Azərbaycanda uğurlu idman siyasəti həyata keçirilir

 

Prezident İlham Əliyev: Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir

 

Məlum olduğu kimi, Azərbaycanda idmanın davamlı inkişafını təmin etmək bu sahədə qazanılan nailiyyətləri daha da artırmaq məqsədilə ardıcıl aparılır. Bu sırada beynəlxalq miqyaslı yarışlarda idmançılarımızı yüksək nəticələr qazanmağa həvəsləndirmək məqsədilə görülən tədbirləri də xüsusi vurğulamaq lazımdır. Dövlət tərəfindən reallaşdırılan belə həvəsləndirici tədbirlər idmançılarımızın yarışlarda qələbə əzmini daha da artırır. Bu baxımdan Prezident İlham Əliyevin Bakı şəhərində keçirilən birinci Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında bu günlərdə imzaladığı müvafiq Sərəncam da xüsusi əhəmiyyət daşıyır.

Sərəncama əsasən, Bakı şəhərində keçirilən birinci Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək mükafatlar müəyyənləşdirilib. Dövlət başçısının imzaladığı Sərəncamda bildirilir ki, Bakıda keçirilən ilk Avropa Oyunlarında birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat mükafat veriləcək. Bundan başqa, Sərəncama əsasən, milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə), həmçinin, komanda idman növlərində birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat, ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat, üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.

Beləliklə, haqqında bəhs olunan Sərəncam müstəqil Azərbaycanda idmanın inkişafı ilə bağlı dövlətin siyasi iradəsini bir daha nümayiş etdirir. Ümumiyyətlə, dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Öz növbəsində, idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı sayəsində bu sahədə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyadan yüksək nəticələr əldə olunub. Bu barədə söhbət açarkən son illərdə respublikamızda ardıcıl həyata keçirilən tədbirlər sayəsində Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanınmasını xüsusi vurğulamaq gərəkdir. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin ötən ilin noyabr ayında Bakıda keçirilən 43-cü Baş Assambleyasında Beynəlxalq Olimpiya Komitəsinin, eləcə də Avropa Olimpiya Komitəsinin prezidentləri, həmçinin digər yüksək səviyyəli qonaqlar Azərbaycanda idman sahəsində inkişafı xüsusi qeyd ediblər. Öz növbəsində, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına görə idmançıların və mütəxəssislərin mükafatlandırılması mərasimindəki çıxışında Azərbaycanın idman sahəsində həyata keçirdiyi dövlət siyasətini uğurlu siyasət kimi səciyyələndirərək bildirib: “...İdman Azərbaycanda uğurla inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır. Bir daha demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir”.

Bir sözlə, məqsədyönlü dövlət siyasəti sayəsində qısa müddətdə ölkəmizdə zəngin idman infrastrukturu qurulub. Təkcə onu vurğulamaq kifayətdir ki, müstəqillik illərində respublikamızda 50-dən artıq Olimpiya-idman kompleksi tikilib ki, onların da 40-ı bölgələrin payına düşür.

Ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurların da sayı artıb. İdmançılarımızın Olimpiya Oyunlarında hər dəfə daha böyük müvəffəqiyyətlə çıxış etmələri bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, 2012-ci ildə keçirilən son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə15-ci yerdə qərarlaşıb.

İdmançılarımız təkcə Olimpiya Oyunlarında deyil, digər mötəbər beynəlxalq yarışlarda da nailiyyətlərini ilbəil artırırlar. Məsələn, təkcə ötən il Azərbaycan idmançıları DünyaAvropa çempionatlarında 805 medal qazanıblar ki, bunların da 275-i qızıl medallardır. Azərbaycan idmançıları daha bir böyük uğuru ötən il Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandılar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu Olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşdı ki, bu da respublikamızı təmsil edən gənc idmançıların böyük nailiyyətləridir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycan idmançılarının beynəlxalq yarışlarda böyük uğurlar qazanmalarını tarixi nailiyyət kimi qiymətləndirib: “Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar”.

Ölkəmizdə idmanın inkişafının güclü şəkildə dəstəklənməsi və təşviq olunması beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bu inamın nəticəsidir ki, Azərbaycan artıq dünyaAvropa miqyaslı yarışların keçirildiyi bir mərkəzə çevrilib. Azərbaycan ev sahibliyi etdiyi turnirlərdə bir qayda olaraq öz xoş niyyətini nümayiş etdirərək yarışların ölkələr və xalqlar arasında dostluq, həmrəylik bayramına çevrilməsinə çalışır. 2012-ci ildə Bakıda futbol üzrə qızlar arasında Dünya çempionatı keçirildi. Ötən il isə ölkəmiz bədii gimnastikataekvando üzrə Avropa çempionatlarına, həmçinin, yüksək səviyyəli bir sıra başqa turnirlərə ev sahibliyi edib. Gələn il ölkəmiz “Formula-1” yarışlarına, Dünya Şahmat Olimpiadasına , 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir sıra oyunları Bakıda keçiriləcək.

Hazırda isə ölkəmiz birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. AOK-un 50-dək ölkədən 6 min idmançının qatılacağı birinci Avropa Oyunlarının keçirilməsini Azərbaycana etibar etməsi ölkəmizin güclü dövlət olmasının, etibarlı tərəfdaş imicinin bir daha təsdiqlənməsi, həmçinin idman sahəsində qazanılan uğurlarımızın etirafı deməkdir. Azərbaycan isə ona göstərilən bu etimadı da yüksək səviyyədə doğrultmaqilk Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Gələcək Oyunların yüksək standartları məhz Bakıda müəyyənləşəcək. Başqa ölkələrə belə miqyaslı yarışların təşkili üçün 5-7 il vaxt verilsə də, Azərbaycan bu sahədə də liderlik keyfiyyətləri nümayiş etdirib. Belə ki, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bütün hazırlıq işlərini cəmi 30 ay ərzində yüksək keyfiyyətlə yekunlaşdırmağa nail olub. Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakı şəhərində zəruri infrastruktur qurulub, mövcud idman arenalarında əsaslı yenidənqurma işləri həyata keçirilib, həmçinin, möhtəşəm Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atıcılıq Mərkəzi, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi inşa edilib, ən müasir tələblər səviyyəsində dünyada analoqu olmayan Olimpiya kəndi yaradılıb. Ümumiyyətlə, xüsusi qeyd edilməlidir ki, Azərbaycan Oyunlara hazırlıq çərçivəsində yaradılan bütün idman infrastrukturunda ən yüksək standartlar tətbiq edib. Prezident İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında bu cəhətə diqqət çəkərək deyib: “Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil”.

Şübhə yoxdur ki, Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları özünün bir sıra özəlliyi ilə yadda qalacaq. Bu sırada Oyunlara hazırlıq dövründə Azərbaycan cəmiyyətində yaranan yüksək ovqatı, coşqunu xüsusi vurğulamaq gərəkdir. İnsanlardakı Oyunlar zamanı Azərbaycanı ən yaxşı tərəfdən təqdim etmək istəyi böyük məna kəsb edir. Bu və digər cəhətlər Bakıda son dərəcə gözəl idman bayramı yaşanacağına böyük əminlik yaradır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar”.

İdmançılarımızın, milli komandalarımızın yarışlarda qazanacaqları nailiyyətlər isə Azərbaycanın, ölkə vətəndaşlarının sevincinə əlavə sevinc qatacaq. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan Sərəncamı isə idmançılarımızın yarışlarda yüksək nəticələr qazanmalarına böyük stimul yaradır.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 11 iyun.- S. 2.