Azərbaycan-Belarus münasibətləri möhkəm təməllər üzərində qurulub

 

İki ölkə arasında bütün sahələri əhatə edən əlaqələr dinamik şəkildə inkişaf edir

Xəbər verildiyi kimi, iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Ali qonağı salamlayan Prezident İlham Əliyev iki dövlət başçısı arasında görüşlərin mütəmadi xarakter aldığını deyib.

Dövlət başçısı, həmçinin, Belarusun Azərbaycana dostqardaş ölkə olduğunu bildirib: “Hörmətli Aleksandr Qriqoryeviç. Sizi yenidən görməyimə, bizim yeni görüşümüzə çox şadam. Biz çox tez-tez görüşürük - Bakıda da, Minskdə də, başqa yerlərdə də. Hər dəfə də ünsiyyətdə olmağa, fikir mübadiləsi aparmağa vaxt tapırıq. Bu görüşlər bizim münasibətlərimizə dinamizm əlavə edir. Belarus bizə dost, qardaş dövlətdir. Biz bu münasibətləri çox yüksək qiymətləndirir, qarşılıqlı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq məsələlərində nisbətən qısa müddətdə qazandığımız uğurlara görə fəxr edirik. Biz bütün istiqamətlərdə yalnız müsbət dinamika görürük”.

Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin səmimi və etibarlı olması ilə fərqləndiyini də deyib: “Bizim münasibətlərimiz səmimi, etibarlı olması ilə fərqlənir. Bu münasibətlər bizim qarşıya qoyduğumuz vəzifələri müvəffəqiyyətlə gerçəkləşdirməyə yönəlib və tabeliyimizdə olanlar bu vəzifələrin öhdəsindən uğurla gəlirlər. Şadam ki, Siz birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməyə vaxt tapmısınız. Bu, həm Azərbaycan, həm də Avropa üçün əlamətdar hadisədir. Bilirəm ki, Belarus Oyunlarda güclü heyətlə təmsil olunub. Sizin komandanıza uğurlarmedallar arzulayıram. Azərbaycan və Belarus komandalarına birlikdə azarkeşlik edəcəyik. Bir daha xoş gəlmisiniz”.

Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb: “...Səmimi sözümdür, Sizi təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə ki, birinci Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi, Sizi təbrik edirəm ki, Siz bu Oyunlara ən qısa müddətdə - cəmi iki il ərzində hazırlaşa bildiniz. Səmimi deyirəm, əgər Siz bundan əvvəl heç nə etməsəydiniz, bu, mümkün olmazdı. Lakin bu Avropa Oyunları Sizin bütün tədbirləri başa çatdırmağınıza təkan verdi. Bu sözlər Dənizkənarı bulvardan başlayaraq idman obyektlərinə qədər bütün işlərə aiddir. Ümumiyyətlə, çox böyük görülüb. Afərin! Biz bu işin görüləcəyinə şübhə etmirdik. Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi. Mən bunu Sizə dünən də demişdim. Afərin! Bakı çox gözəl şəhərdir. Ən başlıcası, biz çoxlu obyektlərin tikildiyi çox şəhərlər tanıyırıq, lakin Sizin tikdiyiniz binaların bu dərəcədə düşünülmüş, şəraitə uyğunlaşdırılmış olması hörmətə layiqdir”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün dövrlərdə qarşılıqlı əməkdaşlıq mövcud olub. Hər iki ölkə arasında siyasi-iqtisadi, humanitar və digər sahələrdə səmimi dostluq münasibətləri əsaslı təməllər üzərində qurulub. Ötən illər ərzində Azərbaycanla Belarus arasında əməkdaşlıq MDB çərçivəsindən kənara çıxaraq, ikitərəfli əlaqələrin dərinləşməsinə möhkəm baza yaradıb. Bunun nəticəsidir ki, ölkələr arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artmaqdadır. Xatırladaq ki, Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 1993-cü il iyunun 11-də Afinada imzalanıb. 2006-cı ilin fevralında Belarusun Azərbaycanda, həmin ilin avqustunda isə Azərbaycanın Belarusda səfirlikləri açılıb.

Ölkələrarası əməkdaşlığın inkişafı dövlət başçılarının və dövlət rəsmilərinin qarşılıqlı səfərləri ilə daha da möhkəmlənib. Belə ki, 2000-ci il 1 dekabr tarixində Ümummilli lider Heydər Əliyev Minskdə keçirilmiş MDB ölkələrinin Sammitində iştirak etmək məqsədilə Belarusda olub. Ulu öndər, həmçinin, 2001-ci il 31 may-1 iyun tarixlərində Minskdə keçirilən MDB iştirakçı dövlətlərinin başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib. Ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Belarusa ilk rəsmi səfəri 2006-cı il 17-18 oktyabr tarixlərində baş tutub. Dövlət başçısı eyni zamanda, 2006-cı il 28 noyabr tarixində Minsk şəhərində keçirilmiş MDB-nin iştirakçı dövlətlərin Dövlət başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub. 2007-ci il 1-3 may tarixlərində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 2009-cu il 11-13 noyabr tarixlərində isə Prezident İlham Əliyevin həmin ölkəyə rəsmi səfəri baş tutub.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il avqustun 28-29-da Belarusa rəsmi səfəri ikitərəfli münasibətlər baxımından xüsusilə yaddaqalan olub. Səfər çərçivəsində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşən Prezident İlham Əliyev Azərbaycan-Belarus əməkdaşlığını belə xarakterizə edib: “Münasibətlərimiz dinamizmin, konkretliyin və qətiliyin çox yüksək səviyyəsi ilə seçilir. Ən başlıcası isə odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi özünün ən ali mərhələsinə çatdırılıb”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da bir neçə dəfə ölkəmizə rəsmi səfər edib. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. 2008-ci il iyulun 18-19-da isə Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Belarusun Milli Məclisinin Nümayəndələr Palatasının sədri V.Popov ölkəmizə səfər edib. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında indiyədək xeyli sənəd imzalanıb. Beləliklə, Belarusla Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Son illərdə keçirilən biznes forumları bu əlaqələrin inkişafına impuls verməkdədir.

Yeri gəlmişkən, iki ölkə arasındakı əlaqələrin inkişafının məmnunluq doğurduğu Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətinin ötən ay ölkəmizə səfəri zamanı bir daha vurğulanıb. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazirin müavini Vladimir Semaşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizə səfərindən ötən qısa dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Vladimir Semaşko Azərbaycanın dünyada ilk dəfə keçiriləcək Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izlənildiyini vurğulayıb. Dövlət başçısı ölkədə birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki il yarıma başa çatdırıldığını qeyd edərək, bu Oyunların keçirilməsi üçün ən müasir idman obyektlərinin və infrastrukturun yaradıldığını bildirib. Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib. Onu da qeyd edək ki, mayın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak etmək üçün ölkəmizə gəlmiş Belarus Respublikası Baş nazirinin müavini, iqtisadi-ticarət əməkdaşlığı üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Vladimir Semaşko Bakıda keçirilən beynəlxalq sərgidə Belarusun 60-dan çox şirkətinin ət-süd sənayesi, şirniyyat, çörək, qənnadı və s. məhsulları nümayiş etdirdiyi, elmi-tədqiqat institutlarının yeni texnoloji avadanlıqlarının ekspozisiyada yer aldığı barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. Azərbaycan hökuməti tərəfindən sərginin yüksək səviyyədə hazırlandığını və keçirildiyini xüsusi vurğulayan Vladimir Semaşko qarşıdan gələn mühüm tarixi hadisə - ilk Avropa Oyunlarının təşkilində də Azərbaycanın böyük uğurlara imza atacağına əminliyini bildirib. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunduğunu xatırladan Baş nazir Artur Rasizadə dünyanın müxtəlif ölkələrindən bir çox şirkətlərin qatıldığı “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində ən müasir texniki avadanlıqların, yeni məhsul və xidmətlərin təqdim edildiyini diqqətə çatdırıb. Daha sonra böyük sənaye potensialına malik Belarus Respublikası ilə qarşılıqlı-faydalı əməkdaşlığı bütün sahələr üzrə davam etdirməyin zəruriliyinə toxunan Baş nazir hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələri genişləndirməyin, müntəzəm təcrübə mübadiləsi aparmağın vacibliyini qeyd edibbu istiqamətdə müvafiq tapşırıqlarını verib. Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2015.-17 iyun.-S.-12.