Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu:
Müştərək təhlükəsizlik üçün
mədəniyyətləri paylaşaq
Çağdaş dünyamızda mədəniyyətlərarası dialoq, tolerantlıq, sivilizasiyaların inteqrasiyası prioritetlərdən biri kimi diqqət mərkəzindədir. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan vətənimiz Azərbaycan uzun əsrlərdir ki, məhz bu dəyərlərin qorunduğu və inkişaf etdirildiyi mərkəz funksiyasını yerinə yetirir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu proses daha sürətlə və sistemli şəkildə davam etdirilməyə başlayıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.
Mayın 18-19-da yenidən dünyanın diqqətini paytaxtımıza cəlb edəcək “Bakı prosesi” və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə sualları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cavablandırır. Nazir qlobal əhəmiyyətli layihə və onun məqsədləri barədə fikirlərini bölüşərək deyir:
- Bildiyiniz kimi, Azərbaycan dövləti və şəxsən ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar.
“Bakı prosesi” çərçivəsində ilk dəfə 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsinin iştirak etdiyi yeni bir formatın əsası qoyuldu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq qurumun və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən bu konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub.
“Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-dən 15-dək islam ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilmiş VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan artıq Avropa dövləti də dəvət olundu. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirdi. Konfransın ilk günü tədbirdə iştirak edən Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirildi və birgə kommunike qəbul edildi.
- Bu Forum, eləcə də qlobal mövzuların müzakirə olunduğu görüşlər nə kimi nəticələr verdi?
- Ümumilikdə bu tədbir sanki bir çox yeni layihələrin sistemini yaratdı. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi. Nəticədə ölkə başçısının himayəsi ilə 2011-ci il aprelin 7-dən 9-dək Bakıda Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar Forumun əsas tərəfdaşları kimi çıxış etdilər. Forum belə formatda ilk daimi tədbirdir ki, onun tərəfdaşları eyni zamanda dövlət və beynəlxalq təşkilatlardır. Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə beş qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində “Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs”, “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”, “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq”, “Mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları” mövzularında sessiyalar, AMEA-nın təşkilatçılığı ilə “Müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans, Avropa Şurasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası şəhərlər” layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin iştirakı ilə seminar, habelə Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi, MDB ölkələrində mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil, kommunikasiya” mövzusunda seminar keçirilib.
- Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılan Mədəniyyətlərarası Əməkdaşlıq Platformasının fəaliyyət mexanizmi necə müəyyənləşdi?
- Forum çərçivəsində Azərbaycan tərəfindən “5 A -Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın təsis edilməsi təşəbbüsü irəli sürüldü. Avropa, Asiya, Amerika, Afrika və Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başladığını nəzərə alaraq simvolik olaraq yeni platformanın adı “5 A” kimi göstərilir. Bu tədbirlərin dünyanın aparıcı informasiya vasitələrində işıqlandırılmasına da diqqət yetirildi. Çünki görülən iş, müəyyən olunan hədəflər beynəlxalq miqyasda təbliğ olunmalı idi. Ona görə də Forumun işıqlandırılması xüsusi diqqət mərkəzində saxlanıldı. Tədbirin media tərəfdaşı olan “Euronews” televiziya kanalı tərəfindən Mədəniyyətlərarası Dialoq Forumu haqqında süjet bir həftə ərzində 10 dildə 20 dəfə nümayiş etdirildi.
- Mədəniyyət və Turizm Nazirliyinin iki ildə bir dəfə keçirilən beynəlxalq tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı Prezident tərəfindən Fərman imzaladı. Bundan sonra nazirlik hansı addımlar atdı?
- Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə imzalanan müvafiq fərmana uyğun olaraq ölkə başçısının himayəsi və iştirakı ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ilin mayın 29-dan iyunun 1-dək Bakıda ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar birlikdə çıxış etdilər.
Forumun açılış mərasimindən əvvəl, mayın 29-da BMT Baş Assambleyası tərəfindən 2001-ci ildə elan edilmiş 21 may - Ümumdünya Mədəni Müxtəliflik Günü şərəfinə Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı ölkəmizdə ilk dəfə “Mədəni çeşidlilik üçün nəsə et” qlobal kampaniyasının yekun tədbirini keçirdi. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, bir sıra ölkələrin mədəniyyət və turizm nazirləri, ekspertlər iştirak etdi. Tədbir çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” çərçivəsində mədəni çeşidliliyi təbliğ edən hər qitədən bir layihənin təqdimatı keçirildi.
Mayın 30-da Heydər Əliyev Mərkəzində Forumun rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər və tövsiyələr bu tədbirin ümumi müzakirəsinin istiqamətlərini bir daha aktuallaşdırdı. Mərasimdə 115-dən çox ölkənin nümayəndəsi, 13 beynəlxalq qurumun rəhbər şəxsləri (UNESCO, BMT Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, İSESCO, İRSİKA, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, NATO, TÜRKSOY, TDƏŞ, Ərəb Liqası, ASEAN, Amerika Dövlətləri Təşkilatı), 70-dən çox nüfuzlu QHT, beyin mərkəzlərinin nümayəndələri, 100-dən çox məşhur alim və professorlar, ekspertlər - ümumilikdə 600 nəfərə yaxın xarici nümayəndə iştirak edirdi. Tədbir çərçivəsində “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibridləşmə” plenar sessiyaları, “Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?”, “Qərb-müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa”, “Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi”, “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”, “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”, “Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru”, “Mədəniyyətlərarası dialoq: etiqad və elm”, “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” mövzularında sessiyalar keçirilib.
- İkinci Forum çərçivəsində və dünyada ilk dəfə mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərin birinci konfransı keçirildi. Bu toplantı digərlərindən əsasən nə ilə fərqləndi?
- Konfransın yekununda kommunike qəbul edildi. Forum çərçivəsində Avropa, Amerika və islam dünyasında ictimai və siyasi sahədə fəal olan BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə BMT-nin İnkişaf Edən Liderlər Proqramı üzvlərinin birinci Məzunlar sammiti təşkil edildi. Həmçinin Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə elan edilən beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Müsabiqənin qalibləri olan Fələstin, Livan, Misir və Tacikistan nümayəndələrinə diplomlar təqdim edildi.
Yəni Bakı Forumu digər ölkələrdə keçirilən tədbirlərdən fərqli olaraq həm bəşəriyyəti narahat edən mövzuların müzakirəsi üçün qlobal platforma rolunu oynayır, həm də çeşidli mədəni aksiyalarla mədəniyyətlərin yaxınlaşması üçün praktik fəaliyyət və layihələri özündə birləşdirir.
Forumun digər əsas fərqləndirici cəhətlərindən biri də odur ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi beynəlxalq qurumların Forumun tərəfdaşları olması ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqa dəstək siyasətini beynəlxalq gündəlikdə saxlamaqla foruma unikal platforma mahiyyəti verir və adıçəkilən beynəlxalq qurumları öz ətrafında birləşdirən yeganə tədbir kimi beynəlxalq səhnədə əhəmiyyətli rol oynamasını təmin edir.
- Forum və “Bakı prosesi” artıq beynəlxalq siyasi-mədəni terminologiyada öz yerini tutub və Azərbaycan dövləti bu təşəbbüsün daşıyıcısı kimi gələcək üçün ciddi layihə və təkliflər üzərində işləyir. Növbəti Forumda hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə mayın 18-19-da Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Forumun kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” - mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin ikinci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək. Mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqramın hazırlanması da əvvəlki tədbirlərdə olduğu kimi, bu Forumda da yenilik axtarışında olmağımızı bir daha nümayiş etdirəcək.
- Forumun tərəfdaş beynəlxalq qurumları Azərbaycan tərəfi ilə birgə dəvət məktublarına imza atıblar. Bu, hansı ehtiyacdan yarandı?
- Tərəfdaş beynəlxalq qurumların birgə imzası Forumun qlobal miqyasını göstərməklə yanaşı, gündəmə gətirdiyi problemlərin aktuallığını da ifadə etmiş olur. Çünki üçüncü Forumun “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi üç mühüm komponenti - birgəlik, təhlükəsizlik və mədəniyyəti əsas götürür. Diqqət etsək görərik ki, bu üç məfhum olmadan istənilən dialoqun reallaşması mümkün deyil.
- Tədbirin dünya miqyasında təbliği üçün daha hansı addımlar atılır?
- Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən ölkələrin paytaxtlarında və beynəlxalq qurumların baş qərargahlarında təqdimat mərasimləri təşkil edilib. 2013-cü il dekabrın 18-də paytaxtımızda “Bakı prosesi”nin 5 illik yubiley mərasimi keçirilib. Tədbirdə Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi təqdimatla çıxış edib. Mərasimdə Azərbaycan ictimaiyyətinin nüfuzlu şəxsləri, dövlət rəsmiləri, ziyalılar iştirak ediblər.
2014-cü il martın 13-də Londonda “Mədəniyyətlərarası dialoq üçün “Bakı prosesi”nin 5 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin bu ölkənin nüfuzlu siyasətçiləri, parlament üzvləri və elm xadimləri bir araya gəliblər.
Bundan başqa, 2015-ci ilin yanvarında Nyu-York şəhərində “Bakı prosesi” və üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçirilib. Yanvarın 28-də Nyu-Yorkun tarixi və mötəbər binalarından olan “Seynt Recis” mehmanxanasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi təşkil olundu. Tədbirdə nüfuzlu din, siyasət və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak etdilər. Yanvarın 30-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında “Bakı prosesi” və üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı oldu. Tədbirə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, səfirlər, katibliyin əməkdaşları və təşkilatın ixtisaslaşmış qurumlarının yüksək səviyyəli nümayəndələri toplaşmışdılar.
- Foruma həsr edilən tədbirlər hansı vacib nəticələrə hesablanır?
- İlk olaraq Azərbaycan dövlətinin, bilavasitə Prezident İlham Əliyevin “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü BMT çərçivəsində həm ikitərəfli görüşlərdə, həm də təqdimat mərasimi ilə qeyd edilməklə ölkəmizin qlobal layihəsinin beynəlxalq statusunu bir daha rəsmiləşdirdi. İkinci tərəfdən, Azərbaycan dövləti öz timsalında bir daha dünyaya və beynəlxalq qurumlara göstərdi ki, qlobal mədəniyyətlərarası dialoq və anlaşmaya yönələn təşəbbüslərin bu ənənələrin tarixən mövcud olduğu məkanlarda həyata keçirilməsi daha məqsədəuyğundur. Təbii ki, bu tədbirlər Azərbaycanda ali hakimiyyətin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq vasitəsilə dünyada qarşılıqlı anlaşma, sülh və təhlükəsizliyə göstərdiyi dəstəyini bir daha nümayiş etdirdi.
Yeni Azərbaycan.-2015.- 13 may.- S. 13.