Qubadlı ictimaiyyəti rayonun Ermənistan tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirib

 

Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar rayon rəhbərliyi, eləcə də, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon idarə, müəssisə və təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, daha sonra şəhidlərin məzarları ziyarət olunub.

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, zəngin tarixə malik olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal edilib. Vurğulanıb ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın insan ağır yaralanıb. İşğal faktı nəticəsində 300-dən artıq rayon sakini əlil olub, 100 nəfərdən çoxu itkin düşüb. Rayonun müdafiəsində igidlik nümayiş etdirmiş 9 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Hazırda 36 min nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. M.İsaqov bildirib ki, əhalinin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb: “Dövlətimiz hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə yaxından maraqlanır. Əsası Ulu öndərimiz tərəfindən qoyulanbu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilən siyasətin nəticəsidir ki, qaçqın və məcburi köçkünlər evlə təmin olunurlar, onların yaşayış səviyyəsi günü-gündən yaxşılaşdırılır. Bütün diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil”.

Daha sonra çıxış edən natiqlər də bildiriblər ki, Qubadlı sakinləri hər zaman inanıblar, bu gün də inanırlar ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulanPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Dağlıq Qarabağın, Qubadlının azadlığını təmin edəcək.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.-2015.- 1 sentyabr.- S. 6.