Son 9 ayda regionlarda kənd təsərrüfatının
inkişafına yönəlik tədbirlər genişləndirilib
Ölkəmizdə aqrar sahənin inkişafı öz növbəsində ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı, ümumilikdə bütün sahələrdə ardıcıl tərəqqi və yüksəliş strategiyası uğurla həyata keçirilməkdədir. Bununla yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir. Ümumiyyətlə, dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.
Əksər ekspertlərin də vurğuladıqları kimi, ölkənin artan inkişaf göstəriciləri arasında qeyri-neft sektorunun, ən əsası da kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin iş yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb.
Bu məqamda qeyd edək ki, cari ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Bu artım isə məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Hazırkı dünyanı bürüyən iqtisadi böhran fonunda əldə olunan bu nəticə isə olduqca yüksək nailiyyət sayılır. Qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artıb. Bu isə aparılan islahatların, dayanıqlı iqtisadi siyasət kursunun həyata keçirilməsi nəticəsində əldə edilib. Bununla yanaşı, son 9 ayda ölkəmizdə sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olub, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunub. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatıb. O cümlədən informasiya və rabitə xidmətləri 8,8 faiz, pərakəndə ticarət 11,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artıb. Bu isə əhalinin gəlirlərində də mühüm artıma yol açıb. Belə ki, son 9 ayda əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb.
Qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bu sahədə görülən işlərin sistemli və uğurla həyata keçirilməsi bu il kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.
Müasir qlobal dünyanın ən aktual problemlərindən sayılan ərzaq təhlükəsizliyinin təminatı istiqamətində aparılan tədbirlər sayəsində kənd təsərrüfatının inkişafında mühüm addımlara nail olunub. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxarıb. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatdırılıb. Atılan addımlar isə məhsuldarlığın artımına da şərait yaradıb. Məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Bununla yanaşı, rayonlarda salınan aqroparklarla bağlı tədbirlər də davam etdirilir. Xüsusi olaraq vurğulanmalıdır ki, Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlərin ilin sonunadək yekunlaşacağı proqnozlaşdırılır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.
Son 9 ayda regionların inkişafında da mühüm göstəricilər əldə olunub. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramı çərçivəsində 9 ay ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb. Hesabat dövründə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir. Digər tərəfdən, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı da bildirib ki, kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir: “Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının - Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes-plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir”.
Yeri gəlmişkən, kənd təsərrüfatında özəl sektora, yerli fermer təsərrüfatlarına dövlət qayğısı bu sahədə inkişafın əsas təməl bazası sayılmalıdır. İstər ötən illərdə, istərsə də bu il kənd təsərrüfatı sahəsində çalışan insanlara verilmiş subsidiyalar, dəstək, maddi kömək sahibkarların bu sahəyə olan marağının daha da artmasına yol açıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.
Qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb. İyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb.
Vurğulamaq lazımdır ki, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə, ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatının dövlətin iqtisadi siyasətinin başlıca istiqaməti kimi qeyd edilməsi bir daha göstərir ki, ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.
Beləliklə, bu gün bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsi müasir inkişaf mərhələsinin reallıqlarıdır. Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2015.- 16 oktyabr.-
S.12.