Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli
fəaliyyəti qadınlar üçün
parlaq nümunədir
Azərbaycanın
birinci xanımının geniş
ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan
qadınının müsbət obrazının
formalaşmasında əvəzsiz rol
oynayır
Müasir dövrdə qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Eyni zamanda, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bir çox ölkələr üçün pozitiv nümunə kimi çıxış edir. Bunun qanunauyğun nəticəsi kimi, cəmiyyətimizdə qadınların fəallığı kifayət qədər artıb, onlar bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək ciddi nailiyyətlər əldə ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrikində qeyd edildiyi kimi, Azərbaycan qadınlarının milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolu var: “Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız”.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olub. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən işgüzar, cəsarətli, vətənpərvər xanımlar mövcuddur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə bilər.
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir
Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.
Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsasını qoyduğu Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir.
Bundan başqa, Azərbaycanın birinci xanımı çoxşaxəli və səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə fundamental töhfələr verir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Yeri gəlmişkən, Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq gərəkdir. Bəlli olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır. Avropa Oyunları miqyasında yarışların təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən 7 il vaxt verilir, Azərbaycanın isə bütün hazırlıq işlərini həyata keçirmək üçün cəmi 30 ay vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirməkdədir. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək bu mötəbər idman tədbirinə ev sahibliyi etməyə tam hazırdır.
Xeyriyyəçilik Mehriban xanım Əliyevanın əsas amalıdır
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyətindən söz açarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində nəhəng layihələrin həyata keçirilməsinə də xüsusi nəzər salmaq lazımdır. Sirr deyil ki, Azərbaycanın birinci xanımı daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir.
Mehriban xanım Əliyeva, eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Son illərdə görülmüş xeyriyyə işləri, qazanılmış uğurlar, ilk növbədə, məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir. Bir sözlə, xeyriyyəçilik və insanlara kömək etmək, onların problemlərinin həlli ilə məşğul olmaq Mehriban xanım Əliyevanın əsas amalıdır.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban xanım Əliyeva “İlin qadını” adına layiq görülüb.
Buna paralel olaraq bildirək ki, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən bəhs edərkən, heç şübhəsiz, Azərbaycan qadınlarına nümunə olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinə toxunmaq lazımdır. Bir sözlə, bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür.
Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanın birinci xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bu isə o deməkdir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir. Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin, ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə beynəlxalq mükafatlara layiq görülüb.
Bir sözlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 7 mart.- S.3.