“Mən şəhid qəhrəman olacam

 

Gizir Aydın Abdullayevin şəhid olmasından iki il ötür

Bu günlərdə onun şəhid olmasından 2 il ötdü. Düz iki il əvvəl Vətən uğrunda şəhid olan Aydın Abdullayevdən ailəsinə qalan şəkilləri, 23 illik ömür yolu haqqında həzin xatirələr, biridmanda və hərbidə qazandığı mükafatlar, medallardır. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan gizir Aydın Abdullayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Bir il öncə medalın ailə üzvlərinə təqdim olunma mərasimində şəhid atası Əmirsultan Abdullayev övlad itkisi nə qədər ağır olsa da, oğlunun şəhid olmasından qürur hissi keçirdiyini deyib, həmçinin göstərilən bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Atasının sözlərinə görə, 1990-cı il sentyabrın 29-u dünyaya göz açan və ailənin sonbeşiyi olan Aydın elə uşaqlıqdan o biri iki qardaşları - NicatCavaddan istər xaraktercə, istərsə də maraq dairəsi baxımından fərqlənirmiş. İdmana böyük həvəs göstərir, karate, boks, cüdo, qaydasız döyüş kimi idman növləri ilə məşğul olur, hər dəfə yarışlardan qalib kimi boynunda medal gələndə atası Əmirsultan və anası Sevil xanımın ürəyi dağa dönürmüş.

Əmirsultan dayı deyir ki, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu olan Aydın məktəbi 4-5 qiymətləriylə oxuyub, sinif yoldaşlarına, dostlarına qarşı çox diqqətcil olub. Məktəbdən sonra gününün çox hissəsi məşqlərdə, yarışlarda keçirdi. Aydın gələcək həyatını idmanla bağlamaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdi. Lakin Tanrının alın yazısı onu idmana deyil, hərbi sahəyə yönləndirib. Belə ki, 2010-cu ilin yayı Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində baş verən hadisə onun həyatında, fikirlərində dönüş nöqtəsi olur. Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun qəhrəmanlığı hərbi xidmətini başa vurmuş Aydın Abdullayevin içindəki Vətən sevgisini daha da alovlandırır, bu istək onu həm də illərdir düşmən tapdağı altında qalan torpaqlara, güllə yağışlarının və təhlükənin olduğu səngərlərə çəkir. Odur ki, evin sonbeşiyi sənədlərini Suraxanı Rayon Hərbi Komissarlığına verir. Qaraheybət təlim mərkəzinə göndərilən Aydın burada kəşfiyyatçı-snayper hazırlığı keçir. Altı aylıq təlimdən sonra onu kəşfiyyatçı-snayper kimi qaynar nöqtələrdən birinə - düşmənlə təmas xətti olan Tərtərin Qapanlı kəndinə göndərirlər.

iki il öncə oktyabrın 25-də Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində gizir Aydın Abdullayev Vətən uğrunda şəhid olur. Lakin ilk günlər bu xəbərə kimsə inanmaq istəmir. Nə qohumları, nə də döyüş dostları. Çünki Aydın öz çevikliyi, bacarığı, qəhrəmanlığı ilə ad çıxarmışdı. Hər halda onunla bir yerdə xidmət etmiş baş gizir Taryel Əmiraslanov və Nazim Məmmədovun sonralar söylədikləri də deyilənləri təsdiqləyir. Baş gizir Taryel Əmiraslanov deyib ki, Aydın ermənilərə dağ çəkirdi: “Bəzən elə olurdu ki, postda yatırdı. Niyə aşağı düşmədiyini soruşanda isə deyirdi ki, niyə aşağı düşməliyəm? Ermənilər dəfələrlə onu vurmağa çalışsalar da, heç vaxt buna nail ola bilmirdilər. Çünki o, elə bil anadan olandan hərb üçün doğulmuşdu. Axırıncı atışma zamanı durmadan mövqe dəyişdirir, atəş açırdı. Bəlkə də, tək özü döyüşsəydi, onu vura bilməzdilər. Amma o, həm də yoldaşlarını qoruyurdu axı. İnana bilmədik ki, onu vurublar. Nəinki biz, hətta yer də, göyinana bilmirdi ki, o, şəhid olub”.

Ancaq qohumlarından və dostlarından fərqli olaraq Aydın şəhid qəhrəman olacağını qətiləşdiribmiş. Bunu deyən qardaşı Cavadın sözlərinə görə, Aydın da hələ sağ ikən qanını alan şəhidlərdəndir: “Sonuncu dəfə yaxın dostuyla danışdım. Aydın həmişə döyüş dostlarına deyirmiş ki, siz mənimlə fəxr edəcəksiz. Mən şəhid qəhrəman olacam. Vaxt gələcək, deyəcəksiz ki, Aydın mənim döyüş dostum, komandirim olub”.

 

Yeni Azərbaycan.- 2015.- 27 oktyabr.- S14.