Azərbaycan-Koreya əlaqələri
inkişaf edir
Qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin daha da güclənməsinə təkan verir
Məlum olduğu kimi, Koreya Milli Assambleyasının üzvü Kanq Çanq Hi bu günlərdə ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Ziyafət Əsgərov Azərbaycanla Koreyanın dostluq münasibətlərindən danışıb. Xüsusilə də son 10 ildə ölkələrimizin əlaqələrinin inkişafının intensiv xarakter daşıdığını söyləyib. Bildirib ki, regionun lider dövləti olan Azərbaycan müxtəlif sahələrdə uğurlara imza atır.
Z.Əsgərov qeyd edib ki, Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Birinci vitse-spiker Koreyanın tanınmış şirkətlərinin ölkəmizdəki fəaliyyətindən söz açıb. Azərbaycanın da Koreyaya ciddi sərmayə yatırımı etdiyini və bunun iqtisadi əməkdaşlığın inkişafına yaxşı töhfə verdiyini deyib. O bildirib ki, bu, iqtisadi əlaqələrin gələcək inkişafı üçün yaxşı bazadır.
Koreya Milli Assambleyasının üzvü Kanq Çanq Hi də xalqlarımızın qədim tarixi münasibətlərindən söz açıb. Xalqlarımızın mədəni sahədəki bağlılığını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın hərtərəfli sürətli inkişafı olduqca təqdirəlayiqdir. Ölkəmizi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün apardığı uğurlu təşkilatçılıq işinə görə təbrik edib. Qonaq bu oyunların ölkəmizi dünyada daha da tanıdacağına ümidvarlığını bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən danışarkən bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT və digər təşkilatların qəbul etdiyi sənədlərə uyğun həllinin tərəfdarı olduqlarını söyləyib.
Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fəttah Heydərov da ölkələrimizin müxtəlif istiqamətlərdəki əlaqələrindən, qanunverici orqanlar arasındakı əməkdaşlıqdan danışıb.
Yeri gəlmişkən, xatırladaq ki, ötən ilin dekabr ayında da Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ölkəmizə səfər edib. 2014-cü il dekabrın 16-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb. Z.Əsgərov vurğulayıb ki, son illər Azərbaycan-Koreya münasibətləri yüksəliş dövrünü yaşayır. Hər iki ölkənin dövlət, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərləri əlaqələrin sürətli inkişafını təmin edir. Azərbaycan və Koreya parlamentindəki müvafiq dostluq qrupları səmərəli fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi əlaqələr gündən-günə genişlənir. İlk dəfə Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunları üçün bir çox idman obyektlərinin hazırlanması məhz Koreya şirkətlərinə həvalə olunub. Dost ölkənin Azərbaycana daha çox investisiya yatırmasını, əlaqələrimizin daha da genişlənməsini istəyirik.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hvanq Younq Çeul səfərdə olduqları az müddətdə Bakının gözəlliyinə valeh olduqlarını bildirərək qeyd edib ki, Azərbaycanda gedən yüksək səviyyəli quruculuq işləri güclü və məqsədyönlü dövlət idarəçiliyinin göstəricisidir. Sonra Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin müavini Honq Ci Man fikirlərini bölüşüb. Söhbət zamanı hər nümayəndə heyətinin gəlişini əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirən Ziyafət Əsgərov 2014-cü ilin aprelində Koreyada səfərdə olduqlarını, dost ölkədəki qonaqpərvərliyə və tərəqqiyə heyranlıqlarını xüsusi qeyd edib. Milli Məclis sədrinin birinci müavini qonaqların nəzərinə çatdırıb ki, Azərbaycan siyasi-iqtisadi cəhətdən regionun ən nüfuzlu dövlətidir. Amma Dağlıq Qarabağ münaqişəsi kimi problemi var. Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü birmənalı qəbul edən sənədləri indiyədək yerinə yetirilməyib. Z.Əsgərov Xocalı qətliamı barədə də məlumat verərək bildirib ki, bir çox ölkələr, həmçinin, ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıblar. Arzumuz budur ki, Koreyanın Milli Assambleyası da Xocalı soyqırımına öz qiymətini versin.
Nümayəndə heyətinin rəhbəri Hvanq Younq Çeul əmin edib ki, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumatları Koreya parlamentinə çatdıracaq. Həmin gün Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisin deputatı, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov qonaqları salamlayaraq belə səfərlərin ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafına təkan verəcəyini söyləyərək bildirib ki, ölkələrimiz arasında siyasi, ictimai, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Koreyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olduğunu deyən deputat bu ölkənin qabaqcıl şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyət göstərdiyini söyləyib. Qeyd edilib ki, Koreya ilə münasibətlər gündən-günə dərinləşir və indiyədək ölkələrimiz arasında 54 sənəd imzalanıb, 7 sənəd üzərində iş davam edir. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. Parlamentlərarası əlaqələrə toxunan millət vəkili bu sahədə dostluq qruplarının sıx əməkdaşlığını xüsusi qeyd edib, hər iki ölkə deputatlarının qarşılıqlı səfərlərinin informasiya və təcrübə mübadiləsi baxımından rolunu vurğulayıb.
Koreya Milli Assambleyası nümayəndə heyətinin rəhbəri Hvanq Younq Çeul, öz növbəsində, ölkəmizə səfərlərindən, keçirdikləri görüşlərdən məmnunluğunu ifadə edib, bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söyləyib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu deyən qonaq əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inamını ifadə edib. Hvanq Younq Çeul bütün istiqamətlərdə, o cümlədən, enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb.
Söhbət zamanı çıxış edən deputatlar Fəttah Heydərov, Sədaqət Vəliyeva Koreya ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, Bakıda Koreya filmləri festivalının keçirilməsi də xalqlarımızın bir-birinə olan marağından xəbər verir. Görüşdə Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, bu münaqişə regionda sülhü və sabitliyi ciddi təhdid altında saxlayır. Dostluq qruplarının üzvləri, həmçinin, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.
Bu məqamda qeyd edək ki, ümumiyyətlə, son illər Azərbaycanla Koreya arasında əlaqələr xeyli genişlənib. Bu əlaqələrin genişlənməsində dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri də xüsusi rol oynayır. Ötən ilin 26-28 noyabr tarixlərində Koreya Respublikasının Baş naziri Çanq Honqvon Azərbaycana rəsmi səfəri də deyilənləri təsdiqləyir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərimizə yeni impuls verəcəyinə əminliyini bildirib. “Biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edirlər. Həmçinin, əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və faydalı olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Koreyanın Baş naziri Çanq Honqvon isə deyib: “Cənab Prezident, mən də bu səfərimizə böyük önəm verirəm. Çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Cənab Prezident, mən Sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail olursunuz. Cənab Prezident, Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq, bizim münasibətlərimiz sürətlə inkişaf edir”.
Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
“Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlar inkişaf dinamikasının qorunacağına əminlik yaradır”. Bu sözləri isə Koreya Respublikasının Baş naziri Çanq Honqvon Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə görüşdə deyib. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu əlaqələrin dostluq münasibətlərinə söykəndiyi qeyd edilib. Y.Eyyubov bildirib ki, Azərbaycan dünyanın əksər dövlətləri ilə əməkdaşlığa önəm verir. Suveren ölkə kimi Azərbaycan öz müstəqil siyasətini yürüdür. Azərbaycanın iqtisadi nailiyyətlərindən danışan Baş nazirin birinci müavini bildirib ki, ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Hazırda ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru da sürətlə inkişaf edir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Y.Eyyubov bunun üçün yaxşı potensialın olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda müxtəlif sahələrdə Koreya şirkətləri çalışır. Onların səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazirin birinci müavini Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Qeyd edilib ki, işğal olunmuş ərazilərdən hazırda terrorizm və banditizm məqsədləri üçün istifadə olunur.
Koreya Respublikasının Baş naziri Çanq Honqvon Azərbaycana səfərinə böyük önəm verdiyini deyib. O, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin olduğunu bildirib. Azərbaycanda sürətli inkişafın şahidi olduğunu deyən Baş nazir bildirib ki, ölkə son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli, dinamik iqtisadi inkişafa və möhkəm sabitliyə nail olub. Əldə edilmiş iqtisadi uğurlar gələcəkdə də inkişaf dinamikasının qorunmasına əminlik yaradır. Ölkələrimiz arasında münasibətlərin son illərdə sürətlə inkişaf etdiyini deyən Çanq Honqvon bildirib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.
Onu da qeyd edək ki, ölkəmizə səfəri çərçivəsində Koreyanın Baş naziri Çanq Honqvonun rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə də tanış olub. Nümayəndə heyəti üzvlərinin İçərişəhərdə gəzintisi Qız Qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız Qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Qonaqlar elektromobillə İçərişəhəri gəziblər. Gəzinti zamanı onlara UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlaşdırma işləri barədə məlumat verilib. Qonaqlar Şərqin memarlıq şedevrlərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” tarix-memarlıq abidəsi ilə də tanış olublar.
Səfəri çərçivəsində Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) olub. Koreyalı Baş nazir Bakı şəhərində tətbiq edilən nəqliyyatı intellektual idarəetmə sisteminə böyük maraq göstərib. Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Koreya nümayəndə heyətini ən müasir avadanlıqlarla təchiz olunan Mərkəzin fəaliyyəti ilə yaxından tanış edib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev qonaqlara sistemin Bakıda tətbiqi nəticəsində əldə edilən uğurlar barədə ətraflı məlumat verib. Bildirilib ki, bu sistem ictimai nəqliyyat, sərnişin daşımaları sahəsində səmərəliliyin artmasına səbəb olub. Böyük monitorun quraşdırıldığı Mərkəzdə gün ərzində avtomobil axınının vəziyyətinə nəzarət edildiyi qonağın diqqətinə çatdırılıb. Qeyd edək ki, Koreyanın Baş naziri Çank Honqvon “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi ilə də tanış olub. Baş nazirə “Azərsu” ASC-nin yeni inzibati binasının Koreya Respublikasının “Heerim” şirkəti tərəfindən layihələndirildiyi və “Halla Engineering and Construction” şirkəti tərəfindən inşa olunduğu barədə məlumat verilib. Bildirilib ki, tikintisinə ötən il başlanılan 20 mərtəbəli binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Baş nazir Çanq Honqvon Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanda Koreya Respublikasının bir neçə şirkət və firmaları fəaliyyət göstərir: “Səfər zamanı bir daha yəqin etdim ki, Koreya şirkətləri Azərbaycanda böyük rol oynayır. Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemini də Koreya şirkətləri qurub”.
Baş nazir “Halla” Korporasiyasının ona göstərilən etimadı doğrultmaq üçün böyük imkanlara malik olduğunu qeyd edərək vurğulayıb ki, tikintinin uğurla başa çatdırılması gələcək əməkdaşlıq üçün yeni üfüqlər aça bilər.
Koreya Respublikasının Baş naziri Çanq Honqvonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində də olub. Baş nazir Çanq Honqvona məlumat verilib ki, muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə xalçaların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmə texnikalarını, incə və dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını aydın şəkildə göstərir. Diqqətə çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzədilib.
Qeyd olunub ki, muzeyin kolleksiyası müxtəlif növ xovsuz xalçaların nadir nümunələrini də əks etdirir. Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində 2010-cu ildə milli xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Noyabrın 16-sı isə ölkəmizdə Azərbaycan xalçası günüdür. Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir. Burada, həmçinin, Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var. Ekspozisiyada sərgilənən və saxlanclarda yerləşən xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalara da rast gəlmək mümkündür. Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkündür. Azərbaycan Xalça Muzeyi Koreya Respublikasının Baş nazirində zəngin təəssürat yaradıb.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər bir çox sahələri əhatə edir. Ölkələr müdafiə təminatı sahəsində də əməkdaşlıq edir. Bu əməkdaşlığın göstəricisi kimi Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Jung Yongun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini göstərmək olar. Belə ki, ötən il noyabrın 28-də bu nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib. Koreya nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bütün bunlarla yanaşı, Azərbaycanla Koreya arasında mədəniyyət sahəsində də yaxşı əlaqələrin olduğunu qeyd etmək yerinə düşər. Belə ki, ötən il noyabrın 27-də Nizami Kino Mərkəzində Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya Kinosu Festivalının açılış mərasimi keçirilib. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimi açan SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan-Koreya əlaqələrinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Koreya Respublikası Prezidentinin ölkəmizə və Prezident İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib. Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası indiyədək mədəniyyət, elm, səhiyyə sahələrində bir sıra layihələr reallaşdırıb. 2005-ci ildə isə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə ilk dəfə ölkəmizdə Koreya Kinosu Günlərini keçirib. SEBA Assosiasiyasının fəaliyyətinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini vurğulayan R.Heydərova bildirib ki, assosiasiyanın işlərinin keyfiyyətli və nəticəli olması da məhz bu səbəbdəndir. Diqqətə çatdırıb ki, ildən-ilə genişlənən Azərbaycan ilə Koreya arasında əlaqələr artıq ikinci dəfə keçirilən Koreya filmlərinin nümayişinə də öz təsirini göstərib. 2005-ci ildən fərqli olaraq, bu dəfə nümayiş etdirilən Koreya filmlərinin sayı 10-a çatdırılıb. Festival SEBA Assosiasiyası və Koreya Fondu arasında oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumundan sonra reallaşan ilk birgə tədbirdir.
Mərasimdə çıxış edən Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq deyib: “Koreya ilə Azərbaycan arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Lakin bu inkişafa baxmayaraq yerdə qalan və hələ də gerçəkləşməyən böyük potensial vardır. Yaxın gələcəkdə bu potensialı ərsəyə gətirərək həm Koreya, həm də Azərbaycan xalqı üçün bir sıra faydalı işləri reallaşdıracağıq”.
Festivalın böyük əhəmiyyət daşıdığını bildirən qonaq SEBA Assosiasiyasının Koreya mədəniyyətinin Azərbaycanda tanınmasında fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, mədəniyyət illər keçdikcə bu iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq.
Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Koreya Kinosu Festivalının ölkəmizdə daha bir mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xalqımızın mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətdə irimiqyaslı layihələr reallaşdırılır. Bu baxımdan, Koreya Kinosu Festivalının təşkili də iki ölkə arasında münasibətlərin genişlənməsində növbəti bir addımdır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.- 31 mart.- S.8.