Azərbaycan-Bolqarıstan münasibətləri uğurla inkişaf edir

 

İki ölkə arasında energetika, kənd təsərrüfatı, yüngül sənaye, turizm, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur

Xəbər verildiyi kimi, iyunun 10-da Bolqarıstan parlamentində Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov ilə Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni seçilmiş sədri və üzvləri arasında görüş keçirilib.

Görüşdə dostluq qrupunun Bolqarıstan tərəfdən sədri Korman İsmayılov bu qrupun Bolqarıstan parlamentində ən böyük dostluq qruplarından biri olduğunu diqqətə çatdırıb. Üzvlərinin sayı 31 olan qrupun tərkibində sabiq nazirlərin, vitse-spikerlərin olduğu bildirilib. Sonra o, qrupun üzvlərini təqdim edib. Deputatlar Azərbaycanla Bolqarıstan arasında mövcud əlaqələri yüksək qiymətləndirib, münasibətlərin bu ruhda da davam edəcəyinə əmin olduqlarını bildiriblər. E.Kərimov Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərindən danışaraq bu münasibətlərin əsasının 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti əsasında bu ölkəyə səfəri ilə qoyulduğunu qeyd edib. Bundan əlavə, bu il martın 3-5-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərini xatırladan diplomat səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdırıb. Məhz bu bəyannamə ilə münasibətlərin yeni səviyyəyə qalxdığı vurğulanıb.

Səfir ölkələrimiz arasında energetika ilə yanaşı, kənd təsərrüfatı, yüngül sənaye, turizm, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. E. Kərimov əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb, bu münasibətlərin Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafına müsbət töhfələr verəcəyini qeyd edib. Bundan əlavə, səfir ölkəmizin son illər ərzində sürətli inkişafından, əldə edilən nailiyyətlərdən bəhs edərək Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək münaqişənin həll olunmamasının təkcə Azərbaycan üçün yox, bütün region üçün təhlükə olduğunu qeyd edib.

K.İsmayılov Bolqarıstanın münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdar olduğunu, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirib.

E.Kərimov Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumat verib, Bolqarıstandan iştirak edəcək idmançılara uğurlar arzulayıb. O, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində səfirliyin səylərini davam etdirəcəyini bildirib. Sonda səfir dostluq qrupunun üzvlərinə ölkəmiz, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, həmçinin, səfirliyin təşəbbüsü ilə Bolqarıstanda hazırlanmış və Avropa Oyunlarına həsr olunan müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edib.

Ümumiyyətlə, Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx münasibətlər mövcud olub. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 5 iyun tarixində yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabr ayında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2005-ci ildə açılıb. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Bu ölkə ilə əlaqələrə önəm verən Ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfər edib. Bolqarıstanın keçmiş Prezidenti P.Stoyanov isə 2-3 dekabr 1999-cu il tarixində Azərbaycanda rəsmi səfərdə olub.

Öz növbəsində, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan etibarən Bolqarıstanla münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. 2003-cü ilin noyabrında Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın müdafiə naziri Prezident İlham Əliyevlə görüşüb. 19-23 yanvar 2004-cü il tarixində Azərbaycanın gənclər, idmanturizm naziri Bolqarıstanda rəsmi səfərdə olub. 15-16 mart 2004-cü il tarixində Bakıya səfəri çərçivəsində Bolqarıstanın xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib. 2008-ci il martın 10-da Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycana işgüzar səfər edib. İki Prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub.

2009-cu il yanvarın 22-də Bolqarıstan Prezidenti Georgi Pırvanov növbəti dəfə Azərbaycana səfər edib. Azərbaycan və Bolqarıstan prezidentləri arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Həmçinin, Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstanda işgüzar səfərdə olub, bu ölkənin dövlət başçısı ilə görüşüb.

Yüksək rəsmi səfərlərlə yanaşı, Azərbaycan-Bolqarıstan siyasi münasibətləri parlamentlərarası əlaqələr üzrə də inkişaf edir. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bundan əlavə, 1999-cu ildə iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb. Komissiyanın əsas məqsədi ölkələr arasında iqtisadi münasibətləri genişləndirmək, əməkdaşlığı inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaqdan ibarətdir. 2008-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müştərək komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşdirilib.

Qeyd etdiyimiz kimi, Bolqarıstan Azərbaycanın mühüm geostrateji mövqeyindən və daxili inkişaf meyillərindən irəli gələn iqtisadi potensialını yüksək qiymətləndirir. Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRACECA) iştirak edir. Azərbaycan və Bolqarıstan, həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də qarşılıqlı əlaqələrə malikdir. Eyni zamanda, müxtəlif illərdə Azərbaycanla Bolqarıstan arasında iqtisadi sahədə önəmli sənədlər imzalanıb.

Bu gün Azərbaycanla Bolqarıstan arasında əlaqələr yüksək dinamika ilə inkişaf edir. Təbii ki, bu inkişafda dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyəti kifayət qədər böyükdür. Bu mənada son olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mart ayının 3-5-də Bolqarıstan Respublikasına rəsmi səfəri xüsusilə qeyd edilməlidir. Səfər çərçivəsində Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.

Səfər çərçivəsində martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxış edərək deyib: “Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur”.

Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri - İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevibir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neftqaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir”.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2015.- 12 iyun.- S. 8.