70 illik BMT salnaməsi

 

Yaxud Azərbaycanla BMT daha yaxşı dünya naminə gələcəyə birgə addımlayırlar

Oktyabrın 24-də dünyanın ən nüfuzlu beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasından 70 il ötür. Düz 70 ildir ki, BMT dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Məlum olduğu kimi, BMT-nin indiki formada yaradılması ideyası İkinci Dünya müharibəsi başa çatan ərəfəyə təsadüf edir. Belə ki, 1945-ci il iyunun 26-da San-Fransiskoda 50 ölkə BMT-nin Nizamnaməsini imzalayıb. Həmin il oktyabrın 24-də isə sözügedən Nizamnamə 51 ölkə tərəfindən ratifikasiya edilib və məhz bu gün BMT-nin yaranma günü kimi tarixə düşüb.

Bu nüfuzlu beynəlxalq qurumun məqsədləri sırasına beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, dayanıqlı inkişafa nail olunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, azadlıq, insan hüquqlarının qorunması və s. daxildir. BMT Nizamnaməsinin kökündə isə cəmiyyətin hər bir üzvünün bərabərliyi, insan ləyaqəti, azadlıq və ədalət prinsipi durur.

Ölkəmizlə bu qurum arasındakı münasibətlərdən danışarkən öncə onu vurğulamaq yerinə düşər ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-nin üzvü statusu alıb. Lakin ilk vaxtlar müstəqil xarici siyasət strategiyasına malik olmayan ölkəmiz BMT-də rasional surətdə təmsil oluna bilmədi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra isə Azərbaycan çoxvektorlu, rasional və praqmatik xarici siyasət kursu həyata keçirməyə, bunun da sayəsində beynəlxalq təşkilatlarda, xüsusilə də, BMT-də uğurla təmsil olunmağa başladı. Sistemli, ardıcıl və praqmatik xarici siyasət kursu Azərbaycan-BMT münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olmasını şərtləndirdi. Bundan sonra isə Azərbaycan mövcud münasibətlər çərçivəsində BMT-yə müraciət edərək, Ermənistanın təcavüzkar siyasətinə qarşı Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi məlum dörd qətnamənin yerinə yetirilməsi üçün effektiv tədbirlərin görülməsini xahiş etdi (məlum olduğu kimi, 1993-cü ildə BMT TŞ tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən, zor tətbiq edərək ərazi əldə olunmasının qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul olunub. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir -M.Ə).

Beləliklə, həmin tarixi dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verildi. ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından Ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı isə xüsusilə əhəmiyyətli rol oynadı. Bu, müstəqil Azərbaycanın dövlət başçısının BMT tribunasında ilk çıxışı idi. Ulu öndər Heydər Əliyev proqram xarakterli həmin nitqində bir sıra məsələlərə toxunub, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edərək bildirib: “Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldırmaq, uzunmüddətli sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sabit və əməli danışıq prosesi aparmaq olar”.

Ümummilli lider Heydər Əliyevin BMT tribunasından səsləndirdiyi bu fikirlər Ermənistanın işğalçı əməllərinin əsl mahiyyətinin ifşa edilməsi baxımından atılan mühüm addımlardan biri idi. İlk dəfə olaraq beynəlxalq aləmin ən nüfuzlu təşkilatının kürsüsündən Dağlıq Qarabağ münaqişəsi, həmçinin Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında tutarlı faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bundan sonra dünyanın nəzəri bu bölgədə cərəyan edən hadisələrə yönəldi və problemlərin həlli yönündə addımlar atılmağa başlandı.

Eyni zamanda, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə də Azərbaycan BMT-də uğurla təmsil olunur və ölkəmizin təşkilat daxilindəki ikitərəfli, çoxtərəfli münasibətləri dinamik inkişaf tendensiyasına malikdir. Həmçinin ölkəmiz BMT müstəvisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə aktiv səylərini davam etdirir. 2008-ci il martın 14-də BMT Baş Assambleyası Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətə dair qətnamə qəbul edib. Sənəddə xüsusi qeyd olunur ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni kimi qəbul etməməli və ya onun qanuniləşdirilməsi üçün addımlar atmamalıdır. Bu sənədlə BMT Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bir daha öz dəstəyini ifadə edib.

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrə xüsusi önəm verən Prezident İlham Əliyev iştirak etdiyi BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında da bu münasibətlərə yüksək qiymət verib. Həmin çıxışında Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılması məsələsindən danışarkən deyib: “Ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir”.

Yeri gəlmişkən, Azərbaycanın BMT-də uğurla təmsil olunmasının, uğurlu ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırmasının məntiqi nəticəsidir ki, ölkəmiz 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil edən yeni qeyri-daimi (müvəqqəti) üzvü seçilib. Bütövlükdə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT Təhlükəsizlik Şurasında dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr qeydə alınıb. Dolayısı ilə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib.

Ölkəmizin BMT çərçivəsində həyata keçirilən proqram və layihələrdə fəal iştirakına gəlincə qeyd edək ki, 1998-ci ildə Azərbaycan hökuməti BMT-nin İnkişaf Proqramına xüsusilə insan həyatı üçün təhlükəli ərazilərdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirmək səlahiyyəti alacaq bir qeyri-hərbi agentlik - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılmasına yardım etmək üçün müraciət edib. Və BMT-nin müstəsna rolu ilə bu qurum yaradılıb, illər sonra isə ANAMA kiçik bir təşkilatdan tam təminatlı mina təmizləmə, risklər üzrə təlimatlandıran və qurbanlara yardım göstərən bir təşkilata çevrilib.

Eyni zamanda, Azərbaycan BMT-yə üzv olan əksər digər ölkələrlə birlikdə 2000-ci il sentyabr ayının 6-dan 8-dək Nyu-Yorkda keçirilən “Minilliyin Sammiti”ndə səkkiz qlobal Minilliyin İnkişaf Məqsədlərinin təsbit olunduğu Minilliyin Bəyannaməsini imzalayıb. Məqsəd 2015-ci ilədək insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq idi. Məqsədlər yoxsulluq, təhsil, gender, ana və uşaq sağlamlığı, yoluxucu xəstəliklərlə mübarizə, ətraf mühitin dayanaqlılığının təminatı və bu məqsədlərə nail olmaq üçün qlobal tərəfdaşlıq kimi sahələri əhatə edirdi.

Azərbaycan xüsusi olaraq əlavə 9-cu məqsədi - səmərəli idarəçiliyin yaradılması və gücləndirilməsini məqsəd kimi qəbul etmişdi. Səmərəli idarəçilik sahəsində BMT yüksək ixtisaslı dövlət qulluqçuları heyəti ilə təmin edilmiş və müvafiq qanunlarla idarə olunan güclü, şəffaf və məsuliyyətli ictimai institutların inkişaf etdirilməsində Azərbaycanı dəstəkləyir. BMT həmçinin gənclərin də daxil olduğu vətəndaş cəmiyyətinin qanunvericilikdə və inzibatçılıqda iştirakının gücləndirilməsində maraqlıdır. 2000-ci ilin əvvəllərində Ombudsman Aparatının, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və digər bu kimi qurumların yaradılması ilə idarəçiliyin bir çox sahələrində irəliləyişə nail olunub.

Azərbaycan hökuməti həmçinin, informasiya texnologiyaları, e-idarəçilik və e-xidmətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Hökumətin apardığı səmərəli idarəçilik siyasəti insanların rahatlığına və asan yolla dövlət xidmətlərinə çıxışın əldə olunmasına xidmət edir. 13 iyul 2012-ci il tarixində dövlət başçısı İlham Əliyevin Fərmanı ilə Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - ASAN xidmətinin yaradılması da bu istiqamətdə atılmış mühüm bir addımdır.

Qeyd edək ki, Azərbaycan BMT-nin xüsusi önəm verdiyi insan inkişafı baxımından surətlə irəliləyərək qısa bir zamanda dünyanın aparıcı dövlətlər qrupuna daxil olub. Digər tərəfdən, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verən Azərbaycanda dövlətin xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biri də aqrar sektordur. Və BMT 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edildiyi Azərbaycanla bu sahədə sıx əməkdaşlıq edir. Azərbaycanın BMT ilə ekologiya sahəsində əməkdaşlığı isə ətraf mühitin dayanıqlılığının təmin edilməsinə yönəlib. Məqsəd Yer kürəsində gedən qlobal iqlim dəyişikliklərinə uyğunlaşmaqda hökumətlə tərəfdaşlıq etməkdir. Bu məqsəd “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına da daxil edilib.

Son olaraq bildirək ki, Azərbaycan 70 ildir daha yaxşı dünya naminə çalışan BMT-nin nəinki adi bir üzvü, eyni zamanda, əsas tərəfdaşlarından birinə çevrilib. Yəni 23 ildir Azərbaycanla BMT daha yaxşı dünya naminə gələcəyə birgə addımlayırlar. Digər tərəfdən, 23 il əvvəl BMT-nin yardım etdiyi Azərbaycan artıq özü yardım göstərən- donor ölkəyə çevrilib. Yəni ölkəmiz BMT-nin bu istiqamətdəki fəaliyyətlərində aktiv rol oynayır. Daha dəqiq desək, Azərbaycan Heydər Əliyev Fondunun timsalında bir çox inkişaf etməkdə olan ölkələrdə müxtəlif humanitar layihələr həyata keçirir. Fondun fəaliyyəti BMT-nin təsbit etdiyi ümumbəşəri prinsiplərlə üst-üstə düşür. Məhz bunun nəticəsidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həm də UNESCO-nun xoşməramlı səfiridir. Bu gün Mehriban xanım və onun rəhbərlik etdiyi Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

 

Məzahir Əfəndiyev

BMT-nin Strateji Əməkdaşlıq

üzrə Müşaviri

Yeni Azərbaycan.- 2015.- 14 oktyabr.- S.10.