SESCO Baş
Konfransının Bakıda keçirilən XII sessiyası başa çatıb
İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ISESCO) Baş
Konfransının Bakıda keçirilən XII sessiyası
noyabrın 27-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi yekun iclasda ISESCO-nun yeni loqosunun təqdimatı olub. Loqo ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, təşkilatın İcraiyyə Şurasının sədri Bubakar Dukure, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən imzalanıb və qəbul edilib.
Sonra ISESCO-nun yeni
elektron saytı təqdim edilib. Diqqətə çatdırılıb ki,
müasir üslubda işlənmiş saytda müəyyən bölmələr
yaradılıb. Elektron resursun
dinamikliyi artıb və cəlbedici forma alıb. Bunun nəticəsində təşkilatın fəaliyyətini
izləmək daha da asanlaşıb.
Yekun iclasda elektron xidmətlər üçün təşkilatın
portalının da təqdimatı keçirilib. İnnovativ xidmətləri,
elektron idarəetmə
sahəsində tətbiq
olunan innovasiyaları əks etdirən portal
ISESCO ölkələri üçün
nəzərdə tutulur.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək
IV İslam Həmrəylik
Oyunlarına həsr olunmuş təqdimatla çıxış edib. Nazir Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən, Oyunlara hazırlıqla bağlı
Təşkilat Komitəsinin
yaradıldığı və
ona birinci xanım Mehriban Əliyevanın rəhbərlik
etdiyi barədə məlumat verib. Qeyd edib ki,
IV İslam Həmrəylik
Oyunlarında beş mindən çox atlet 20 idman növündə yarışacaq. Bu Oyunlar İslam aləmində əməkdaşlığın
və həmrəyliyin
inkişafı, idmançıların
bir araya gəlməsi baxımından
möhtəşəm addım
olacaq. Odur ki, Azərbaycan
yarışların yüksək
səviyyədə keçirilməsinə
böyük əhəmiyyət
verir və buna ciddi hazırlaşır.
Azərbaycanda mühüm beynəlxalq
tədbirlərin keçirildiyini
vurğulayan A.Rəhimov
gələn il ölkəmizin “Formula-1” Avropa
Qran-pri yarışına,
Şahmat Olimpiadasına,
2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına
ev sahibliyi edəcəyini söyləyib.
Diqqətə çatdırıb ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı”
olub. 2018-ci ildə isə bu missiya Azərbaycanın
qədim Naxçıvan
şəhərinə həvalə
ediləcək.
Sonra “Bakı-2015” birinci Avropa Oyunlarının maraqlı
məqamlarını əks
etdirən videoçarx
nümayiş olunub.
Əbdüləziz Osman əl-Tuveycri IV İslam Həmrəylik Oyunlarına ISESCO-nun da öz dəstəyini və töhfəsini verəcəyini bildirib.
İclasda Səudiyyə Ərəbistanının
nümayəndəsi distant təhsillə bağlı
təqdimat edib.
Daha sonra
ISESCO Baş Konfransının
XII sessiyasının hesabatı,
3 illik fəaliyyət
planı və yekun qətnamə layihələri qəbul olunub.
ISESCO Baş Konfransının
XII sessiyasının yekunlarına
dair bəyanat qəbul edilib. Bəyanatda
İslam dünyasında
son dövrlərdə baş
verən hadisələr,
torpaqların işğalı,
milli irsin məhv edilməsi ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin, ISESCO-nun baş
direktoru Əbdüləziz
Osman əl-Tuveycrinin və digər nüfuzlu şəxslərin
fikirləri əksini tapıb.
Misir nümayəndəsi
ölkəsi adından
ISESCO-nun baş direktoruna,
təşkilatın İcraiyyə
Şurasının sədrinə
və Azərbaycanın
mədəniyyət və
turizm nazirinə səmərəli fəaliyyətə
görə diplomlar təqdim edib.
Ə.Qarayev Bakıda qəbul olunmuş qərarların
ISESCO-nun gələcək fəaliyyətinə
müsbət töhfələr
verəcəyinə inamını
vurğulayıb. Onun fikrinə şərik
çıxan Əbdüləziz
Osman əl-Tuveycri bildirib ki, bu
qərarlar üzərinə
sivil missiya götürmüş təşkilatın
qarşıdakı hədəflərə
çatmasında yol xəritəsi olacaq.
ISESCO-nun baş direktoru
tədbirin Bakıda təşkilinə görə
üzv dövlətlər
adından Azərbaycan
Prezidenti İlham Əliyevə ünvanlanan
təşəkkür məktubunu
oxuyub. Məktubda ölkə rəhbərliyinə
təşkilatın sessiyasının
yüksək səviyyədə
təşkilinə və
qonaqpərvərliyə görə
minnətdarlıq ifadə
olunub.
Bununla da
ISESCO Baş Konfransının XII
sessiyası öz işini
yekunlaşdırıb
Yeni Azərbaycan.- 2015.- 29.-noyabr. -S.3