Güclü dövlət
quruculuğunun banisi
Müasir dünyada müstəqil dövlət quruculuğu prosesi böyük aktuallıq kəsb edir. Ulu öndər Heydər Əliyevin güclü dövlət konsepsiyasının bu baxımdan çox böyük əhəmiyyəti vardır. Təcrübə göstərir ki, Azərbaycanda dövlət quruculuğu uğurla inkişaf edir. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun məqaləsində Ulu öndərin dövlət quruculuğu konsepsiyasının müxtəlif aspektləri qlobal proseslər müstəvisində təhlil edilir. Məsələnin aktuallığını nəzərə alaraq, həmin məqaləni yenidən dərc edirik.
Novruz Məmmədov,
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının
rəhbərinin müavini,
Xarici əlaqələr
şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü
Hər tarixi dövrün özünəməxsus sosial,
siyasi, mədəni və iqtisadi
çağırışları olur. Onları dərk
edən xalqlar uyğun inkişaf modelini yarada bilir. Bu zaman tarixi təcrübə ilə yanaşı, cəmiyyətin
yetişdirdiyi şəxsiyyətlər də böyük rol
oynayırlar. Müasir dövr
üçün bu tezisin daha ciddi əhəmiyyəti var.
Çünki indi dünyada daha mürəkkəb proseslər
gedir, daxili və xarici faktorlar arasında olduqca sıx
bağlılıq müşahidə edilir. Təbii ki, tarixin bütün mərhələlərində
həmin aspektlər arasında əlaqə mövcud
olmuşdur. Lakin müasir dövrün fərqi
ondadır ki, qloballaşma adlanan proses daxili və xarici
reallıqları, demək olar ki, vahid sistem halına gətirmişdir.
Bu səbəbdən müstəqilliyini əldə
etmiş cəmiyyətlərdə dövlət quruculuğu
ilə sosial-iqtisadi və mədəni inkişaf modeli
arasında tarixdə müşahidə edilməyən
qarşılıqlı asılılıq mövcuddur. Azərbaycan keçən əsrin 90-cı illərində
müstəqilliyinə qovuşanda məhz bu cür vəziyyətlə
üz-üzə qalmışdı. Həmin
mərhələdə bir sıra naşı siyasətçilərin
yarıtmaz fəaliyyəti ölkənin daxili vəziyyətini
gərginləşdirməklə yanaşı, beynəlxalq aləmdə
də müdafiəsiz qoymuşdu. Həqiqəti
aydın təsəvvür etmək üçün o
dövrün bəzi qlobal geosiyasi əlamətlərinə nəzər
salmağa ehtiyac duyulur.
XX əsrin 90-cı illərinin əvvəllərində
sosialist düşərgəsinin dağılması ilə
dünyada faktiki olaraq yeni geosiyasi mənzərə
formalaşmağa başladı. O cümlədən, SSRİ, Mərkəzi
və Şərqi Avropanın sosialist dövlətlərinin
siyasi-hərbi, sosial-mədəni birliyinə son qoyuldu. Tarixi təcrübə göstərir ki, bu cür
silkələnmələrdən sonra insanların
düşüncələrindən tutmuş böyük
dövlətlərin daxili və xarici siyasətinədək
bütün sahələrdə köklü dəyişikliklər
baş verir. Siyasi, mədəni və
iqtisadi təfəkkürdə əsaslı yeniləşmələr
özünü göstərir. Həmin
prosesin fərdlərin və bütövlükdə cəmiyyətlərin
həyatında etdiyi dəyişikliklərin fonunda diqqəti
çəkən bir qanunauyğunluq da müşahidə
edildi. Bu da dövlət quruculuğu, yeni cəmiyyətin
formalaşması, uğurlu inkişaf modellərinin
yaradılması kimi məsələlərdə
qarşıya yeni vəzifələr çıxardı.
XX əsr boyu sosial-mədəni, geosiyasi, hərbi və
iqtisadi mühitin getdikcə daha da mürəkkəbləşdiyini
müxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı
təsdiq edir.
Lakin mürəkkəbləşməni bəşəriyyət
üçün ümumi tendensiya kimi qəbul etməklə
yanaşı, onun ayrı-ayrı mərhələlərdə
ön sıraya fərqli prosesləri də çıxardığını
vurğulamaq lazımdır. Məhz bu
kontekstdə demək olar ki, sosialist düşərgəsinin
dağılması bir mühüm reallığı dünya
siyasətinin, geosiyasi və humanitar-elmi nəzəriyyələrin
diqqət mərkəzinə gətirdi. Bu
reallığı “postsovet məkanı” və “yeni müstəqil
dövlətlər” terminləri ilə ifadə etmək olar.
Hər iki termin böyük siyasi, hərbi, mədəni,
geosiyasi və iqtisadi birliyin sürətlə
parçalanması nəticəsində yenə həmin məkanın
birliyinə aid olan proseslərin ifadə edilməsi məqsədi
ilə formalaşdırıldı.
Bu cür yanaşma tarixin tələbi idi. Yeni müstəqil
dövlətlərin milli qurum olaraq inkişafı, onların
demokratik dünyaya inteqrasiyası və xarici siyasətlərinin
prioritetləri ciddi maraq doğuran məsələyə
çevrilirdi. Ötən müddət ərzində qət
edilmiş yola nəzər saldıqda hər dövlətin
öz tarixi trayektoriyasının
formalaşdığını görürük: bəzi
ölkələr üçün uğurlu olmuş, digərlərinin
problemləri isə heç azalmaq bilməmişdir. Bəziləri köhnə düşüncə tərzindən
əl çəkib, yeni modelləri qəbul etmək istəmirlər.
Bu zaman isə dövlət quruculuğu ilə
sosial inkişaf modelinin uğurlu seçilməsinin vacibliyini
nəzərdə saxlamaq lazımdır.
Həmin kontekstdə onu da vurğulamaq istərdik ki, Azərbaycanın
xarici təcavüzə məruz qalması, müstəqil
dövlət quruculuğu məsələsini daha da mürəkkəbləşdirmişdi. Hətta bəzi
dairələrin Azərbaycan adlı dövləti yer
üzündən silmək planları ortaya
çıxmışdı. Məsələyə
qlobal miqyasda gedən geosiyasi proseslərin
işığında nəzər salanda Frensis Fukuyamanın
bir qeydini xatırlatmaq lazım gəlir. Müasir
dövrün tanınmış filosof və futuroloqlarından
olan F.Fukuyama güclü dövlətin formalaşması məsələlərini
birbaşa XXI əsrdə dünya nizamının təmini və
idarəetmə ilə əlaqələndirir. O yazır
ki, bizim dövlət quruculuğu haqqında çox
düşünməyimizə baxmayaraq,
anlamadığımız çox şeylər vardır. F.Fukuyama həmin çətin məsələlər
sırasında “güclü strukturları (dövlət
strukturları nəzərdə tutulur - N.M.) inkişaf etməkdə
olan ölkələrə necə köçürməyi”
ayrıca qeyd edir. Yəni bir rejimin sürətlə
dağılması nəticəsində cəmiyyətin
tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadi mühitə
düşməsi, onun bütövlüyünü saxlamaq
şərti ilə transformasiyası çox mürəkkəb
problemdir. Həmin şərtlər daxilində Azərbaycanda
müstəqil dövlət quruculuğu ilə sosial
inkişaf modelinin uyğunlaşdırılması məsələsini
sadə proses kimi təsəvvür etmək çətindir. Fikrimizcə, sualın cavabı Azərbaycanın
geosiyasi mövqeyi və təbii sərvətləri ilə
yanaşı, cəmiyyətimizin zəngin və özünəməxsus
mədəniyyətə, dövlətçilik ənənəsinə
və yüksək passionarlığa sahib olmasındadır.
Həmin potensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman
liderlər yetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin
çağırışlarına məhz bu potensialla cavab
veriblər. Bir neçə dəfə
repressiyalara, deportasiyalara məruz qalmalarına baxmayaraq,
müstəqilliklərini heç nəyə dəyişməmişlər.
1988-ci ildən başlayıb 1993-cü ilin iyun
ayınadək Azərbaycanın perspektivləri ilə
bağlı ziddiyyətli mövqelər var idi. Ümumiyyətlə, söhbət dövlətin
qalıb-qalmaması məsələsindən gedirdi. F.Fukuyamanın haqqında bəhs etdiyi güclü
dövlət strukturlarını formalaşdırmadan onun
müstəqilliyini qoruyub saxlamaq mümkün deyildi. Bunun üçün isə strateji təfəkkürlü,
uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasətçi-lider
lazım idi. Azərbaycan xalqı
1993-cü ildən ikinci dəfə həmin liderinə
arxalandı. Bu, bir xalqın bir əsrdə
ikinci dəfə qəhrəmanlıq göstərməsi,
uzaqgörənlik və dövlət qurmaq qüdrətini
nümayiş etdirməsi idi. Ulu öndər
Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini
və xalqını zamanın ziddiyyətləri məngənəsindən,
sözün həqiqi mənasında, xilas edərək, onu
real inkişaf xəttinə istiqamətləndirdi.
Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan
mədəniyyəti və tarixinin əhəmiyyətini
xüsusi qeyd edirdi. Bütövlükdə, Azərbaycanın
müstəqil dövlətçilik kursu bu məqam üzərində
quruldu. Faktiki olaraq, Ümummilli lider
qısa müddət ərzində xalqın quruculuq enerjisini
dövlətin maraqlarının təmin olunması istiqamətində
səfərbər edə bildi. Heydər
Əliyev cəmiyyətin mədəni-intellektual
potensialını və mənəvi dəyərlərini
milli ideyanın reallaşdırılmasına yönəltdi.
Problemin bu aspekti elmi-nəzəri baxımdan böyük
əhəmiyyət kəsb edir. Sosialist düşərgəsinin
dağılmasından sonra meydana gələn müstəqil
dövlətlərin daxili və xarici siyasətinin təməlinə
hansı baza prinsipinin qoyulmasından onların gələcək
dövlətçiliyinin taleyi asılıdır. O zaman
bu məqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim anı daha
çətin amillərlə bağlı idi. Ölkəyə
təcavüz vardı, müxtəlif istiqamətlərdən
təzyiqlər ara vermir, daxildə
qeyri-müəyyənlik hökm sürürdü. Məhz belə bir mürəkkəb və ziddiyyətli
şəraitdə mədəniyyəttutumlu suverenlik
strategiyasına üstünlüyün verilməsi strateji təfəkkürlə
yanaşı, siyasi xadim müdrikliyi də tələb edirdi.
Heydər Əliyev dövlət idarəçiliyində
klassik və müasir anlamda dövlət quruculuğunun baza
prinsiplərinə əsaslanırdı. Ulu
öndər həm də zəngin şəxsi təcrübəsindən
geniş istifadə edirdi. Bu, görkəmli
dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə
imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən
düzgün çıxış yolu tapa bilirdi.
Heydər Əliyev strateji hədəfləri daxili və
xarici amilləri kompleks şəkildə nəzərə
almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri
dərindən və hərtərəfli təhlil edərək
müəyyənləşdirirdi. Bütün bunlar Ulu
öndərin dövlətçilik məfkurəsinin
başlıca siyasi, ideoloji və nəzəri əsaslarının
zənginliyini nümayiş etdirir. Göründüyü
kimi, Heydər Əliyevin dövlətçilik kursu
seçimi tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Azərbaycanın gələcəyinə
görə məsuliyyəti Öz üzərinə
götürdü və “...hədsiz gərgin zəhmət
bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf
strategiyasını formalaşdırmağa müvəffəq
oldu”. Təcrübə göstərir ki,
belə fürsət heç də hər xalqa, ya millətə
nəsib olmur.
Beləliklə, Azərbaycanın milli inkişaf
strategiyası mədəniyyəttutumlu suverenlik ideyasına əsaslanırdı. Mədəniyyəttutumlu
suverenlik, həm də, sosial yönümlü inkişaf modeli
seçmək deməkdir. Bu mənada mədəniyyəttutumlu
suverenliyin Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin özəyi olması fikrini qəbul etmək
lazımdır. Postsovet məkanı
üçün bu kurs kifayət qədər yeni olmaqla kreativ
siyasi təfəkkür tələb edir. Problemin
mahiyyəti də məhz bundadır. Çünki
müstəqilliyinə yenicə qovuşan və hər tərəfdən
əsassız ittihamlara məruz qalan gənc dövlətin
xarici siyasətinin möhtəşəm binasının
bünövrəsinə bədxahların gözünə ox
kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratik
dövlət qurmaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərlə
yanaşı, həm də ona görə ki, Azərbaycana
qarşı olan əsassız hiddətin kökündə məhz
zəngin, təkrarolunmaz milli mədəniyyət və
dövlətçilik ənənələrimizin
varlığını bəzilərinin qəbul etmək istəmədiyi
dururdu. Heydər Əliyev bütün risklərə
sinə gərərək dövlətçilik kursunun əsasına
milli mədəniyyət və sosial inkişaf amillərini
qoydu. Mədəniyyəttutumlu suverenlik
ideyası qlobal kontekstdə Azərbaycan üçün
çox əhəmiyyətli idi.
Bütün bunlar keçən əsrin ikinci
yarısından başlayaraq cəmiyyətin inkişaf
modelinin təməlində hansı ideyanın
qoyulmasının ciddi müzakirə obyektinə çevrilməsi
fonunda baş verirdi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü
ideologiya, yaxud sosial inkişaf modeli və s. kimi variantlar
müxtəlif formalarda diqqət mərkəzinə gətirilirdi.
XX əsrin 90-cı illərindən başlayaraq
qabaqcıl düşüncəli insanlar mədəniyyətə
və sosial tərəqqiyə istinad edən inkişafın
daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla
vurğulayırdılar. Azərbaycan da tarixi şəraitin
çağırışlarına Heydər Əliyevin sayəsində
XX əsrin 90-cı illərində məhz bu tələbə
uyğun cavab verdi.
Güclü
dövlətin təşəkkülü məsələsi
F.Fukuyama zəif dövlətin milli problemlərin də
qaynağı olduğunu qəbul edir. Bu məqamda Fukuyamanı
tam haqlı görürük. Keçən
əsrin 90-cı illərində postsovet məkanında, o
cümlədən, Azərbaycanda cərəyan edən siyasi
proseslər müstəvisində həmin amil olduqca
böyük əhəmiyyət kəsb edir. Bəli, o zaman keçmiş Sovet
respublikalarının hamısının qarşısında “hansı
yolu seçməli”, “necə bir cəmiyyət və dövlət
qurmalı?” kimi suallar dururdu. Problemin bir tərəfi
sosialist düşərgəsinin dağılması ilə
dünyadakı geosiyasi balansın Qərbin xeyrinə kəskin
dəyişməsi ilə bağlı idi. Digər tərəfdən
isə müstəqilliyə zaman baxımından qısa
müddətdə “atılmış”, totalitar rejimin
“tırtılları” altında əzilmiş, tarixi və mədəniyyəti
zədələnmiş, dövlət strukturları, demək
olar ki, dağılmış cəmiyyətlərdə
nizam-intizam yaratmaq lazım idi.
Çoxlarının artıq dağılmış kimi
təsəvvür etdikləri Azərbaycanda Ümummilli lider
Heydər Əliyev dövlət quruculuğu proseslərinə
qeyri-adi əzmkarlıqla başladı. Kiçik bir
dövlətə bu güc haradan gəldi? Necə oldu ki, bəzi xarici dairələrin onu
dağıtmağa çalışdığı tarixi bir mərhələdə
zaman Azərbaycanın xeyrinə işləməyə
başladı? Bu suallara cavab cəmiyyətdə
güclü dövlət quruculuğu konsepsiyasının və
sosial inkişaf modelinin həyata keçirilməsi ilə
verildi. Nəzəriyyə öz yerində,
ancaq praktiki cəhətdən çox mürəkkəb
xarici və daxili situasiyada dövlət qurmaq tarixi hadisədir.
Məlumdur ki, 1993-cü ilin yayında Azərbaycan
parçalanma astanasında dayanmışdı, xarici təcavüz
sistemli xarakter almışdı, daxildə böyük xaos
hökm sürürdü. Ölkə üçün
bu vəziyyətdən yeganə optimal çıxış
yolu sabitlik yaradıb, dövlət qurmaqdan ibarət ola bilərdi. Cəmiyyəti və
dövləti xilas etmək məqsədi digər bütün
maraqlardan üstün tutulmalı idi. Burada
F.Fukuyamanın belə bir situasiya üçün təklif
etdiyi ideyanı xatırlatmaq yerinə düşər. F.Fukuyama milli dövlət quruculuğu prosesinin
üç mərhələdə həyata keçirilməsini
doğru sayır. Birinci mərhələni
o, münaqişədən sonrakı yenidənqurma
adlandırır. Bu mərhələ
ölkənin münaqişəli vəziyyətdən
çıxmasından sonra başlayır. İkinci mərhələ cəmiyyətdə
sabitlik bərqərar olunduqdan sonra işlək dövlət
strukturlarının yaradılmasını nəzərdə
tutur. Xarici təcavüz sona çatandan sonra bu proses
özünün mükəmməl səviyyəsinə
çatmalıdır. Üçüncü mərhələ
hakimiyyətin geniş miqyasda sabitləşməsindən
başlayır və zəif dövlətdən güclü
dövlətə keçidi əhatə edir. Bunun əlamətləri
sırasında dövlətin öz vətəndaşlarının
hüquqlarını, xüsusi mülkiyyətini, təhsil
haqlarını və s. qoruya bilməsini göstərmək
olar. Bir sözlə, üçüncü mərhələdə
dövlət strukturları lazımi qədər səmərəli
işləməlidir. F.Fukuyamanın təklif
etdiyi modelin ana xəttini cəmiyyətdə sabitliyin
yaradılması və dövlət strukturlarının səmərəliliyi
təşkil edir. Bəs bunu necə təmin
etməli? Afrika və ya Əfqanıstan
modeli postsovet məkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə
çox ehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin öz tarixi yolu, təcrübəsi,
xalqın mental xüsusiyyətləri və konkret yerli
sosial-siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri
var.
Bütün bunlar həmin dövrdə Azərbaycan
üçün iki problemin aktuallaşdığını
göstərir. Birincisi, ölkədə sabitliyi necə
təmin etməli? İkincisi, müstəqil
dövlət quruculuğunu uğurla aparmaq üçün
hansı kursu seçməli? Bu aspektlər
reallıqda bir-biri ilə sıx bağlı idi. Hər ikisi üçün də düzgün
ideologiyanın müəyyənləşdirilməsi həyati
əhəmiyyət daşıyırdı. Çünki seçiləcək ideoloji konsepsiya Azərbaycanın
strateji yolunu müəyyənləşdirəcək, dövlət
quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və
cəmiyyətin birləşməsi xəttini ortaya
qoyacaqdı. Söhbət Azərbaycanda
müstəqil dövlət quruculuğunun gerçək fəlsəfəsini
formalaşdırmaqdan gedirdi.
Mahir siyasət ustası şahmat taxtasında bir neçə rəqibi ilə oynamalı və qalib gəlməli idi. Ümummilli lider bunu bacardı. Amma beynəlxalq və daxili vəziyyət isə Onun və Azərbaycanın xeyrinə deyildi. Siyasətçi dövlət quruculuğunun fəlsəfəsini sürətlə, ölkənin ziddiyyətli problemlərini həll edə-edə yaratmalı idi. Dövlət quruculuğunda ən böyük maneələrdən biri həmin ərəfədə xaricdən idxal edilmiş və bütün postsovet məkanı üçün şirnikdirici görünən ideologiyanın beyinlərə hakim kəsilməsi idi. Müxtəlif istiqamətlərdən gələn gözqamaşdırıcı, şirnikdirici və bəzən təhrikedici ideoloji konsepsiyalar insanlarda çaşqınlıq yaratmışdı. Burada həm radikal milliyyətçiliyin avantürist cəzbetmə sahəsinə, həm də liberal demokratiyanın ifrat cəlbedici azadlıq xülyasına düşmək ehtimalı var idi. Bu ifrat tendensiyaların hər ikisi, əslində, 1993-cü ilə qədər özünü büruzə verirdi. Qərbdən gələn təsirlərin arxasında hansı məqsədlərin durduğunu müəyyən etmək asan məsələ deyildi. Çünki Qərb məhz liberalizm, azadlıq, demokratiya kəlmələri ilə gerçək geosiyasi maraqlarını gizlədə bilirdi. İnsanlar bu şirnikdirici və ümidverici terminlərlə dolu ideoloji sistemin çarxına düşür və oradan çıxa bilmirdilər.
Azərbaycan üçün situasiyanı çətinləşdirən başqa məqam cəmiyyəti etnik mənsubluğun məhdud dairəsinə sürükləyə bilən, qlobal səviyyədə cərəyan edən hadisələrə zidd ultramillətçi düşüncənin mövcudluğu idi. Digər bir problem sosial ədalət məsələsi ilə bağlı idi. Sosial ədalət müxtəlif cür izah edilirdi. Sosial ədalət mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn, konservatizm, millətçilik, neokonservatizm, sosializm və s.) toqquşduran əsas məsələ oldu. Liberalizmə qarşı iddialar əsassız deyildi. Çünki, doğrudan da, müasir cəmiyyət üçün sosial ədalət olduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin mühüm tərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları ona tənqidi yanaşmağı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstəqilliyini yaxın keçmişdə əldə etmiş cəmiyyətlər üçün sabitlik və təhlükəsizlik də həyati əhəmiyyətli məsələlərdən idi. Bu məqam neokonservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar “hüquqi sosial dövlət” konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü dövlət konseptini aktuallaşdırırdı. Güclü dövlət cəmiyyətdə nizam-intizamı təmin edə, sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi.
Dövlət quruculuğuna yenicə başlayan cəmiyyətlər üçün bu ideya çox maraqlı idi. Lakin onu kor-koranə qəbul etmək də riskli idi. Çünki hər bir cəmiyyətin öz təkamül yolu var. Heydər Əliyev postsovet məkanında bütün bu kimi məqamları nəzərə alaraq Azərbaycan üçün neokonservatizmə çox yaxın olan, lakin liberal demokratiyanın əsas müddəalarını da özündə ehtiva edən ideoloji konsepsiya formalaşdırdı. Akademik Ramiz Mehdiyev yazır ki, bu kontekstdə ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıqla neokonservatizm arasında əlaqə olduğunu demək olar. Beləliklə, Azərbaycanın çıxış yolu güclü dövlət konseptində idi. Azərbaycançılıq ideologiyasına bu vəzifələrin işığında nəzər saldıqda, dövlət müstəqilliyinin təmini və demokratik cəmiyyət quruculuğunun reallaşması prosesinin möhkəm ideya təməli aydın görünür. Azərbaycançılıq ideologiyasına hər iki ifrat qanaddan kənarda, dövlətçilik və real demokratiya sahəsində məzmun verməklə Heydər Əliyev tarixi missiya yerinə yetirdi. Bu aspektdə Mehriban Əliyevanın bir fikri çox maraqlıdır. Mehriban Əliyeva “Həyat dərsi” əsərində qeyd edir: “Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısıdır”. Dəqiq və lakonik ifadə edilmişdir. Görkəmli dövlət xadimi elə bir ideoloji mövqe seçdi ki, həm qlobal səviyyənin aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm də cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə müstəqil dövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək imkanı yarandı.
Onu demək gərəkdir ki, güclü dövlət konseptinin reallaşması müasir tarixi şəraitdə kifayət qədər sanballı və ölçülü-biçili yanaşma tələb edirdi. İlk növbədə, dövlət quruculuğunun konkret mexanizmlərini işləyib hazırlamaq lazım idi. Dövlətin bütün fəaliyyət istiqamətlərini bu məqsəd ətrafında sistemləşdirmək gərəkdi. Unutmaq olmazdı ki, Azərbaycan tarixin hökmü ilə son 300 ildə mürəkkəb təkamül yolu keçib. Müstəqil dövlətçiliyindən uzaq düşmüş xalqın psixologiyasında özünəinamı qaytarmaq mühüm şərt idi. Böyük dövlətçilik ənənəsinin olması, təbii ki, Azərbaycanı daha şanslı göstərirdi. Lakin müasir dünyada üstünlük təşkil edən geosiyasi proseslərin məzmun və mahiyyəti Azərbaycanın qarşısında çətin problemlərin durduğunu hər an anladırdı.
Güclü dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə nail olmağı tələb edirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə sabitliyi pozan çoxlu sayda amillərin olduğunu qeyd etmişdik. Həmin dağıdıcı amillər havadarları tərəfindən üstümüzə qısqırdılan Ermənistanın təcavüzkar davranışları ilə daha da aqressiv xarakter alırdı. Azərbaycanın 90-cı illərdə sui-qəsd planlarına, dövlətçiliyə qarşı çıxışlara səhnə olması təsadüfi deyildi. Bu səbəbdən də Heydər Əliyevin dövlət quruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması strateji xarakter daşıyırdı.
Nəticədə Azərbaycan mütərəqqi dünyəvi dövlət perspektivini aydın dərk edən ölkəyə çevrildi. Bu kursun Azərbaycana İslam dünyası üçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən demək olar. Heydər Əliyevin güclü dövlət konseptində mədəniyyətin və sosial inkişafın yeri və rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan mahiyyət etibarilə dünyəvi dövlət kimi inkişafda olmalıdır, lakin o, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir. Mədəniyyət mənsubluğu bütövlükdə cəmiyyətin kimliyini müəyyənləşdirməklə yanaşı, dövlətçiliyin əsas komponentlərindən birinə çevrilməlidir.
Təsadüfi deyil ki, Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktiki şəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir. Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn fərqli mədəniyyətlərin nümayəndələrinin qatıldığı həmin tədbirlər Azərbaycanda dövlət quruculuğunun mahiyyətində mədəni və dini tolerantlığın varlığını sübut edən konkret faktlardandır. Azərbaycan artıq islamlaşma ilə müasirləşmənin (intellektual sərvətə əsaslanan sosial-iqtisadi və mədəni inkişaf modeli) səmərəli sintezini reallaşdıran ölkə olaraq tanınır. İndi bu istiqamətdə Azərbaycan modelinin nümunə kimi öyrənilməsi haqqında yüksək səviyyələrdən təkliflər eşidilməkdədir. Bunların kökündə Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi mexanizmlərinin işlənməsi durur.
Sabit və
dinamik cəmiyyət: sosial-iqtisadi inkişaf modeli
Güclü
dövlət quruculuğunun təməlində güclü
iqtisadi infrastrukturun formalaşdırılması durur.
Ümummilli lider bu aspektə çox böyük diqqət
yetirirdi. O, iqtisadi gücü bütün digər məsələlərin
təməlinə qoydu. Beynəlxalq enerji layihələri,
xarici sərmayələrin ölkəyə cəlb edilməsi,
qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni
istehsal sahələrinin yaradılması və iş yerlərinin
açılması Azərbaycanda ardıcıl surətdə
həyata keçirilir.
2003-cü
ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldə
etmiş Azərbaycan vardı. Vətəndaş cəmiyyəti
quruculuğunun təməli hazırlanmışdı. Bunun
sayəsində Azərbaycan modernləşmənin yeni mərhələsinə
keçid edə bilərdi. Bunun üçün xarici sərmayələrin
cəlb edilməsinə əsaslanan modernləşmə cəmiyyətin
daxili potensialına əsaslanan müasirləşmə kursu
ilə əvəz olunmalı idi. Əgər Heydər
Əliyev 1993-2003-cü illər ərzində səbir, inam və
qətiyyətlə və ardıcıl olaraq dövlət
quruculuğu siyasətini həyata keçirməsəydi,
modernləşmənin birinci mərhələsi başa
çatmayacaqdı. Həmin illərdə Azərbaycan
iqtisadiyyatının bütün sahələrində sistemli
islahatlar həyata keçirildi. Qeyri-neft sektorunun
inkişafı üçün ayrıca proqramlar
reallaşdırıldı.
Enerji
layihələrinin həyata keçirilməsi bu prosesdə
xüsusi yer tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə
səmərəli apardı ki, tarixi baxımdan qısa zamanda
dünyanın aparıcı geosiyasi gücləri
Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan
artıq enerji təhlükəsizliyi sahəsində
sözünü deyən, müstəqil maraqları ilə
çıxış edən, regionun lideri qismində geosiyasi
statusunu fəaliyyəti ilə təsdiqləyən dövlətdir.
Güclü dövlət konseptinin həyata keçirilməsinin
birbaşa nəticəsi olan bu nailiyyət tarixi əhəmiyyət
daşıyır. Güclü dövlət konseptinin iqtisadi
aspektinin də sıx bağlı olduğu başqa bir məqamı
qeyd etmək gərəkdir.
Müasir tarixi mərhələdə güclü dövlət və güclü cəmiyyət anlayışları sıx bağlıdır. Fərdlərin və cəmiyyətin gücünün bir tərəfi iqtisadi amillə bağlıdırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir. Bu səbəbdən Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə ciddi önəm verirdi. Azərbaycan dilinin inkişafı, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin saxlanması və təbliği, mənəvi irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi kimi məsələlər Onun siyasətinin mərkəzində duran məqamlardan idi. Milli-mənəvi dəyərlərinə sadiq qalan cəmiyyət həqiqi mənada müasirləşə bilər. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında Ulu öndər deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Milli-mənəvi dəyərlər cəmiyyətin gücünü qidalandıran mənbədirsə, müasirləşmə onun daim dəyişən ətraf aləmə adaptasiyasını təmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin yeniləşməyə açıq olması inkişafın mühüm amili sayılır. Bu mənada azərbaycançılıqda yer almış müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna malikdir. Güclü dövlətin demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsini məhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləşməsi konkret olaraq modernləşmə proqramında öz ifadəsini tapır. Dövlət quruculuğu çərçivəsində müasirləşməyə diqqət yetirsək, burada demokratik təsisatların formalaşmasının mühüm yer tutduğunu görərik. Demokratik institutlar cəmiyyətdə sosial-siyasi münasibətləri tənzimləyən əsas mexanizmdir.
Azərbaycan demokratik təsisatların formalaşması məsələsində postsovet məkanında öncül yerdə olan ölkələrdəndir. Təbii ki, cəmiyyətin yeniləşməsi prosesi heç zaman dayanmamalıdır. Təkmilləşmənin, daha yüksək demokratik yaşam tərzinə sahib olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi də fasiləsiz gedən prosesdir. Dövlətin gücü ilə cəmiyyətin gücünün uzlaşdığı müasirləşmə prosesi özündə varislik prinsipini də ehtiva edir.
Beləliklə, keçən əsrin 90-cı illərində Azərbaycan milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasını formalaşdıra bildi. Bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsi, həm Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə, həm də regional liderə çevrilməsi üçün imkan yaratdı. Bu uğurun təməlində dövlət quruculuğu ilə yeni cəmiyyət formalaşdırılmasının vəhdət təşkil etməsi durur. Həmin aspektdə əvvəlcə cəmiyyətdə sabitliyin yaradılması, sonra isə davamlı sosial-iqtisadi və mədəni inkişaf xəttinə çıxarılması mərkəzi yer tutur. Təcrübə göstərdi ki, Azərbaycan Cənubi Qafqazda bu modeli ən yaxşı şəkildə reallaşdıran dövlətdir.
Bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda sosial inkişaf modelinin həyata keçirilməsi Heydər Əliyev tərəfindən dərin, hərtərəfli və müasir tarixi dövrün tələblərini nəzərə almaqla elmi yanaşmaya əsaslanır. Sosial inkişaf bir tərəfdən müstəqil dövlət quruculuğu kursu, digər tərəfdən cəmiyyətin mənəvi-əxlaqi yeniləşməsi ilə sıx bağlı halda həyata keçirilir. Bu məqamın əhəmiyyəti böyükdür. Çünki müasir cəmiyyətlərin bir çoxunda güclü dövlət qurulur, lakin sosial inkişaf zəifdir. Yaxud sosial-iqtisadi inkişaf kifayət qədər yüksəkdir, fəqət cəmiyyət ziddiyyətlər içərisində sıxılır. Deyək ki, bir sıra Qərb dövlətlərindəki cəmiyyətdə müxtəlif sosial, mənəvi, əxlaqi-ideoloji problemlər mövcuddur. İnsan tərbiyəsi məsələsi xeyli aktuallaşıb. Bu da özlüyündə təhsil sisteminin yeniləşməsi və təkmilləşdirilməsi ehtiyacını ortaya qoyur. Həmin məsələnin kökündə isə sosial inkişaf modeli durur.
Şübhə yoxdur ki, müstəqilliyini əldə etmiş dövlətlər üçün sosial inkişaf modeli yaradıcı yanaşma tələb edən məsələdir. Şübhəsiz, yüksək inkişaf etmiş ölkələrin təcrübəsini burada nəzərə almaq lazımdır. Lakin son halda inkişaf modelini hər bir cəmiyyətin özünəməxsus tarixi təkamül yolu keçməsi əsasında müəyyənləşdirmək lazım gəlir. Bütün bunlarla yanaşı, müasir dövr üçün xarakterik olan və heç bir cəmiyyətin yan keçə bilmədiyi bir özəlliyi unutmaq olmaz. Söhbət qloballaşma şəraitində konkret cəmiyyətin inkişaf modelinin dayanıqlılığından və özünəməxsusluğunu saxlamaq imkanlarından gedir. Çünki müasir tarixi mərhələdə faktiki olaraq sivilizasiya geosiyasəti yeridilir. Sivilizasiya geosiyasəti isə hər şeydən əvvəl mədəni kodlara və arxetiplərə yönəlir. Problemə böyük dövlətlərin maraqları prizmasından baxdıqda yerli mədəniyyət sistemlərini təhdid edə bilən təhlükələri nəzərə almaq lazım gəlir. Samuel Hantinqton məşhur əsərində vurğulayır: “...Qlobal siyasət - sivilizasiya siyasətidir. Fövqəldövlətlərin rəqabəti sivilizasiyaların toqquşması ilə əvəz olunub”. Digər ABŞ siyasətşünası və ideoloqu Henri Kissincer deyir ki, “...Üçüncü dünyaya münasibətdə Amerika xarici siyasətinin ali prioriteti depopulyasiya olmalıdır”. Xatırladaq ki, H.Kissincer 1975-ci ildə Prezident Cimmi Karter üçün depopulyasiya haqqında “GLOBAL 2000” adlı sənəd hazırlamışdı.
Bu fikirlər nəyi ifadə edir? İlk növbədə bu, müasir sivilizasiya geosiyasətində əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olmasına işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərin tranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək olar. Sosialist düşərgəsinin dağılması ilə həmin tendensiya daha da güclənmişdir. Təsadüfi deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət göstərən bir neçə informasiya vasitəsi formalaşdı. Onlardan CNBC (1989-cu il), VVS World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-cı il) və başqalarını göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi şərtləri aydındır. Qloballaşan dünyada informasiyanın sürətli və genişmiqyaslı yayılması zərurətə çevrilir. Eyni zamanda, müxtəlif sahələrdə çalışan insanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki, bizneslə məşğul olan adamın daha çox uğur qazanması informasiya təminatı ilə sıx bağlıdır. O cümlədən, tansmilli şirkətlərin dünya miqyasında fəaliyyəti qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən birbaşa asılıdır. Beləliklə, media vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edirlər. Dünyanın, demək olar ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb ictimai rəyi idarə etmək üçün geniş miqyasda yararlanır. Beləliklə, müasir təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin “beynini və qəlbini yumaq” mümkündür. Deməli, milli dövlət üçün mədəniyyət sistemini qorumaq və inkişaf etdirmək, ilk növbədə, siyasi məsələdir. Bu amili dövlət quruculuğu fəlsəfəsinin əsasına qoymaq isə konkret geosiyasi kurs götürmək anlamını verir. Konkret ifadə etsək, Heydər Əliyevin sosial inkişaf modeli, o cümlədən, mədəniyyəttutumlu suverenlik prinsipi müasir tələblərə cavab verən dövlətçilik kursunun seçilməsini şərtləndirir. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şübhə yoxdur ki, bu proses Azərbaycanı XXI əsrin yüksək inkişaf etmiş dövlətlərindən birinə çevirəcək.
Bu gün beynəlxalq aləmdə baş verən
mürəkkəb və narahatlıq doğuran prosesləri nəzərdən
keçirərkən çıxardığımız ən
mühüm nəticə budur ki, müstəqilliyini
qazanmış dövlətin ən böyük sərvəti
onun sabitliyidir. Və əgər bu sabitlik eyni zamanda ölkənin
dinamik inkişafını da təmin edə bilirsə, onda onu
dövlətin öz gələcəyini təmin etmək
üçün əldə etdiyi böyük tarixi nailiyyəti
hesab etmək lazımdır.
Yeni
Azərbaycan.-2015.-17 iyun.-S. 7-8.