Nadir şah fenomeninə güzgü tutan dəyərli nəşr

 

Azərbaycanın tarix elminə töhfə sayıla biləcək dəyərli bir nəşr - “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub. İnstitutda saxlanılan mənbələr əsasında hazırlanmış kitabda Azərbaycan və Yaxın Şərq tarixində silinməz iz qoymuş Nadir şah Əfşarın diplomatik irsi toplanıb.

Kitabın dəyəri nədədir, o, hansı zərurət və ehtiyacdan yaranıb? Bu suallara nəşrin elmi redaktoru, akademik Ramiz Mehdiyevin zəngin və inandırıcı tarixi faktlara, dərin məntiqə əsaslanan qeydlərində cavab tapmaq olar. Akademik Ramiz Mehdiyev Nadir şah şəxsiyyətinə, ilk növbədə, dövlətçilik məfkurəsi nöqteyi-nəzərindən yanaşır, diqqəti onun tarixi-diplomatik yazışmalarına yönəldir. Belə bir qənaətə gəlir ki, Nadir şah fenomenininirsinin düzgün dəyərləndirilməsində bu sənədlər ilkin mənbə olaraq mühüm əhəmiyyət kəsb edir və opponentləri inandırmaq üçün təkzibedilməz dəlil-sübutlardır.

Maraqlıdır ki, elmi redaktor qeydlərinə Nadir şah Əfşarın qətlə yetirilməsindən uzun illər sonra baş vermiş tarixi hadisələrin - Rusiya imperiyası və Qacarlar dövləti arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin təhlili ilə başlayır. Nadir şah 1747-ci ildə qətlə yetirilmiş, Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə nəticələnən bu müqavilələr isə müvafiq olaraq 1813-cü və 1828-ci illərdə bağlanmışdı. Akademik zaman etibarilə fərqli dövrlərdə baş vermiş bu hadisələr arasındakı məntiqi bağlılığı belə izah edir: “Məsələnin əsl məğzi məhz ondan ibarətdir ki, Azərbaycan torpaqlarının bölünməsi, mərkəzləşdirilmiş dövlətçiliyimizin, həmçinin tarixi vilayətlərimizin bir-birinin ardınca yadellilər tərəfindən işğalı prosesi 1747-ci il iyunun 21-də, yəni, görkəmli dövlət xadimimahir sərkərdə Nadir şah Əfşarın (1688-1747) sui-qəsdçilər tərəfindən öldürüldüyü gündən başlayır”.

Elmi redaktorun fikrincə, Nadir şahın öldürülməsi Azərbaycan tarixi üçün bəlkə də Gülüstan və Türkmənçay müqavilələrindən daha artıq dərəcədə faciəvi hesab oluna bilər. Çünki həmin müqavilələr “məhz Nadir şahın qətli ilə başlayan ağrılı və xalqımızın taleyində qanlı izlər buraxan işğallardan, bölünmə və məğlubiyyətlərdən irəli gəlmiş vəziyyətin kağız üzərindəki əksindən başqa bir şey deyildi”.

Fikir verirsinizsə, akademik Ramiz Mehdiyev tərəddüd etmədən Nadir şahı görkəmli dövlət xadimimahir sərkərdə kimi səciyyələndirir. Bu fikrinin sübutu kimi, tanınmış ingilis tarixçisi və şərqşünası L.Lokkartdan, İran tarixçisi Məhəmməd Hüseyn Qüddusidən və digər etibarlı mənbələrdən çoxsaylı sitatlar gətirir. L.Lokkart Nadir şahı Napoleon Bonapartla müqayisə edir, M.Qüddusi isə onun gördüyü işlərin, şəxsi keyfiyyətlərinin böyük ehtiram və sitayişə layiq olduğunu yazır.

Kitabın əsas məziyyətlərindən biri təkcə Nadir şah Əfşar haqqında deyil, bir çox digər görkəmli şəxsiyyətlərimiz barədə keçmiş SSRİ dövründə hakim ideologiyanın sifarişi ilə formalaşdırılmış stereotipləri dağıtmasında, tarixi həqiqəti ortaya olduğu kimi qoymasındadır. Toplunun elmi redaktoru sovet təbliğatının niyyətinin bu görkəmli şəxsiyyəti Azərbaycan xalqından mümkün qədər ayırmaq və gözdən salmaq olduğunu vurğulayaraq yazır: “O dövrün dərsliklərində və tarixi araşdırmalarında Nadir şahın ətrafında müstəbid, talançı, qatil obrazının yaradılması, onun Azərbaycana guya ancaq qarət məqsədi ilə yürüşlər etməsi, öz hakimiyyətini möhkəmləndirmək məqsədilə minlərlə günahsız insanı kütləvi şəkildə qətlə yetirməsi haqqında fikirlərin insanlara aşılanması da heç şübhəsiz ki, məlum niyyətdən qaynaqlanırdı”.

Elmi redaktor, eyni zamanda, bu işdə erməni müəlliflərinin xüsusi canfəşanlıq göstərdiklərini üzə çıxarır, K.Z.Əşrəfyan və M.R.Arunova adlı həmmüəlliflərin 1958-ci ildə Moskvada nəşr olunmuşNadir şah Əfşar dövləti” kitabını buna misal gətirir.

Elmi redaktorun məsələyə yanaşması, eyni zamanda, qeyri-standartlığı, orijinallığı ilə diqqət çəkir. Məsələn, akademik Ramiz Mehdiyev bu fikirdədir ki, sovet təbliğat maşını öz işini çox ustalıqla görüb. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, tarixçilərin bir neçə nəsli hələ də bu təbliğatın təsirindən xilas ola bilməyib. Elmi redaktor əmindir ki, Nadir şahın şəxsiyyəti ilə bağlı həvəskar sorğu keçirilsə, peşəkar tarixçilərin məhdud çevrəsini çıxmaq şərti ilə, orta və yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyəti Nadiri Azərbaycan torpaqlarını qəsb etməyə çalışan, qəddar İran hökmdarı kimi tanıdıqlarını bildirəcək. Bəziləri hətta onun Azərbaycan türklərinə mənsubluğundan belə xəbərsizdirlər. Akademik haqlı olaraq hesab edir ki, buya digər şəxslərə doğrudan da ədalətli qiymət vermək üçün tarixin bütün ağ-qara səhifələrini süzgəcdən keçirmək, haqqında fikir yürüdülən şəxsin yaşadığı dövrü incəliklərinə qədər dərk etmək, onun sələf və xələflərinin dövründəki mənzərəni qarşılaşdırmaq gərəkdir. Tarixi həqiqət və şəxsiyyətin əsl dəyəri yalnız bu şərtlər daxilində üzə çıxa bilər.

Nadir şah şəxsiyyətinə məhz bu kontekstdə yanaşan akademik Ramiz Mehdiyev onun həyat yoluna, hərbi-siyasi fəaliyyətinin mühüm məqamlarına nəzər yetirir. Nadir şah Əfşarın türk-Azərbaycan mənşəli olmasını birmənalı olaraq təsdiqləyən mənbələrdən yetərincə sitatlar gətirir. Elmi redaktorun istinad etdiyi müəlliflər arasında adları yuxarıda qeyd olunan tarixçilərlə yanaşı, Cahan Hüseyn Əfşar, Azmi Özcan, Qərb şərqşünasları M.Aksvorti, P.Averi, K.Bosvord, E.Şmidt, S.Len-Pul, həmçinin rus alimləri S.Kişmişev, İ.Petruşevski, M.İvanov, L.Boqdanovbir çox başqaları var. Onlar yekdilliklə bu fikri irəli sürürlər ki, Nadir şahın mənsub olduğu Əfşarlar sülaləsi türk mənşəlidir. Alman tarixçisi E.Şmidt Nadir şahın Hindistana yürüşündən bəhs edərkən onuİranda doğulmuş türk” adlandırır.

Akademikin müraciət etdiyi mənbələr öz mötəbərliyi, tarixi faktlar əsasında çıxardığı elmi və məntiqi nəticələr ilə oxucuda Nadir şahın türk mənşəli olduğuna heç bir şübhə yeri qoymur. Onun Azərbaycan tarixində oynadığı rolu, dövlətçilik, diplomatik və hərbi məharətini açıb göstərir. Şərq tarixinin ən böyük imperiyalarından birini qurmuş bu görkəmli dövlət xadimininmahir sərkərdənin yüksək şəxsi keyfiyyətlərindən bəhs edən akademik belə bir nəticəyə gəlir: “Öz gələcək inkişafı, düzgün təşəkkülü naminə həmişə uğurlu nümunəyə ehtiyac duyan gənclik üçün Nadir şahın qət etdiyi ömür yolu heç şübhəsiz ki, dəyərli, həm də əyani dərs vəsaitidir. Obrazlı desək, Nadir şahın həyat yolunu yalnız öz zəhmətinə, zəkasına söykənərək sonsuz çətinliklər girdabından ləyaqətlə xilas olmağın, zirvələrə yüksəlməyin, nəinki özü üçün, həm də xalqı naminə böyük qələbələr qazanmağın salnaməsi adlandırmaq da olar. Azərbaycan gəncliyi bu əyani vəsaitdən özü üçün faydalı nəticələr əxz etməyin yolları ətrafında bir qədər düşünsəydi, əsla pis olmazdı”.

Akademik Ramiz Mehdiyevin kitabdakı qeydləri tarixi faktların zənginliyi ilə də diqqəti cəlb edir. Bu faktların bir çoxu yəqin ki, kütləvi auditoriyaya ilk dəfə çatdırılır. Məlum olur ki, Nadir şahın çoxsaylı yürüşləri və qazandığı zəfərlər sayəsində imperiyanın ərazisi 5,5 milyon kvadratkilometrədək genişlənmişdi. Onun hakimiyyətdə olduğu cəmi 10 il ərzində azərbaycanlılar Qafqazdan başlayaraq Hind okeanınadək böyük bir əraziyə hakimlik edirdilər. Nadir şah dövründə qonşu dövlətlərlə qarşılıqlı faydaya əsaslanan geniş ticarət əlaqələri qurulmuş, müharibələr nəticəsində dağıdılmış təsərrüfat sahələrinin dirçəldilməsi istiqamətində xeyli görülmüşdü.

Digər maraqlı məqamlardan birielmi redaktorun tarixi irsə müasir dövrün prizmasından yanaşmasıdır. Yəni, çağdaş dövrümüzdə bu irsdən nələri əxz etmək olar? Akademik bu suala belə cavab verir: Nadir şah irsindən əxz edə biləcəyimiz daha bir mühüm məziyyət onun ölkənin beynəlxalq münasibətlər sistemindəki nüfuzuna hədsiz həssaslıqla yanaşmasıdır. 1738-ci ildə Nadirin Dehlidə Moğol hökmdarları tərəfindən Əfşar dövlətinin səfirinə qarşı edilmiş hörmətsizliyə verdiyi kəskin reaksiya bunun təzahürüdür. E.Şmidtin yazdığı kimi, baş verənlərdən hiddətlənən Nadir Hindistana müharibə elan edərək yürüşə başlayır”.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra bir çox tarixi şəxsiyyətlərə, eləcə də Nadir şaha yanaşmada xeyli müsbət dəyişikliklər müşahidə edildiyini, bir sıra tədqiqatlar aparıldığını, kitablar yazıldığını təqdir edən Ramiz Mehdiyevin fikrincə, bütün bunlar yetərli deyil. Nadir şah ətrafında formalaşmış uydurma, qərəzli təsəvvürləri tamamilə aradan qaldırmaq, onun dövlətçilik tariximizdəki yerini olduğu kimi açıb göstərmək və həmvətənlərimizə çatdırmaq üçün tarixçilərimiz və ədiblərimiz hələ çox çalışmalıdırlar. Akademik hesab edir ki, bu mənada Nadir şah Əfşarın şəxsi katibi Mirzə Mehdi AstarabadininTarix-i Cahanqoşay-i Nadiri” və Nadir şahın saray tarixçisi olmuş Məhəmməd Kazım Mərvinin “Aləm Aray-ye Naderi” salnamələrinin, İran tədqiqatçıları tərəfindən tərtib edilmişNader şah əz nəzər-e xavərşenasan” (“Nadir şah şərqşünasların gözü ilə”) toplusunun, tanınmış iranlı tədqiqatçı Sərdadvər Əbuturabın “Tarix-e nezamisiyasi-ye douran-e Nader şah Əfşar” (“Nadir şah Əfşar dövrünün hərbi və siyasi tarixi”), həmçinin Qərb tədqiqatçıları Mortimer Durandın “Nadir şah”, Ernest TukerinNadir şah Əfşar dövründə din və siyasət”, Mixael Aksvortinin “İranın qılıncı” monoqrafiyalarının Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilməsi xüsusilə fayda gətirə bilər.

Akademik, eyni zamanda, Nadir şahın siyasi irsinin öyrənilməsində ən mühüm qaynaq kimi ilkin mənbələrin, yəni, onun diplomatik yazışmalarının rolunu yüksək dəyərləndirərək yazır: “Müəyyən tarixi hadisələr, yaxud siyasi proseslər səbəbilə xarici dövlətlərin başçılarına ünvanlanan məktublar Nadir şahın diplomatik fəaliyyətinə işıq salmaqla yanaşı, həm də onun dövrün mühüm ictimai-siyasi məsələlərinə yanaşmasını anlamağa əhəmiyyətli dərəcədə yardım edir”.

Elmi redaktor Nadir şahın diplomatik yazışmalarını özündə ehtiva edən 27 məktubdan ibarət toplunu tarixşünaslığımız üçün dəyərli töhfə hesab edir. O, məktubların mətnində toxunulan məsələləri, orada əksini tapan mətləbləri diqqətə çatdırır və əminliklə vurğulayır ki, ana dilimizdə ilk dəfə nəşr olunan bu diplomatik sənədlər Nadir şah fenomeninin öyrənilməsinə, eyni zamanda, onun ünvanına səslənən böhtanların, edilən təhriflərin ifşası işinə böyük fayda verəcək.

Qeyd edək ki, Nadir şahın nəşrə daxil olunan məktubları Əlyazmalar İnstitutunun Fondunda qorunan üç əlyazmadan toplanaraq Fondun əməkdaşı Rauf Şeyxzamanlı tərəfindən fars dilindən tərcümə edilib.

 

Yeni  Azərbaycan.-2015.- 9 iyun.- S. 4.