“Sonsuz Dəhliz”
filmi nüfuzlu Milan festivalının mükafatına layiq görülüb
Litvalı müstəqil rejissor Aleksandras Brokasın rejissoru olduğu “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi ötən həftə 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, Milan festivalında dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqrafçılar bir araya gəlib. Film yaradıcılarının fikrincə, “Sonsuz Dəhliz” filminin Milan festivalının mükafatına layiq görülməsi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı imkandır.
Xatırladaq ki, film rəsmi olaraq “Milan IFF 2015” kino festivalında müsabiqədə iştirak etmək üçün bu ilin iyul ayında seçilmişdi.
“Sonsuz Dəhliz” filmi “Milan IFF 2015” kino festivalında aşağıdakı nominasiyalarda iştirak edib: “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film”.
Xatırladaq ki, Xocalı faciəsindən bəhs edən “Sonsuz Dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.
Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları “Sonsuz Dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyası üzrə qalib elan edib.
Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas bu münasibətlə deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Bu dəfə isə münsiflər heyətinin diqqəti “Sonsuz Dıhliz” filminin müstəsna yaradıcı və texniki keyfiyyətində cəmlənmişdi.
Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. “Sonsuz Dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri, nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Film, həmçinin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, İsrailin “Channel 1” televiziya kanallarında, Albaniyanın Milli Televiziyasında nümayiş etdirilib.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
“Sonsuz dəhliz” sənədli
filmi prodüserlər Aleksandras
Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən
çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən
səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi
olan litvalı jurnalist
Riçard Lapaitisin
faciədən 20 il sonra
yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə
şahidləri ilə görüşlərində lentə
alınmış xatirələri və Ermənistan tərəfindən
faciənin təşkilində birbaşa iştirak etmiş
şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer
verilib. Filmdə Xocalı
qırğınına dair indiyədək
az məlum olan yeni faktlar, sənədlər
və vaxtilə çəkilmiş videogörüntülər
və fotomateriallara istinad
edilir, qətliam haqqında həqiqətlər
təsirli şəkildə tamaşaçıya
çatdırılır.
Yeni Azərbaycan.-
2015.- 11 noyabr.- S.4