Ölkəmizin bölgələrinin
sosial-iqtisadi inkişafı istiqamətində
həyata keçirilən siyasət mühüm
nəticələr verməkdədir
Dövlət proqramlarının icrası nəticəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlir
Ölkəmizin bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən siyasət mühüm nəticələr verməkdədir. Bu siyasət nəticəsində Azərbaycanın regionlarının siması əhəmiyyətli dərəcədə dəyişib. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bu, eyni zamanda, bölgələrdə milli iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb.
2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Ölkə başçısı bölgələrə davamlı şəkildə səfərlər etməklə sözügedən Dövlət proqramları çərçivəsində görülən işlərlə yerində tanış olub. Daha dəqiq desək, ölkə başçısı ötən dövrdə yüzlərlə müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub. Prezident həmçinin yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq regionlara vəsaitlərin ayrılması barədə sərəncamlar imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqətin ən yüksək təcəssümüdür.
Beləliklə, Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu dövrdə (2004-2014-cü illər ərzində) ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Minimum əməkhaqqının məbləği bəhs edilən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddəüçü respublikamızın payına düşür.
Sözügedən Dövlət proqramları ölkə iqtisadiyyatının çoxşaxəli inkişafının təmin olunmasında güclü təkanverici faktora çevrilən bölgələrə investisiya qoyuluşunun artmasında da mühüm rol oynayıb. Belə ki, yaradılan əlverişli sərmayə iqlimi və həyata keçirilən səmərəli investisiya siyasəti nəticəsində daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artıb. Son 12 ildə regionlara bütün mənbələr hesabına 55 milyard manatdan artıq vəsait yönəldilib. Bütün bu tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılıb, 55,6 min yeni müəssisə yaradılıb. İş yerlərinin 80 faizə yaxını regionların payına düşür. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, 2014-cü ildə əldə olunmuş inkişaf göstəriciləri 2015-ci il üçün əlverişli zəmin deməkdir və cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləmək olar: “Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.
Məlum olduğu kimi, Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdən ibarətdir. XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Növbəti beşillikdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ana xətti olaraq məhz regionlardakı qeyri-neft ehtiyatlarının səfərbər olunaraq istehsal imkanlarının artırılması strateji hədəf seçilib. 2014-2018-ci illərdə sahibkarlığın inkişafı sahəsində əsas hədəflər bu sahənin milli iqtisadiyyatda payının daha da yüksəldilməsindən ibarətdir. Bu məqsədlə, regional sahibkarlığın maliyyə təminatının təkmilləşdirilməsi, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi üzrə zəruri mühitin yaradılması, kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının daha da artırılması, kreditlərin sığortalanması mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması nəzərdə tutulur. Hər bir rayonda sənaye zonalarının, sənaye məhəllələrinin, biznes-inkubatorların yaradılması işləri sürətləndirəcək. Bundan başqa, Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması məqsədilə ərazilərin və müvafiq sahələrin müəyyən edilməsi və bu təsisatların işinin beynəlxalq təcrübəyə əsaslanaraq qurulması əsas hədəflərdəndir.
Hazırda sənayeləşmənin ən innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə güclü zəmin formalaşdırmaqdadır. Xüsusilə də, bu proses daha çox regional xarakter almağa yönəlib və Sumqayıt, Gəncə, Mingəçevir, Daşkəsən kimi regionlarda ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulan sənaye texnoparklarının yaradılması istiqamətində işlər gedir. Hökumət iqtisadiyyatın inkişafında sənaye texnoparklarının ən mühüm layihələrdən biri olmasını nəzərə alaraq bu kimi modellərin tətbiqini genişləndirmək niyyətindədir. Sənayeləşmə strategiyasına uyğun olaraq sənaye məhəllələrinin yaradılması, hər bir rayonda sənaye zonasının təşkili nəzərdə tutulur. Bu cür layihələr sənaye sektorunun inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda, həmin regiona investisiyanın cəlb edilməsinə, bölgələrdə qeyri-neft sənayesinin inkişafına səbəb olacaq. Bu cür zonaların ilkin olaraq Gəncəətrafı rayonlarda, eləcə də Şirvan və Siyəzən rayonlarında yaradılması planlaşdırılır. Növbəti mərhələdə digər rayonlarda da bu layihənin tətbiqi nəzərdə tutulur. Nəticədə, bu təcrübə Azərbaycanın digər yaşayış məntəqələrini də əhatə edəcək.
Sənaye sektorunda olduğu kimi, aqrar bölmədə də texnoparkların yaradılması planlaşdırılır. Strateji plana əsasən, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı özəl tədarük-satış bazalarının, Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılaraq sayının artırılması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və daxili bazarın qorunmasının gücləndirilməsi nəzərdə tutulur. Regionlarda ən mühüm layihələrdən biri aqrar parkların yaradılmasıdır və bu istiqamətdə mühüm işlər aparılır. Aqrar parkların yaradılması isə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinin həyata keçirilməsidir. Məqsəd Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən və xüsusilə də aqrar biznesdə rəqabətin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq, yeni məhsulların istehsalını və bazar əlaqələrini inkişaf etdirmək, mülkiyyətçilərin maliyyə xidmətlərinə çıxışını artırmaqdır. Layihə çərçivəsində aqrar sahəyə maliyyə dəstəyi və özəl bankların bu istiqamətdə kapitallaşmanı gücləndirməsi nəzərdə tutulur. Proqnozlara görə, yaxın 10 ildə aqrar sahəyə maliyyə dəstəyi 2000-2010-cu illərə nisbətdə üç dəfəyə yaxın artacaq. Qarşıdakı mərhələdə respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verəcək, nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər müşahidə olunacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2015.- 7 noyabr.-S.- 12