Bu ilin 9
ayının yekunları respublikamızın bölgələri
üçün uğurlu
olub
Bəhs edilən dövrdə ölkəmizin
qərb regionunda da sosial-iqtisadi inkişaf
baxımından ciddi nəticələr əldə
edilib
Məlum olduğu kimi, son illər Azərbaycanın bölgələri dinamik surətdə inkişaf edir. Xüsusilə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizin inkişafı böyük vüsət alıb.
Ümumiyyətlə, ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi bütün dünyada maraqla izlənilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biridir. Eyni zamanda, əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Və hazırda ölkəmizdə yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Beləliklə, haqqında bəhs olunan Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində Azərbaycanın mənzərəsi tamam dəyişib, iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişafa nail olunub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarını səciyyələndirən əsas cəhət onların, Prezident İlham Əliyevin vurğuladığı kimi, konkret xarakter daşıması ilə bağlıdır. Yəni bu Dövlət proqramları hazırlanarkən regionlarda tarixən formalaşan ənənələr, əmək ehtiyatları, yerlərdən gələn təkliflər nəzərə alınıb, maliyyə resursları təşkil edilib.
Bir sözlə, artıq 2004-cü ildən etibarən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, artıq respublikamızda 2015-ci ilin 9 ayının yekunları geniş müzakirə olunur. Müzakirələr zamanında vurğulandığı kimi, ötən 9 ay ərzində də ölkəmiz dinamik inkişaf edib, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım baş verib. Belə ki, doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft seçktoru 6 faizdən çox artıb və bu da aparılan islahatların nəticəsidir. Sənaye istehsalı isə 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb.
Onu da bildirək ki, inkişaf dinamikası ölkəmizin bütün bölgələrində, o cümlədən qərb regionunda müşahidə olunur. Bunu Daşkəsən rayonunun timsalında da görmək mümkündür. Verilən məlumatlara görə, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2015-ci ilin 9 ayında bir çox işlər görülüb və nailiyyətlər əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 2,3 faiz artıb.
2015-ci ilin 9 ayında sənaye üzrə 4 milyon 436 min manat (əvvəlki ilə nisbətən 47,3 faiz çox), kənd təsərrüfatı məhsulları 21 milyon 11 min manat (2,3 faiz çox), nəqliyyat üzrə 2 milyon 129 min manat (6,3 faiz çox), informasiya və rabitə üzrə 175,7 min manat (3,3 faiz çox), ticarət xidmətləri üzrə 12 milyon 103 min manat (2,1 faiz çox) olub.
Hesabat dövründə Daşkəsən rayonunda əhalinin sayı 200 nəfər artaraq 34 min 282 nəfər olub. 2015-ci ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da bu işlər davam etdirilməkdədir. Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir.
Bundan əlavə, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq.
Son vaxtlar rayon rəhbərliyi tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu gün isə “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə əlaqədar hökumətə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunub və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınıb.
Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir. Belə ki, cari ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra işlər görülüb. Məsələn, Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən 43 ədəd transformator təmir edilib, 9,5 kilometr elektrikverici xətlərində təmir işləri aparılıb, 79 ədəd dayaq, 4,6 kilometr yararsız naqil yenisi ilə əvəz olunub və transformatorlara 332 kiloqram transformator yağı əlavə olunub. 76 ədəd yeni sayğac quraşdırılıb və 115 ədəd qüsurlu sayğac dəyişdirilib.
Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanıb, rayon ərazisində 12 ədəd müxtəlif güclü müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələri tikilib, yeni transformatorlar quraşdırılıb və 5 ədəd yarımstansiya şəbəkəyə qoşulub. Eyni zamanda, yeni 35/6 kv-luq şəhər yarımstansiyasının və tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılıb. Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və yeni müasir tipli kabelin çəkilişinə başlanılmasına ehtiyac var.
Rayonun Xoşbulaq, Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərinə isə təbii qaz xəttinin çəkilişinə başlanılıb.
2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılıb. Daşkəsən şəhərində həmin layihə üzrə 2x500m3 su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilib. Bu layihə üzrə bir sıra işlər görülüb. Belə ki, magistral su xəttinin 20 km-dən 18 km-i, şəhərdaxili su xəttinin 16,7 km-dən 3,2 km-i, şəhərdaxili kanalizasiya xəttinin 13 km-dən 2,5 km-i çəkilib. Nəzərdə tutulan digər işlər də sürətlə davam etdirilir. Hazırda həmin layihənin həyata keçirilməsi üzrə 253 nəfər (bunun 111 nəfəri Daşkəsən rayon sakinləridir) işçi çalışır. Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.
Ümumiyyətlə, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində Daşkəsən rayonu 2015-ci ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayır. Rayon üzrə bir yenilik də odur ki, Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunması da bu rayonun rəhbərliyinin səlahiyyətinə daxil edilib. Amma sovetlər dövründən indiyə qədər rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi. Çünki rayonun ərazisində yerləşən yay otlaqları sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü. Daşkəsən rayonunun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonunun ərazisindən digər rayonların istifadəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsinə dair müraciət müsbət həll edilib, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam verib.
Ümumiyyətlə, hazırda Daşkəsən rayonunda abadlıq və quruculuq işləri uğurla davam edir. Bu, bütövlükdə ölkə üzrə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Məlum olduğu kimi, qarşıdakı mərhələdə həmçinin respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verəcək, nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər müşahidə olunacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2015.- 22 oktyabr.-
S.12.