Azərbaycan-İtaliya əlaqələri
inkişaf edir
İtaliya Senatının nümayəndə heyətinin ölkəmizə səfəri zamanı bir sıra məsələlərlə bağlı geniş müzakirələr aparılıb
Xəbər verildiyi kimi, bu günlərdə İtaliya Senatının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə ki, iyunun 3-də Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, o cümlədən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri İtaliya Senatında “Movimento 5 Stelle” (5 ulduz hərəkatı) partiyasını təmsil edən nümayəndələrlə görüşüblər. İşçi qrupun rəhbəri, millət vəkili Azər Kərimli qonaqları salamlayaraq, onlara Azərbaycanın müstəqillik qazandıqdan sonrakı uğurlarından söhbət açıb. Bildirilib ki, ölkəmiz bu gün Cənubi Qafqazın ən qüdrətli dövlətidir və beynəlxalq qurumlarda söz sahibinə çevrilib. O, ölkə rəhbərliyinin dünya dövlətləri, o cümlədən, İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.
Görüşdə iştirak edən millət vəkilləri Rövşən Rzayev, İlham Əliyev, Qüdrət Həsənquliyev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, Vatikana səfərləri zamanı aparılan danışıqların və imzalanmış sənədlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qonaqlara Milli Məclisin fəaliyyəti, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələr, ölkədə həyata keçirilən islahatların gedişatı, yaxın günlərdə Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına hazırlıq barədə geniş məlumat verilib. Millət vəkilləri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın haqqın və ədalətin tərəfində olacağına inandıqlarını diqqətə çatdırıblar. Bildirilib ki, deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Səmimi görüş üçün minnətdarlığını bildirən İtaliya Senatının Sənaye, ticarət və turizm daimi komissiyasının üzvü Canluka Kastaldi Azərbaycanda gördüklərindən məmnun olduqlarını vurğulayıb. Qeyd edilib ki, ölkədəki inkişaf göz önündədir və İtaliya Qafqazın bu bölgəsinə böyük maraq göstərir. Qonaq bildirib ki, onun təmsil etdiyi ölkə Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına və ölkədə aparılan islahatlara gələcəkdə də dəstək vermək niyyətindədir.
Həmin gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri də İtaliya Senatının nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisin deputatı Fuad Muradov görüşdə qeyd edib ki, Azərbaycanın siyasi rəhbərliyi Azərbaycan-İtaliya münasibətlərinə çox önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlarda, ümumbəşəri məsələlərin müzakirəsində bir-birini dəstəkləyir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv olanda da biz dost İtaliyanın dəstəyini hiss etmişik. Siyasi əlaqələrimizin inkişafında parlamentlər böyük rol oynayır. Bu baxımdan Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti də təqdirə layiqdir.
Söhbət zamanı əməkdaşlıq əlaqələrimizə toxunan Fuad Muradov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə İtaliya və Vatikanın tarixi-mədəni abidələrinin qorunmasına verdiyi dəstəyi xüsusi qeyd edib. Ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin səfirlərinin mühüm xidmətləri olduğunu vurğulayıb. Görüşdə İtaliya Senatının Sənaye, ticarət və turizm daimi komissiyasının üzvü Canluka Kastaldi bildirib ki, Azərbaycanın İtaliyadakı səfiri ölkənin bütün siyasi qüvvələri ilə yaxşı əlaqələr qurub və bu əlaqələr münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Sonra o, İtaliya parlamentində Deputatlar Palatasının və Senatın tərkibi və iş qaydası barədə məlumat verib. Təmsil etdiyi partiyanın İtaliyada ikinci güclü siyasi qüvvə kimi tanındığını bildirib, “Movimento 5 Stelle” partiyasının fəaliyyətindən və məramından söz açıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən Muxtar Babayev öncə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarından söz açıb. Sonra qonaqlara Azərbaycanın iqtisadi imkanları, həyata keçirilən yeni enerji layihələri, İtaliyanın iri şirkətləri ilə əməkdaşlığımız barədə danışıb. İtalyan mütəxəssislərin Azərbaycanın qida sənayesi və şərabçılıq, yüngül sənaye və mədəniyyət sahələrinə böyük maraq göstərdiklərini vurğulayıb. Bildirib ki, ötən ilin yekunlarına görə, İtaliya bizim ən böyük ticarət partnyorumuz olub. Azərbaycanla İtaliya arasındakı idxal-ixracın həcmindən söz açan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Malik Həsənov konkret rəqəmləri dilə gətirib. Dost ölkələrimiz arasında daim inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən bəhs edərək vurğulayıb ki, bu görüş parlamentlərarası əlaqələrimizin inkişafına yeni təkan verəcək.
Görüşdə İtaliya Senatının İctimai işlər və kommunikasiya daimi komissiyasının üzvü Andrea Çoffi, Sənaye, ticarət və turizm daimi komissiyasının üzvü Vito Petroçelli Azərbaycanla iqtisadi, mədəni, ticari əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüblər.
Ümumiyyətlə, Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri
içərisində ölkəmizlə ən yüksək səviyyədə
iqtisadi əməkdaşlığı və
siyasi münasibətləri gücləndirən
ilk dövlətlərdən biri məhz İtaliya olub. İtaliya
Respublikası Azərbaycan Respublikasının müstəqilliyini
1 yanvar 1992-ci il
tarixində tanıyıb. Eyni zamanda, 8 may
1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr
yaradılıb.
Bununla belə,
məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlər
inkişaf etməyə
başlayıb. 1997-ci ilin
martında İtaliya Respublikasının Azərbaycanda,
2003-cü ilin dekabrında
isə Azərbaycan Respublikasının İtaliyada
səfirliyi təsis edilib. İki ölkə arasında
əməkdaşlıq rəsmi
səfərlər sayəsində
daha da möhkəmlənib.
Ümummilli lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri 24-27
sentyabr 1997-ci ildə baş tutub. Prezident İlham
Əliyev isə
2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada
rəsmi səfərdə
olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində
İtaliyanın birləşdirilməsinin
150 illiyi münasibətilə
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə
Prezident İlham Əliyev həmin ölkəyə səfər
edib. Onu da qeyd edək
ki, 2013-cü ilin 5-6
mart tarixində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva İtaliyada səfərdə
olub və Romada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında
iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri
səviyyəsində də
davam etdirilib ki, bu da
Azərbaycanla İtaliya
arasında əlaqələrin
bütün sahələr
üzrə inkişafına
təkan verib.
Ümumiyyətlə, birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə
olunması İtaliya ilə Azərbaycan arasında qarşılıqlı-faydalı
əməkdaşlığın güclənməsinə əlverişli
zəmin yaradıb. “Əsrin
müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində
İtaliya şirkətlərinin
təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına
təkan verib. Enerji sahəsində əməkdaşlıqla
yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni,
təhsil, səhiyyə,
turizm və digər bölmələrdə
intensiv əlaqələrin
inkişafı İtaliya-Azərbaycan
münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında yaradılmış
hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə
yeni dinamizm elementləri əlavə edib. Son illərdə
möhkəm təməllər
üzərində dərinləşən
Azərbaycan-İtaliya əlaqələri,
öz növbəsində,
ikitərəfli münasibətlər
çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq
fazasına qədəm
qoyub. Hər iki dövlət
Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında
həlledici rola malik olmaqla strateji
əhəmiyyət kəsb
etməyə başlayıb.
2007-ci ilin dekabrında
Azərbaycanla İtaliya
arasında qaz sektorunda əməkdaşlığa
dair protokol imzalanıb. Əlavə edək ki,
“Şahdəniz” konsorsiumu
28 iyun 2013-cü ildə
elan edib ki, “Şahdəniz-2” layihəsindən
hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və Cənub-Şərqi
Avropadakı müştərilərə
çatdırmaq üçün
Trans-Adriatik boru kəmərini (TAP) seçib.
13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş
imzalayıb. Bir sözlə,
İtaliya Azərbaycanın
şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya
dəhlizlərinin yaradılmasına
təşəbbüs göstərən
əsas dövlətlərdən
biridir.
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
dair məsələdə
dövlət səviyyəsində
xüsusi olaraq Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir. Xatırladaq ki,
İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı
qətnamə qəbul
edib. Bu qətnamədə
Cənubi Qafqazda sülhün bərqərar
olmasında, Dağlıq
Qarabağ münaqişəsinin
həllində ölkələrin
ərazi bütövlüyü
prinsipinə böyük
önəm verildiyi öz əksini tapıb.
Münasibətlərin inkişafında dövlət
rəsmilərinin qarşılıqlı
səfərləri də
mühüm rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin ötən il
iyulun 13-də İtaliyaya
rəsmi səfəri
iki ölkə arasındakı əlaqələrin
inkişafına növbəti
təkan olub. Məlumat üçün bildirək
ki, səfər çərçivəsində Romada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti
Corco Napolitanonun nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
görüşü olub.
Görüşdə Azərbaycan ilə
İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
əməkdaşlığın uğurlu inkişafından
məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin
Avropa İttifaqı-Azərbaycan
əməkdaşlığı baxımından önəmi
vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi
dövründə səylərin
əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı energetika
sahəsində əməkdaşlığın
uğurlu inkişafı
vurğulanıb, ölkələrimizin
beynəlxalq təşkilatlarda
bir-birinə qarşılıqlı
dəstək verdiyi bildirilib. Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
Azərbaycan-İtaliya ikitərəfli
münasibətlərinin müxtəlif
aspektləri və qarşılıqlı maraq
doğuran digər məsələlərlə bağlı
ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən
“Azərbaycan Respublikası
ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə” qəbul olunub, həmçinin, iki ölkənin bir sıra qurumları
arasında əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.- 11 iyun.- S. 8.