Azərbaycanın su təhlükəsizliyi etibarlı şəkildə
təmin edilib
Prezident İlham
Əliyev: Su ehtiyatlarından səmərəli
şəkildə istifadə etmək, yeni
layihələri icra etmək, yeni kanalları inşa etmək
və su anbarlarını yaratmaq
Azərbaycan üçün strateji əhəmiyyətli bir
məsələdir
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları ayrılır. Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 11 ildə paytaxtda və ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb. Su layihələrinə, həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında geniş yer verilib. 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyanın hazırlanması da ölkə rəhbərliyinin respublikamızda su təchizatının daha da yaxşılaşdırılmasına verdiyi ciddi önəmin təzahürüdür. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında su layihələrinin ölkəmiz üçün prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu sahədə hədəf bütün şəhərlərdə 24 saat fasiləsiz yüksək keyfiyyətli su təminatına nail olmaqdan ibarətdir: “Bu infrastruktur layihələrinin arasında, əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb”.
Etibarlı su təchizatına nail olunması yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələdir
Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatının qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Son illərdə icra olunan yeni su layihələri Azərbaycanın gücünü təsdiqləyir
Qeyd etdiyimiz kimi, ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər Prezident İlham Əliyevin səyləri ilə intensiv şəkildə davam etdirilir. 2004-cü il sentyabrın 1-də dövlət başçısının yanında keçirilən müşavirədə Azərbaycanın su təchizatı, içməli suya olan tələbatı, eləcə də meliorativ layihələrin inkişaf perspektivləri müzakirə olundu və Samur-Abşeron suvarma sisteminin Dövlət Neft Fondunun vəsaiti ilə yenidən qurulması barədə qərar qəbul olundu. Sözügedən müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə irimiqyaslı su layihələrinin icrasına start verildi. 2006-cı ildə İslam İnkişaf Bankının vəsaiti ilə inşa olunan Xanarx kanalının tikintisi başa çatdırıldı. 2007-ci ildə Vəlvələçay-Taxtakörpü kanalına suyu gətirən 50 kilometrlik birinci hissənin yenidən qurulması başa çatdırıldı və sonra Vəlvələçay-Taxtakörpü kanalının inşasına başlanıldı.
2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu layihələr tarixi layihələrdir. Bu layihələr bundan sonra əbədiyyətə qədər Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət göstərəcəkdir. Biz Azərbaycan xəritəsində yeni süni göllərin yaradılmasına nail ola bilmişik”.
Haqqında bəhs olunan su layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu isə 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.
Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.
Ötən ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Ümumiyyətlə, Şəmkirçay su anbarı Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda reallaşdırılan ən böyük investisiya tutumlu layihədir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin, maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq.
Ümumilikdə, Taxtakörpü və Şəmkirçay su anbarları regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan çox vacib layihələr kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında diqqəti bir daha Taxtakörpu və Şəmkirçay su anbarlarının əhəmiyyətinə yönəldərək vurğulayıb ki, belə nəhəng su layihələrinin yerinə yetirilməsi, eyni zamanda, Azərbaycan dövlətinin gücünü nümayiş etdirir: “Çünki biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik - Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu layihələrin çox böyük yeri var. Biz bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişik və bu layihələr Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir”.
Sözügedən su layihələrinin icrası Azərbaycanın kənd təsərrüfatında yeni torpaqların dövriyyəyə buraxılmasına, suvarılan əkin sahələrinin artmasına səbəb olacaq. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Taxtakörpü və Şəmkirçay su anbarlarının respublikamızın kənd təsərrüfatı üçün əhəmiyyətini də xüsusi vurğulayıb: “Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz”.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə reallaşdırılan böyük su layihələrindən biri də 2012-ci ildə dövlət başçısının iştirakı ilə təməli qoyulan Şirvan-Muğan qrup su kəməri layihəsidir. Layihə çərçivəsində Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin, Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir.
Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Artıq layihə çərçivəsində ayrı-ayrı yaşayış məntəqələrinin su-kanalizasiya infrastrukturu yenidən qurulub.
Oğuz-Qəbələ-Bakı su kəmərinin sayəsində paytaxtın əhalisinin 75 faizi təmiz su ilə təmin olunacaq
Sirr deyil ki, son illərədək Bakı sakinlərinin təxminən 60 faizi içməli suyu fasilələrlə alırdı. Bundan başqa əhaliyə verilən suyun tərkibi də arzuolunan səviyyədə deyildi. Son illərdə icra olunan böyük su layihəsi - Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtımızın su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.
Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilib. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan 55 kilometrlik hissəsi polad borulardan tikilib.
Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılıb. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir. Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxtımıza özüaxımlı rejimdə verilən su Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğulayıb ki, gələcəkdə Bakının 24 saat su ilə təmin olunması nəzərdə tutulub: “Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl, bəlkə, 10-15 faiz idi”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 4 mart.- S.2.