Müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu ilə inkişaf edir

 

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov www.yap.org.az saytına müsahibə verib:

 

- Fəttah müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tamam olur. Müstəqil Azərbaycan dövlətinin qurucusu - banisi olan Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik...

- Bu gün öz inkişaf dövrünü yaşayan, dünyada nümunəvi dövlət kimi tanınan Azərbaycan hazırkı mərhələyə asan yolla çatmayıb. Zaman ötdükcə - Azərbaycanda cərəyan edən inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndikcə ölkəmizin müstəqilliyinin, Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Bu dövrə - ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edirbu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları - Heydər Əliyev yolu əsasında inkişaf edir.

Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

- Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün mərhələləri göstərir ki, müasir müstəqil Azərbaycanın inkişafı məhz Onun yorulmaz, çoxşaxəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində gördüyü işlər haqqında nə deyə bilərsiniz?

- Bəli, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyətini daha yaxşı anlamaq üçün Onun fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. İlk növbədə, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.

Məlumdur ki, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək müxtəlif iqtisadi problemlərlə qarşı-qarşıya idi, sənaye, kənd təsərrüfatı və digər sahələrdə tənəzzül müşahidə edilirdi. Azərbaycan İttifaq miqyasında ayrı-ayrı sahələrin inkişaf dinamikasına görə sonuncu yerlərdə qərarlaşmışdı. Bu, kifayət qədər potensiala sahib olan Azərbaycan üçün olduqca mənfi göstərici idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı.

Sənaye sahəsinin inkişaf etdirilməsi aqrar sektorun da tərəqqisinə təkan verdi. Aqrar sahədə görülən işlər bu sektorda sürətli və sıçrayışlı inkişafın əsası oldu. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü və səyləri ilə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar kənd təsərrüfatının inkişafına böyük töhfə verdi. Bunun ardınca 9 iyul 1975-ci il tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərar da bu sahənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi. Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildiistehsal olunan məhsulların orta illik həcmi mütəmadi olaraq atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.

Həyata keçirilən islahatlar sayəsində təhsil və səhiyyə sektorlarında, neft sənayesində inkişaf tempi əldə edildi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf baş verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə edirdi. Bütövlükdə, Bakı şəhərinin milliləşməsi, paytaxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və s. kimi məsələlər Heydər Əliyev hakimiyyətinin əsas xüsusiyyətləri idi. Bunlarla yanaşı, milli mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər verildi, təqaüdlər ayrıldı.

Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronejs. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bundan başqa, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da kadr potensialının formalaşdırılması - peşəkar hərbçilərin yetişdirilməsi baxımından müstəsna hal kimi qiymətləndirilməlidir.

Bütövlükdə, ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalamaq olar. Məhz bütün bu proseslər mənim yaxşı xatirimdədir, onların bilavasitə şahidi olmuşam. O zaman Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışam, daha sonra 1970-ci ildə Ordubad rayonunun ikinci katibi olaraq fəaliyyət göstərmişəm. 6 il həmin vəzifədə işləyərkən Ulu öndərin ideoloji sahədə gördüyü böyük işlərin şahidi oldum. 1978-ci ildə Ordubad rayon partiya komitəsinin I katibi, sonra Culfanın I katibi işləyərkən Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərin iştirakçısı olmuşam. Dəfələrlə Onun qəbulunda olmuşam və hər dəfə rayonda olan vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinləməklə yanaşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bu layihələr nəticəsində həmin rayonlarda kompleks inkişaf əldə olunurdu. Azərbaycanda həmin illər ərzində çox böyük işlər görüldü. Ölkəmiz, demək olar ki, İttifaq respublikaları arasında axırıncı yerlərdən ön sıralara yüksəldi. Heydər Əliyev millətinə bağlı şəxsiyyət idi. Ümummilli liderimizin xalqına olan məhəbbəti insanların rifahının yüksəlməsi, Onun dünyanın digər inkişaf etmiş xalqları səviyyəsinə qaldırılması üçün gördüyü işlərdə öz təzahürünü tapırdı. Bu səbəbdən, Azərbaycan həmin qısa dövrdə öz müstəqilliyini təmin edəcək uzun bir yol keçdi.

Onu da qeyd edim ki, həmin dövrdə milli-siyasi müstəvidə görülən işlər də inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. 1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Dövlət dili kimi Azərbaycan dilindən istifadənin miqyası genişləndi, bu, dilimizin qorunması və inkişafına böyük təhfələr verdi.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən tədbirlər sayəsində respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bütün bunlar müasir müstəqil Azərbaycanın inkişafının əsası - fundamenti oldu.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiSSRİ-nin rəhbərlərindən biri oldu. İttifaq səviyyəsində 9 nazirlik və komitənin məsuliyyətini - rəhbərliyini daşıyan Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Kənd təsərrüfatı, tibb, sənaye, mədəniyyət sahələrində genişmiqyaslı işlər görüldü, Azərbaycanın inkişafına xidmət edən mühüm addımlar atıldı.

- Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi 1990-cı illərin gərgin şəraitinə, o cümlədən, Ulu öndər Heydər Əliyevin həmin dövrdəki yorulmaz fəaliyyətinə, xilaskarlıq missiyasına nəzər salmağınızı istərdik...

- Danılmaz həqiqətdir ki, müasir müstəqil Azərbaycanın dinamik inkişafının əsasının qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər həm də Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində - SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda siyasi, iqtisadi vəziyyət olduqca gərgin idi. Heydər Əliyevin ölkəmizə rəhbərlik etmədiyi dövr çox gərgin və tənəzzül içində keçdi. SSRİ-nin dağılması ərəfəsində Azərbaycana çox ağır zərbələr vuruldu. 15 İttifaq dövləti sıralarında yeganə ölkə Azərbaycan oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ötən illər ərzində yaradılmış iqtisadi infrastruktur dağıdıldı, ölkə siyasiiqtisadi baxımdan mürəkkəb vəziyyətlə üzləşdi, bütün sahələr tənəzzülə məruz qaldı.

Azərbaycanın müstəqillik ərəfəsində və müstəqilliyinin ilk illərində yaşadığı faciələrin, çətinliklərin qarşısının alına bilməməsinin əsas səbəbi ölkədə xalqın etimad bəslədiyi, insanları arxasınca apara bilən, Öz torpağına, xalqına sonsuz məhəbbəti, sədaqəti olan bir insanın, yəni Heydər Əliyevin rəhbərlikdə olmaması idi. Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı.

Nə yaxşı ki, həmin dövrdə xalqımızı düşdüyü bu çətinliklər və faciələrdən xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev var idi. Ümummilli lider o zaman ilk növbədə Naxçıvan Muxtar Respublikasını xilas etdi. Həmin dövr yaxşı xatirimdədir və əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev olmasa idi, bu gün Azərbaycanın Qarabağ problemi ilə yanaşı, Naxçıvan dərdi də var idi. O zaman Naxçıvanda Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildimuxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Əminliklə söyləyə bilərəm ki, Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə Naxçıvanı işğaldan, fəlakətlərdən, təlatümlərdən xilas etdi.

Bundan sonra Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Bundan sonra 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycana qayıtmasından sonra fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Azərbaycana, ölkə iqtisadiyyatına, mənəvi mühitinə dərindən bələd olan Ulu öndər Öz düşüncəsini, fəaliyyətini müstəqil dövlət quruculuğuna sərf etdiyeni bir yolun - Heydər Əliyev yolunun əsasını qoydu.

Onu da qeyd edim ki, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biriümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Ötən zaman ərzində zəngin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına müstəsna töhfələr verdi, hər bir Azərbaycan vətəndaşının üz tutduğu ümummilli partiya kimi çıxış etdi. Bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Ulu öndərin ideyaları əsasında fəaliyyətini davam etdirir.

Beləliklə, Ümummilli lider Heydər Əliyev ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt bir Azərbaycan qurdu. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.

- Bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı inkişafı və perspektivini necə dəyərləndirirsiniz?

- Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur, amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır.

Çox sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Ulu öndər Öz övladını bu böyük vəzifənin icrasına layiq gördü. Bəli, bu, çox ağır bir vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil, bütövlükdə, həyat məktəbinin yetirməsidir. Nə yaxşı ki, Ulu öndərimizin Azərbaycan üçün gördüyü işlər Onun varisi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır. Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulduğubunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yarandığı, dünyanın müxtəlif nöqtələrində siyasiiqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü-gündən yaxşılaşması çox fərəhləndiricidir. Eyni zamanda, iqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firavan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir.

 

Yeni  Azərbaycan.-2015.- 9 may.- S. 3.