Regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır

 

Cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 5 faiz artıb və aqrar sahədə çalışan əmək qabiliyyətli insanların sayında 38 faiz artım müşahidə edilib

Son illərdə Azərbaycanın nail olduğu yüksək sosial-iqtisadi inkişaf dinamikası bir sıra zəruri amillərlə şərtlənir. Bu amillər sırasında ölkənin regionlarında aqrar sektorun inkişafının dəstəklənməsi də mühüm rol oynayır. Respublikamızda 2004-cü ildən bəri reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları aqrar sektorun qarşısında geniş inkişaf perspektivləri açıb. Dövlət proqramlarında qarşıya qoyulan əsas məqsədlərdən biri də kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikanın regionlarında güclü aqrar-sənaye komplekslərinin yaradılmasından ibarətdir. Əlamətdar haldır ki, dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev cari ilin yanvar ayında keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda kənd təsərrüfatının inkişafının ölkəmiz üçün prioritet olduğunu xüsusi olaraq nəzərə çatdırıb.

Qeyd edək ki, respublikamızda aqrar sektorun inkişafı real zəminə əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.

Regionlarda aqrar sektorun inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir

Məlumdur ki, son illərdə ölkəmizdə məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsi siyasəti həyata keçirilir. Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Cari ilin birinci yarısında ölkə iqtisadiyyatı 5,7 faiz artdığı halda, bundan daha yaxşı göstərici 9,2 faiz olmaqla qeyri-neft sektorunda qeydə alınıb.

Ölkədə geniş potensiala malik aqrar sektorun intensiv inkişaf etdirilməsi Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişafına güclü siyasi iradə nümayiş etdirilməsinin daha bir təsdiqidir.

Ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində qarşıya kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı cari il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin cari ilin avqust ayında imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkədə kənd təsərrüfatının inkişafına çoxşaxəli dövlət qayğısı göstərilir

Respublikamızda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasında vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanlarıdır. Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaqmotor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.

Prezident İlham Əliyev respublikamızda aqrar sektora dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, respublikanın aqrar sektorunda dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir:Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir”.

Davamlı dövlət qayğısı sayəsində aqrar sektorda əhəmiyyətli artıma nail olunub

Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz şox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə son illərdə Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonundaMillasüd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qidasüd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb. Ağcabədi rayonundaAqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.

Respublikanın regionlarında aqrar sektorun inkişafının davamlı hal alması məmnunluq doğurur. Bu sahədə son illərin artım dinamikası 2015-ci ilin arxada qalan dövrü ərzində də saxlanılıb. Cari ilin 9 ayı ərzində ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalında 5 faiz artıma nail olunub. Eyni zamanda, bəhs olunan dövrdə kənd təsərrüfatında çalışan əmək qabiliyyətli insanların sayında 38 faiz artım müşahidə edilib.

Regionlarda aqrar sektorun inkişafı əhalinin ərzaq təminatına müsbət təsir göstərib

Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2015.- 9 oktyab.- S.8.