Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır

 

Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir

 

Dinamik inkişaf tempinə malik olan Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkəmizdə sosial siyasətin inkişaf dinamikasının yüksələn qrafikə malik olması təkzibolunmaz reallıqdır.

Azərbaycanda mütərəqqi sosial siyasət həyata keçirilir

Ölkədə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Ölkəmizdə təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsini, məcburi köçkünlərə qayğının artırılması da əsas məsələlərdən biridir. Bu gün çox da uzun olmayan müstəqillik tariximizə nəzər salanda ölkəmizin böyük sosial inkişaf yolu keçdiyini aydın şəkildə görmək mümkündür.

Sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. İqtisadiyyatın sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Ümumiyyətlə, Azərbaycanda yoxsulluğun səviyyəsinin bir neçə dəfə aşağı düşməsi onu göstərir ki, sosial siyasət çox düzgün aparılır və iqtisadi imkanlar ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilib.

Sosial siyasətlə bağlı qanunların qəbulu da ötən müddətdə əsas siyasi strategiya olub. Ötən illər ərzində təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyalardan olanların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olub. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yüksəlməsini bir daha sübut edir. Ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

“Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq... Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir...”, - deyən Prezident İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.

Qeyd etdiyimiz kimi, bu kontekstdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı mövcuddur

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.

Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev bu məsələləri daim diqqət mərkəzində saxlayır və ardıcıl olaraq Fərman və sərəncamlar imzalanır. Fakt üçün deyə bilərik ki, 17 mart 2014-cü il “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncam, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman buna sübutdur. Belə ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün həcmi aprel ayının 1-dən I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib. Sosial müavinətlərlə bağlı Fərmana əsasən isə bu kateqoriyalı insanların müavinətləri 45 manata qədər yüksəlib. Adını çəkdiyimiz Sərəncama görə isə, sənəddə statusu göstərilmiş vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsilhaqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Dövlətimizin başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Sərəncamı cəmiyyət tərəfindən xüsusi olaraq yüksək qiymətləndirilib və sosial siyasət kontekstində fundamental addım kimi xarakterizə edilib.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, dövlətimizin maliyyə imkanları artdıqca bu kateqoriyaya aid insanlara da qayğı yüksəlib. Bu baxımdan, şəhid ailələrinə olan diqqət böyük əhəmiyyətə malikdir. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi ilə yanaşı, onlara dövlət tərəfindən təqaüd verilir. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev 2006-cı ilin 19 dekabrında “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, şəhid ailəsi üçün Prezident təqaüdü 100 manat müəyyənləşdirilmişdi. Amma bu təqaüd artıq müəyyən qədər artırılıb. Belə ki, dövlət başçısı 8 sentyabr 2010-cu il tarixində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Fərman imzalayıb. Bu Fərmana əsasən şəhid ailələrinə verilən təqaüd 100 manatdan 150 manat səviyyəsinə qədər artırılıb.

Amma bu proses davamlı xarakter alıb. 2011-ci ildə şəhid ailələri üçün Prezident təqaüdü 165 manata çatdırılıb. 2013-cü ildə bununla bağlı dövlət başçısı daha bir Fərman imzalayıb. Fərmanda bildirilir ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 (iki yüz) manat müəyyən edilsin. Beləliklə də, hazırda şəhid ailələri hər ay 200 manat Prezident təqaüdü alır. Yəqin ki, dövlətin imkanları artdıqca bu sahədə də artım olacaq.

Onu da qeyd edək ki, torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək Milli Qəhrəman adına yüksəlmiş şəxslər üçün də dövlətin xüsusi diqqəti mövcuddur. Hazırda Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği isə 1000 manat həcmindədir.

Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilir

Prezident İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulanlara diqqət və qayğısının daha bir təzahürü olaraq 23 dekabr 2013-cü ildə və 30 aprel 2014-cü il tarixdə imzaladığı sərəncamlarla 2014-cü ilin əvvəlinədək növbədə olan şəxslərin hamısı avtomobillə təmin olunub. Ümumən indiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin təqribən 60 faizi məhz Qarabağ müharibəsi əlilləridir. Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilib.

Müharibə əlili və şəhid ailələrinə mənzillərin verilməsi istiqamətində ardıcıl iş aparılır

Bunlarla yanaşı, müharibə əlili və şəhid ailələrinə mənzillərin verilməsi istiqamətində də ardıcıl və davamlı iş aparılır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu sahədə yaxın bir neçə ildə ciddi irəliləyişlərə nail olunacaq. Belə ki, Sərəncamla 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, İmişli, Beyləqan rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, Bakı şəhərinin Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binaları inşa olunur. Eyni zamanda, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlər tikilir, ilkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi ev inşa edilərək əlil və şəhid ailələrinə təqdim olunacaq. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində sistemli və kompleks tədbirlər görülür

Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də sistemli və kompleks tədbirlər görülür. Son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunmasına nəzarətin xeyli gücləndirilməsinin nəticəsi olaraq əlilliyi olan şəxslərdən tam reabilitasiya olunanların sayında artım qeydə alınmaqdadır. Həmçinin, əlilliyi olan insanların məşğulluğuna şərait yaradılması, əmək bazarına maneəsiz çıxışının dəstəklənməsi də diqqət mərkəzindədir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi yönündə mütəmadi işlər görülür, eyni zamanda, bu kateqoriyaya aid olan şəxslər peşə hazırlığına cəlb edilirlər.

Sadalananlarla yanaşı, hər il ölkəmizdən bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş bu kateqoriyaya məxsus olan insanlarn ixtisaslaşmış müalicə mərkəzlərində müalicə kursu keçmələri dövlətin aşkar diqqət və qayğısı kimi dəyərləndirilir.

Dövlətin diqqət və qayğısı müharibə veteranları, əlilləri və şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir

Öz növbəsində, dövlətin diqqət və qayğısı müharibə veteranları, əlilləri və şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev qəzetimizə açıqlamasında vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılanır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin vətəndaşlarına yüksək münasibəti heç bir dövlətlə müqayisə oluna bilməz. Bu gün Azərbaycanın dövlət büdcəsinin 60 faizdən çoxu məhz sosial sahəyə ayrılır və vətəndaşların güzəranının yaxşılaşdırılmasına yönəlib. O cümlədən, Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də yüksək dövlət qayğısından bəhrələnirlər: “Bu siyasətin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün həmin siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir”.

Mehdi Mehdiyev, həmçinin, vurğulayıb ki, bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işlərdir. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlil və şəhid ailələri mənzillə təmin edilib: “Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Möhtərəm Prezidentimiz müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Sərəncam verib. Həmçinin, bu təbəqədən olan vətəndaşlarımıza sosial müavinətlər, təqaüdlər verilir. Hal-hazırda müharibə kontingentinin tibbi sığortası məsələlərinə baxılır. Bundan başqa, ötən il Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzaladı. Sənədə əsasən, 2014-cü il yanvarın 1-ə kimi mənzil növbəsinə dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 2014-2018-ci illər ərzində mənzillə təmin olunacaqlar”.

İctimai Birliyin sədri M.Mehdiyev təəssüflə qeyd edib ki, Azərbaycan dövlətinin uğurlarına sevinən dostlarımızın olduğu kimi, buna qısqanclıqla yanaşan, hətta narahatlıq hissi keçirən insanlar da var. Onlar müəyyən sabotajlar yaratmaq, təxribat törətmək məqsədilə müəyyən xırda problemləri şişirdərək, bunu əllərində bayraq edərək dövlətimizə qarşı kampaniya aparırlar: “Təbii ki, bütün problemləri birdən-birə həll etmək mümkün deyil. İnsan yaşadıqca, zaman keçdikcə müəyyən problemlər də ortaya çıxır. Amma əsas odur ki, bu problemlərin həlli üçün yetərli iradə ortaya qoyulurmu, bunun üçün iş görülürmü? Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan dövləti hər bir problemin həllinə həssaslıqla yanaşır, öz dəstəyini, gücünü səfərbər edib, vətəndaşların qarşılaşdıqları çətinlikləri, onları narahat edən problemləri həll edir. Bu gün Azərbaycan dövləti öz inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır. Azərbaycanın şəhər və rayonları dünyanın ən müasir şəhərləri ilə müqayisə olunur. Paytaxtımızda birinci Avropa Oyunlarının keçirilməsinə 90 gündən də az vaxt qalıb. Hər bir vətəndaşımız kimi, biz keçmiş döyüşçülərin də əsas vəzifəsi dövlətimizə bu oyunları ən yüksək səviyyədə keçirmək üçün əlimizdən gələn köməyi göstərməkdir. Çünki bu, dövlətimizin uğurudur və hər birimiz bu uğurlardan böyük fəxr hissi duyuruq”.

II qrup Qarabağ müharibəsi əlili İsmayıl Məhərrəmov də deyib ki, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir: “Əminliklə söyləyə bilərəm ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə və onların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Mənim özüm 1998-ci ildə minik avtomobili ilə təmin olunmuşam. 2010-cu ildə isə dövlət mənə ikiotaqlı ev verib. Həmçinin, Prezident təqaüdü alıram. Düşünürəm ki, bu kateqoriyaya aid olanların sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter daşıyır. Bütün bunlara görə biz dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıq edirik”.

II qrup Qarabağ müharibəsi əlili Şiraslan Qasımov isə deyib: “Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır”.

 

Yeni  Azərbaycan.-2015.- 17 mart.- S. 6-7.