Azərbaycan IV İslam
Həmrəylik Oyunlarına uğurlu ev sahibliyi etmək əzmindədir
Mehriban xanım Əliyeva: Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək
Azərbaycan dünya miqyasında dinamik inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan strateji kurs dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Bundan başqa, dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib
Ölkəmizdə paralel inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlam böyüməsi üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb.
Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Azərbaycan dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi edir
Bütün bunların fonunda Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurları şərtləndirən amillərdən biri isə ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edərkən Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcəyinə heç bir şübhə yox idi. Avropanın idman ictimaiyyəti, nüfuzlu araşdırma mərkəzləri, ekspertlər ilk Avropa Oyunlarının keçirilməsi hüququnun iqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edilməsini qanunauyğun hal kimi xarakterizə etmişdilər. Və gözləntilər özünü doğrultdu, Bakıda keçirilən ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi
Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğul olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurla rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də Avstraliyada yayımlandı. Dünya ictimaiyyəti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaət ifadə etdi, bunu Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirdi. Əsas etibarilə diqqətə çatdırıldı ki, yarışların hər məqamı Azərbaycanın ilk Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşdığını göstərir. Məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycan isə bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma ən yüksək səviyyədə tamamladı. Şübhəsiz ki, burada dövlətin, Prezident İlham Əliyevin idmana qayğısı ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verilən ilk gündən Avropa idman ailəsinin ölkəmizə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səmərəli fəaliyyət göstərdilər. Bunun nəticəsidir ki, Azərbaycanın birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində gördüyü işlər Avropa Olimpiya Komitəsinin (AOK) təmsilçiləri tərəfindən yüksək qiymətləndirildi. AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında Oyunlara hazırlıq sahəsində bütün Bakı heyətinin dünya rekorduna imza atdığını bildirdi.
Beləliklə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Möhtəşəm açılış və bağlanış mərasimi dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir”.
Azərbaycan növbəti tarixi nailiyyətə imza atacaq!
Məlum olduğu kimi, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları 2017-ci ilin mayında - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa, üst-üstə düşəcək.
Ümumiyyətlə, belə möhtəşəm idman tədbirinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır.
Ümumiyyətlə, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu kontekstdə Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə dünya miqyasında ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, 2012-ci ilin avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA “U-17” qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. Qeyd edildiyi kimi, bu ilin iyun ayında isə birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə baş tutması bu qəbildən olan nümunələr sırasındadır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə sentyabrın 23-də keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edən Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qeyd edib ki, bu günə qədər ölkəmizdə bir çox böyükmiqyaslı beynəlxalq tədbirlər keçirilib: “O cümlədən, əlbəttə, bu il böyük uğurla keçirilən birinci Avropa Oyunlarını qeyd etmək istəyirəm. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərdi... Ümumi fikrə görə, bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminəm ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq”.
Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva onu da bildirib ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Ümumiyyətlə, beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasından və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında bu amil də xüsusi nəzərə alınıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdı. Onu da əlavə edək ki, 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəylik Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilmişdi.
IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində digər bir vacib amil isə Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Belə ki, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və islam dünyasında böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmiz islami dəyərlərin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Bəhs olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir: “Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin”.
Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva sözügedən iclasdakı çıxışı zamanı onu da əlavə edib ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizə əvəzedilməz təcrübə qazandırdı və növbəti tədbirlər üçün idarəetmə, təşkilati və logistika işləri, kommunikasiya, informasiya, şəffaflıq və sair sahələrdə çox yüksək tələbləri formalaşdırdı: “Avropa Oyunlarının irsi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı qarşıda duran təhlükəsizlik, nəqliyyat təminatı, digər texniki təminat və təşkilati məsələlərin həllinin zəminini yaratmışdır. Odur ki, əsas məqsəd bu zəmində yarışlara yüksək səviyyədə hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar üçün tam şəkildə hazırlamaqdan və milli yığma komandanın Oyunlara hazırlığından ibarətdir”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2015.- 2 oktyabr.-
S.2.