MÜASİR
ÇAĞIRIŞ KONTEKSTİNDƏ AZƏRBAYCANIN
İNKİŞAF MODELİ
Bütün dövrlərin əsas xarakteristikası dövrün tələblərinə ölkələrin öz inkişafı ilə cavab verə bilməsi məsələsi hesab edilir. Müasirlik tələblərinə bütün dövlətlərin, o cümlədən, iqtisadi cəhətdən inkişaf etmiş və demokratiya parametrləri ilə nümunəvi ölkələrin də uyğunluğu daima müzakirə edilən mövzulardandır. Müasirlik zənginləşən və bəşəriyyəti irəli aparan bir tendensiyadır və ona bağlılıq hər bir dövlətin daima maraq dairəsindədir. Bu baxımdan XXI əsr müasirlik etalonu kimi demokratiyanı, insan hüquqlarının qorunmasını, bazar münasibətlərini ehtiva edən iqtisadi inkişafı, tolerantlığı və ekologiyaya qayğını qəbul edir.
Bu parametrlər insan cəmiyyətinin minilliklərlə təkamülündən irəli gələn məsələlərdir və ümumən onların prioritetliyi bütün dünya tərəfindən qəbul edilir. Onların yaranmasına bütün dünya öz töhfəsini verib və bir sıra ölkələrdə tətbiqi müsbət nəticələrini verə bilib.
1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı da öz inkişafını məhz müasirlik çağırışları ilə bağlamağı qəti qərarlaşdırdı. Ancaq ilk illərdə hakimiyyətdə milli maraqlardan uzaq olan qrupların olması nəinki bu istəkləri reallaşdırdı, əksinə ölkədə vəziyyətin pisləşməsinə səbəb oldu, xalqın müasirlik arzularını zamanca xeyli uzaqlara atdı.
1991-1993-cü illərdəki zəif siyasi hakimiyyət yeni müstəqillik qazanmış Azərbaycanın problemlərini artırdı, onun perspektivini heçə endirdi. Bu siyasət Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına, islahatların gecikməsinə, iqtisadiyyatın geriləməsinə, beynəlxalq aləmdə nüfuzun düşməsinə gətirib çıxartdı. Nəticədə isə ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi qorxusu ilə üzləşdi. Bu gedişatla yeni müstəqil dövlət qarşısına qoyduğu heç bir məqsədə çata bilməyəcəkdi.
Ancaq 1993-cü ilin 15 iyununda Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti ilə güclü və demokratik Azərbaycan quruculuğunun əsasını qoydu.
Dünyada mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid təcrübəsi olmadığı halda Ümummilli lider bu tarixi missiyanı şərəflə həyata keçirə bildi. Bu keçid planı indinin özündə də dünyanın bir çox ölkələrində böyük maraq doğurmaqdadır.
Həmin təcrübənin özəlliyi ondadır ki, bu mürəkkəb fəaliyyət Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyi və əhalisinin 15 faizinin öz ölkəsində ağır şəraitdə yaşadığı bir şəraitdə həyata keçirilmişdi.
Ulu öndərin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 10 il ərzində ölkədə dövlətçiliyin ciddi bünövrəsi qoyuldu, respublika dünya birliyində öz layiqli yerini tutdu.
İlk növbədə, ölkədə siyasi stabillik yaradıldı və dövlət intizamı möhkəmləndirildi. Ciddi hüquqi islahatlara başlanıldı və nəticədə 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi. Həm özünün tarixi təcrübəsini, həm də dünyanın demokratik ölkələrinin dövlət quruculuğu təcrübəsini özündə birləşdirən əsas qanun sonradan inkişafa təkan verən əsas hüquqi sənəd oldu.
Bu proseslər sonradan ciddi tədqiqatlar mövzusuna
çevrildi.
Belə ki, keçid dövründə
yaşayan və ərazisinin bir hissəsi işğal
altında olan ölkədə ciddi islahatların keçirilməsi
böyük siyasi risk, qətiyyət və təcrübə
tələb edirdi. Həmçinin, ölkənin
bu islahatlar üçün müvafiq maliyyə bazası,
hazırlıqlı kadr potensialı yox idi. Beynəlxalq aləmdə də Azərbaycanın
oturuşmuş və nüfuzlu müttəfiqlər sistemi də
formalaşmışdı.
Ancaq bununla belə, Heydər Əliyev öz
potensialına və Azərbaycan cəmiyyətinin intellektual
potensialına inanaraq tarixi addımlar atmağa başladı. Zaman
keçdikcə Ulu öndərin həmin dövr fəaliyyətinin
düzgünlüyü dəfələrlə sübut olundu.
Düşünülmüş strategiya tək
başlanğıc dövrdə deyil, sonrakı mərhələlərdə
də tətbiq edilirdi və öz səmərəsini daima
göstərirdi. Ancaq ümumi xətt bir dəfə
götürülməyib, inkişaf prosesində korrektə
edilir, daha yaxşı varianta üstünlük verilirdi.
Bunun nəticəsidir ki, bir tərəfdən islahatlar
aparılır, yeniliklər tətbiq edilir, digər tərəfdən
isə, artıq müsbət nəticələr
özünü göstərməyə başlayırdı.
1993-1994-cü illərdə Heydər Əliyev tərəfindən
atılan addımlar özünü ictimai stabilliyin
yaradılmasında, hüququn aliliyinin təmin edilməsində,
iqtisadi böhranın dayanmasında, nizami ordunun
formalaşmasında göstərməyə başladı. Prezidentin Sədrliyi ilə Konstitusiya
komissiyası il yarım ərzində
dünya və milli təcrübəyə əsaslanan
demokratik konstitusiya layihəsini hazırlamağa nail oldu.
1995-ci ilin 12 noyabr tarixində yeni Konstitusiyanın
ümumxalq referendumunda qəbulu və eyni zamanda, parlament -
Milli Məclisə ilk seçkilərin keçirilməsi ilə
müstəqil Azərbaycanın yeni səhifəsinin
açılmasına nail olundu.
Yeni əsas qanun islahatlara, cəmiyyətin modernləşməsinə
ciddi hüquqi əsas yaratdı və ümumən Azərbaycan
dövlətçiliyinin prioritet istiqamətlərini
açıq şəkildə göstərdi.
2002-ci və
2009-cu illərdə Konstitusiyaya edilən düzəliş və
dəyişikliklər onun məzmunu və əsas prinsiplərini
dəyişmədən demokratik ruhunu daha da dərinləşdirməyə
imkan verdi. Ötən 20 ildə
əsas qanun dövrün tələblərinə cavab verərək,
müstəqilliyimizin möhkəmləndirilməsinə, beynəlxalq
aləmdə nüfuzumuzun yüksəldilməsinə xidmət
etdi.
Konstitusiyanın əsas qayəsi hüquqi, demokratik
dövlət quruculuğu, insan hüquq və
azadlıqlarının qorunması və azad sahibkarlıq
mühitinin təmin edilməsi idi. Bundan irəli gələrək
1998-ci ildə mətbuat üzərindən dövlət
senzurası ləğv edildi, həmin ildə Konstitusiya Məhkəməsi
yaradıldı. 1999-cu ildə yerli idarəetmə
orqanları olan bələdiyyələrə ilk seçkilər
keçirildi, 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul
edildi, 2002-ci ildə insan hüquqları üzrə müvəkkil
(ombudsman) institutu təsis edildi.
Heydər Əliyev dövlət quruculuğu fəlsəfəsinə
uyğun olaraq 2003-cü ilədək müstəqil və
müasir Azərbaycan dövlətçiliyinin bütün əsas
xarakteristikasını təmin etdi. Bu hüquqi, demokratik
dövlət, azad sahibkarlıq və beynəlxalq birliyə
harmonik inteqrasiya amilləri idi. XX əsrin
90-cı illərində Azərbaycanın problemlərinin
düzgün analizi, şok terapiyasını istisna edərək
iqtisadi islahatların keçirilməsi, zəruri dövlət
quruculuğu təcrübəsinin toplanması tədricən
Azərbaycanın güclənməsinə səbəb oldu.
Bu
uğurlar Ermənistanın Azərbaycan torpaqlarına
qarşı qəsbkarlığı olmasaydı daha geniş
və dərin ola bilərdi. 1988-ci ildə
hələ Sovet İttifaqı dövründə mərkəzi
hakimiyyətə arxalanaraq respublikamıza qarşı iddia ilə
çıxış edən Ermənistan, müstəqilliyimizin
ilk illərində Azərbaycanda mürəkkəb daxili vəziyyətdən
istifadə edərək torpaqların bir hissəsini
işğal etməyə nail oldu.
Ermənistanın Azərbaycana qarşı
aqressiyasının daha uzağa gedən planları var idi. Ancaq
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin
xalqın çağırışı ilə yenidən
hakimiyyətə qayıdışı bu perspektivləri
alt-üst etdi. Daxili stabilliyin yaradılması, dövlət
intizamının möhkəmləndirilməsi, davamlı
islahatlar və beynəlxalq inteqrasiya siyasəti Azərbaycanın
öz suverenliyini daha qətiyyətlə müdafiə etməyə
imkan verdi.
1994-cü
ildə elan edilən atəşkəs rejimi ordu quruculuğunu
daha səmərəli aparmağa və Dağlıq
Qarabağ məsələsində Azərbaycanın
mövqeyini daha da möhkəmləndirməyə imkan verdi.
Ulu öndər Heydər Əliyevin müstəqil
dövlət quruculuğu siyasətində ordunun təşəkkülü
məsələsi xüsusi yer tuturdu. Bu prosesə hələ
Sovet Azərbaycanında milli zabit korpusunun
formalaşdırılması ilə başlayan Ulu öndər
1993-cü ildən nizami ordu formalaşmasını müstəqil
dövlətin əsas vəzifələrindən biri kimi irəli
çəkirdi. Xüsusi maraqlara xidmət
edən hərbi dəstələr buraxıldı, Milli Ordu
NATO standartları əsasında qurulmağa başladı,
silahlı qüvvələrin texniki təchizatı gücləndirildi.
Bunun nəticəsidir ki, bu gün cəbhə xəttində
hərbi təşəbbüs birdəfəlik Azərbaycan tərəfindədir,
Ermənistanın hərbi təxribatlarının
qarşısı qətiyyətlə alınır. Azərbaycanın
hərbi büdcəsi Ermənistanın ümumi dövlət
büdcəsindən iki dəfə çoxdur, ordumuz ən
müasir silahlarla silahlanıb, Dağlıq Qarabağ
probleminin həllində Azərbaycan ordusunun gücü məsələsinin
əhəmiyyəti kifayət qədər
artmışdır.
Ən əsası isə Azərbaycan ordusunda mənəvi
ruh kifayət qədər yüksəkdir və Mübariz
İbrahimov, Fərid Əhmədov, İlkin Muradov buna bariz
nümunədir. Həmçinin, xaricdən bütün cəhdlərə
baxmayaraq Dağlıq Qarabağ məsələsini Azərbaycan
cəmiyyətində bir nömrəli ümummilli məsələdən
arxa plana keçirmək mümkün olmamışdır.
Azərbaycan xalqının dahi oğlu Heydər
Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik
etdiyi dövrdə Azərbaycan dövlətçiliyinin
möhkəm əsaslarını qurmaq mümkün oldu. Dünya
politologiya elminə böyük töhfə olan Azərbaycan
nümunəsi yaradıldı, sosialist totalitar siyasi-iqtisadi
sistemdən minimum ağrısız şəkildə demokratik
prinsiplərə əsaslanan, bazar münasibətləri ilə
iqtisadiyyatı inkişaf edən bir cəmiyyətə
keçmək mümkün oldu.
Heydər Əliyevin tarix qarşısında üç
böyük xidməti vardır və bugünkü Azərbaycan
reallığı məhz onlara əsaslanır. Heydər
Əliyev dövrünün əsas problemlərini uğurla həll
etdi, Azərbaycanın gələcəyə gedən strateji
inkişaf yolunu müəyyənləşdirdi və Azərbaycanı
bu yolla inamla apara biləcək gənc, dinamik və müasir
düşüncəli komanda yetişdirdi.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın inkişafı məhz Heydər
Əliyev fəlsəfəsinə və fəaliyyət
texnologiyasına sıx bağlılıq nəticəsində
uğurla həyata keçirilir. Ölkənin yeni Prezidentinin
Özünün zəngin həyat yolu və yüksək
şəxsi keyfiyyətləri, qarşıda duran vəzifələri
inamla həyata keçirməyə imkan verdi.
Qarşıda duran əsas vəzifələr isə
Azərbaycanda keçid dövrünü başa vurmaq,
islahatları davam etdirmək, demokratiyanı dərinləşdirmək
və modernləşməni əsas aparıcı xəttə
çevirməkdən ibarət idi. Ötən 12 il bu vəzifələrin uğurla həyata
keçirildiyini, Azərbaycanın uğurlarının
dünya tərəfindən yüksək qiymətləndirildiyini
və inkişaf resurslarının tükənmədiyini bir
daha sübut etdi.
Prezident İlham Əliyevin islahatçılıq,
dinamizm və müasirlik ruhu bütün sahələrdə
yeni uğurların əldə edilməsinə gətirib
çıxartdı. Məhz bu səbəbdəndir cənab
İlham Əliyev artıq üçüncü dəfədir
ki, rəqabətli və demokratik seçkilərdə
çox yüksək faizlə dövlət
başçısı seçilir. Onun
reytinqi və şəxsi nüfuzu bu gün də ölkədə
çox yüksəkdir və bu status xarici sosioloji sorğu mərkəzləri
tərəfindən anonim sorğularda da bir daha təsdiq
edilir.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi
inkişafını özünün fəaliyyətində əsas
məqsədlərdən birinə çevirdi. Hər prezident seçkilərindən
sonra növbəti beş il müddətinə
regionların inkişafına dair Dövlət proqramları təsdiq
edildi və zaman-zaman proqramların zənginləşdirilməsinə
doğru dəyişikliklər edilir və əlavə maliyyə
vəsaitləri ayrılır.
Dövlət başçısı proqramların
icrasına nəzarəti birbaşa özü həyata
keçirir. Onun vaxtaşırı regionlara səfərləri,
gedən işlərin yerində yoxlanması qarşıya
qoyulan vəzifələri yerinə yetirməyə imkan verir.
Bunun nəticəsidir ki, artıq əyalətlərdə
yüzlərlə yeni, müasir sənaye və xidmət
obyektləri açılıb, məktəblər, səhiyyə
mərkəzləri, mədəniyyət ocaqları təmir
edilib və maddi-texniki bazaları möhkəmləndirilib.
Dövlət xətti ilə magistral və ikinci
dərəcəli yol infrastrukturunun yenilənməsi
inkişafa çox böyük təkan verib.
Paytaxtdan regionlara kapital axını güclənib,
banklar bütün ölkə coğrafiyası üzrə
filial şəbəkələrini yaratmaqda maraqlı olublar,
orta və xırda sahibkarlar təbəqəsi
formalaşmağa başlayıb. Ötən 12 il ərzində
statistikaya görə 1 milyon 200 min yeni iş yeri
yaradıldı və bu proses davam edir.
Aparılan siyasət Azərbaycan regionlarının
simasını kökündən dəyişib, hər bir
rayon öz spesifikasına uyğun inkişaf modelini
formalaşdırıb. Bunun nəticəsidir ki, regionlardan paytaxta
və ölkədən kənara işçi qüvvəsi
axını dayanıb, əksinə əyalətdə işləmək
prestijə çevrilib.
Prezident İlham Əliyevin siyasətində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, infrastrukturların yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, səhiyyənin və mədəniyyətin inkişafına diqqətin artırılması böyük yer tutur. Ümumən modernləşmə adlanan bu yanaşma xarici siyasətdə də özünü bariz sürətdə göstərir. Xarici ölkələrdə Azərbaycan səfirliklərinin sayı artırıldı, xaricdə diplomatik nümayəndəliklərlə yanaşı Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılmasına başlandı. Aparılan siyasət ölkəmizin beynəlxalq birlikdə nüfuzunun artmasına, Azərbaycanın müasir demokratik, inkişaf etmiş bir ölkə kimi qəbul edilməsinə səbəb olub.
Bu gün Azərbaycan özünün inkişaf dinamikasına, problemlərin həllinə müasir düşüncə yanaşmasına görə dünyada nümunə ölkələrdən biri kimi qəbul edilir. 2012-2014-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision” mahnı yarışmasının qalibi olması, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsi onun beynəlxalq nüfuzunun göstəricilərindən biri sayıla bilər. Artıq Bakının bir çox beynəlxalq tədbirlərin müntəzəm keçirildiyi az sayda paytaxtlardan birinə çevrilməsi də uğurlu siyasətin məntiqi nəticəsi hesab edilə bilər.
Aydın Mirzəzadə
Milli Məclisin
deputatı,
YAP Siyasi
Şurasının üzvü
Yeni
Azərbaycan.-2015.- 6 may.- S. 9.