Azərbaycan və
Qazaxıstan strateji tərəfdaşdır
İki ölkə arasında sıx dostluq və qardaşlıq əlaqələri
mövcuddur
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu ölkənin Azərbaycan Respublikasında yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib. Dövlət başçısının mətbuat xidməti xəbər verib ki, bu, Beybit İsabayevdir. Beybit İsabayev Qazaxıstanın Qırğızıstan Respublikasındakı səfiri vəzifəsini tuturdu.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanla Qazaxıstan arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə, bu iki ölkə arasında diplomatik əlaqələrin əsası 30 avqust 1992-ci il tarixində qoyulub. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt Türkdilli Ölkələrin Dövlət Başçılarının ikinci Zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib.
İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilib. Həmin görüş zamanı Ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət edib.
1996-cı
il sentyabrın
16-da Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Ümummilli lider Heydər Əliyev və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə
heyətləri arasında
danışıqlar keçirilib.
Danışıqların əsas mövzusu
iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Səfər çərçivəsində Azərbaycan Respublikası
və Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları
haqqında müqavilə,
investisiyaların təşviqi
və qorunması haqqında saziş, neft-qaz sənayesi sahəsində əməkdaşlıq
haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri üzrə
Birgə Bəyannamə,
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyi ilə Qazaxıstan Respublikası
Xarici İşlər
Nazirliyi arasında əməkdaşlıq haqqında
saziş, Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyi
ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi
arasında əməkdaşlıq
və qarşılıqlı
fəaliyyət haqqında
saziş, Azərbaycan
Respublikasının Mərkəzi
Bankı ilə Qazaxıstan Respublikasının
Milli Bankı arasında hesablaşmaların
təşkili haqqında
saziş və digər sənədlər
imzalanıb. Ulu öndər Heydər
Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illərdə ölkələr
bir sıra formatlarda, o cümlədən,
türkdilli dövlətlərin
toplantısı, İqtisadi
Əməkdaşlıq Təşkilatı
və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər.
Eyni zamanda, Ümummilli liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində
bu əməkdaşlıq
daha strateji və intensiv xarakter alıb.
Məlumat üçün bildirək
ki, Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ilin
martında olub. Səfər zamanı
Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə
Xəzərin karbohidrogen
ehtiyatlarının dünya
bazarına nəql edilməsi sahəsində
əməkdaşlıq məsələlərinə
dair geniş fikir mübadiləsi aparıblar. Hər iki
dövlət başçısı
neft və qaz sektorunda həyata keçirilən
irimiqyaslı layihələrin,
xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində
Qazaxıstanın iştirakının
böyük əhəmiyyətə
malik olduğunu söyləyib. O da qeyd olunub ki,
gələcəkdə Qazaxıstan
təbii qazının
da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə
tutulur. Prezident İlham Əliyevin
bu səfərindən
sonra Azərbaycan-Qazaxıstan
əməkdaşlığı yüksələn xətlə
davam edib.
2005-ci il mayın
24-də isə Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ölkələr
arasındakı münasibətlərin
məntiqi nəticəsi
olaraq, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası
arasında strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri
haqqında Müqavilə
də daxil olmaqla 6 sənəd imzalanıb.
Yeri gəlmişkən,
xalqlarımız tarixi,
mədəni və ənənələr baxımından
bir-birinə bağlı
xalqlar olduğu üçün bu sahədə əlaqələrin
genişləndirilməsi istiqamətində
də əhəmiyyətli
addımlar atılıb. Belə ki,
hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr
intensiv xarakter alıb. Azərbaycanın
ağır illərində
onun haqq səsini dünyaya çatdıran XX yüzilin
ən qüdrətli ziyalılarından biri olan Oljas Süleymanovun
məşhur “Az i Ya”
kitabı, şeirləri
və məqalələri
1980-ci illərdən Azərbaycanda
nəşr olunmağa
başlayıb. 8-10 iyun 2012-ci ildə Qazaxıstanda Azərbaycan,
18-21 noyabr 2012-ci ildə
isə Azərbaycanda Qazaxıstan Mədəniyyəti
Günləri keçirilib.
Bir sözlə,
hazırda Azərbaycan
və Qazaxıstan strateji tərəfdaşdır
və iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki
ölkənin qanunverici
orqanlarında fəaliyyət
göstərən dostluq
qrupları əlaqələrin
inkişaf etdirilməsində
əhəmiyyətli rol
oynayır. Eyni zamanda,
Azərbaycan-Qazaxıstan hökumətlərarası
iqtisadi komissiyası fəaliyyət göstərir
və iki ölkə arasında
100-dən artıq sənəd
imzalanıb. Ölkələr arasında hərbi sahədə əməkdaşlıq
da diqqət mərkəzindədir. Və bu
məqam iki ölkənin rəsmilərinin,
həmçinin, nümayəndə
heyətlərinin qarşılıqlı
səfərləri zamanı
xüsusi olaraq vurğulanır.
Məlumat üçün bildirək
ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ötən il
fevralın 20-də Qazaxıstan
Respublikası Parlamenti
Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib. Görüşdə Prezident İlham
Əliyev Azərbaycanla
Qazaxıstan arasında
ikitərəfli münasibətlərin
dinamik şəkildə
inkişaf etdiyini vurğulayıb.
Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək
səviyyədə olduğunu
deyən dövlət
başçısı əməkdaşlığımızın
daha da möhkəmləndirilməsində
parlamentlərarası əlaqələrin
önəmini qeyd edib. Bildirib ki, ölkələrimiz
istər ikitərəfli
formatda, istərsə
də beynəlxalq təşkilatlar çərçivəsində
fəal əməkdaşlıq
edir. Prezident İlham Əliyev
Qazaxıstan Respublikası
Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə
səfərinin münasibətlərimizin
gələcəkdə daha
da genişləndirilməsi
işinə xidmət
edəcəyinə ümidvar
olduğunu söyləyib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
2014-cü il aprelin 21-də Qazaxıstan
Respublikasının müdafiə
naziri Serik Axmetovu qəbul edib. Görüşdə Azərbaycan ilə
Qazaxıstan arasında
ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə,
o cümlədən, siyasi,
iqtisadi, enerji və digər sahələrdə uğurla
inkişaf etdiyi vurğulanıb.
Ümumiyyətlə, strateji tərəfdaş olan Azərbaycanla Qazaxıstan beynəlxalq arenada əməkdaşlıq əlaqələri çərçivəsində qarşılıqlı-faydalı şəkildə fəaliyyət göstərir və bir-birlərini dəstəkləyir. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir. Yeri gəlmişkən, sözügedən məsələ Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında ötən il sentyabrın 1-də keçirilən növbəti siyasi məsləhətləşmələr zamanı da əsas müzakirə mövzusu olub. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib. Azərbaycanın Qazaxıstan ilə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Xələf Xələfov, həmçinin, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında qazaxıstanlı həmkarına ətraflı məlumat verib və sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.
Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini deyən Samat Ordabayev paytaxtımızda müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. Samat Ordabayev Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasındakı münasibətlərin inkişafında hər iki ölkə rəhbərlərinin rolunu vurğulayıb. Beləliklə, göründüyü kimi, iki ölkə arasındakı əlaqələr bir çox sahələri əhatə edir və bu məqam ikitərəfli görüşlərdə bir daha bəyan edilir. Eyni zamanda, onu da bildirək ki, Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər. AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Qeyd olunub ki, Qazaxıstan ilə müqavilənin ilin birinci yarısında imzalanacağı gözlənilir və artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq olar. Hazırda TASİM layihəsinə Rusiya (operator “Rostelekom”), Qazaxıstan (“KazTransKom”), Türkiyə (“TurkTelecom”), Çin (“ChinaTelecom”) cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.
Oktay Hacımusalı
Yeni Azərbaycan.-2015.- 18 mart.- S.8.