YAP-ın qarşısında duran hədəflər müstəqil Azərbaycanın
qarşısındakı hədəflərdir
Milli Məclisin
deputatlığına namizəd, MM-in sədr
müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova
- Bahar xanım, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Ölkədə seçkiqabağı durumu necə səciyyələndirirsiniz?
- Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq mərhələsi uğurla başa çatdırılıb və hazırda təbliğat-təşviqat kampaniyası davam edir. Bu mərhələdə seçkilərə qatılan siyasi qüvvələr özlərinin potensialını nümayiş etdirir və cəmiyyət ayrı-ayrı namizədlərin, siyasi subyektlərin nəyə qadir olduğunu müəyyən mənada müşahidə edir. Yeni Azərbaycan Partiyası isə seçki kampaniyasının ən aktiv siyasi qüvvəsi olaraq təşviqat prosesini uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə çoxsaylı görüşlər keçirilir, partiyanın fəaliyyətindən, ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, əldə edilmiş nailiyyətlərdən, qarşıda duran hədəflər və vəzifələrdən bəhs edilir, seçicilərin fikir və təklifləri dinlənilir.
Ümumiyyətlə, Azərbaycanda seçkiöncəsi vəziyyət müsbət qiymətləndirilir, çünki bütün siyasi qüvvələrin ədalətli rəqabəti üçün hər cür şərait yaradılıb. Hesab edirəm ki, müəyyən sosial bazaya, təcrübəyə malik olan siyasi qüvvələr qanunun tələblərinə əməl etməklə öz təbliğat-təşviqat kampaniyasını apara və müəyyən uğurlar qazana bilərlər. Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın seçki qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək. Eyni zamanda, bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin müşahidə aparacaqlarına və obyektiv mövqe ortaya qoyacaqlarına inanırıq. Seçkidə iştirak edən namizədlər və siyasi qüvvələrin, mətbuat orqanlarının, müxtəlif təbəqələri təmsil edən seçicilərin fikir və rəyləri onu deməyə əsas verir ki, parlament seçkilərinə çox böyük maraq var. Çoxsaylı beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün müraciətləri də bunu göstərir.
Yeni Azərbaycan Partiyası daim qələbəyə hesablanmış işini uğurla irəli aparır
Bütövlükdə, Azərbaycanda cərəyan edən proseslər, o cümlədən seçki kampaniyaları hər zaman beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Bunun başlıca səbəbi Azərbaycanın yüksək nüfuza – müsbət imicə malik olması, ölkənin sürətlə inkişaf etməsidir. Bununla yanaşı, Azərbaycan həm də mütərəqqi seçki təcrübəsinə malikdir və yaradılmış demokratik şərait yüksək qiymətləndirilir.
Yeni Azərbaycan Partiyası isə, qeyd etdiyim kimi, seçki kampaniyasını müvəffəqiyyətlə davam etdirir. Partiyamızın bu seçkilərdə də uğur qazanacağı şübhəsizdir, çünki cəmiyyət Yeni Azərbaycan Partiyasına böyük inam bəsləyir, daim etimad bəsləyir. Bunun səbəbi isə Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə daim yeni uğurlar əldə etməsi, milli inkişafa misilsiz töhfələr verməsidir. Bütün bunlar imkan verir ki, Yeni Azərbaycan Partiyası daim qələbəyə hesablanmış işini uğurla irəli aparsın və yeni nailiyyətlər əldə etsin, seçki günü nəyə qadir olduğunu bir daha ortaya qoysun.
- Artıq 4-cü dəfə Yeni Azərbaycan Partiyası tərəfindən sizə etimad göstərilir – namizədliyiniz irəli sürülür...
- Növbəti dəfə namizədliyimin irəli sürülməsi Yeni Azərbaycan Partiyasının mənə göstərdiyi etimaddır və mən də partiyanın bir üzvü kimi, YAP-ın rəhbərliyində təmsil olunan bir şəxs kimi bu qərarın yerinə yetirilməsinə çalışıram. Bu, YAP tərəfindən namizədliyi irəli sürülmüş bütün şəxslərə aiddir və məqsədimiz qələbə qazanmaqla göstərilən etimadı doğrultmaqdır. Biz YAP-ın qələbəsi naminə çalışmaqla parlamentdə daha çox yerə sahib olmaq və uğurla fəaliyyət göstərmək istəyirik.
Yeni Azərbaycan Partiyasının mənə göstərdiyi böyük etimadı doğruldacağıma inanıram. Çünki mən çox böyük bir siyasi qüvvəni təmsil edirəm, bu partiyanı təmsil etmək isə böyük nailiyyət və qürurdur.
Seçiləcəyim təqdirdə öz fəaliyyətimlə partiyamızın və seçicilərin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam. Bu, hesab edirəm ki, partiyamız və xalqımız qarşısındakı əsas vəzifəmizdir.
- Milli Məclisin sədr müavini kimi parlamentin ötən müddət ərzindəki fəaliyyətini necə qiymətləndirərdiniz?
- Azərbaycan demokratik və hüquq dövlətdir, vətəndaş cəmiyyəti quruculuğu sahəsində çox böyük nailiyyətlər əldə edilib və hakimiyyətin hər üç qolu səmərəli, uğurlu fəaliyyət göstərir. Bu sırada qanunverici orqan olan parlamentin uğurlu fəaliyyət göstərməsini, parlamentarizm ənənələrinn möhkəmlənməsini, parlament mədəniyyətinin inkişafını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycan parlamenti bu gün cəmiyyət həyatının müxtəlif sahələrinin dinamik inkişafına mühüm töhfələr verir, ölkənin tərəqqisində özünəməxsus rol oynayır.
Onu da qeyd edim ki, insanlar parlamenti qanun yaradıcılığı ilə məşğul olan, ictimai və büdcəyə nəzarət funksiyasını yerinə yetirən, seçicilərin iradəsini ifadə edən, parlament diplomatiyası vasitəsilə ölkəni beynəlxalq aləmdə uğurla təmsil edən bir qurum kimi qəbul edir və onun işinə böyük etimad bəsləyir. Yəni, seçicilər parlamentin fəaliyyətini məhz onun səlahiyyətləri və funksiyaları əsasında obyektiv dəyərləndirir, adekvat münasibətlərini ifadə edirlər.
Azərbaycan parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasətə uğurla dəstək verib
Nəzərə çatdırmaq istəyirəm ki, Milli Məclis ötən beş ildə cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən çoxsaylı qanunlar qəbul edib, ölkəni ayrı-ayrı beynəlxalq təşkilatlarda uğurla təmsil edib, ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verib. Eyni zamanda, Azərbaycanda üzvü olduğumuz bir sıra beynəlxalq təşkilatların tədbirləri keçirilib, bu mötəbər tədbirlərdə ölkəmiz layiqincə təmsil olunub. Mən ATƏT Parlament Assambleyasının, AŞPA-nın, İƏT-in, İCAPP-ın və digər təşkilatların ölkəmizdə keçirilən tədbirlərini xüsusilə qeyd etmək istəyirəm. Bu tədbirlərin hər birində parlament üzvləri bu və ya digər səviyyədə uğurla iştirak edib.
Bununla yanaşı, Azərbaycan parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasətə uğurla dəstək verib, Dostluq Qruplarında, Parlament Assambleyaları çərçivəsində fəaliyyətimiz çərçivəsində bu məsələni daim aktual müzakirə predmetinə çevirib, müxtəlif qərarların qəbul edilməsinə nail olub. Məsələn, ATƏT-in Parlament Assambleyasının Finlandiyada keçirilən yubiley tədbirində Dağlıq Qarabağ məsələsinə dair çox ciddi bir qətnamənin qəbul olunmasına nail olduq. Bu, onu göstərir ki, Azərbaycan parlamenti sadaladığım istiqamətlərlə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində uğurla iştirak edir.
Yeni hədəflərə doğru bizimlə birlikdə...
Azərbaycan parlamentinin nümayəndələri müxtəlif beynəlxalq təşkilatların rəhbər orqanlarına seçilir, ölkəni uğurla təmsil edirlər. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə parlament nümayəndələri öz üzərinə düşən vəzifələri inamla yerinə yetirdi.
Bütövlükdə, ötən müddət ərzində parlament öz funksiyalarıını uğurla yerinə yetirdi, əlaqələrini daha da genişləndirdi, eləcə də hakimiyyətin digər qollarını təmsil edən müvafiq qurumlarla Azərbaycanın inkişafı naminə uğurla əməkdaşlıq etdi.
- İstərdik ki, Yeni Azərbaycan Partiyasının seçkiqabağı fəaliyyətinə kənar müşahidəçi baxışı ilə nəzər salasınız ...
- Yeni Azərbaycan Partiyasının fəaliyyəti onun adına uyğundur. Yəni, partiya Yeni Azərbaycan quruculuğu ilə məşğuldur. YAP-ın Proqram və Nizamnaməsində də hədəf məhz bu cür təsbit edilib – yeni müstəqil Azərbaycan! Bizim ilk şüarımız bu idi.
Bu gün müstəqil Azərbaycan daim yeniləşir, modernləşir, inkişaf edir. Və bizim qarşımıza yeni hədəflər çıxır – qarşıya yeni məqsədlər qoyulur. YAP-ın qarşısında duran hədəflər müstəqil Azərbaycanın qarşısındakı hədəflərdir. Yeni Azərbaycan Partiyasının seçki kampaniyasındakı şüarı da məhz “Yeni Hədəflərə Doğru”dur və bu, partiyanın fəaliyyətini, məqsədini dolğun şəkildə əks etdirir.
Ümumiyyətlə, partiyamızın timsalında çoxşaxəli və səmərəli fəaliyyət sayəsində ildən-ilə yeni nailiyyətlər əldə edilir, ölkəmizin inkişafına mühüm töhfələr verilir. Partiyanın beynəlxalq əlqələrinin genişlənməsi isə Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə kimi çıxış edir. YAP təkcə Azərbaycanın deyil, eyni zamanda, regionun ən güclü və nüfuzlu siyasi partiyasıdır. Partiyamıza daim böyük etimad göstərilir, bunun müqabilində isə YAP xalqımıza sonsuz inam aşılayır.
Beləliklə, qələbələr partiyası olan YAP fəaliyyət göstərdiyi müddət ərzində çox böyük nailiyyətlər əldə edib, regionun ən güclü partiyasına çevrilməyi bacarıb. Məhz bütün bunların sayəsində seçki kampaniyası da uğurla davam etdirilir, keçirilən bütün görüşlərdə insanların partiyamıza dərin inam və etimadı əks olunur.
Sonda seçicilərə müraciət edərək demək istəyirəm ki, onlara müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq xoşbəxtliyini bəxş edən Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs versinlər, yeni hədəflərə doğru bizimlə birlikdə addımlasınlar.
Yeni Azərbaycan.- 2015.- 29 oktyabr.-
S.14