İlk Avropa
Oyunları Azərbaycanın güclü
potensialını bir daha
təsdiqlədi
Prezident İlham Əliyev:
Bu, idman, dostluq tədbiridir. Bizim üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi,
ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək fürsəti verir
Məlum olduğu kimi, regionun lider dövləti olaraq Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici
təsirə malikdir. Məhz bu
imkanlarından yararlanaraq
ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici
əlaqələr əsasında
bölgədə sülh
və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, Azərbaycan
başqa dövlətlərlə
münasibətdə suveren
hüquqlara hörmət
və qarşılıqlı
etimad prinsiplərini rəhbər tutur. Azərbaycanın kənar təsirlərə
tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi
ölkənin beynəlxalq
nüfuzunu da artırır.
Əlbəttə ki, Azərbaycanın qazandığı nailiyyətlər beynəlxalq müstəvidə də etiraf olunur və yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, bir çox mötəbər təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarlar qəbul edirlər. Həmin tədbirlər siyasi, iqtisadi, humanitar və digər sferaları əhatə edir. Hazırda Azərbaycanda keçirilən birinci Avropa Oyunları isə mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib. Dünyanın bir sıra ölkələrinin rəhbərlərinin iştirak etdikləri mərasim unudulmaz anlarla yadda qalıb. İlk növbədə, bu fakt Azərbaycanın ilk Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşdığını təsdiqlədi. Əlbəttə ki, ilk Avropa Oyunlarının açılışı bu mərasimi izləyən insanlara unudulmaz anlar yaşatdı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkirdi. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı.
Beləliklə, birinci Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə seçildi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi, öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı. Avropa Oyunları dünya idman tarixində mühüm hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. Bununla yanaşı, mərasimin kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda çıxış edən dövlətimizin başçısı da bu məqamları xüsusi vurğulayıb: “Bu, idman, dostluq tədbiridir. Bizim üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi, ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək fürsəti verir. Əminəm ki, Oyunlardan sonra Avropadan Azərbaycana daha çox qonaq və turistlər təşrif buyuracaq və avropalılar Azərbaycan haqqında daha dolğun məlumat alacaqlar”.
Açılış mərasimi, həmçinin, Azərbaycanın tarixi keçmişini, milli-mənəvi dəyərlərini də özündə geniş şəkildə əks etdirdi. Bu da tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Çünki Azərbaycan Qərblə Şərqin qovuşuğunda yerləşməklə çox zəngin tarixə, mədəniyyətə və ənənələrə sahibdir. Prezident İlham Əliyev çıxışında cəmiyyətimizin multikultural cəmiyyət olduğunu qeyd edib: “Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir. Bu yaxınlarda mən Azərbaycanda Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə bağlı Sərəncam imzaladım və Bakının ən gözəl yerlərindən birində - Bayraq Meydanının yaxınlığında Tolerantlıq Abidəsinin açılışı oldu. Bunlar hamısı bizim həyatımızın və siyasətimizin tərkib hissəsidir.
Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu hər iki təşkilatın yüzdən artıq üzvü var. Biz isə Avropa və Asiya arasında təbii körpü rolunu oynayırıq. Bu, yalnız coğrafi deyil, mədəni, iqtisadi və siyasi körpüdür. Beləliklə, müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti yaratmalı deyildik, eyni zamanda, bir sistemdən digərinə transformasiya etməli idik. İslahatların həyata keçirilməsi bu gün ölkəmizin uğuruna və firavanlığına gətirib çıxarmışdır. Bu gün Azərbaycan Avropa Oyunları kimi belə böyükmiqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir”.
Göründüyü kimi, Azərbaycan özünün sürətli inkişafı sayəsində birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. İlk Avropa Oyunlarının açılış mərasimi də Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə təsdiqlədi. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində inkişafın Azərbaycan modeli formalaşdırılıb. Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Ümumiyyətlə, Azərbaycanın davamlı inkişafı bundan sonra da bütün sahələr üzrə böyük uğurlar qazanmağa tam əsas verir. Çünki ölkəmizin gələcək hədəfləri çox böyükdür. İlk Avropa Oyunları isə gələcək nailiyyətlərimiz üçün stimul verən amillərdən biridir. Prezident İlham Əliyev bildirib: “Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib. Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks etdirsin”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.- 24 iyun.-
S. 2.