Azərbaycan-Sloveniya münasibətləri yüksələn xətlə inkişaf edir

 

İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur

Xəbər verildiyi kimi, ötən ay Sloveniyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkə parlamentinin sədri Milan Brqlez ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. M.Brqlez ölkələrimiz arasında oxşar tarixinbir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu bildirib. Parlament sədri deyib ki, İkinci Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olanSloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə xalqlarımız arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir. Müdafiə naziri Azərbaycanın qəhrəman oğlunun xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirib. Söhbət zamanı Zakir Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin üzləşdiyi digər təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Sloveniya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik əlaqələr isə 1996-cı ilin fevral ayında qurulub. 2004-cü ildə Sloveniya Respublikasının Azərbaycanda fəxri konsulluğu açılıb. 2012-ci ilin noyabrında isə Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana Ofisinin rəsmi açılışı olub.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya iki dəfə - 27-29 avqust 2006-cı il və 9-10 iyun 2011-ci il tarixlərində rəsmi səfər edib. 9-10 noyabr 2009-cu ildə isə Sloveniyanın o vaxtkı Prezidenti Danilo Türk ölkəmizdə rəsmi səfərdə olub. Bundan əlavə, hər iki ölkənin dövlət və hökumət nümayəndələri də qarşılıqlı səfərlər ediblər.

Məsələn, 2009-cu ildə Sloveniya Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrin inkişafına böyük töhfə olub. Bu səfər zamanı hər iki ölkənin adamlarının iştirakı ilə biznes forumu keçirilib. Biznes forumunda dövlət başçıları da iştirak ediblər. Biznes forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək adamı iştirak edib. Prezident İlham Əliyev Sloveniya Prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib. Sloveniya Prezidenti Danilo Türk yüksək qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlığını çatdırıb: “Qarşımızda yaxşı imkanlar vardır. Mən biznes forumunun təşkil olunmasına görə, cənab Prezident, Sizə və Azərbaycanın Ticarət və Sənaye Palatasına minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir ikitərəfli səfərlərin mühüm nəticəsidir. Mən, ümumiyyətlə, Sloveniyanın adamları ilə səfər etməyi xoşlayıram. Ona görə yox ki, onlar yaxşı insanlardır. Onlar, eyni zamanda, praktiki baxımdan çox işgüzar şəxslərdir. Onlar ikitərəfli münasibətlərimizin inkişafında əlavə rol oynayırlar. Cənab Prezident, Siz qeyd etdiniz ki, ölkələrimiz müstəqillik baxımından gəncdir. Bizim uzunmüddətli suveren dövlətçilik tariximiz olmayıb. Lakin bizim zəngin mədəni tariximiz vardır. Xalqlarımızın tarix boyu çətinliklərlə üzləşdiyi anlarda da bir çox oxşarlıqlar olub. Suverenliyimiz gəncdir. Hər iki ölkə böyük sınaqlardan keçib. Bu proses getdikcə iqtisadi özünəməxsusluğumuzu da təyin edib. Mən əldə edilmiş nailiyyətlərə görə Azərbaycanı təbrik etmək istəyirəm. Biz Sloveniyada yaxşı anlayırıq ki, ölkənizin enerji təchizatı sahəsində qlobal səviyyəyə çıxması Sizin böyük iqtisadi nailiyyətinizdir. Eyni zamanda, anlayırıq ki, hazırda Azərbaycan iqtisadiyyatını şaxələndirir. İqtisadiyyat inkişaf edir, müasirləşir və ölkə əhalisinin bütün tələbatlarının ödənilməsinə yönəlib. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən, regionun perspektivli gələcəyini təmin edir. Sloveniya öz gələcəyini Avropaya inteqrasiyada görür. Biz nəinki Avropa İttifaqının, o cümlədən, avro zonasının üzvüyük. Bu, bizə valyuta sabitliyini vəd edir. Baxmayaraq ki, həmin zonaya qoşulmaq müəyyən mənada valyuta suverenliyini məhdudlaşdırır. Lakin biz bunu qəbul edirik, çünki bilirik ki, bu, iqtisadiyyatımızın sabitliyinə, eləcə də, tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın aparılmasına şərait yaradır. Bir sözlə, qarşımızda duran üstünlüklərə nəzər yetirməli, yaradıcı və məqsədyönlü olmalıyıq”.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin iyun ayında bu ölkəyə səfəri zamanı da bir sıra vacib məsələlər müzakirə olunub. Səfər çərçivəsində bir sıra sənədlər də imzalanıb. Belə ki, “Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar. Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç imzalayıblar.

Prezidentlərin mətbuat konfransı zamanı Sloveniyanın o zamankı dövlət başçısı Danilo Türk çıxış edərək deyib ki, ikitərəfli münasibətlər yaxşıdır, əməkdaşlıq uğurluduriqtisadi əlaqələr də inkişaf etməkdədir: “Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. Bu, artıq böyük nəticə deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm informasiya texnologiyası, həm də sığorta sahələrində əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız genişlənir. Hesab edirəm ki, qarşımızda hələ bir çox əməkdaşlıq imkanları vardır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Danilo Türk söyləyib ki, status-kvo qəbul edilən həll variantı deyildir: “Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin”.

Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir: “Bizim aramızda çox fəal siyasi dialoq aparılır”.

“Ölkələrimiz arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir”, - deyən dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, Sloveniya Azərbaycan üçün çox vacib tərəfdaşlardan biridir: “Avropa İttifaqı ilə gündəliyimiz çox genişdir. Əlbəttə, enerji təhlükəsizliyi məsələləri gündəliyin, demək olar ki, birinci sırasındadır və bu istiqamətdə əməkdaşlıq dərinləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün töhfəsini verməyə hazırdır. Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz qaz infrastrukturumuzun yaradılması nəticəsində çoxşaxəli ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını dünya bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli yolla çıxarmaq üçün yeni kontraktlar lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qaz ixrac edən çox önəmli ölkə kimi artıq dünyaya təqdim edir”.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq söyləyib ki, məsələnin ədalətli həlli üçün indi yaxşı şərait yaradılıb: “Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının may ayının sonunda verdikləri birgə bəyanat artıq çox ciddi bir siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir. Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir, işğalçı qüvvələr işğal edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın verilməsi, əlbəttə ki, bizi daha da ruhlandırır və ümidlərimizi artırır. Bəyanatın digər vacib məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipləri və xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri arasında heç bir ziddiyyət yoxdur. Yəni, bu iki prinsip bir sazişdə öz əksini tapmalıdır və hesab edirəm ki, bu da çox müsbət haldır. İndiki mərhələdə Ermənistan tərəfi konstruktivlik və səmimiyyət göstərməlidir. Uzun illər Ermənistan danışıqların, sadəcə olaraq, danışıqlar naminə aparılmasına, imitasiya ilə məşğul olmağa çalışmışdır. İndi isə vaxt çatıb ki, verilmiş təkliflərə dəqiq, konkret cavab versin. Əgər belə olarsa, o zaman hesab edirik ki, Azərbaycanın torpaqları tezliklə işğalçılardan azad ediləcəkdir”.

Səfər çərçivəsində Prezident İlham Əliyev Sloveniya Respublikası Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib. Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin genişlənməsi baxımından önəmli olduğunun qeyd edildiyi görüşdə Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyi bildirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Göründüyü kimi, iki ölkə arasında əlaqələr inkişaf etməkdədir. Sloveniya Milli Şurasının sədrinin Azərbaycana səfəri isə münasibətlərin inkişafına təkan verəcək.

 

Oktay HACIMUSALI

Yeni  Azərbaycan.-2015.- 3 aprel.- S. 8.