsr olunan ümumi diskussiyalarda çıxış edib. Daha sonra Musa Quliyev QDİƏT PM-in İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri qismində “QDİƏT-ə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişafı və möhkəmlənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzəyə dair tövsiyə qərarını təqdim edib.
İclasda hüquqi, siyasi, mədəni, təhsil və sosial sahələri əhatə edən məsələlərə də baxılıb. “QDİƏT-ə üzv dövlətlərdə seçkilərə dair qanunvericiliyin əsas prinsipləri, oxşarlıqlar və fərqlər”, “QDİƏT regionunda məşğulluğun və sosial birliyin inkişafında idmanın rolu” mövzularında məruzələr dinlənilərək, tövsiyə qərarları qəbul edilib. Deputatlarımız gündəlikdəki bütün məsələlərin müzakirəsində yaxından iştirak edərək münasibətlərini bildiriblər. Yekunda təşkilati məsələlərə baxılıb, QDİƏT PM Sədrinin müavinləri və Baş katibinin müavini vəzifələrinə seçkilər keçirilib.
Vurğulamaq lazımdır ki, müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir. Azərbaycan, eyni zamanda, beynəlxalq təşkilatların işində də çox fəal iştirak edir. Bu təşkilatlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri mütəmadi olaraq təşkilatın işində aktiv təmsil olunurlar. Bir sözlə, Azərbaycan Respublikası 1992-ci ildən üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq edir.
Məlumat üçün bildirək ki, sözügedən təşkilat 25 iyun 1992-ci il tarixində İstanbulda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət və ya hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalanması ilə yaranıb. İstanbul Bəyannaməsi ilə bərabər, 25 iyun 1992-ci il tarixində 11 ölkənin dövlət və hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanıb. İstanbul Bəyannaməsi Qara Dəniz Əməkdaşlığının prinsiplərini, əsaslarını, istiqamətlərini və ilkin mexanizmlərini təsbit edir. Bosfor Bəyanatı isə İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərlə qeyd edir. 5 iyun 1998-ci il tarixində Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə əməkdaşlıq mexanizmi təşkilat statusu alıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yarandığı dövrdən bölgənin digər ölkələrinin diqqətini cəlb edir. Bu da, öz növbəsində, təşkilatın müəyyən nüfuza malik olduğunu sübut edir. Üzv ölkələrin koordinasiyası QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçirilir. Katiblik İstanbul şəhərində yerləşir, vəzifəsi QDİƏT-in işinin təşkilati cəhətdən təmin edilməsidir. QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş katibi vəzifəsi 3 illik müddət üçün (yenidən seçilmək hüququ ilə) nəzərdə tutulur. Eyni zamanda, qeyd etmək lazımdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 30 aprel 2004-cü il tarixində Bakıda keçirilmiş X iclasında Azərbaycan Respublikasının nümayəndəsi Baş katibin müavini vəzifəsinə seçilib. Təşkilatın ali orqanı Xarici İşlər Nazirləri Şurasıdır (XİNŞ). Şura təşkilatın əsas qərarverici orqanıdır. Şuranın iclasları 6 ayda bir dəfədən az olmayaraq, əməkdaşlığın nəticələrinin təhlili və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçirilir. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-nin iclasını keçirir. Müvafiq ölkənin xarici işlər naziri sədrlik etdiyi dövrdə QDİƏT-in fəaliyyətinin ümumi koordinasiyasını həyata keçirir.
Qara dəniz regionunda xüsusi rola malik olan respublikamızın QDİƏT-də iştirakının əsas məqsədi təşkilatın əhatə etdiyi regionda rolunu daha da möhkəmləndirmək, bölgəyə proqressiv qurucu münasibət bəslədiyini göstərmək, Avropaya inteqrasiya siyasətini həyata keçirmək, Qara dəniz bölgəsindən nəqli ehtiva edən qərbyönümlü neft strategiyasının davamlılığını təmin etmək və Azərbaycanın tranzit potensialını gücləndirmək, regionun aparıcı dövlətləri ilə (Türkiyə, Yunanıstan, Ukrayna, Rumıniya, Rusiya və s.) çoxtərəfli tərəfdaşlıq mexanizmi qurmaq, bununla da strateji maraqlarımızı qoruyub inkişaf etdirməkdir. Azərbaycan tərəfindən təşkilat çərçivəsində indiyədək fəal sədrlik proqramı tərtib edilib və reallaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının müqayisəli üstünlüklərə malik olduğu sahələr üzrə - enerji (18-19 sentyabr 2003-cü il), nəqliyyat (1-3 oktyabr 2003-cü il), turizm (25-26 sentyabr 2003-cü il) - nazirlər səviyyəsində Bakıda iclaslar təşkil edilib və ekspertlər səviyyəsində bir sıra görüşlər keçirilib. Həmçinin, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının ilk mərhələsindən başlayaraq, təşkilatın fəaliyyətində, Bosfor Bəyanatı və İstanbul Bəyannaməsinin hazırlanmasında iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikası ilk dəfə olaraq 2003-cü ilin mayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi 6 aylıq öz üzərinə götürüb. Həmin ilin oktyabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik müddətinin bitməsinə baxmayaraq, üzv dövlətlərin xahişi ilə Azərbaycan ikinci dəfə sədrliyə (2003-cü il oktyabr - 2004-cü il aprel) başlayıb. İkinci sədrlik müddətində də Azərbaycan Respublikası bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsinin fəal təşəbbüskarı olub. İlk sədrliyi dövründə Bakı iki dəfə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının IX və XI iclaslarına ev sahibliyi edib. Respublikamızın sədrliyi dövründə 2004-cü ilin aprelində Serbiya və Monteneqro tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Əsasnaməsi ratifikasiya edilib və təşkilatın üzv dövlətlərinin sayı 12-yə çatıb. Bütövlükdə, demək olar ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi təhvil aldığı zaman təşkilatın gələcək inkişafı üçün vacib olan və təcili həllini tələb edən bir sıra məsələləri gündəmə gətirib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişaf etməsi, həm regional, həm də qlobal səviyyədə geniş siyasi və iqtisadi dəyişikliklərin baş verməsi təşkilatın institusional olaraq gücləndirilməsi məsələsinin aktuallığını daha da artırır. Belə ki, qeyd olunan dəyişikliklərin gətirdiyi təhdidlərə cavab vermək, daxili tərəqqini təmin etmək məqsədi ilə idarəolunma, əlaqələndirmə, qərarvermə baxımından təşkilat daxilində islahatların həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür islahatların aparılması Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin müvəffəqiyyətinə, qarşıda duran vəzifələrin öhdəsindən gəlmə qabiliyyətinə bilavasitə təsir edir. Azərbaycan sədrliyi dövründə bir sıra iclaslar təşkil edərək, bu məsələləri gündəmə gətirib. Xarici İşlər Nazirliyi tərəfindən məsələ üzrə xüsusi İşçi Sənəd hazırlanıb. Sənəd Azərbaycanın regional əməkdaşlığa konstruktiv yanaşmasını təcəssüm etdirərək, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişaf perspektivlərini konseptual olaraq təhlil edir və Baş katibin və Yüksək Vəzifəli Şəxslər Komitəsinin səlahiyyətlərinin artırılması, katibliyin professional tərkibinin keyfiyyətinin, əlaqələndirici ölkə və işçi qrupları institutunun gücləndirilməsi, qərar qəbuletmə mexanizminin təkmilləşdirilməsi və digər konkret məsələləri əks etdirir.
Digər tərəfdən, sədrliyi dövründə Azərbaycan dövləti həm də Qara dəniz regionunda ticarətin asanlaşdırılması, orta və kiçik sahibkarlığın inkişafı məsələlərinə də xüsusi önəm verib. Ticarətin dövriyyəsini asanlaşdırmaq məqsədilə regionda iş adamları və peşəkar sürücülər üçün viza məsələlərinin sadələşdirilməsi üzrə iki saziş layihəsi, qeyri-tarif maneələrinin aradan qaldırılması kimi məsələlər QDİƏT-in müxtəlif işçi qruplarında müzakirə edilib. Sözügedən məsələ ilə əlaqədar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən layihənin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Layihənin nəticəsi kimi, regionda ticarətin asanlaşdırılmasına yönəldilmiş tövsiyələr hazırlanaraq üzv dövlətlərə təqdim edilib. Eyni zamanda, sədrliyi dövründə regionda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və dövlətlərin bu işdə rolunu müzakirə etmək məqsədilə Azərbaycan tərəfinin təşəbbüsü ilə xüsusi olaraq bir sıra iclaslar - QDİƏT KOM-lar üzrə İşçi Qrupu və seminarlar təşkil edilib. Həmçinin, FAO ilə əlavə - Qafqazda arıçılığın inkişaf etdirilməsi üzrə yeni layihənin təməli qoyulub. Azərbaycan bu layihədə iştirak etmək üçün FAO-ya müraciət edib. Respublikamızın sədrliyi dövründə Layihə İnkişaf Fondunun fəaliyyətinə də təkan verilib. Bu dövr ərzində Azərbaycan, Yunanıstan, Rumıniya, Rusiya və Türkiyə kimi dövlətlər könüllü olaraq Fonda öz töhfələrini köçürüb. Sədrlik müddəti ərzində Fondun İdarəedici Komitəsi ilk və əlavə iki toplantısını keçirib, QDİƏT-in işçi qrupları layihələrin hazırlanması istiqamətində fəaliyyətə başlayıb.
Qeyd edək ki, Fondun təsis edilməsi 2004-cü ildə QDİƏT-in ən vacib nailiyyətlərindən biri hesab edilir. Fond regional əməkdaşlığı təşviq edəcək layihələrin maliyyələşdirilməsi üçün üzv dövlətlərin könüllü ianələri (30 min ABŞ dolları) əsasında yaradılıb. Qara dəniz regionunun bilavasitə karbohidrogen ehtiyatları ilə zəngin olduğunu nəzərə alaraq və bölgənin bu strateji üstünlüyünü həm Azərbaycan, həm də ümumregion maraqları naminə inkişaf etdirmək məqsədilə respublikamız QDİƏT-in Nəqliyyat və Enerji üzrə İşçi qruplarında əlaqələndiriciliyi iki il müddətinə öz üzərinə götürüb. Bu əlaqələndiriciliyin yerinə yetirilməsi məqsədilə Bakıda iki vacib tədbir - enerji və nəqliyyat nazirlərinin iclasları keçirilib. Hər iki tədbir çərçivəsində birgə Bakı Bəyannaməsi qəbul edilib. Qeyd etmək lazımdır ki, sədrliyi dövründə Azərbaycan dövlətinin diqqət mərkəzində olan digər əməkdaşlıq sahəsi turizm olub. Məlumdur ki, bütövlükdə Qara dəniz regionu və eləcə də, Azərbaycan turizmin bütün sahələrinin inkişafı üçün böyük potensiala malikdir. Bu imkanlardan istifadə və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda (25 sentyabr 2003-cü il) daha bir yüksək səviyyəli tədbir - QDİƏT regionunda turizm imkanlarına həsr edilmiş konfrans keçirilib. Tədbirin nəticəsi kimi, müvafiq sahənin inkişafına yönəldilmiş tövsiyələri əks etdirən yekun sənəd qəbul edilib. Bununla yanaşı, tədbirlər çərçivəsində QDİƏT-in müxtəlif bölgələrində turizm üzrə seminarlar təşkil edilib. Azərbaycan, həmçinin, Qara dəniz regionunun inkişaf etdirilməsi və regionda əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə tərtib olunan Qara dəniz dairəvi avtomagistral yolunun tikintisi layihəsində iştirak edir. Eyni zamanda, qloballaşma şəraitində elm və təhsilin rolunu nəzərə alaraq, Qara dəniz regionunda mövcud potensialı inkişaf etdirmək məqsədilə Azərbaycan tərəfi Bakıda Beynəlxalq Qara Dəniz Tədqiqatları Mərkəzinin dəstəyi ilə QDİƏT-in Təhsil Nazirlərinin Toplantısını (15-16 aprel 2004-cü ildə) təşkil edib. Səmərəli müzakirələr elm və təhsil sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra müddəaları özündə cəmləşdirən Bakı Bəyannaməsinin qəbul edilməsi ilə nəticələnib.
Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi inteqrasiya proseslərində fəal iştirakçılardandır. Respublikamız sözügedən beynəlxalq təşkilat çərçivəsində 11-dən çox müxtəlif rəsmi sənədin hazırlanmasında və qəbul olunmasında iştirak edib. Azərbaycan Respublikası təşkilatın bir sıra işçi qruplarında, o cümlədən, regionda ticarətin liberallaşdırılmasını təmin edən sənədlərin hazırlanması məqsədilə toplanan qrupların iclaslarında fəal iştirak edir. 2005-2007-ci illərdə Azərbaycan Enerji üzrə İşçi Qrupun fəaliyyətini koordinasiya edib.
2013-cü ilin dekabrında isə Azərbaycan parlamentinin nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün dekabrın 16-dan 20-dək Gürcüstanda səfərdə olub. Tbilisidə keçirilən toplantıda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda kənd təsərrüfatının inkişafı, qlobal iqlim dəyişkənliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari məsələlər müzakirə edilib. Qeyd edək ki, dekabrın 17-də büro və komitələrdə müzakirələr aparılıb və dekabrın 18-də geniş heyətdə 42-ci Baş Assambleya öz işinə başlayıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxışında iştirakçıları salamlayaraq, Gürcüstanın bu böyük toplantıya sədrlik etməsindən şad olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin o zamankı rəhbəri, QDİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyev “Qara dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda çıxış edərək “Şahdəniz-2” layihəsinin ikinci fazasının imzalanmasından, Azərbaycanın enerji və kənd təsərrüfatı sahəsindəki uğurlarından danışıb. Plenar iclasda QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat və 2014-cü il üçün Assambleyanın büdcəsi qəbul edilib. Daha sonra QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Yunanıstan parlamentinə keçib. Baş Assambleyanın növbəti iclası 2014-cü il mayın 12-14-də Afinada keçirilib. Onu da bildirək ki, QDİƏT-in yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Milli Məclisinin üzvü Jalə Əliyeva “20 il QDİƏT-də” xatirə medalı ilə təltif olunub. Jalə Əliyevaya medalı Gürcüstan parlamentinin sədri David Usupaşvili təqdim edib. QDİƏT-in Parlament Assambleyasının plenar iclasında iştirak edən J.Əliyeva medalın təqdimatından sonra D.Usupaşviliyə minnətdarlığını bildirib.
Yeri gəlmişkən, 2013-cü ilin 4-5 sentyabr tarixində Gəncə şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin 41-ci iclası keçirilib. Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qonaqları salamlayıb, belə bir mötəbər məclisin qədim Nizami yurdunda keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev həmin iclasda çıxış edərək, komitənin növbəti iclasının Azərbaycanda keçirilməsini önəmli hadisə adlandırıb və müzakirə olunan məsələ ilə bağlı ölkəmizdə görülən və görülməsi nəzərdə tutulan tədbirlərdən danışıb.
İclasda Türkiyə Respublikasının nümayəndəsi Reşat Doğru, Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Musa Quliyev, Bolqarıstanın nümayəndəsi Petar Kinev, Rumıniyanın nümayəndəsi Alexandru Mazare, Serbiyanın nümayəndəsi Sanda Raskovic, Yunanıstanın Afina Milli və Kapodistrianski Universitetinin direktoru, professor Dimitros Mavrakis və başqaları müzakirə olunan mövzu ilə əlaqədar müxtəlif məruzələrlə çıxış edib, problemin həlli ilə bağlı təkliflərini bildiriblər. Məruzə və çıxışlarda qeyd edilib ki, qlobal iqlim dəyişikliyi bir ölkənin və regionun deyil, bütün dünyanın problemidir. Bunun qarşısını almaq, təbiəti, ekologiyanı qorumaq hər bir ölkə üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də, azalan su ehtiyatlarından düzgün istifadə olunmasına, ətraf mühitin və atmosferin çirklənməsinin qarşısının alınmasına, azalmaqda olan heyvan və bitki növlərinin mühafizəsinə ciddi fikir verilməlidir. Müzakirələrdə iqlim dəyişikliyi strategiyasının hazırlanması və həyata keçirilməsi ilə bağlı müxtəlif təkliflər də irəli sürülüb. İclasda dinlənilən məruzələr və təkliflər nəzərə alınmaqla 18 bənddən ibarət tövsiyə xarakterli hesabat təsdiq olunub. Tədbirdə təşkilati məsələyə də baxılıb. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri seçilib. Sentyabrın 5-də isə iclas iştirakçıları Gəncəni gəzib, tarixi yerləri və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Onu da xatırladaq ki, Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev 2014-cü il noyabrın 2-dən 5-dək Türkiyənin İstanbul şəhərində səfərdə olub. A.Hacıyev QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə komitəsinin işçi qrupunun iclasına qatılıb. İclasda QDİƏT-in Beynəlxalq Katibliyinin Əsasnaməsinə və qurumun reqlamentinə təklif olunan düzəlişlərə baxılıb, fikir mübadiləsi aparılıb. Asəf Hacıyev müzakirələrdə yaxından iştirak edib. Ötən ilin noyabrında, həmçinin, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclası keçirilib. İclasın ilk günü “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri”nə dair Bakı Bəyannaməsinin qəbul edilməsi ilə əlamətdar olub. İki gün davam edən iclasda Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri iştirak ediblər. İclası giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev bildirib ki, QDİƏT-in fəaliyyəti üzv ölkələr arasında iqtisadi əməkdaşlığa böyük təkan verib. Bu əməkdaşlıqdan gömrük xidmətləri də yararlanırlar. Rza Həsənəliyev iclasın gömrük xidmətləri arasında təcrübə mübadiləsi baxımından faydalı olacağını vurğulayıb.
QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş katibi Trayan Çebeleu təşkilatın bundan əvvəlki iclaslarını xatırladaraq, ötən müddətdə bir sıra nailiyyətlərin əldə olunduğunu deyib. Baş katib qeyd edib ki, bu ilin sentyabrında İstanbulda keçirilən iclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında gömrük xidməti sahəsində və ölkələr arasında ticarətin sadələşdirilməsi məqsədi daşıyan “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı birgə işçi qrupu yaradılıb. Baş katib vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün bir sıra yeni əməkdaşlıq sahələrinə dair müzakirələrin aparılması və yeni təcrübələrin qazanılması üçün çox əhəmiyyətli olacaq.
Yunanıstanın Maliyyə Nazirliyinin əməkdaşı Odissefs Pilalis isə bildirib ki, gömrük sistemləri gələcəkdə bir sıra dəyişikliklərə hazırlanmalıdır. Bunun üçün işçilərin, personalın təcrübəsi artırılmalıdır. QDİƏT ölkələri beynəlxalq mütəşəkkil cinayətkarlıqla, maliyyə cinayətlərinə qarşı mübarizə aparmağa da nail ola bilərlər. Bu baxımdan, Qara dəniz ölkələrinin əməkdaşlığı və birgə fəaliyyəti çox vacibdir. İclas QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin çıxışları ilə davam etdirilib.
Beləliklə, sadalananlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Avropaya inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atır. Bu kontekstdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.-19 iyun.-S.6.