Azərbaycan-Sloveniya əlaqələri
inkişaf edir
Sloveniya parlamentinin yuxarı palatası - Milli Şuranın sədri Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır.
Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən illər ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olub. Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam və inkişaf etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Sloveniya Respublikasıdır.
Xəbər verildiyi kimi, Sloveniya parlamentinin yuxarı palatası - Milli Şuranın sədri Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-də Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Sloveniya parlamentinin Milli Şurasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar. Mitya Bervar aeroportda jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi iki ölkə arasında idman, mədəniyyət, informasiya, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişafına töhfə verməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi sahədə razılıq doğurduğu bildirilib, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. Dövlətimizin başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş edib.
İki ölkə arasındakı əməkdaşlıq müxtəlif sahələri əhatə edir
Martın 3-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Oqtay Əsədov iki ölkə arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Oqtay Əsədov Mitya Bervarın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açacağını vurğulayıb.
Milli Məclisin sədri Azərbaycan-Sloveniya əməkdaşlığının müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu günədək iki ölkə arasında 12 sənəd imzalanıb, 8 sənəd isə imzalanma ərəfəsindədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Sədr əlavə edib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik fəaliyyəti, təəssüf ki, indiyədək heç bir nəticə verməyib.
Oqtay Əsədov Sloveniya parlamenti Milli Şurasının 24-cü plenar iclasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək məqsədi ilə qərarın qəbul edilməsinə və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinə görə minnətdarlığını bildirib. Sədr həmin qərarda Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi dörd qətnaməyə əsaslanmaqla həll edilməsi çağırışının öz əksini tapmasının yüksək qiymətləndirildiyini bildirib.
Öz növbəsində, Mitya Bervar Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib. O, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin oynadığı rolu xüsusi vurğulayıb. Mitya Bervar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həllini tapacağına inandıqlarını qeyd edib. Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir
Məlum olduğu kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ölkəmizdə səfərdə olan Sloveniya Milli Şurasının sədri Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib. Mitya Bervar Sloveniyanın qanunverici orqanında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanatı xatırladaraq, bu bəyanatda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyini diqqətə çatdırıb.
İyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarına görə Azərbaycanı təbrik edən Mitya Bervar Sloveniya idmançılarının bu yarışlarda geniş tərkibdə iştirak edəcəyini söyləyib.
Elmar Məmmədyarov Azərbaycan ilə Sloveniya arasında tarixi əlaqələrin olduğunu qeyd edərək, Sloveniyanın faşizmdən azad edilməsində şücaət göstərmiş azərbaycanlıların, xüsusilə Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya xalqı tərəfindən də əziz tutulmasının yüksək qiymətləndirildiyini vurğulayıb.
Azərbaycan Respublikasının Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən Elmar Məmmədyarov ölkələrimiz arasında enerji, iqtisadiyyat və ticarət, sərmayələrin qoyulması, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğunu bildirib.
Məlumat üçün bildirək ki, səfər çərçivəsində Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub. Nümayəndə heyətinə meydan və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib. Sonra qonaqlar Dövlət Bayrağı Muzeyi ilə tanış olublar. Onlara burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Sloveniya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik əlaqələr isə 1996-cı ilin fevral ayında qurulub. 2004-cü ildə Sloveniya Respublikasının Azərbaycanda fəxri konsulluğu açılıb. 2012-ci ilin noyabrında isə Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana Ofisinin rəsmi açılışı olub.
Azərbaycan-Sloveniya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır
İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya iki dəfə - 27-29 avqust 2006-cı il və 9-10 iyun 2011-ci il tarixlərində rəsmi səfər edib. 9-10 noyabr 2009-cu ildə isə Sloveniyanın o vaxtkı Prezidenti Danilo Türk ölkəmizdə rəsmi səfərdə olub. Bundan əlavə, hər iki ölkənin dövlət və hökumət nümayəndələri də qarşılıqlı səfərlər ediblər.
Məsələn, 2009-cu ildə Sloveniya Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrin inkişafına böyük töhfə olub. Bu səfər zamanı hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumu keçirilib. Biznes forumunda dövlət başçıları da iştirak ediblər. Biznes forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edib. Prezident İlham Əliyev Sloveniya Prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib. Sloveniya Prezidenti Danilo Türk yüksək qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlığını çatdırıb: “Qarşımızda yaxşı imkanlar vardır. Mən biznes forumunun təşkil olunmasına görə, cənab Prezident, Sizə və Azərbaycanın Ticarət və Sənaye Palatasına minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir ikitərəfli səfərlərin mühüm nəticəsidir. Mən, ümumiyyətlə, Sloveniyanın iş adamları ilə səfər etməyi xoşlayıram. Ona görə yox ki, onlar yaxşı insanlardır. Onlar, eyni zamanda, praktiki baxımdan çox işgüzar şəxslərdir. Onlar ikitərəfli münasibətlərimizin inkişafında əlavə rol oynayırlar. Cənab Prezident, Siz qeyd etdiniz ki, ölkələrimiz müstəqillik baxımından gəncdir. Bizim uzunmüddətli suveren dövlətçilik tariximiz olmayıb. Lakin bizim zəngin mədəni tariximiz vardır. Xalqlarımızın tarix boyu çətinliklərlə üzləşdiyi anlarda da bir çox oxşarlıqlar olub. Suverenliyimiz gəncdir. Hər iki ölkə böyük sınaqlardan keçib. Bu proses getdikcə iqtisadi özünəməxsusluğumuzu da təyin edib. Mən əldə edilmiş nailiyyətlərə görə Azərbaycanı təbrik etmək istəyirəm. Biz Sloveniyada yaxşı anlayırıq ki, ölkənizin enerji təchizatı sahəsində qlobal səviyyəyə çıxması Sizin böyük iqtisadi nailiyyətinizdir. Eyni zamanda, anlayırıq ki, hazırda Azərbaycan iqtisadiyyatını şaxələndirir. İqtisadiyyat inkişaf edir, müasirləşir və ölkə əhalisinin bütün tələbatlarının ödənilməsinə yönəlib. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən, regionun perspektivli gələcəyini təmin edir. Sloveniya öz gələcəyini Avropaya inteqrasiyada görür. Biz nəinki Avropa İttifaqının, o cümlədən, avro zonasının üzvüyük. Bu bizə valyuta sabitliyini vəd edir. Baxmayaraq ki, həmin zonaya qoşulmaq müəyyən mənada valyuta suverenliyini məhdudlaşdırır. Lakin biz bunu qəbul edirik, çünki bilirik ki, bu, iqtisadiyyatımızın sabitliyinə, eləcə də, tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın aparılmasına şərait yaradır. Bir sözlə, qarşımızda duran üstünlüklərə nəzər yetirməli, yaradıcı və məqsədyönlü olmalıyıq”.
Sonra biznes forumu işini davam etdirib.
Məlumat üçün bildirək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin iyun
ayında bu ölkəyə səfəri zamanı da bir
sıra vacib məsələlər müzakirə olunub. Rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya
Respublikasının Prezidenti Danilo Türkün təkbətək
görüşü olub. Görüşdə
ölkələrimiz arasında münasibətlərin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyi
bildirilib. Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana,
Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərlərinin
əlaqələrimizin inkişafının genişlənməsi
işinə öz töhfəsini verəcəyinə əminlik
ifadə olunub. Bildirilib ki, əlaqələrimizin
daha da genişləndirilməsi üçün yaxşı
potensial var. Görüşdə ikitərəfli, regional və
beynəlxalq məsələlərlə bağlı fikir
mübadiləsi aparılıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və
Sloveniya Prezidenti Danilo Türk qarşılıqlı olaraq
dövlət hədiyyələrini təqdim ediblər.
Təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının
Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
danışıqları olub. Görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi və digər
sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi
bildirilib. Azərbaycan ilə Sloveniya
arasında əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi üçün yaxşı
potensialın olduğu qeyd edilib.
Dövlət başçıları Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunublar.
Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın
Avropa İttifaqı çərçivəsində əlaqələrin
genişləndirilməsi baxımından əhəmiyyətinin
qeyd olunduğu görüşdə “Şərq Tərəfdaşlığı”
Proqramının önəmindən danışılıb.
Görüşdə ikitərəfli münasibətlərin
müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi
aparılıb.
Sloveniya
Azərbaycan üçün vacib tərəfdaşlardan
biridir
Səfər çərçivəsində bir sıra
sənədlər də imzalanıb. Belə ki, “Sloveniya
Respublikası Hökuməti və Azərbaycan Respublikası
Hökuməti arasında mədəniyyət, təhsil və
elm sahəsində əməkdaşlığa dair Saziş”i
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar
imzalayıblar. “Sloveniya Respublikası Hökuməti və
Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə
və əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması
haqqında Konvensiya”nı Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov və
Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç
imzalayıblar.
Prezidentlərin
mətbuat konfransı zamanı Sloveniyanın o zamankı
dövlət başçısı Danilo Türk
çıxış edərək deyib ki, ikitərəfli
münasibətlər yaxşıdır, əməkdaşlıq
uğurludur və iqtisadi əlaqələr də inkişaf
etməkdədir: “Hazırda ticarət dövriyyəsi 10 dəfə
artmışdır. Bu, artıq böyük nəticə
deməkdir. Bir sıra sazişlərin
imzalanması nəzərdə tutulur. Burada
həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm
informasiya texnologiyası, həm də sığorta sahələrində
əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya
sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız
genişlənir. Hesab edirəm ki,
qarşımızda hələ bir çox əməkdaşlıq
imkanları vardır”.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
Prezident Danilo Türk söyləyib ki, status-kvo qəbul edilən
həll variantı deyildir: “Biz addımlarımızı
sürətləndirməliyik ki, prinsiplər əks olunsun və
həmin prinsiplər üzərində sülh müqaviləsi,
sülh razılaşması əldə edilsin”.
Azərbaycan
Prezidenti İlham Əliyev vurğulayıb ki, ölkələrimiz
arasında əlaqələr çox yüksək səviyyədədir:
“Bizim aramızda çox fəal siyasi dialoq aparılır”.
“Ölkələrimiz
arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir”
- deyən dövlət başçısı İlham
Əliyev diqqətə çatdırıb ki, Sloveniya Azərbaycan
üçün çox vacib tərəfdaşlardan biridir:
“Avropa İttifaqı ilə gündəliyimiz çox
genişdir. Əlbəttə, enerji təhlükəsizliyi
məsələləri gündəliyin demək olar ki, birinci
sırasındadır və bu istiqamətdə əməkdaşlıq
dərinləşir. Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi
üçün töhfəsini verməyə hazırdır.
Bizim zəngin qaz ehtiyatlarımız artıq
müxtəlif istiqamətlər üzrə dünya
bazarlarına çıxarılır. Biz
qaz infrastrukturumuzun yaradılması nəticəsində
çoxşaxəli ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını dünya
bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir.
Əlbəttə ki, zəngin qaz
ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli
yolla çıxarmaq üçün yeni kontraktlar
lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz
ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir.
Bu da Azərbaycanı qaz ixrac edən çox
önəmli ölkə kimi artıq dünyaya təqdim edir”.
Prezident
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunaraq söyləyib ki,
məsələnin ədalətli həlli üçün
indi yaxşı şərait yaradılıb: “Minsk qrupunun həmsədr
ölkələrinin dövlət
başçılarının may ayının sonunda verdikləri
birgə bəyanat artıq çox ciddi bir siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir.
Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir,
işğalçı qüvvələr işğal
edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın verilməsi, əlbəttə
ki, bizi daha da ruhlandırır və ümidlərimizi
artırır. Bəyanatın digər
vacib məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun
Aktına istinad edilir. Helsinki Yekun
Aktında ölkələrin ərazi bütövlüyü
prinsipləri və xalqların öz müqəddəratını
müəyyənetmə prinsipləri arasında heç bir
ziddiyyət yoxdur. Yəni, bu iki prinsip bir
sazişdə öz əksini tapmalıdır və hesab edirəm
ki, bu da çox müsbət haldır. İndiki
mərhələdə Ermənistan tərəfi konstruktivlik və
səmimiyyət göstərməlidir. Uzun
illər Ermənistan danışıqların, sadəcə
olaraq, danışıqlar naminə aparılmasına, imitasiya
ilə məşğul olmağa
çalışmışdır. İndi isə vaxt
çatıb ki, verilmiş təkliflərə dəqiq,
konkret cavab versin. Əgər belə olarsa, o
zaman hesab edirik ki, Azərbaycanın torpaqları tezliklə
işğalçılardan azad ediləcəkdir”.
Səfər çərçivəsində Prezident
İlham Əliyev Sloveniya Respublikası Milli
Assambleyasının prezidenti Pavel Qantar ilə
görüşüb. Prezident İlham Əliyev Sloveniya Respublikasının
Milli Assambleyasının Xatirə kitabını imzalayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin
müxtəlif sahələrdə inkişafından məmnunluq
ifadə olunub.
İqtisadi sahədə əlaqələrimizin
inkişafı üçün yaxşı imkanların
mövcud olduğu bildirilib. Parlamentlərarası
əlaqələrin ikitərəfli münasibətlərin
genişlənməsi baxımından önəmli
olduğunun qeyd edildiyi görüşdə Azərbaycan ilə
Sloveniya arasında əməkdaşlığın beynəlxalq
təşkilatlar çərçivəsində də
uğurla inkişaf etdiyi bildirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham
Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin
inkişafına öz töhfəsini verəcəyinə əminlik
ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfəri çərçivəsində iyunun 9-da Lyublyana şəhər meriyasında olub. Lyublyananın meri Zoran Yankoviç Prezident İlham Əliyevi salamlayaraq yeddi il əvvəl iş adamı qismində Bakıda olduğunu məmnunluqla xatırlayıb. O, Bakı ilə Lyublyana arasında əməkdaşlığın daha da inkişafı üçün çalışacağını bildirib.
Dövlətimizin başçısı Lyublyana şəhərinin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini bildirib. Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın daha da müasirləşdiyini, abadlaşdığını və çox gözəl Avropa şəhərinə çevrildiyini vurğulayaraq deyib: “Mən görürəm ki, həm şəhər rəhbərliyi, eyni zamanda, sakinlər öz şəhərlərinə çox böyük məhəbbətlə yanaşırlar. Burada abadlıq, quruculuq və bərpa işləri böyük zövqlə aparılmışdır. Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər, apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu əlaqələrimiz gündən-günə güclənir. Eyni zamanda, sabah keçiriləcək birgə biznes forumu iqtisadi sahədə də əlaqələrin inkişafı üçün çox təsirli olacaqdır. Çünki qarşılıqlı maraq çox böyükdür və birgə iş görmək üçün bütün imkanlar vardır. Eyni zamanda, parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir. Mən burada köhnə dostumu görməkdən də çox məmnunam. Biz Strasburqda birlikdə işləmişik və çox yaxşı günlərimiz, yaxşı söhbətlərimiz olub. Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının üzvüdür. Amma görüşlərimizin baş tutduğu o vaxt biz Avropa Şurasına təzə üzv olmuşduq və əlbəttə ki, bizim üçün hər şey orada təzə idi. Biz istəyirdik ki, tezliklə Avropa Şurasına inteqrasiya edək, öz yerimizi tutaq və cənab Yankoviç də bizə çox kömək göstərmişdi”.
Göründüyü kimi, iki ölkə arasında əlaqələr inkişaf etməkdədir. Sloveniya Milli Şurasının sədrinin Azərbaycana səfəri isə münasibətlərin inkişafına təkan verəcək.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.-2015.- 5 mart.- S. 8.