Azərbaycan ərzaq təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atıb

 

Prezident İlham Əliyev: Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir

 

Hazırda Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Bu da, ilk növbədə, müasir dünya çağırışları ilə bağlıdır. İndiki dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən biri qismində çıxış edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün önəmini bir daha vurğulayaraq deyib: “Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq”.

Qeyd edək ki, müstəqil Azərbaycanda etibarlı ərzaq təminatına nail olunması siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin böyük siyasi iradəsi sayəsində Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən, Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib.

Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında zəruri normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb. Dövlət başçısı cari il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün zəruri tədbirlər həyata keçirmək tapşırılıb.

Ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Respublikamızda “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur.

Ölkədə etibarlı ərzaq təminatına nail olunması məqsədilə aqrar sektorun davamlı surətdə dəstəklənməsi öz bəhrəsini verib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Əgər müstəqilliyin ilk illərində respublikanın ərzaq təminatı daha çox idxal hesabına təmin olunurdusa, hazırda bu nisbət yerli istehsalın xeyrinə dəyişib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu cəhətə diqqət çəkərək vurğulayıb: “... Müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldüson illər ərzində biz ərzaq təhlükəsizliyimizi, demək olar ki, təmin etmişik”.

Son illərdə davamlı dövlət qayğısı sayəsində Azərbaycanın aqrar sektorunun sürətlə inkişaf etməsini aşağıdakı statistik göstəricilər də təsdiqləyir. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin əksər ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.

Ölkəmizdə ərzaq təminatı ilə bağlı qarşıya qoyulan hədəf isə belədir: Növbəti 5 il ərzində Azərbaycan bütün istiqamətlər üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına ödəməlidir. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”.

Son illərdə respublikanın aqrar sektorundə əhəmiyyətli kəmiyyət və keyfiyyət artımına nail olunsa da, bu sahədə potensial daha genişdir. Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri, ölkənin güclü iqtisadi-maliyyə imkanları respublikamızda ərzaq məhsulları istehsalını daha da genişləndirməyə və hətta xarici bazarlara böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmağa imkan verir. Prezident İlham Əliyev respublikada daxili tələbatın ödənilməsinin və məhsul ixracının vahid bir sistem kimi qurulmasının, eləcə də kənd təsərrüfatında intensiv metodlardan istifadə edilməsinin zəruriliyini gündəmə gətirib: “... Kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir”.

İndiki dövrdə torpaqlardan səmərəli istifadə olunması da çox aktual məsələdir. Lakin gizlətmək lazım deyil ki, bir sıra hallarda torpaqlardan lazımi səmərə ilə istifadə olunmur. Ölkədə istifadəsiz qalan torpaqlar da çoxdur. Dövlət başçısının vurğuladığı kimi, torpaqların istifadəsiz saxlanılması, onlardan təyinatı üzrə istifadə olunmaması və yaxud əkinə yararlı torpaqlarda müxtəlif obyektlərin tikilməsi yolverilməzdir: “Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki torpaqdan səmərəli şəkildə istifadə edilməsin”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında vurğulayıb ki, məhsuldarlığın artırılması prosesiçox önəmlidir. Məhsuldarlığın aşağı olması, o cümlədən, taxıl istehsalında daha qabarıq şəkildə nəzərə çarpır. Hazırda respublikamızda taxıla olan tələbatın təxminən 60 faizi daxili istehsal hesabına ödənilir, halbuki məhsuldarlığı artırmaqla bu göstəricini də 100 faizə çatdırmaq mümkündür. Taxıl istehsalında məhsuldarlığın artırılması isə iri fermer təsərrüfatlarının yaradılmasından keçir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya, əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 7 mart.- S.2.