Azərbaycan-Belarus əlaqələri
dinamizmin, konkretliyin və
qətiliyin çox yüksək səviyyəsi
ilə seçilir
Belarus Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə bir sıra görüşlər keçirib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazirin müavini Vladimir Semaşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfərindən ötən qısa dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Vladimir Semaşko Azərbaycanın dünyada ilk dəfə keçiriləcək Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki ilə başa çatdırıldığını qeyd edərək, bu Oyunların keçirilməsi üçün ən müasir idman obyektlərinin və infrastrukturun yaradıldığını bildirib. Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qeyd edək ki, mayın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak etmək üçün ölkəmizə gəlmiş Belarus Respublikası Baş nazirinin müavini, iqtisadi-ticarət əməkdaşlığı üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun rəhbərliyi ilə nümayəndə heyəti ilə görüşüb. Vladimir Semaşko Bakıda keçirilən beynəlxalq sərgidə Belarusun 60-dan çox şirkətinin ət-süd sənayesi, şirniyyat, çörək, qənnadı və s. məhsulları nümayiş etdirdiyi, elmi-tədqiqat institutlarının yeni texnoloji avadanlıqlarının ekspozisiyada yer aldığı barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. Azərbaycan hökuməti tərəfindən sərginin yüksək səviyyədə hazırlandığını və keçirildiyini xüsusi vurğulayan Vladimir Semaşko qarşıdan gələn mühüm tarixi hadisə - ilk Avropa Oyunlarının təşkilində də Azərbaycanın böyük uğurlara imza atacağına əminliyini bildirib. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan Baş nazir Artur Rasizadə dünyanın müxtəlif ölkələrindən bir çox şirkətlərin qatıldığı “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində ən müasir texniki avadanlıqların, yeni məhsul və xidmətlərin təqdim edildiyini diqqətə çatdırıb. Daha sonra böyük sənaye potensialına malik Belarus Respublikası ilə qarşılıqlı-faydalı əməkdaşlığı bütün sahələr üzrə davam etdirməyin zəruriliyinə toxunan Baş nazir hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələri genişləndirməyin, müntəzəm təcrübə mübadiləsi aparmağın vacibliyini qeyd edib və bu istiqamətdə müvafiq tapşırıqlarını verib. Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən, mayın 13-də Belarus Milli Olimpiya Komitəsində (MOK) Bakıda birinci Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbir çərçivəsində Belarus idmançılarının nümayəndə heyətinin təqdimatı olub. Mətbuat konfransı Azərbaycanın Minskdəki səfirliyinin təşəbbüsü ilə keçirilib. Belarus MOK, habelə İdman və Turizm Nazirliyi bu ideyanı dəstəkləyiblər.
Tədbirdə birinci Avropa Oyunlarında təmsil olunacaq idman növləri üzrə komandaların idmançıları və məşqçiləri, habelə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov iştirak edib.
Mətbuat konfransında, həmçinin, Azərbaycan səfirliyinin, Belarus MOK-un, habelə İdman və Turizm Nazirliyinin, Minskdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və jurnalistlər iştirak ediblər. Birinci Avropa Oyunlarının təşkilinə görə Azərbaycana səmimi təşəkkür edən Belarus MOK-un birinci vitse-prezidenti Maksim Rıjenkov ümidvar olduğunu bildirib ki, belaruslu idmançılar layiqincə çıxış edəcək. O deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Avropada bu miqyasda forumun keçirilməsi ideyasını dəstəkləyənlərdən biri olub. M.Rıjenkov deyib ki, Oyunların məhz Bakıda keçirilməsi onu çox sevindirir, çünki Belarus ilə Azərbaycan arasında davamlı və möhkəm münasibətlər mövcuddur. O, Azərbaycanda idman obyektlərinin hazırlıq dərəcəsinin və qonaqpərvərlik səviyyəsinin böyük təəssürat doğurduğunu vurğulayıb.
Belarus idman və turizm nazirinin birinci müavini Aleksandr Qaqiyev qeyd edib ki, Belarus milli yığması birinci Avropa Oyunlarına ciddi hazırlaşır. O deyib ki, Bakıya 152 idmançı gedəcək, onlar 23 idman növü üzrə yarışacaqlar. İdmançılar arasında Olimpiya çempionları, Dünya və Avropa çempionatlarının qalibləri ilə yanaşı, gənc idmançılar da var.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə görüşün təşkilinə və birinci Avropa Oyunlarına hazırlıq işlərində Azərbaycanı dəstəklədiklərinə görə Belarus MOK-un baş katibi Anatoli Kotova və Maksim Rıjenkova təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan keçmişin ənənələrini və Belarus ilə möhkəm tarixi təmələ söykənən ikitərəfli qardaşlıq münasibətlərini qiymətləndirir. Səfir vurğulayıb ki, Azərbaycan tolerantlıq və multikulturalizm örnəyidir, iki qitənin kəsişməsində yerləşən, uzun əsrlər boyu Avropa ilə Asiyanın arasında körpü rolu oynayan zəngin tarixə malik ölkədir. Diplomatik nümayəndəliyimizin başçısı bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir, dövlətin idmana dəstəyinin, atletlərin uğurlarının, idman infrastrukturunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafının təsdiqidir. Səfir bəyan edib ki, Bakı 2 il yarım sürən hazırlıq işlərindən sonra bu Oyunları qəbul etməyə və yüksək səviyyədə keçirməklə, ilk Avropa Oyunlarının gələcək standartını müəyyən etməyə artıq hazırdır. Azərbaycan səfiri Belarus nümayəndə heyətinə xatirə suveniri təqdim edib. Hədiyyəni nümayəndə heyəti adından Olimpiya çempionu Aleksandr Boqdanoviç qəbul edib. Sonra idman növləri üzrə komandaların təqdimatı olub.
Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün dövrlərdə qarşılıqlı əməkdaşlıq mövcud olub. Hər iki ölkə arasında siyasi-iqtisadi, humanitar və digər sahələrdə səmimi dostluq münasibətləri əsaslı təməllər üzərində qurulub. Ötən illər ərzində Azərbaycanla Belarus arasında əməkdaşlıq MDB çərçivəsindən kənara çıxaraq, ikitərəfli əlaqələrin dərinləşməsinə möhkəm baza yaradıb. Bunun nəticəsidir ki, ölkələr arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artmaqdadır. Xatırladaq ki, Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 1993-cü il iyunun 11-də Afinada imzalanıb. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılıb.
Ölkələrarası əməkdaşlığın inkişafı dövlət başçılarının və dövlət rəsmilərinin qarşılıqlı səfərləri ilə daha da möhkəmlənib. Belə ki, 2000-ci il 1 dekabr tarixində Ümummilli lider Heydər Əliyev Minskdə keçirilmiş MDB ölkələrinin Sammitində iştirak etmək məqsədilə Belarusda olub. Ulu öndər, həmçinin, 2001-ci il 31 may-1 iyun tarixlərində Minskdə keçirilən MDB iştirakçı dövlətlərinin başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib. Ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Belarusa ilk rəsmi səfəri 2006-cı il 17-18 oktyabr tarixlərində baş tutub. Dövlət başçısı eyni zamanda, 2006-cı il 28 noyabr tarixində Minsk şəhərində keçirilmiş MDB-nin iştirakçı dövlətlərin Dövlət başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub. 2007-ci il 1-3 may tarixlərində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 2009-cu il 11-13 noyabr tarixlərində isə Prezident İlham Əliyevin həmin ölkəyə rəsmi səfəri baş tutub.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il avqustun 28-29-da Belarusa rəsmi səfəri ikitərəfli münasibətlər baxımından xüsusilə yaddaqalan olub. Səfər çərçivəsində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşən Prezident İlham Əliyev Azərbaycan-Belarus əməkdaşlığını belə xarakterizə edib: “Münasibətlərimiz dinamizmin, konkretliyin və qətiliyin çox yüksək səviyyəsi ilə seçilir. Ən başlıcası isə odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi özünün ən ali mərhələsinə çatdırılıb”.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da bir neçə dəfə ölkəmizə rəsmi səfər edib. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. 2008-ci il iyulun 18-19-da isə Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Belarusun Milli Məclisinin Nümayəndələr Palatasının sədri V.Popov ölkəmizə səfər edib. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında indiyədək xeyli sənəd imzalanıb. Beləliklə, Belarusla Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Son illərdə keçirilən biznes forumları bu əlaqələrin inkişafına impuls verməkdədir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.- 26 may.- S. 8.