HEYDƏR ƏLİYEV VƏ
AZƏRBAYCANIN İNKİŞAF KONSEPSİYASI
Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə dünya iqtisadi sektorunda ən stabil və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan müstəqil Azərbaycanın ötən iki onillikdə əldə etdiyi nailiyyətlər, sıçrayışlı inkişafı, yüksək sosial tərəqqi erası da məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olub. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks institusional islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, Ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.
Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olub.
Ulu öndərin gərgin əməyi nəticəsində Azərbaycan Onun hakimiyyətinin birinci erasında - 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi.
Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı.
Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikalar sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə qısa müddətdə sürətli iqtisadi artım sosial sahənin də inkişafına təkan vermiş, həyat səviyyəsində və tərzində kəskin dəyişikliklərə səbəb olmuşdur. Həmin illərdə qazanılmış bütün iqtisadi nailiyyətlər rəqəmlər şəklində ümumiləşdirildikdə görülmüş işlərin möhtəşəmliyi xüsusilə aşkar nəzərə çarpır. Bu illər ərzində respublikanın milli gəliri 2,5 dəfə, sənaye istehsalının həcmi 2,7 dəfə artmış və ya əvvəlki 30 ildə istehsal edilmiş məhsulun ümumi həcmindən iki dəfə çox olmuşdur. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi də 2,7 dəfə artmışdır. İqtisadiyyatın inkişafına əsaslı vəsait qoyuluşunun həcmi əvvəlki 50 il üçün müvafiq göstəricidən 1,4 dəfə çox olmuşdur. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Məhz bütün deyilənlərin nəticəsində yalnız Azərbaycan, həmçinin, keçmiş SSRİ respublikalarından Rusiya və Ukrayna İttifaq büdcəsindən dotasiya almırdı. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir.
Bu mənada, Ulu öndər bu fəaliyyəti ilə təkcə İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyəti illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.
Ulu öndər, ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçidlə islahatlar həyata keçirməsinin olduqca çətin və mürəkkəb olduğunu bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu, iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.
Ulu öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaradıb. Ulu öndər Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünütəsdiq vektorlarını yaratdı. Onun dövlətçilik təlimində güclü dövlət anlayışı - bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Müasir müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə, düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi.
Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.
Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun da sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi.
Ulu öndərin atdığı qətiyyətli addım respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verdi. “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsi və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbaycan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılmasından ibarət idi. Ulu öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi, ən əsası isə, Ulu öndərin qəti əzmkarlığı nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.
Bazar iqtisadiyyatının əsas tələblərindən biri də, ilk növbədə, torpaq islahatlarının həyata keçirilməsi ilə bağlıdır. Torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst istehsal fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. Buna görə də, Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradıldı və həyata keçirildi. Beləliklə, aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında imzalanan fərmanlar, sovxoz, kolxoz və başqa kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi barədə əsasnamə, sovxoz, kolxoz və başqa kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi barədə əsasnamə, vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəsi altında olan bağların onların mülkiyyətinə verilməsi haqqında normativ sənədlər, eləcə də, torpaqların alqı-satqı qaydaları, kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi qaydaları, kənd təsərrüfatı üçün yararsız və ya az yararlı torpaqların kənd təsərrüfatı məqsədləri ilə istifadəsində güzəştlər edilməsi haqqında əsasnamə, yay və qış otlaqlarının bölünməsi və istifadə qaydaları və digər hüquqi sənədlərin icrasına başlanması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.
1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankerinin dünya bazarlarına çıxarılması isə respublikamızın etibarlı maliyyə ehtiyatlarının formalaşmasının əsasını qoydu. Bununla da ölkəmizdə islahatların dinamikliyini daha da artırmaq, irimiqyaslı layihələr həyata keçirmək, əhalinin sosial yaşayışını yaxşılaşdırmaq üçün davamlı və etibarlı maliyyə rezervləri mənbəyi formalaşdı. Azərbaycan hökuməti mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsini, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini başlıca prioritetləri hesab etdiyini ilk gündən atdığı addımlarla sübut etdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan - Ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” məqaləsində qeyd edir ki, dövlətçilik və milli şüur, iqtisadiyyat və sosial quruluş, siyasi sistem və identiklik staqnasiya və reqressiya dövrünü yaşadığı o tarixi vaxtdan təxminən 20 il keçəndən sonra cəsarətlə demək olar ki, 1993-2003-cü illərdə Heydər Əliyevin Prezident olduğu on ilin əsas uzunmüddətli tərkib hissələri aşağıdakılar olmuşdur:
- ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması;
- cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması;
- 1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın əsas prioritetlərinin formalaşdırılması;
- müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması, ölkənin əsas regional energetik aktora transformasiyasının başlanması;
- “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi;
- həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması;
- müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.
O cümlədən, 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Məsələn, 1994-cü ildə minimum pensiya məbləği təxminən 1 manat təşkil etdiyi halda, bu rəqəm 2003-cü ildə 20 manatı ötdü. Orta aylıq əməkhaqqı isə təxminən 5 dəfə artdı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-ci ildə 500 milyon manat olduğu halda, 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manat, xərcləri isə 1,7 milyard manat təşkil etdi. Bu illər ərzində bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Beləliklə də, Ulu öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrilmişdir. Heydər Əliyevin Prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır.
Azərbaycanın iqtisadi-sosial və siyasi-hüquqi sisteminin qurulmasında olduğu kimi, demokratik inkişafa, xüsusilə də, söz və mətbuat azadlığına olan diqqət-qayğısı da özünü yüksək nəticələrdə göstərirdi. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində xüsusilə nümyiş etdirib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.
Ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu Fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızı ictimai fikrə təsir edən və “dördüncü hakimiyyət” funksiyasını həyata keçirən real gücə çevirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Belə ki, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul edildi. Bu, müasir Azərbaycan reallıqlarını dolğun əks etdirən, KİV-in istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəddir.
2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı” təsdiq olundu. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında” Fərmanı ilə bir daha ölkəmizdə KİV sahəsində dövlət siyasəti xalqın maariflənməsində, ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda KİV-in qüdrətli vasitəyə çevrilməsinə, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etməyə yönəldildi.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyev şəxsiyyəti, Onun xarizması, bəsirəti, iradəsi, təcrübəsi göstərilən dövrdə bizim üçün “millət”, “dövlətçilik”, “idarəçilik sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi sistem dəyərlərin təşəkkülündə və möhkəmlənməsində mühüm rol oynadı.
Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edib və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılıb.
Bəhruz Quliyev
Yeni Azərbaycan.-2015.- 2 may.- S. 4.