Birinci Avropa Oyunları Azərbaycanın və
Avropanın idman tarixində əlamətdar
hadisə olacaq
Azərbaycan 100 gün sonra Avropanın
tarixində ilk dəfə keçiriləcək
bu yarışmanı yay
Olimpiya Oyunları səviyyəsində
keçirmək əzmindədir
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib
Əlbəttə, sadalanan bu pozitiv inkişaf tendensiyaları ölkəmizdə bütün sahələrin paralel tərəqqisini təmin edir. Dövlətin xüsusi qayğı və diqqəti sayəsində dinamik inkişaf tempinə malik olan sahələrdən biri də idman sektorudur. Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlam böyüməsi üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb. Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin I Avropa Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınır
O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşıyır. Eyni zamanda, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi olaraq bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Prezident İlham Əliyev də Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsinin Azərbaycanın özünü idman ölkəsi kimi tanıtması ilə atletlərimizin beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”.
Qeyd etmək lazımdır ki, ölkəmiz bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini intensiv şəkildə uğurla davam etdirir və əminliklə qeyd edilə bilər ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır.
Birinci Avropa Oyunlarının standartları Bakıda müəyyənləşəcək
Ümumiyyətlə, 100 gün sonra ölkəmizin paytaxtında start veriləcək birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının çox innovativ olacağını və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcəyini xüsusi nəzərə çatdırıb. AOK-un rəsmisi bildirib ki, onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar: “Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcək Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları, əslində, Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.
Azərbaycan I Avropa Oyunlarına tam hazırdır
Qeyd etmək gərəkdir ki, ötən zaman müddətində bu mötəbər idman yarışmasına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilib. Bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin hələ 2013-cü il 2 fevral tarixində keçirilən ilk iclasında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsini ölkəmiz üçün yüksək etimad kimi dəyərləndirmişdi: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər”.
Beləliklə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdikləri yüksək etimadı doğrultmağa çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır.
Avropa Oyunları miqyasında yarışların təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən 7 il vaxt verilir, Azərbaycanın isə bütün hazırlıq işlərini həyata keçirmək üçün cəmi 30 ay vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirməkdədir. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək bu mötəbər idman tədbirinə ev sahibliyi etməyə tam hazırdır.
Eyni zamanda, birinci Avropa Oyunlarına beynəlxalq maraq da kifayət qədər böyükdür. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğuldur. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışır. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə keçirilən V iclasında “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin sədrinin vurğuladığı kimi, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər.
Avropanın idman ictimaiyyəti birinci Avropa Oyunlarının əhəmiyyətini xüsusi vurğulayır
Avropanın idman ictimaiyyətinin nümayəndələri də cari ilin yayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini də yüksək qiymətləndirirlər. Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclasında iştirak edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə güclü və peşəkarlardan ibarət komandanın çalışdığından məmnunluğunu ifadə edib. Birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə hazırda “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində (BAOƏK) 1356 nəfərin çalışdığını diqqətə çatdırıb. O bildirib ki, işçilərin 68 faizini azərbaycanlılar təşkil edir. BAOƏK-də 43 ölkənin nümayəndəsi çalışır. Onların 230-u London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində çalışmış peşəkarlardır.
Bunlarla yanaşı, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində də vurğulanıb. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki onu da əlavə edib ki, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq: “Şübhə etmirəm ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur”.
Azərbaycanın Avropanın ilk Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyinə şübhə yoxdur
Beləliklə, Azərbaycanın Avropanın ilk Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyinə şübhə yoxdur. Avropa Olimpiya Komitəsi heç bir şübhə yeri olmadan qitənin ilk Olimpiya Oyunlarının keçirilməsi hüququnu iqtisadi cəhətdən güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edib. Məhz yerli və xarici ekspertlər də bu qənaətdədirlər ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 4 mart.- S.3.