Azərbaycanın regionlarında
qış turizminin geniş
inkişaf perspektivləri var
Ölkəmizdə ilk dağ-xizək kurortu olan “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni hotellər, beynəlxalq səviyyəli istirahət zonaları açılır.
Azərbaycan dövləti ölkədə turizmin inkişafına güclü siyasi iradə nümayiş etdirir
Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır.
Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.
Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır
Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Bu uğur Azərbaycanın özünü turizm ölkəsi kimi təsdiqləməsinin, qlobal miqyasda respublikamızın turizm reytinqinin artmasının ifadəsidir.
Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Ötən il 2-si hotel, 16-sı turizm şirkəti olmaqla ölkəmizi təmsil edən 18 turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrində respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır.
Yüksək dövlət qayğısı sayəsində respublikamızda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Əgər 2002-ci ildə sərgiyə cəmi 14 ölkə qatılmışdısa, 2014-cü ildə təşkil olunan sərgidə iştirak edən ölkələrin sayı 38-ə çatıb. Ümumilikdə, bu ölkələrdən “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində 351 şirkət və təşkilat öz xidmətlərini təqdim edib. Respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artmasında da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub.
Regionlarda bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılıb
Məlumdur ki, Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında Azərbaycanın turizm sahəsində dövlət siyasətinin prioritetlərini bir daha nəzərə çatdıraraq deyib: “Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir”.
Ölkənin regionlarında müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
“Şahdağ” turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur
Azərbaycanın regionlarında qış turizminin də geniş inkişaf perspektivləri var. Son illərdə ölkəmizin ayrı-ayrı turist marşrutları üzərində bütün ilboyu fəaliyyət göstərən beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması respublikamızın turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” qış-yay turizm kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və hotelin açılışında iştirak edib. Dövlət başçısı cari ilin yanvar ayında “Şahdağ” qış-yay turizm kompleksində daha bir yeni turizm obyektinin - “Park Chalet” hotelinin açılışına qatılıb.
Daha bir dağ-xizək istirahət kompleksi Qəbələ rayonunda yaradılır
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi son 3 ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub. Kompleksin birinci mərhələsinin açılışı ötən ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatdırılıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da inşa olunub. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, hotel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2015.- oktyabr.- S.8.