Akademik Zərifə Əliyeva” miniatür kitabının ikinci nəşri çapdan çıxıb

 

RespublikaKitab” Cəmiyyəti tərəfindən hazırlanan “Akademik Zərifə Əliyeva” adlı miniatür kitabın ikinci nəşri “İndigo” mətbəəsində çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifi yazıçı-publisist, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur. Miniatür kitab poliqrafik tərtibatı ilə oxucuların diqqətini cəlb edir və 368 səhifədən ibarətdir. Nəşrdə akademik Zərifə Əliyevanın yaşadığı ömrün hər dövrü, fəaliyyətinin əhatə dairəsi, elmi axtarışları, qazandığı uğurlar, qayğıları, insanlara xeyirxah münasibəti, hər kəsə xüsusi diqqəti, bir sözlə, fədakarlıqla dolu həyatı öz əksini tapıb.

Yaxınlarının, doğmalarının, həmkarlarının, onu tanıyanların xatirələri əsasında yazılmış miniatür kitab “Əbədiyyət dastanı”, “Zərifə və Heydər”, “Unudulmaz insan”, “İstedad-tale-ömür” və “Son məktub” adlı bölmələrdən ibarətdir.

Zərifə Əliyeva ilə görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin - bu iki böyük şəxsiyyətin əfsanəvi məhəbbətə çevrilən qarşılıqlı sevgisi, səmimi münasibəti, bir-birinə olan hörmət və ehtiramı kitabın ana xəttini təşkil edir.

Nəşrin “Əbədiyyət dastanı” adlı birinci bölməsində Zərifə Əliyevanın yeniyetməlik, tələbəlik illəri, müharibə dövründə respublikada yaradılmış hospitallarda rəfiqələri ilə birlikdə yaralı döyüşçülərə yardımı, başqalarının dərdinə şərik olmaq, kədərinə acımaq, köməyinə çatmaq kimi yüksək insani keyfiyyətləri qələmə alınıb. Atası - dövrünün böyük ziyalısı, dövlət xadimi Əziz Əliyev, müəllimi professor Umnisə Musabəyova ilə bağlı xatirələr, Zərifə Əliyevanın peşəkar göz həkimi kimi formalaşmasında onların məsləhətləri, həkim-xəstə münasibətlərində həssaslıq, səmimiyyət, gərgin dəqiqələrdə ona bəslənilən ümid maraqlı epizodlarla oxucuya çatdırılır.

Kitabın “Zərifə və Heydər” bölməsində iki böyük şəxsiyyətin ömür yoluna nəzər salınır. Sevil Əliyevanın anası Zərifə xanım haqqında söylədiyi fikirlər oxucuları daha maraqlı məqamlarla tanış edir.

Nəşrdə akademik Zərifə Əliyevanın həkim, alim, pedaqoq kimi xarakterini səciyyələndirən xüsusiyyətlər tibb elmləri doktoru, professorlar A.Dobromıslovun, Z.Skripçenkonun, akademik V.Şmelyovanın, elm xadimləri N.Şulpinanın, M.Krasnovun, Tamerlan Əliyevin, Cəmil Əliyevin xatirələri əsasında diqqətə çatdırılıb.

Kitabda Zərifə Əliyeva haqqında ən maraqlı və dəyərli fikirlər Ümummilli lider Heydər Əliyev tərəfindən söylənən xatirələrdir. Bu xatirələr “Unudulmaz insan” və “İstedad-tale-ömür” bölmələrində toplanıb.

Nəşrin “Son məktub” adlı bölməsi Zərifə Əliyevanın son məktubundan sətirlər ilə başlayır: “Məndən ötrü narahat olma, uşaqlara yaxşı bax. Unutma ki, mən səni sevirəm...”. Müəllif yazır ki, Zərifə Əliyeva öz işıqlı xarakteri ilə taleyin onunla eyni yolda addımlamağı qismət etdiyi adamların da, öz ömür yolunda onunla bircə dəfə qarşılaşanların da qəlbində parlaq bir mələk kimi silinməz iz qoyub.

Miniatür kitabın ikinci nəşrində 44 fotoşəkil yer alıb.

 

Yeni  Azərbaycan.-2015.- 26 iyun.- S. 3.