Azərbaycanın regionlarının qazlaşdırılması uğurla davam edir

 

Dövlət proqramları çərçivəsində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində böyük işlər görülür

Məlum olduğu kimi, son illər Azərbaycanda regionların iqtisadi güc amilinə çevrilməsi və bölgələrdə əhalinin sosial təminatı baxımından vacib olan infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsi sayəsində artıq paytaxt Bakı və digər iri şəhərlərlə bölgələr arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini isə xüsusilə vurğulamaq lazımdır.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev ölkənin qazlaşdırılması ilə bağlı qarşıya konkret hədəflər qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta Sovet dövründə bəzi rayonlarda, ümumiyyətlə, təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq”.

Beləliklə, dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclarSmart-karttipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin 9 ayı ərzində 9218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin olunub.

Eyni zamanda, son aylarda regionlarda çoxlu sayda yaşayış məntəqəsinin sakinləri “mavi yanacağ”ın ilk dəfə alovlandırılmasının sevincini yaşayıblar. Bu il oktyabrın 13-də Sabirabad, Biləsuvar və Neftçala rayonlarının bir sıra kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Kürdəmir rayonunun yaşayış məntəqələrinin də təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, noyabrın 11-də daha 3 kəndə, ümumilikdə, 3470 nəfər əhalinin yaşadığı Öyləqulu, KöhünlüŞüşün kəndlərinə təbii qaz verilib. Yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi münasibətilə Köhünlü kəndində keçirilən mərasimdə vurğulanıb ki, təkcə cari ildə 12 kəndə təbii qaz verilib. Ümumiyyətlə rayonda 34 yaşayış məntəqəsi üzrə 13919 abonentmavi yanacaqla təmin olunub. Hazırda daha 8 yaşayış məntəqəsi - Ərşəli, Sor-Sor, Məhərrəmli, Çöl Qubalı, Qocalı, Carlı, MuradxanŞilyan kəndləri qazlaşdırılır.

Yevlaxda da əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, infrastrukturkommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır. Elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında rayonun qaz təsərrüfatının əsaslı şəkildə yeniləşdirilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların “mavi yanacaqla fasiləsiz təminatı istiqamətində görülən işləri qeyd etmək olar. Belə ki, indiyədək Yevlax şəhəri və rayonun 49 kəndindən 37-si “mavi yanacaqla təmin olunub. Yevlax rayon İcra Hakimiyyətindən bildiriblər ki, 2015-ci ilin əvvəlindən şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm və Yuxarı Bucaq kəndləri qazlaşdırılıb. Hazırda Aşağı Bucaq, Qaraoğlan və Aşağı Qarxun kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Tezliklə bu yaşayış məntəqələrinin sakinləri də təbii qazdan istifadə edəcəklər.

Yeri gəlmişkən, KİV-ə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində də böyük işlər görülür. Hazırda Azərbaycanın bütün bölgələrində ucqar kəndlərin qazlaşdırılması sürətlə həyata keçirilir. Bu sahədə görülən işlər əhalinin rifahının daha da yaxşılaşdırılması üçün atılan vacib addımlardandır.

Təsadüfi deyil ki, bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında 60333 yeni abonent qeydə alınıb. İlin əvvəlindən bəri qeydiyyata alınan yeni abonentlərin 21903-ü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 38430-u isə digər regionların payına düşür. Beləliklə, 2015-ci il oktyabrın 1-nə olan məlumata əsasən, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb.

Cari ilin sentyabr ayında əhali sektoru üzrə 65 milyon 411 min 643 kubmetr həcmində, qeyri-əhali sektoru üzrə 115 milyon 102 min 756 kubmetr həcmində təbii qaz satılıb. Onu da qeyd edək ki, ilin əvvəlindən bəri əhali sektoru üzrə 124921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə etmələri üçün müvafiq həcmdə limit ayrılıb.

Ölkə üzrə təbii qaz təchizatı şəbəkəsinin genişləndirilməsi ilə paralel surətdə, magistral və paylayıcı xətlərdə, həmçinin mənzillərdəki qaz avadanlıqlarında təhlükəsizlik qaydalarının gözlənilməsinə də ciddi nəzarət olunur. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin arxada qalan 9 ayı ərzində 190048 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib. Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Qaz təsərrüfatı xüsusi sahə olduğundan burada kadrların peşə hazırlığı böyük önəm daşıyır. Buna görə də ölkənin regionlarında qaz təsərrüfatının genişlənməsi ilə paralel surətdə kadrların peşə hazırlığının artırılmasına və yeni kadrların hazırlanmasına ciddi diqqət yetirilir. Bir qədər bundan əvvəl ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi ilə əlaqədar yaranmış əlavə həcmlərinə müvafiq olaraq SOCAR və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində birliyin 46 rayonu əhatə edən qaz istismar idarələri üçünQaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinə start verilib. Müsabiqədə 8 regionu əhatə edən 46 rayon üzrə ümumilikdə 4628 nəfərin müraciəti qeydə alınıb.

İndiyədək müsabiqəyə qatılanların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılıb. Hazırda testdən uğurla keçmiş 1111 nəfər üçün təlimlər keçirilir. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hazırda vakant olan 403 yerə işə qəbul olunacaq, digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur. Bütövlükdə isə, görülən bu işlər əhalinin maraqlarına tam cavab verir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2015.- 14 noyabr.- S.-8