Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş etdi

 

Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib. Noyabrın 13-də Fondun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birlikdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak ediblər.

Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb. Bu dəfə də Fondun müxtəlif uşaq evlərinin sakinləri üçün təşkil etdiyi növbəti tədbir məhz belə xeyirxah missiyanın davamı olub. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alıblar, burada gözəl istirahət ediblər, əylənib oynayıblar.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb.

Yeni Azərbaycan.- 2015.- 13 noyabr.- S.-5