Azərbaycan-İsveçrə münasibətləri dostluq və qarşılıqlı yardıma əsaslanır

 

İki ölkə arasında bir çox sahələri əhatə edən əlaqələr mövcuddur

Xəbər verildiyi kimi, Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan İsveçrə dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin siyasi direktor müavini Corc Martinlə görüşüb. Ölkələrimizin müxtəlif istiqamətlərdəki əməkdaşlığından danışan Bahar Muradova Azərbaycanla İsveçrənin münasibətlərinin dostluq, tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslandığını söyləyib.

Milli Məclis sədrinin müavini ölkələrimizin dünyanı narahat edən məsələlərin həlli istiqamətində beynəlxalq qurumlardakı birgə fəaliyyətini, İsveçrənin ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə töhfə vermək istəyini qeyd edib. Diqqətə çatdırılıb ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır.

Corc Martin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli güclü əlaqələrin qurulduğunu vurğulayaraq, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu söyləyib. Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, bu gün dünyada mövcud olan bütün münaqişələrin həllinə diqqət yetirilməlidir, heç bir münaqişə “dondurulmuş” adlandırılmamalıdır.

C.Martin İsveçrənin Federal Xarici İşlər Departamentinin bu ölkənin Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkilərini tanımadığı barədə sənədini Bahar Muradovaya təqdim edib. Sənəddə deyilir ki, beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmət edərək İsveçrənin Federal Xarici İşlər Departamenti 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçiriləcək “seçkiləri” etibarsız hesab edir. İsveçrənin Federal Xarici İşlər Departamenti bir daha vurğulayır ki, departament həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən xəbərdardır və müəyyən olunmuş formatlar çərçivəsində bu münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməkdə davam edir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daima İsveçrə ictimaiyyətinin diqqət mərkəzində olub.

Ümumiyyətlə, son illərdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələr uğurla inkişaf edir və genişlənir. Hazırda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində zəruri normativ-hüquqi baza yaradılıb ki, bu da mövcud potensialdan istifadə etməklə Azərbaycan və İsveçrə arasında ticari-iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün münbit mühit formalaşdırır. Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Birgə Hökumətlərarası Komissiyanın əsas məqsədi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, maliyyə, bank, investisiya, turizm, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsindən ibarətdir. İki ölkə arasında qarşılıqlı əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir. İsveçrə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi hər iki ölkənin maraqlarına xidmət edir. Xalqlar arasında dostluğun və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin, respublikamız ilə enerji, biznes, təhsil sahəsində əlaqələrin genişləndirilməsi İsveçrənin maraqlarını təmin edir. Təsadüfi deyil ki, hazırda Azərbaycan və İsveçrə bir-birini real tərəfdaş kimi qəbul edir. Son illər əlaqələrin intensiv xarakter almasının, qarşılıqlı ticarət dövriyyəsinin artmasının, yeni birgə layihələrin həyata keçirilməsinin nəticəsi olaraq İsveçrə şirkətləri Azərbaycanı sərmayələr üçün etibarlı ölkə qismində görür.

Möhkəm siyasi əlaqələrin, qarşılıqlı iqtisadi maraqların olması və iqtisadiyyatlarımızın bir-biri ilə rəqabət aparmayan, əksinə, bir-birini dəstəkləyən iqtisadiyyatlar kimi mövcudluğu əsas götürülərək həmin əlaqələrin əksəriyyəti böyük uğurlara imza atmaq üçün vəsilədir və buna tərəflərin heç bir şübhəsi yoxdur.

Azərbaycanın və İsveçrənin inkişaf yollarına nəzər salanda xeyli oxşarlıqların mövcudluğu nəzərə çarpır. Dövlətçilik tarixi və təkamül yolu oxşar olan dövlətlərin ən mühüm oxşarlıqlarından biri isə müstəqillikdir. Müstəqil olmaq, özünü dərk etmək, getdiyin yolu qavramaq və müstəqil siyasət aparmaq qabiliyyəti çiçəklənmə və uğurlara aparan yolun açarıdır. Müstəqillik, ləyaqət, daxili məsələlərə diqqət və insanların həyatının yaxşılaşdırılması baxımından İsveçrə Azərbaycana gözəl nümunə hesab olunurdost ölkənin bu sahədəki təcrübəsi uğurla öyrənilir.

Tam mənada planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən demokratik inkişafa, yoxsulluqxaos vəziyyətindən iqtisadisiyasi sabitliyə doğru yol keçən Azərbaycan beynəlxalq maliyyə böhranına baxmayaraq, bu gün iqtisadiyyatı artan templə inkişaf edən nadir ölkələrdən biridir.

İnkişaf dinamikası ilə seçilən Azərbaycan və İsveçrə əlaqələri bu gün özünün yüksəliş dövrünü yaşamaqdadır. Son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlər, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının təsis edilməsi, iqtisadi sahədə həyata keçirilən layihələr və mədəniyyət günlərinin təşkili ikitərəfli münasibətlərin əsas göstəricilərindəndir. O da şübhəsizdir ki, Azərbaycan və İsveçrə dövlət başçıları səviyyəsində aparılan siyasi dialoq ölkələr arasında münasibətlərin formalaşmasında və inkişafında müstəsna rola malikdir.

Bu dialoqun və inkişafın əsası isə Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. 2000-ci ilin yanvar ayında Ümummilli liderimiz Heydər Əliyev Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak etməklə yanaşı, səfər çərçivəsində İsveçrə Prezidenti Adolf Oqi və digər dövlət rəsmiləri ilə danışıqlar aparıb. Bu səfər Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına təkan verib. 2002-ci ilin fevral ayında isə Ulu öndər Heydər Əliyev Nyu-York şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda İsveçrə Prezidenti Kaspar Villiqer ilə görüş keçirib. 2007-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə Davos şəhərinə işgüzar səfəri çərçivəsində İsveçrə Prezidenti Mişelin Kalmi-Reylə də görüş keçirib. İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin 2008-ci ilin may ayında ölkəmizə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabr ayında İsveçrəyə etdiyi rəsmi səfərlər, o cümlədən, Ümumdünya İqtisadi Forumu çərçivəsində 2010-cu ilin yanvar ayında Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard ilə görüşü, bu müstəvidə aparılmış məhsuldar danışıqlar ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını təşkil edib. İki ölkənin parlament sədrləri, xarici işlər nazirləri və digər rəsmi səviyyələrdə həyata keçirilmiş qarşılıqlı səfərlər əməkdaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verməkdədir.

Bu yüksək səviyyəli dialoqun məntiqi davamı olaraq, 2010-cu ildə Bakı şəhərində Azərbaycan-İsveçrə Parlament Dostluq Qruplarının üzvləri, həmçinin, İsveçrənin energetika sahəsində fəaliyyət göstərən şirkətlərinin təmsilçiləri ilə ölkəmizin müvafiq qurumlarının nümayəndələri arasında görüşlər keçirilib. Hazırda İsveçrə Konfederasiyası Azərbaycanın qeyri-neft sektorunda böyük investorlardandır. İsveçrə şirkətləri fəaliyyətlərini uğurla həyata keçirir, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük zəmin yaradırlar. Mövcud potensialdan istifadə etməklə əlaqələri daha da inkişaf etdirmək üçün aparılan axtarışlar ölkəmizin İsveçrənin Ümumiləşdirilmiş Preferensiyalar Sistemindən faydalanmasına səbəb olub. Bu sistem vasitəsilə Azərbaycan məhsullarının İsveçrə bazarlarına ixracı üçün əlverişli imkanlar yaranır.

İsveçrə tərəfi Azərbaycan Respublikası ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikirlər ölkə rəsmilərinin mətbuata açıqlamalarında da dəfələrlə yer alıb. 2007-ci ildə Azərbaycan və İsveçrə arasında enerji təhlükəsizliyi və əməkdaşlığa dair memorandum imzalandıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cenevrə şəhərində ofisi açılıbbu qurum İsveçrədə müvəffəqiyyətlə fəaliyyət göstərir. Hazırda Azərbaycan İsveçrəyə neft ixrac edən etibarlı və mühüm ölkələrdən biri hesab edilir. Belə ki, İsveçrənin neftə olan tələbatının nəzərə çarpacaq hissəsi Azərbaycan nefti hesabına təmin edilir. Qarşılıqlı əlaqələr müstəvisində bir çox imkanları və təcrübələri nəzərdən keçirən Azərbaycan tərəfi məişət tullantılarının səmərəli idarə olunmasında İsveçrədə mövcud olan texnologiyaların ölkəmizdə istifadə edilməsinin mümkünlüyünü araşdırır.

2013-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Obişer ilə görüşündə isə əsas mövzu Dağlıq Qarabağ məsələsi olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov bildirib ki, bu məsələ ölkəmiz üçün prioritet problemdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2015.- 2 aprel.- S.8.