Regionlarda yeni infrastruktur layihələri həyata keçirilir

 

Dövlət proqramlarının uğurlu icrası bölgələrin hərtərəfli inkişafını təmin edir

Ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturun və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. Yaxın gələcəkdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi Azərbaycanda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilib. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir.

Beləliklə, məhz sadalananların fonunda bu gün bölgələrimizdə yeni infrastruktur layihələrinin həyata keçirilməsi prosesi davam etdirilir. Məsələn, Qazax rayonunun Daş Salahlı kəndində inşa edilən tibb məntəqəsinin açılışı olub. Qeyd olunub ki, layihənin əsas məqsədi Qazaxın Daş Salahlı kəndində tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir.

Ağstafa rayonunda isə 4 avtomobil körpüsünün tikintisinə başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan tikinti işləri nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində reallaşdırılır. Körpülərin Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcək.

Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərində tikiləcək körpünün uzunluğu isə 34 metr olacaq.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda isə əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir. Noyabrın 19-da rayonun Köçərli və Hüsənli kəndlərində ümumilikdə 82 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan yeni subartezian quyuları istifadəyə verilib. Tərtər rayonunda hazırda 470 artezian və subartezian quyusu fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun Düyərli, Hüsənli, İsmayılbəyli, Azad Qaraqoyunlu, Xoruzlu, Qaradağlı, Hacıqərvənd, Sarov, Ələsgərli, Köçərli, Bala Kəngərli, Borsunlu, Güləbatlı kəndlərində 14 subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 600 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Bundan başqa, rayon mərkəzində inşa edilən kənd təsərrüfatı idarəsi üçün inzibati-laboratoriya binasında da son tamamlama işləri aparılır. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa edilən inzibati binanın tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti işlərini “Azəraqrartikinti” ASC-nin inşaatçıları yerinə yetirir. 36 otaqdan ibarət ikimərtəbəli binada baytarlıq idarəsinin, dövlət texniki nəzarət müfəttişliyinin, dövlət toxum müfəttişliyinin, bitki mühafizə mərkəzinin, süni mayalanma mərkəzinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq.

Bundan başqa, bölgələrdə əhalinin rahatlığının, istirahətinin təminatı yönümündə də addımlar atılır, yeni infrastrukturların yaradılması istiqamətində layihələr irəli sürülür. Bu mənada Sumqayıt şəhərində dənizkənarı bulvarın yenidən qurulması ilə bağlı irəli sürülən layihəni xüsusi qeyd etmək olar. Belə ki, artıq abadlıq işlərinə start verilib. Yaxın zamanlarda dənizkənarı bulvarda və Nəsimi adına mədəniyyət və istirahət parkında, eləcə də bir neçə istiqamətdə müasir infrastruktur layihələri reallaşdırılacaq. Dənizkənarı bulvarda görüləcək işlərin layihəsi hazırdır. Burada müasir tələblərə cavab verən ticarət və əyləncə mərkəzləri, kinoklub, idman obyektləri, VİP yaşayış binaları inşa olunacaq. Bununla yanaşı, çimərlik zonasında da əsaslı işlər görüləcək və sakinlərin ixtiyarına veriləcək.

Bu məqamda vurğulamaq yerinə düşər ki, cari ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Nəzərə almaq gərəkdir ki, bu inkişaf məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Bunun fonunda sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artım tempinə malik olub.

Məlum olduğu kimi, qlobal maliyyə böhranının davam etməsi bir sıra ölkələri ağır iqtisadi çətinliklərə salıb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu çətinliklərdən yan keçməyə müvəffəq olub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Hazırda ölkə üzrə ümumi daxili məhsulun daha çox hissəsi - 70 faizi məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.

Qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi bu sahənin inkişafına güclü təkan verir. Qeyd edək ki, son 12 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiyalar yönəldilib. Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətlə bağlıdır. Belə ki, ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, zəngin qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində respublikada iqtisadi fəallıq artıb, ölkəmizdə yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar sahələr - ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.

Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyur, “G20”yə üzv olan 8 ölkəni qabaqlayıb, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yeri tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu “sabit” saxlayıb. Həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib.

Bir sözlə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının icrasının birinci ilində də davam etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu sayda yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib və dəyərli tövsiyələrini verib. Ümumiyyətlə, ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. 2014-cü ildə “Sənaye ili” çərçivəsində tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib. Belə ki, təkcə ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Bütövlükdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.

Təbii ki, həyata keçirilən Dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir.

Onu da vurğulamaq lazımdır ki, iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamızın son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış etməsi reallığa çevrilib. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2015.- 21 noyabr.- S. 15