Regionların sosial-iqtisadi
inkişafı davamlı xarakter
daşıyır
Cari ilin doqquz ayı ərzində kənd təsərrüfatının inkişafı istiqamətində əldə edilən uğurlar belə deməyə əsas verir
Məlum olduğu kimi, son illərdə dünyanın mənzərəsi kifayət qədər ziddiyyətli və arzuolunmaz proseslərlə səciyyələnir. Həm bölgədə, həm Avropada böhran yaşanır. Lakin bütün bunların fonunda Azərbaycan qlobal risklərə yüksək dayanıqlılıq nümayiş etdirir. Dünyada siyasi, mənəvi, iqtisadi, hərbi böhranın çox ağır formalar aldığı indiki şəraitdə Azərbaycanın malik olduğu dəyərlər, eləcə də respublikamızın sosial-iqtisadi sahədə nadir inkişaf modeli bir sıra ölkələr üçün nümunə ola bilər. Bu ilin 9 ayı ərzində əldə edilən nailiyyətlər isə ölkəmizdəki inkişafın davamlı xarakter aldığını növbəti dəfə təsdiqləyir.
Məlumat üçün bildirək ki, cari ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Bu artım isə məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Hazırkı dünyanı bürüyən iqtisadi böhran fonunda əldə olunan bu nəticə isə olduqca yüksək nailiyyət sayılır. Qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artıb. Bu isə aparılan islahatların, dayanıqlı iqtisadi siyasət kursunun həyata keçirilməsi nəticəsində əldə edilib. Bununla yanaşı, son 9 ayda ölkəmizdə sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olub, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunub. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatıb. O cümlədən informasiya və rabitə xidmətləri 8,8 faiz, pərakəndə ticarət 11,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artıb. Bu isə əhalinin gəlirlərində də mühüm artıma yol açıb. Belə ki, son 9 ayda əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bu sahədə görülən işlərin sistemli və uğurla həyata keçirilməsi bu il kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı niqtində dövlət başçısı bir daha bu məqama toxunub: “Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti bax bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olmuşdur”.
Təbii ki, “Kənd təsərrüfatı ili” çərçivəsində ölkənin bütün regionlarında, o cümlədən cənub regionunda da uğurlu nəticələr əldə edilib. Hər halda Astara rayonunda cari ilin 9 ayı ərzində əldə edilən nəticələr də belə deməyə əsas verir. Məlumat üçün bildirək ki, bundan əvvəlki illərdə olduğu kimi, bəhs edilən dövrdə də rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Belə ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 layihə üzrə 210 min manat dəyərində güzəştli kreditlər verilmişdir. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına ümumilikdə 104 min 821 manat məbləğində subsidiya verilməsi təmin edilib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, eyni zamanda, Astara Suvarma Sistemləri İdarəsi əkin sahələrinin, yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün bir sıra tədbirlər görüb. Alaşa, Artupa, Ərçivan, Kakalos, Balaca Şahağacı, Şiyəkəran, Təngərüd və Pensər kəndlərində təsərrüfatların, həmçinin yaşayış məntəqələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə ümumilikdə 109 min 370 p.m suvarma və suötürücü kanallar, 4500 p.m kollektor drenaj şəbəkəsi palçıq və lildən təmizlənib. Astaraçayda 1500 p.m, Pensərçayda 1700 p.m məsafədə təmizlənmə işləri görülmüş, Pensərçayın Şağlazüzə kəndindən keçən hissəsində 100 p.m-dən çox sahil mühafizə bəndi tikilib. 2012-ci ildə əsaslı təmirinə başlanmış Lovayn su anbarının təmiri və Siyatük kəndində əkilmiş 40 hektara yaxın yeni çay sahəsinin suvarılması üçün Lovayn nasos stansiyasından 8300 p.m müxtəlif diametrli borudan magistral boru kəmərinin çəkilişi başa çatdırılıb.
Əksər ekspertlərin də vurğuladıqları kimi, yeni dünya çağırışlarına uyğun olaraq Azərbaycanın regionlarında da kənd təsərrüfatının intensiv inkişaf etdirilməsi sayəsində etibarlı ərzaq təminatı yaradılması real zəminə və respublikanın güclü iqtisadi potensialına əsaslanır. Elə ölkələr var ki, sırf coğrafi-iqlim xüsusiyyətləri baxımından kənd təsərrüfatının inkişaf etdirilməsi və ərzaq məhsulları istehsalının genişləndirilməsi qeyri-mümkündür. Azərbaycanda isə bu baxımdan vəziyyət tamam fərqlidir. Ümumiyyətlə, əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Respublikamızda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasına və bu əsasda ərzaq məhsulları istehsalının artmasına təsir göstərən vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanları ilə bağlıdır.
Bu fonda qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bitkiçiliyin inkişafına dövlət dəstəyi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım və mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəşt təkrar (aralıq) əkin aparan istehsalçılara da şamil edilib. Sərəncamın icrasından ötrü təkrar əkinlərlə bağlı kənd ərazi komissiyalarına məktub göndərilib, müvafiq bukletlər paylanmış və istehsalçılar arasında izahat-maarifləndirmə işləri aparılıb.
Bundan başqa, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxarıb. Məhz bunun nəticəsidir ki, hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatdırılıb. Atılan addımlar isə məhsuldarlığın artımına da şərait yaradıb. Məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Bununla yanaşı, rayonlarda salınan aqroparklarla bağlı tədbirlər də davam etdirilir. Xüsusi olaraq vurğulanmalıdır ki, Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlərin ilin sonunadək yekunlaşacağı proqnozlaşdırılır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.
Eyni zamanda, Astara rayonunun Şuvi və Ojakəran kəndi ərazisində yaradılmış çayçılıq təsərrüfatında 1 milyondan çox çay şitilləri yetişdirilərək Şuvi kəndi ərazisində 65 hektar yeni çay plantasiyalarının yaradılmasına sərf olunub. Beləliklə ümumi çay plantasiyalarının sahəsi 372 ha olub ki, bunun da 212 hektarını məhsuldar, 160 hektarını isə cavan çay plantasiyaları təşkil edir. Yaradılmış yeni çəltikçilik təsərrüfatında çəltikçiliyin inkişaf etdirilməsindən ötrü avadanlıqlar gətirilib, onların istehsalatda istifadəsinə başlanıb.
Rayonda 86 hektar sahədə buğda, 517 hektar sahədə paxlalı bitkilər, 234 hektar sahədə qarğıdalı, 1351 hektar sahədə kartof, 2727 hektar sahədə faraş tərəvəz, 682 hektar sahədə dənli bitkilər, 539 hektar sahədə bostan bitkiləri, 88 hektar sahədə yonca əkilib. İribuynuzlu mal-qaranın sayı 46 min baş olub. Ət istehsalı (diri çəkidə) 2725,6 ton, süd istehsalı 22576,4 ton, yun istehsalı 24,5 ton olub.
Rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2015-ci ilin 9 ayında 30 ha sahədə meşə bərpa tədbirləri görülüb, o cümlədən 10 hektar əkin və 20 hektar səpin yolu ilə meşə əkinləri aparılıb. Quru və yıxılmış ağaclardan qış mövsümünə 622 kubmetr odun yanacağı tədarük edilərək müvafiq müəssisələrə daşınıb.
Bir sözlə, görünən odur ki, hazırda öz inkişafına görə öncül yerlərdən birini tutan Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi müşahidə edilir. Bu inkişafdan isə ölkənin kənd təsərrüfatına xüsusi pay düşüb.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2015.- 24 oktyabr.- S.12