Xalqımızın növbəti
seçkilərdə də Yeni Azərbaycan
Partiyasının namizədlərinə etimad
göstərəcəyi şübhəsizdir
YAP Yasamal rayon təşkilatının sədri
Tağı Əhmədov
- Tağı müəllim, növbəti parlament seçkiləri ərəfəsindəyik. Bu ərəfədə partiyamızın cəmiyyətdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...
- Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Azərbaycanı XXI yüzilliyin və üçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.
Həyat çoxdan sübuta yetirib ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.
Qeyd edim ki, YAP-ın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.
Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Yəni, ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, düşünürəm ki, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.
Onu da vurğulamaq istəyirəm ki, ölkəmizdə bütün seçkilər azad və şəffaf keçirilib. Amma müəyyən xarici qüvvələr ölkəmizin imicinə zərbə vurmaq üçün mühüm hadisələr ərəfəsində «fəallaşırlar». Bu «fəallığı» iyun ayında keçirilən birinci Avropa Oyunları zamanı da müşahidə etdik. Belə ki, həmin möhtəşəm tədbir ərfəsində və keçirildiyi zaman anti-azərbaycançı qüvvələr bütün imkanları Azərbaycanın əleyhinə yönəltmişdilər. Amma öz məqsədlərinə nail ola bilmədilər. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi birinci Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edərək keçirdi. Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünya idman tarixində bir ilkə imza atdı. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkiləri də azad, şəffaf və ədalətli keçiriləcək. Bununla da, Azərbaycan bütün dünyaya demokratik dövlət olduğunu bir daha nümayiş etdirəcək. Və seçki amilindən sui-istifadə edərək ölkəmizə qarşı qərəzli kampaniyalar aparan qüvvələr bu dəfə də məqsədlərinə çatmayacaqlar.
- Tağı müəllim, rəhbərlik etdiyiniz YAP Yasamal rayon təşkilatının fəaliyyəti haqqında da məlumat verməyinizi xahiş edirik. Partiyamızın ən böyük yerli strukturlarından biri olaraq Yasamal rayon təşkilatı üzərində düşən missiyanı hansı səviyyədə yerinə yetirir?
- Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir. Qeyd etdiyiniz kimi təşkilatımız YAP-ın ən böyük yerli strukturlarından biridir. Nəzərinizə çatdırım ki, təşkilatımızda partiya üzvlərinin sayı 27 min 594 nəfərdir. Onlar 138 ərazi ilk partiya təşkilatında birləşiblər. Üzvlərimizin 12 min 892 nəfəri qadın, 12 min 95 nəfəri isə gəncdir. Sevindirici haldır ki, partiyamıza qoşulanların arasında gənclər üstünlük təşkil edir.
Təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə fəaldırlar. Belə ki, bütün seçkilərdə YAP Yasamal rayon təşkilatı xeyli fəallıq göstərib, həm seçiçilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilib. Ötən dövrdə YAP Yasamal rayon təşkilatı tərəfindən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, o cümlədən, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifahı halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlərin və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına edilən müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət dəstəklənir, ölkədə aparılan böyük quruculuq işlərinin bəyənildiyi ifadə olunur.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan hakim siyasi təşkilatdır. Biz Yasamal rayon təşkilatı olaraq bundan sonra da partiyamızın cəmiyyətdə nüfuzunun daha da möhkəmlənməsi üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.
- Noyabr ayında ölkəmizdə keçiriləcək parlament seçkiləri dünyanın, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. YAP Yasamal rayon təşkilatı bu seçkilərə necə hazırlaşır?
- YAP Yasamal rayon təşkilatı qarşıdan gələn parlament seçkilərinə ciddi şəkildə hazırlaşır. Əmin ola bilərsiniz ki, bu siyasi kampaniyada təşkilatımız öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq. Bunun üçün ciddi əsaslarımız var. Fəaliyyətini Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə əsasən formalaşdıran YAP Yasamal rayon təşkilatının üzv və fəalları parlament seçkilərinə demokratiyanın tələblərinə uyğun, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara müvafiq hazırlaşırlar.
Seçkilərə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının paytaxtda və bölgələrdə keçirilən müşavirələrində söylənilən tövsiyələri nəzərə alaraq fəaliyyət istiqamətlərini müəyyənləşdirən təşkilatın üzvləri ikiqat əzmlə çalışırlar. Siyasi kampaniyalara hazırlığın vəziyyəti ilə əlaqədar geniş müzakirələr təşkil olunur, tövsiyələr bildirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Bilirsiniz ki, rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında da seçkilərə hazırlıq qarşıya qoyulan vəzifələr əsasında davam etdirilir. Seçkilərlə əlaqədar keçirilən iclaslarda hər gün üçün müəyyənləşdirilən vəzifələr dəqiqləşdirilir, partiya fəallarına tapşırıqlar verilir. Bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Yeni Azərbaycan Partiyası ötən illərdə sınanmış seçki texnologiyasından istifadə edərək qələbələrini davam etdirmək əzmindədir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsi də hazırlıq işlərini demokratik şərtlərə uyğun aparır. 26 nəfərdən ibarət rayon şöbəsinin üzvləri, imzatoplama mərhələsində iştirak edəcək 30 nəfərlə söhbətlər aparır, parlament seçkilərinin ölkənin siyasi həyatındakı mühüm rolu və əhəmiyyəti reallıqlara əsasən açıqlanır. Onu da deyim ki, Yasamal rayonu üzrə səsvermə prosesi 92 seçki məntəqəsində keçiriləcək.
Partiyanın tədbirlər planına uyğun olaraq bütün fəallar hazırlıq işlərinə cəlb olunub. Hazırlıqda əsas şərtlərdən biri də üzvlərin və fəalların fəaliyyətini koordinasiya etməkdir. İlk təşkilatlarda da Yeni Azərbaycan Partiyasının qələbəsi naminə ciddi hazırlıq görülür. Seçki məntəqələrində fəaliyyət göstərəcək müşahidəçilərə lazımi təlimatlar verilir. Həm imza toplayacaq, həm də müşahidəçilik edəcək partiya fəalları üçün treninqlər keçirilib. İnanırıq ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsi üzvləri, eləcə də, bütövlükdə rayon təşkilatı parlament seçkilərində qələbə naminə üzərilərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər.
- Partiyamızın siyasətində gənclərlə iş sahəsinə böyük əhəmiyyət verilir. Eyni zamanda, seçki kampaniyalarına da gənclər geniş şəkildə cəlb olunurlar. Bu baxımdan, YAP Yasamal rayon təşkilatı hansı tədbirləri həyata keçirməkdədir?
- Bilirsiniz ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 250 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. Ümumiyyətlə, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir. Bunun da ciddi əsasları var. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Ulu öndər Heydər Əliyev vurğulayırdı ki, gələcək gənclərin əlindədir.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda dövlət orqanlarında, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Gənclərin daim irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.
YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Gənclər bütün seçkilərdə də fəal iştirak ediblər.
Yuxarıda qeyd etdiyim kimi YAP Yasamal rayon təşkilatının
minlərlə gənc birləşib. Bilirsiniz
ki, bu rayonda
bir neçə ali məktəb
fəaliyyət göstərir və bu səbəbdən
də Yasamala bəzən «gənclər rayonu» da deyirlər. Təşkilatımızın
sıralarında birləşən gənclərin əksəriyyəti
də tələbə-gənclərdir. Gənclərimiz hər
zaman seçkilərdə aktiv
iştirak ediblər. Şübhəsiz ki, qarşıdan gələn parlament
seçkilərində də belə olacaq.
Seçki kampaniyasının müəyyən
mərhələlərində gənclərin potensialından
geniş istifadə edirik.
İmza toplayacaq,
müşahidəçilər arasında xeyli
sayda gənclərimiz var.
Onlar həmçinin, təbliğat
qruplarında da aktiv təmsil
olunacaqlar.
Yeni Azərbaycan.-2015.- 1 sentyabr.-
S. 5.