Azərbaycanın
sığorta-pensiya sistemi - uğurlar davam edir
Azərbaycanın
pensiya sistemi iqtisadi həyatın pensiyaçıların
sosial müdafiəsi ilə uzlaşdırılmasını təmin
edir
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uğurla reallaşdırdığı
sürətli inkişaf strategiyası nəticəsində
dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi
artım təmin olunub, ölkəmizdə əhalinin rifah
halının yüksəldilməsi və güclü sosial
müdafiə sisteminin qurulması sahəsində əsaslı
uğurlar qazanılıb. Bir çox ölkələrin
iqtisadi böhran yaşadığı hazırkı dönəmdə
Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir
ki, bu da sosial proqramların uğurla
reallaşdırılmasına təminat verir.
Bu kontekstdə Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun gəlir və xərclərinin
icrası, sığorta-pensiya sistemində beynəlxalq
standartların tətbiqi və əmək
pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri 2015-ci ilin yanvar-sentyabr aylarında da uğurla
davam etdirilib.
Azərbaycanın
iqtisadi həyatı ilə pensiyaçıların sosial
müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında
əlaqələndirilməsi siyasətinin uğurlu icrası
nəticəsində mövcud maliyyə imkanlarının
ölkə əhalisinin 13,5 faizini təşkil
edən pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunub və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini
tapıb. 2015-ci ilin 9 ayının nəticələrinə
görə yaşa görə əmək pensiyalarının
orta aylıq məbləği 195,6 manatdır və ölkə
üzrə orta aylıq əməkhaqqının 43 faizini təşkil
edir ki, bu da beynəlxalq standartlara uyğundur. Hazırda
pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki
2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə
aşağı məbləğlə ifadə olunurdu.
Ölkəmizdə
iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi
ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə
cavab verən çevik modeli fəaliyyət göstərir ki,
bu əsasda formalaşan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın
dinamik inkişafı nəticəsində əldə olunan
potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi
mexanizmini ifadə edir. 2015-ci ilin yanvar-sentyabr aylarında Fondun
gəlirləri ötən ilin müvafiq dövrünə
nisbətən 31,5 mln. manat
artaraq 2185,2 mln. manata yüksəlib. Məcburi
dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 1304,7 mln. manat
təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə
müqayisədə 5,0 faiz və ya 62,0 mln. manat
çoxdur.
Pensiyaların
və fərdi hesablara toplanan sosial sığorta
kapitallarının inflyasiya nəzərə alınmaqla hər
il indeksləşdirilməsi isə sistemin
mənfi fiskal təsirlərdən səmərəli şəkildə
qorunmasını təmin edir. Bu tədbir 2015-ci ildə də
davam etdirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamına əsasən cari il yanvarın 1-dən
bütün növ əmək pensiyalarının
sığorta hissəsinə 1,4 faizlik
artım tətbiq olunub.
Qeyri-büdcə
sahəsindən toplanan sosial sığorta haqlarının
artımı nəticəsində dövlət büdcəsi
transfertinin xüsusi çəkisi azalıb
2015-ci
ilin 9 ayında sosial sığorta haqlarının 65,0 faizi və ya 847,9 mln. manatı
qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin
müvafiq dövrünə nisbətən 5,4 faiz və ya 43,4
mln. manat artıqdır. Qeyri-büdcə
daxilolmalarının artımı Azərbaycan Respublikası
Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri
nəticəsində ölkədəki orta aylıq əməkhaqqının
artımı, daimi yeni iş yerlərinin yaradılması və
əməkhaqlarının leqallaşdırılması dərəcəsinin
yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir.
Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən
Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin
ötən ilin müvafiq dövrü ilə müqayisədə
27,5 milyon manat azalmasına səbəb
olub.
Büdcədən
maliyyələşən təşkilatlardan daxil olmuş
sosial sığorta haqqının məbləği 456,7 mln. manat təşkil
edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə
tutulduğu məbləğdə, yəni 876,1
mln. manat həcmində Fondun hesabına
daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort
yollayışlarının qismən dəyərinin ödənilməsi
və s.) üzrə daxilolmaları 4,5 mln.
manat təşkil edib.
Sosial
sığorta sistemində iştirakçıların
aktivliyi artırılır
Cari ilin
yanvar-sentyabr aylarında sığortaolunanların fərdi
uçot sisteminin qurulması tədbirləri davam etdirilib və
1 oktyabr 2015-ci il tarixə sosial
sığorta nömrəsi verilmiş və fərdi hesab
açılmış sığortaolunanların sayı 3
milyon 136 min nəfəri ötüb. Fərdi uçot
sistemində qeydiyyata alınan sığortaolunanların
sayı ilin əvvəlinə nisbətən 160,1
min nəfər artıb ki, bu da ölkədəki iqtisadi inkişafa
uyğun olaraq daimi yeni iş yerlərinin
yaradılmasının, habelə sosial sığorta sistemində
təbliğat işlərinin gücləndirilməsi və
iştirakçıların aktivliyinin
artırılmasının göstəricisidir. Eyni
zamanda, sığortaedənlərdən məcburi dövlət
sosial sığorta haqları üzrə sığortaolunanlar
haqqında məlumatların qəbulu prosesi aparılıb,
Fondun internet saytında fərdi şəxsi hesablarda əks
olunan məcburi dövlət sosial sığorta
haqlarının məbləği barədə
sığortaolunanların məlumatlandırılması xidməti
fəaliyyətini davam etdirib.
Cari ilin 9
ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən
əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil
edib. Əhaliyə ödənişlərin 97,5
faizi və yaxud 2098,2 mln. manatı əmək
pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə
yönəldilib. Məcburi dövlət sosial sığorta
haqları hesabına ödənilən müavinətlər
isə 54,7 mln. manat təşkil
etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində
olub.
Əldə edilmiş maliyyə imkanlarının nəticəsində
əhaliyə pensiya və müavinətlərin ödənişinin
hər ay qrafikdən əvvəl reallaşdırılması
təmin olunub.
Dövlət
Sosial Müdafiə Fondunun 2016-cı il
büdcə layihəsi pensiyaçıların sosial
müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib
Dövlət
Sosial Müdafiə Fondunun 2016-cı il üçün
proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin
64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər
təşkil edəcək, dövlət büdcəsi
transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaqdır.
2016-cı ildə dövlət büdcəsindən Fonda
transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn
il üçün xərclər üzrə nəzərdə
tutulan artım toplanan sosial sığorta haqları hesabına
qarşılanacaqdır. Bu göstəricilər
çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər
fonunda ölkəmizdə təmin olunan dayanıqlı
inkişafın və əhalinin gəlirlərinin artım
dinamikasının əyani təzahürü kimi sosial
sığorta haqları üzrə proqnozlarda öz əksini
tapır.
Fondun
2016-cı il üçün büdcəsi layihəsində xərclərin
3 milyard 11,2 milyon manatının əhaliyə
ödənişlərə, 20,0 mln. manatının
pensiya və müavinətlərin əhaliyə
çatdırılması və bank əməliyyatlarının
aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların
sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin
həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclərə, 27,0 mln. manatının
Fondun aparatının və onun yerli orqanlarının
saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara
üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan
Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf
Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixində
imzalanmış və Azərbaycan Respublikasının
Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “İnkişaf üçün
Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat”
layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi
nəzərdə tutulub. Əhaliyə ödənişlərin
97,1%-ni və ya 2 milyard 923,6 milyon
manatını əmək pensiyalarının ödənilməsi
üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon
manatını isə müavinət xərcləri təşkil
edəcəkdir.
Dövlət
Sosial Müdafiə Fondunun elektron xidmətlərindən
istifadə sayı 2,2 dəfə artıb
Dövlət
Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara
və təşkilatlara göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması və bu
xidmətlərin təqdim edilmə müddətinin
azaldılması məqsədilə informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqi nəticəsində
bütün mövcud proseslərin, yəni həm məcburi
dövlət sosial sığorta haqlarının toplanması
və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin
hesablanması, həm də pensiyaların ödənişinin
avtomatlaşdırılması daha da inkişaf etdirilib.
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə
əhalisinin 45 faizdən çox hissəsini əhatə edir
və Fondun məlumat bazasında 1 milyon 293 min
pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə
müvafiq məlumatlar toplanıb.
Cari il ərzində Fond tərəfindən əhaliyə
göstərilən elektron xidmətlərin keyfiyyətinin
artırılması və əhatə dairəsinin genişləndirilməsi
sahəsində ardıcıl tədbirlər davam etdirilib.
2015-ci ilin 9 ayı ərzində Fondun 3 yeni elektron xidməti
aktivləşdirilərək “Elektron hökumət”
portalına inteqrasiya edilib. Dövlət Sosial Müdafiə
Fondu tərəfindən əhaliyə göstərilən
xidmətlərin innovativ yeniliklər və müasir
texnologiyalar əsasında səmərəli təşkili və
təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi
nəticəsində “Elektron hökumət” portalının
statistikasına əsasən Dövlət Sosial Müdafiə
Fondunun göstərdiyi elektron xidmətlər ən çox
istifadə olunan xidmətlər sırasında ilk yerləri
tutur.
2015-ci
ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə
Fondunun öz saytı, “Elektron hökumət portalı” və
“Elektron ödəniş portalı” vasitəsilə əhaliyə
təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2
milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu
da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2
dəfə çoxdur. Dünya Bankının
“Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi
dövlət sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində
32 pillə irəliləyib. Bu,
ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən
yüksək göstəricidir.
Pensiyaların
təyini və ödənişinin
avtomatlaşdırılması sistemi daha da genişləndirilib
2015-ci ildə pensiya təyinatının
avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
“Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli
telefon məlumat xidməti) vasitəsi ilə həyata
keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində
əmək pensiyalarının təyinatı xidmətinin təşkili
işi daha da genişləndirilib. Hesabat ili ərzində
pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində
yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri
davam etdirilib. Hazırda pensiyaçıların
100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi,
bu məqsədlə ümumilikdə 881, o cümlədən
kənd və qəsəbələrdə 210 bankomatın
istifadəsi təmin olunub.
Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla
işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin
avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin
əhatə dairəsinin genişləndirilməsi nəticəsində
2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan
daxil olan müraciətlərin sayı əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 27 faiz
azalıb.
DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə
interaktiv və informativ elektron xidmətlər vasitəsilə
əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid
bütün məsələlərə aydınlıq gətirir. Bu sahədəki
fəaliyyətin gücləndirilməsi məqsədilə
2015-ci ilin 9 ayı ərzində çoxsaylı mərkəzi
və regional təqdimatlar təşkil olunub. Bununla yanaşı, “Fərdi uçot əsaslı
sosial sığorta sistemində iştirakınız
etibarlı pensiya təminatınızdır” mövzusunda
KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda
xüsusi reklam çarxı hazırlanaraq televiziya
kanallarında yayımlanıb. Kiçik
ödəniş edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərin hesabatlarının elektron formada qəbulunu
təmin etmək məqsədilə Fondun bütün yerli
orqanlarında yardım masaları fəaliyyət göstərir.
Vətəndaşların müraciətlərinə
elektron qaydada baxılması üç istiqamət üzrə
- Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi,
vətəndaşlar tərəfindən Fondun saytında
birbaşa ünvanlanan məktub və 190 nömrəli
“Çağrı Mərkəzi” vasitəsi ilə həyata
keçirilir. Son təkmilləşdirilmə tədbirləri
nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25
fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin
fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə
uyğunlaşdırılıb və Çağrı Mərkəzi
aprel ayından xüsusi avadanlıqla və
avtomatlaşdırılmış sistemlə təchiz
olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət
göstərir. Çoxkanallı
avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi
ilə ölkə ərazisində bütün sabit və
mobil telekommunikasiya şəbəkələrindən
birbaşa əlaqə saxlamaq mümkündür. Dövlət Sosial Müdafiə Fondunun
Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə
inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən
zəng vuran sahibkarlara məcburi dövlət sosial
sığortası və elektron xidmət bölmələri
üzrə telefon məlumat xidməti göstərilməsi həyata
keçirilir.
Azərbaycanın
sığorta-pensiya sistemində aparılan islahatlar Beynəlxalq
Sosial Təminat Assosiasiyasının diqqət mərkəzindədir
Dövlət Sosial Müdafiə Fondunun uğurlu fəaliyyət
sahələrindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə
Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq
əsas prioritetlərdəndir. Qeyd edək ki, Azərbaycanın
sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar
və maliyyə institutları tərəfindən yüksək
qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə
ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının
büro üzvü seçilib, 2007-ci ildən Assosiasiyanın
Avropa Şəbəkəsi Rəhbər Komitəsinin
üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər
Komitəyə üzv seçilib. 2011-ci ilin iyun
ayında Bakı şəhərində BSTA-nın Avrasiya
regionu üzrə Əlaqələndirmə Mərkəzi
açılıb. Azərbaycan Assosiasiya
çərçivəsində yüksək səviyyəli
qərarların qəbul edilməsində xüsusi rola
malikdir. Ölkəmiz BSTA-nın bir çox beynəlxalq
tədbirlərinə ev sahibliyi edib.
Fond
BSTA-nın üzv təşkilatların bir araya gətirilməsi,
sosial müdafiə sahəsində müasir prinsip və
mexanizmlərin, texnologiyaların tətbiqi, biliklərin və
ən yaxşı təcrübələrin yayılmasında
mühüm rol oynayan müxtəlif tədbirlərində fəal
təmsil olunur, pensiya təminatı üzrə beynəlxalq
tendensiyalar və meydana çıxan aktual məsələlərə
dair müzakirələrdə iştirak edir,
könüllü sosial sığortalama və pensiya sistemində
aktuar tədqiqatların aparılması və digər məsələlərlə
bağlı dünya ölkələrinin təcrübəsini
öyrənir.
Dövlət
Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna
müsabiqə yolu ilə qəbul davam edir
Ölkəmizdə dövlət
qulluqçularının ən çox
çalışdığı orqanlardan biri də Dövlət
Sosial Müdafiə Fondudur və onların arasında gənclər
üstünlük təşkil edir. Fond dövlət
qulluğu üçün kadrların müsabiqə və
müsahibə əsasında seçilməsi sahəsində
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq
edir. Təkcə cari ilin may ayı ərzində vakant
yerlər üzrə müsabiqənin test və müsahibə
mərhələlərində uğur qazanan 68 gənc aidiyyəti
vəzifələrə təyin olunub. Fond gənc
dövlət qulluqçularına dövlət idarəçilik
təcrübəsinin öyrədilməsi və onların
peşəkarlıq səviyyəsinin artırılması sahəsində
ardıcıl işlər həyata keçirir.
Sığorta-pensiya
islahatları yeni mərhələdə
Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət
göstərən və bütün işləyən əhalini
əhatə edən, pensiyaların məbləğinin sistemə
ödənilmiş sosial sığorta haqlarına
bağlı olduğu, müasir çağırışlara
çevik reaksiya verən sığorta-pensiya sisteminin
inkişafı nəticəsində beynəlxalq təcrübədə
pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin
həllinə nail olunub. Bütün bunlarla yanaşı, Azərbaycanda
uzunmüddətli dövr üçün
pensiyaçıların etibarlı sosial müdafiəsinə
nail olmaq məqsədilə milli pensiya sisteminin
inkişafında beynəlxalq tendensiyaların nəzərə
alınması və pensiya təminatının daim yenilənən
müasir tələblərə
uyğunlaşdırılması zəruridir. Qlobal
çağırışların pensiya sistemləri
qarşısına qoyduğu mühüm vəzifələr,
eləcə də beynəlxalq təcrübədə iqtisadi
inkişaf səviyyəsinə görə ayrı-ayrı
ölkələrin pensiya sistemləri üzrə daha yüksək
sosial hədəflərin həmin inkişafın
yaratdığı bütün imkanlar cəlb olunmaqla əldə
edildiyi nəzərə alınarsa, Azərbaycanda növbəti
mərhələdə pensiya islahatlarının
başlıca hədəfləri kimi:
birinci,
şərti yığıma əsaslanan
bölüşdürücü-həmrəylik sistemində
uzunmüddətli dövr üçün maliyyə
dayanıqlığına və sosial sığorta prinsiplərinin
tam təşəkkül tapmasına nail olunması;
ikinci, vətəndaşlara
əlavə pensiya təminatı imkanı verən mexanizmlərin
formalaşdırılması gündəmə gəlir.
Bu sahədə
mühüm vəzifələrin icrasını hədəfləyən
və növbəti mərhələdə pensiya
islahatının prioritet istiqamətlərini müəyyən
edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında
pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə
tutulmuş islahatların əsas məqsədini
yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun
olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr
üzrə maliyyə dayanıqlığına nail
olunması, pensiya təminatının vətəndaşların
sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin
etməsi təşkil edir. Bunlara nail olmaq üçün
pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi
və təyin olunan pensiya məbləğinin ödənilən
sığorta haqqına mütənasibliyinin təmin edilməsi,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı
üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin
formalaşdırılması ilə yanaşı, əlavə
pensiya təminatı imkanlarının yaradılması məqsədilə
könüllü sosial sığortanın tətbiqi də
islahatın əsas vəzifələri kimi
çıxış edir.
Aktuar tədqiqatlara əsaslanan proqnozlaşdırma ilə
bağlı müəyyən edilmiş vəzifənin
icrası məqsədilə Fond tərəfindən müxtəlif
strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata
keçirilib və ölkədə mövcud pensiya sisteminə
adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi
və tətbiqi ortamüddətli perspektivdə Fondun əsas
strateji hədəfi kimi qəbul edilib. Ötən dövrdə
Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankı
arasında bu məsələ ilə bağlı geniş əməkdaşlıq
edilib, qurumun mütəxəssisləri tərəfindən
PROST modeli vasitəsilə müxtəlif pensiya sxemləri
seçimlərinin simulyasiyaları əsasında ölkəmizin
pensiya sisteminin mümkün inkişaf istiqamətlərinin
proqnozlaşdırılması aparılıb.
Ölkəmizin pensiya təminatı sisteminin gələcək
inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin
reallaşdırılması baxımından zəruri islahat tədbirləri
sırasında mühüm əhəmiyyəti ön plana
çəkilən üç başlıca istiqamət
aşağıdakı kimidir.
Bunlardan birincisi pensiya təminatında sığorta
prinsiplərinin gücləndirilməsini nəzərdə
tutur və toplanan pensiya öhdəlikləri ilə
yığılan maliyyə vəsaitlərinin
balanslaşdırılmış tarazlığının təmin
edilməsi, sistem iştirakçılarına münasibətdə
ödənilən sosial sığorta haqlarının onun
alacağı pensiya məbləğinə mütənasib
olmasının gözlənilməsini təmin edən islahat
tədbirləri ilə bağlıdır. Hazırda
ödənilən cəmi sığorta haqqının
yarısının fərdi hesablarda qeydiyyata alınması bu
islahat tədbirini yüksək əməkhaqqından sosial
sığorta haqları ödəyən şəxslərə
münasibətdə daha aktual edir. Qeyd edilən
halların aradan qaldırılması məqsədilə
pensiya kapitalının formalaşmasında ödənilən
sosial sığorta haqlarının tam məbləğdə
nəzərə alınması kimi məsələlərə
baxılması tövsiyə olunur ki, bu sosial sığorta
ödəyicilərinə daha yüksək məbləğdə
pensiya təyin olunmasına təminat verir.
İslahatların ikinci vacib istiqaməti dövlətin
öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin
maliyyə mənbələrinin fərqləndirilməsini əhatə
edir. Belə ki, hazırda pensiya sistemində bir sıra
ödənişlərin məcburi dövlət sosial
sığorta haqları ilə bağlı olmaması pensiya
sisteminin əlavə maliyyə öhdəliklərinin
yaranmasına səbəb olub. Pensiya sistemi üzərində
sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan
dövlət öhdəliklərinin maliyyələşdirilməsinə
hər il büdcə transfertlərindən
əlavə olaraq sosial sığorta vəsaitləri də
yönəldilir. Göstərilənlə əlaqədar,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf
dövrü üçün maliyyə
dayanıqlığının daha da möhkəmləndirilməsi
və bu sahədə səmərəliliyin
artırılması məqsədilə
bölüşdürücü funksiya daşıyan şərti
yığım sistemi çərçivəsində
dövlətin öhdəlikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi
zərurətə çevrilib. Bu tədbirin
reallaşdırılması ilə sığorta-pensiya
sisteminin əlavə sərbəst vəsaitlərə malik
olması və bunun pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsinə yönəldilməsi hədəflənir.
Könüllü sosial sığortanın tətbiqi əsasında
məcburi dövlət sosial sığortasından əlavə
təminata imkan verən mexanizmlərin
formalaşdırılması islahatların
üçüncü vacib istiqamətini təşkil edir. Qeyd edilən
islahat tədbiri əmək pensiyalarının
könüllü yığım komponentinin fəallaşdırılması
və qeyri-dövlət pensiya institutlarının inkişaf
etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının
gücləndirilməsinə əlavə imkanların
yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi
mürəkkəb mərhələ olmaqla, ölkədə
investisiya mühitindən, maliyyə və qiymətli
kağızlar bazarının inkişafından və
sığorta-pensiya sistemindən kənar digər amillərdən
asılıdır və beynəlxalq təcrübə öyrənilməklə
konseptual araşdırmaların aparılmasını zəruri
etmişdir.
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında
pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli
gələn vəzifələrin icrası məqsədilə
Dövlət Sosial Müdafiə Fondunda xüsusi əlaqələndirmə
komissiyası fəaliyyət göstərir və pensiya
islahatları çərçivəsində zəruri tədbirlərin
icrası fəaliyyət planına uyğun həyata
keçirilməkdədir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2015.- 13 oktyabr.-
S.11.