Azərbaycanla Bolqarıstan
arasında əlaqələr yüksələn xətlə inkişaf edir
Bolqarıstan Azərbaycanın mühüm geostrateji mövqeyindən və daxili inkişaf meyillərindən irəli gələn iqtisadi potensialını yüksək qiymətləndirir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il martın 3-5-də Bolqarıstan Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.
Səfər çərçivəsində Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski imzalayıblar. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol”u Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və Bolqarıstanın turizm nazirinin müavini xanım İrena Georgiyeva imzalayıblar.
Səfər çərçivəsində martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxış edərək deyib: “Prezident İlham Əliyevi və Onun rəhbərlik etdiyi nümayəndə heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir. Səfəriniz Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras qoyublar.
Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur”.
Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir. Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri-İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.
İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir.
Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz regional əməkdaşlığa töhfə verən digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu istifadəyə veriləcəkdir. Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də cari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.
Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı problemi-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm”.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub. Mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov bəyanatla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatında deyilir: “İlk növbədə, məni Bolqarıstana dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam.
Bu gün biz Sizinlə Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini çox səmimi şəkildə müzakirə etdik və bir daha gördük ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük. Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır. Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik. Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.
Nəqliyyat sahəsində gözəl imkanlar var. Bu barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Təbii ki, nəqliyyat infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır. Təbii ki, bu gün danışıqların əsas mövzusu energetika məsələləri, “Cənub” qaz dəhlizinin icrası məsələsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr bu gün “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu-TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik-TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət Şurası keçirilmişdir. Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyonkubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.
Biz ümid edirik ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, “Cənub” qaz dəhlizinin digər üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir.
Bununla bərabər, qeyd etmək istəyirəm və çox şadam ki, Bolqarıstan bu layihənin iştirakçısıdır, hazırda Azərbaycan qazını alan bir ölkədir. Amma ümid edirəm ki, gələcəkdə Azərbaycan qazını digər ölkələrə nəql edən tranzit ölkə kimi Bolqarıstan öz xidmətlərini göstərəcək və öz rolunu oynayacaq. Beləliklə, əslində, bu gün ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır. Bu, məni çox sevindirir. Bolqarıstan bizim üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz var. Fürsətdən istifadə edərək, dünən qeyd olunan milli bayram münasibətilə Sizi, bütün Bolqarıstan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bolqarıstana yeni uğurlar arzulayıram”.
Baş nazir Boyko Borisovun bəyanatında vurğulanır: “İcazənizlə, bizim media mənsubları üçün əlavə məlumat vermək istərdim ki, bu görüşlərdə Veliko Tırnovo şəhərinin meri də iştirak edir. Bizim bu şəhərdə gələcək layihələrimiz var. Bu şəhər Azərbaycana növbəti maraqlı layihələrini təklif edir. Bu, çox gözəl bir şəhərdir və ümid edirəm ki, turistlərin də marağına səbəb olacaq. Ümidvaram, bu məsələyə də diqqət yetirildi ki, biz “NABUCCO” layihəsinin də yenidən bərpa edilməsinə önəm veririk. Bu layihədə Bolqarıstan çox sadiq tərəfdaş olmuşdur və biz digər ölkələrdən fərqli olaraq üzərimizə düşən 3-cü enerji paketi çərçivəsində bütün öhdəliklərimizi yerinə yetirmişik.
Cənab Prezident İlham Əliyev və SOCAR-ın nümayəndəliyi ilə bərabər biz yenidən həmin təkliflər paketini Avropa İttifaqı məmurlarının diqqətinə çatdıracağıq ki, bu məsələdə Bolqarıstana hər hansı bir maneə törətməsinlər. Biz heç də yalnız Avropa Komissiyasının maraqlarını müdafiə etməklə məşğul olmamalıyıq. Uzun illərdir biz bu layihələrin inkişafına böyük sərmayələr qoymuşuq, böyük səylər göstərmişik. O da bir faktdır ki, həmin layihənin səhmləri Azərbaycan tərəfindən də əldə edilə bilər. Bu da bizim üçün, Bolqarıstan üçün əlavə mənfəət deməkdir.
Bolqarıstanın bütün siyasi partiyalarının nümayəndələri Azərbaycanda səfərdə olublar, Azərbaycanı sevirlər, bu ölkəyə böyük rəğbət bəsləyirlər. Ona görə də zənnimcə, Bolqarıstanda hansı partiyanın iqtidarda olmasından asılı olmayaraq bu layihələr üzrə bütün işlər uğurla gedəcək. Bu, bizim əlavə imkanlarımızdır, bizim qaz və nəqliyyat sisteminin inkişafı deməkdir. Bu, bizim nəqliyyat və boru kəmərləri sisteminin şaxələndirilməsi deməkdir. Bu, Avropaya da yeni mənbələrin əldə edilməsinə şərait yaradır. Əminəm ki, burada heç bir maneə olmayacaq və Avropa Komissiyası bu məsələdə bizi tam dəstəkləyəcək.
Cənab Prezident Əliyev, Sizi əmin edə bilərəm ki, bu məsələdə Siz Bolqarıstanın tam dəstəyinə arxalana bilərsiniz. Bizim hökumətimiz bu danışıqlarda birmənalı olaraq bu əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək və bu məsələnin, yəni, “Cənub” qaz dəhlizinin ən qısa zamanda inkişaf etdirilməsinə və reallaşdırılmasına çalışacaq”.
Ümumiyyətlə, Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx münasibətlər mövcud olub. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 5 iyun tarixində yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabr ayında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2005-ci ildə açılıb. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Bu ölkə ilə əlaqələrə önəm verən Ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfər edib. Bolqarıstanın keçmiş Prezidenti P.Stoyanov isə 2-3 dekabr 1999-cu il tarixində Azərbaycanda rəsmi səfərdə olub.
Öz növbəsində Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan etibarən Bolqarıstanla münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. 2003-cü ilin noyabrında Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın müdafiə naziri Prezident İlham Əliyevlə görüşüb. 19-23 yanvar 2004-cü il tarixində Azərbaycanın gənclər, idman və turizm naziri Bolqarıstanda rəsmi səfərdə olub. 15-16 mart 2004-cü il tarixində Bakıya səfəri çərçivəsində Bolqarıstanın xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib. 2008-ci il martın 10-da Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycana işgüzar səfər edib. İki Prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub.
2009-cu il yanvarın 22-də Bolqarıstan Prezidenti Georgi Pırvanov növbəti dəfə Azərbaycana səfər edib. Azərbaycan və Bolqarıstan prezidentləri arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Həmçinin, Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstanda işgüzar səfərdə olub, bu ölkənin dövlət başçısı ilə görüşüb.
Yüksək rəsmi səfərlərlə yanaşı, Azərbaycan-Bolqarıstan siyasi münasibətləri parlamentlərarası əlaqələr üzrə də inkişaf edir. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bundan əlavə, 1999-cu ildə iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb. Komissiyanın əsas məqsədi ölkələr arasında iqtisadi münasibətləri genişləndirmək, əməkdaşlığı inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaqdan ibarətdir. 2008-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müştərək komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşdirilib.
Qeyd etdiyimiz kimi, Bolqarıstan Azərbaycanın mühüm geostrateji mövqeyindən və daxili inkişaf meyillərindən irəli gələn iqtisadi potensialını yüksək qiymətləndirir. Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRACECA) iştirak edir. Azərbaycan və Bolqarıstan, həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də qarşılıqlı əlaqələrə malikdir. Həmçinin, müxtəlif illərdə Azərbaycanla Bolqarıstan arasında iqtisadi sahədə önəmli sənədlər imzalanıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 7 mart.- S. 12.