Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının 20 yaşı tamam olur

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir

Hər il noyabrın 12-də Azərbaycanda müstəsna əhəmiyyətə malik dövlət bayramı - Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edilir. İyirmi il əvvəl - 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil suveren Azərbaycan dövlətinin Əsas Qanunu - Konstitusiya qəbul edildi. Bu, müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı oldu.

Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsaslarını və fundamental prinsiplərini əks etdirən yeni qanun lazım idi. Lakin o dövrdə ölkədə siyasi sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz edirdi. Yalnız Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mühüm ictimai-siyasi mühit formalaşdı. Bu, dövlət və cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı işlərə başlamağa, o cümlədən Əsas Qanunu qəbul etməyə imkan verdi.

1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır və onun qəbul edilməsi Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsidir. O, Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya şəxsən sədrlik edib, onun cəmiyyətin müxtəlif təbəqələri arasında açıq müzakirəsini təşkil edib. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa edib. Bu müstəqillik dövlətçilik ənənələri və liderin şəxsi siyasi təcrübəsi əsasında qurulub. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin inkişafında və milli şüurun oyanışında əvəzsiz rol oynayıb. Heydər Əliyevin sayəsində Azərbaycan xalqının tarixi keçmişinə maraq çoxalıb, milli-mənəvi dirçəliş başlanıb.

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi yarandı. Xalqın tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya gəldi və Azərbaycan Ali Sovetinin sədri seçildi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli ideologiyanı əks etdirən dövlətçilik konsepsiyası hazırlandı. Bu baxımdan O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi mühüm problemin həlli üçün əhəmiyyətli addımlar atdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs rejimi haqqında razılıq əldə edildi. Həmin ilin sentyabrında isə transmilli neft şirkətləri ilə Xəzərin zəngin neft-qaz strukturlarının istismarı üzrə “Əsrin müqaviləsi” tarixi sənədi imzalandı.

Yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin bünövrəsini qoydu. Siyasi sistemin mərkəzində insan, onun hüquq və azadlıqları, demokratikhüquqi dövlət idealları durdu. Konstitusiyanın Preambulasında Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraqsuveren hüququndan istifadə edərək bəyan etdiyi ülvi niyyətləri sadalanır.

Azərbaycan Konstitusiyasında müasir sivilizasiyalı cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən proqressiv ideyalar və dəyərlər geniş əks edilib.

Burada nəzərdə tutulur ki, Azərbaycan xalqı suveren hüququnu ümumxalq səsverməsi - referendum yoluümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçdiyi nümayəndələri vasitəsilə həyata keçirir.

Dövlət hakimiyyətinin təşkilinin hakimiyyətlərin bölünməsi prinsipinə əsasən aparılması hüquqi dövlətin təməl prinsiplərindən biri olmaqla, Konstitusiyada təsbit edilib. Konstitusiyaya əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Əsas Qanunda qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin tərəqqisinə yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət formulu, insan hüquq və azadlıqlarının təmin olunması təşkil edir. Ötən dövr ərzində Azərbaycanın hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini məhz 1995-ci il Konstitusiyasından götürüb.

Ümummilli lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirir.

Arif Quliyev.

Yeni Azərbaycan.- 2015.- 11 noyabr.- S. 3