Qəbələ festivalı mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə
yeni töhfələr verdi
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VII Qəbələ Beynəlxalq Musiqi Festivalı bu dəfə də Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrildi. Zəngin proqramı və çoxsaylı iştirakçıları ilə yadda qalan festival bir daha təsdiq etdi ki, Azərbaycan Qərblə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır. Bu baxımdan möhtəşəm musiqi bayramı mədəniyyətlərarası dialoqa, fərqli musiqi sənətlərinin təmasına daha bir töhfə oldu. Sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edən bu festival beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq nüfuzunu ildən-ilə artırır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir ki, 2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu... Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir... Bu festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisədir.
Səkkiz ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna, İsrail) tanınmış kollektivlərin, məşhur solistlərin və dirijorların qatıldığı VII Beynəlxalq Musiqi Festivalı iştirakçılara da, tamaşaçılara da yaddaqalan anlar bəxş etdi. Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqisi zalında və açıq səma altında qurulmuş səhnədə keçirilən konsert proqramlarında məşhur musiqiçilərlə yanaşı, gənc ifaçıların da çıxışları böyük maraqla dinlənildi. Festivalda ənənəvi olaraq klassik və kamera musiqisi ilə bərabər, milli muğamımıza da xüsusi yer ayrılmışdı. Açıq havada keçirilən muğam axşamına sənətsevərlər xüsusi heyranlıqla tamaşa etmişlər. Hər kəsə yüksək sənət zövqü yaşadan konsertdə tanınmış gənc xanəndələr - II Beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyeva, Muğam Televiziya Müsabiqəsi - 2011də üçüncü yeri tutan Nigar Şabanova, 2007-ci ildə keçirilən muğam müsabiqəsində ikinci yerə layiq görülən Abgül Mirzəliyev maraqlı çıxışlarla öz məharətlərini göstərmişlər. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğam və təsniflərini ifa etmişlər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının izlədiyi konsert iki saat davam etmiş və alqışlarla yekunlaşmışdır.
Festival çərçivəsində Azərbaycanın fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Cahangir Qarayevin 39 ildən sonra fortepiano üçün sonatasının təqdimatı keçirilmişdir. Festivalın bədii rəhbəri, Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin elmi redaktorluğu ilə nəşr edilən üçhissəli əsər dünyadan vaxtsız köçmüş gözəl bəstəkarın və pianoçunun 65 illik yubileyinə həsr olunmuşdu. BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov çıxışında bildirdi ki, arxivdə Cahangir Qarayevin həmin əsərinin əlyazmasının surəti saxlanılıb. Onu nəşrə hazırlayan zaman sonatanın not mətnini bərpa və redaktə etmək üçün böyük iş görülüb. Yenidən yığılan mətnlə yanaşı, itirilmiş əlyazmanın əslinin reproduksiyasının nəşrə əlavədə yerləşdirilməsi onu daha da dəyərli edib. Sənətşünaslıq doktoru Ceyran Mahmudova isə Cahangir Qarayevin yaradıcılığının əsas mərhələlərini xarakterizə edərək vurğulayıb ki, 1976-cı ildə yazdığı fortepiano üçün sonata onun yaradıcılığında xüsusi yer tutur. Burada sonata formasının sərbəst traktovkası bədii təfəkkürün dərin milli zəmininə söykənir. Sonatada təkcə dil vasitələri, forma detalları deyil, daha əhatəli - musiqi dramaturgiyası səviyyəsində muğamın stilistik qanunauyğunluqları ilə əlaqə üzə çıxır. Cahangir Qarayevin əsəri məktəb-studiyanın müəllimi, pianoçuların beynəlxalq müsabiqəsinin laureatı Fəqan Həsənlinin yüksək bədii interpretasiyasında təqdim olundu. Sonata onun virtuoz ifasında coşqun improvizasiya kimi səsləndi və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.
Heydər Əliyev Konqres Mərkəzində festivalın daha bir maraqlı konserti təqdim olundu. Konsert skripka, violonçel və piano ifaçılarının beynəlmiləl tərkibi ilə seçildi. Proqramda Kiyev solistləri Milli Kamera Ansamblının bədii rəhbəri, Candia Piano Trio ansamblının təsisçisi olan ukraynalı Aleksey Yasko (skripka), beynəlxalq festival və müsabiqələrin iştirakçısı ingiltərəli Tomas Blax (piano), rusiyalı Aleksandr Rojdestvenski (skripka), Yeni Rusiya Dövlət Simfonik Orkestrinin dirijoru, Grammy mükafatı laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya) çıxış etdilər. Onlarla yanaşı səhnəyə BMA-nın professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının müəllimi Taras Yaropud (skripka), tanınmış pianoçu Oksana Yablonskaya (ABŞ-Rusiya) və başqaları maraqlı çıxışları ilə tamaşaçıları valeh etdilər. Konsertdə Avropa bəstəkarlarının əsərləri səsləndirildi. P.Çaykovskinin, Ç.Koreanın, G.Eneskunun, L.Bethovenin böyük ustalıqla ifa olunan klassik əsərləri musiqisevərlərin zövqünü oxşadı.
Festivalın açıq səma altındakı səhnəsində məşhur Moskva virtuozları Kamera Orkestrinin konserti anşlaqla qarşılandı. Proqramda Motsartın, Haydnın, Veberin və başqalarının klarnet və simli alətlər üçün əsərləri səsləndirildi.
Festival çərçivəsində Azərbaycan və alman bəstəkarlarının kamera musiqisindən ibarət konserti keçirildi. Burada əməkdar artist Gülnaz İsmayılovanın, beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər Fərhad Qayayusiflinin, Səidə Tağızadənin, Aslan Aslanovun, Kənan Mailovun və başqalarının ifalarında məşhur bəstəkarların əsərləri səsləndirildi. Heydər Əliyev Konqres Mərkəzində keçirilən daha bir konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi. Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə keçən konsertdə Ü.Hacıbəylinin Arazbarı, Fikrət Əmirovun Min bir gecə baletindən Mərcanənin rəqsi, Sevda İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, V.Motsartın Divertisment in B, D.Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti tamaşaçılara təqdim edildi. Konsertdə məlumat verildi ki, Azərbaycan musiqisinin klassikləri olan Q.Qarayev və F.Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri, xalq artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Konsertdə xalq artisti M.Adıgözəlzadənin və professor Y.Axundovanın çıxışları maraqla qarşılanıb. Xorvatiyalı gitaraçıların çıxışı da festivala xüsusi rəng qatıb. Kamera musiqisi zalında keçirilən konsertdə məşhur Dubrovnik Gitara Triosunun ifa etdikləri musiqi əsərləri tamaşaçıların zövqünü oxşayıb. Bu trio dünyanın 15-dək ölkəsində konsert proqramları təqdim edib.
Festival çərçivəsində gənc pianoçuların III Beynəlxalq müsabiqəsi də keçirilib. Müsabiqədə Azərbaycanı Nərgiz Kəngərli təmsil edib. Yarışmada dünyanın 7 ölkəsindən gəlmiş istedadlı gənc ifaçılar iştirak ediblər. Çıxışlardan sonra pianoçuların mükafatlandırılması mərasimi keçirilib. Burada T.Şafran (Ukrayna) və Aiko Tomiya (Yaponiya) birinci, Nərgiz Kəngərli (Azərbaycan) ikinci yeri tutublar.
Festivalın bağlanış mərasimi də maraqlı yekun konserti ilə başa çatıb. Səhnə Moskva virtuozları Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə Yeni Rusiya Dövlət Simfonik Orkestrinin dirijoru, Qəbələ Festivalının bədii rəhbəri D.Yablonski, BMA-nın rektoru F.Bədəlbəyli, Rusiyanın tanınmış musiqiçisi S.Nakaryakov da çıxış ediblər. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.Motsartın, F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, J.Arbanın əsərləri səsləndirilib. Yekun konsertini 1000-dən çox tamaşaçı izləyib və gurultulu alqışlarla qarşılayıb. Festival möhtəşəm atəşfəşanlıqla sona çatıb.
İradə ƏLİYEVA
Yeni Azərbaycan.-2015.-6 avqust.-S.5.