Azərbaycan dünyada
idman ölkəsi kimi
böyük nüfuz
qazanıb
Prezident İlham
Əliyev: Əminəm ki, gələcək
illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcəkdir
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın qısa müddətdə böyük uğur qazandığı sahələrdən biri də idmandır. Son illərdə idmançılarımızın dünya miqyasında keçirilən yarışlarda qazandıqları möhtəşəm qələbələr, respublikamızın beynəlxalq səviyyəli çempionatlara uğurla ev sahibliyi etməsi, o cümlədən, cari ilin iyununda birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirməklə yeni standartlar müəyyənləşdirməsi, həmçinin, son günlərdə futbol üzrə iki komandamızın - “Qarabağ”ın və “Qəbələ”nin Avropa Liqasında təsnifat yarışlarını uğurla keçirərək qrup mərhələsinə vəsiqəni təmin etmələri Azərbaycanın həm də idman ölkəsi olduğunu təsdiqləyir. Əlbəttə, son illərdə Azərbaycanın idman uğurlarının artmasında federasiyaların, klubların, ayrı-ayrı sahələrdə çalışan mütəxəssislərin, idmançıların böyük əməyi var. Ancaq xüsusi olaraq vurğulanmalıdır ki, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, ilk növbədə, bu sahəyə göstərilən yüksək dövlət qayğısı ilə bağlıdır. Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi, Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Prezident İlham Əliyevin səyi ilə ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. Nəticədə, idman Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsinə çevrilib. Prezident İlham Əliyev birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə söylədiyi nitqində idman sahəsində nailiyyətlərin müəyyən bir baza əsasında qazanıldığını nəzərə çatdıraraq fəxrlə bəyan edib ki, ölkəmizdə birgə səylərlə idmanın inkişafı üçün lazımi baza yaradılıb: “İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar”.
Ən yüksək standartlar səviyyəsində yaradılan infrastruktur respublikada idmanın inkişafına güclü təkan verib
Son illərdə Azərbaycan idmanının keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasında yaradılan müasir infrastrukturun rolunu xüsusi vurğulamaq gərəkdir. Açıq etiraf edək ki, müstəqilliyimizin ilk illərində ölkə həyatının digər sahələri kimi, idman təsərrüfatında da biganəliyin və səriştəsizliyin nəticəsi olaraq acınacaqlı vəziyyət yaranmışdı. Bu sahədə vəziyyət 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra öz normal axarına düşdü. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verildi.
Eyni zamanda, son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxtda və bölgələrdə yüksək səviyyədə inşa edilən Olimpiya idman kompleksləri ölkənin idman infrastrukturunu daha da zənginləşdirib. Hazırda respublikada istifadəyə verilən Olimpiya idman komplekslərinin sayı 50-ni ötüb və daha bir neçə bölgədə oxşar idman obyektləri inşa olunur. Bu isə ölkəmizdə idmanın kütləviləşməsi deməkdir. Yeni tikilən Olimpiya idman komplekslərinin sayəsində təkcə Bakıda deyil, bölgələrdə də gənclər müxtəlif idman növləri ilə məşğul olmaq imkanı qazanıblar.
Bakıda yelkən idmanı üçün nəzərdə tutulan yaxt-klub, “Musado” taekvando evi, otüstü xokkey kompleksi, “ABU-Arena” həndbol mərkəzi yeni tikilən idman obyektləri sırasındadır.
Cari ilin iyununda Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin idman infrastrukturunu daha da zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində bir sıra mövcud idman qurğularında, o cümlədən də, Bakı İdman Sarayında, Kristal Hollda, Heydər Əliyev adına İdman-Konsert Sarayında əsaslı yenidənqurma və zəruri uyğunlaşdırma işləri aparılıb. Əlamətdar haldır ki, ölkəmizdə yeni inşa olunan və yaxud yenidən qurulan idman obyektlərində ən yüksək standartlar tətbiq olunur. Prezident İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında bu cəhəti nəzərə çatdıraraq bildirib: “...Son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil”.
Yüksək dövlət qayğısı idmançılarımızın uğurlarının ilbəil artmasında əks olunur
Təbii ki, görülən işlər öz uğurlu bəhrəsini verir və idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda qazandıqları nailiyyətlər ilbəil artır. Azərbaycanı təmsil edən idmançılar hər dəfə Olimpiya Oyunlarında daha yüksək nəticələrə imza atırlar. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb.
Ötən il isə Azərbaycan idmançıları daha bir böyük uğura imza atıblar. Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamız 10-cu yeri tutub. Milli komandamızın təmsilçiləri yarışlarda 12 medal qazanıblar ki, onlardan 5-i qızıl medaldır. Bu nəticələrə görə Azərbaycan Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb. Yüksək göstəricilərlə Vətənə dönən idmançıları qəbul edən Prezident İlham Əliyev qazanılan nəticələri bütövlükdə Azərbaycan gənclərinin və Azərbaycan dövlətinin qələbəsi kimi dəyərləndirib. Ölkəmizdə idman sahəsində nəsillər arasında əlaqənin, ardıcıllığın təmin olunmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ölkəmizin böyük idman uğurları vardır. Hər il idmançılarımız müxtəlif beynəlxalq idman yarışlarında yüzlərlə medal qazanırlar. Azərbaycanda keçirilən dünya, Avropa çempionatları idmanı ölkəmizdə geniş şəkildə təbliğ edir və uşaqları, gəncləri, yeniyetmələri idman bölmələrinə gətirir, beləliklə, ardıcıllıq təmin edilir”.
Haqqında bəhs olunan görüşdə Prezident İlham Əliyev idmançılarımızın ölkədəki sağlam idman mühitindən daha səmərəli bəhrələnəcəklərinə və beynəlxalq yarışlarda yeni-yeni uğurlara imza atacaqlarına əminliyini ifadə edib. İdmançılarımızın yüksək vətənpərvərliyini diqqətə çatdıran dövlət başçısı onlara öz peşəkarlıqlarını daim artırmağı tövsiyə edib: “Mən gənclərlə Bakıda, bölgələrdə tez-tez görüşürəm, onlara ürək sözlərimi deyirəm və qeyd edirəm, biz fəxr edə bilərik ki, müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar və öz işi ilə ölkəmizin inkişafına töhfə verirlər. Siz gələcək fəaliyyətinizdə bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız və eyni zamanda, çalışmalısınız ki, peşəkarlığınızı artırasınız”.
Azərbaycanda çox sevilən futbol da sürətlə inkişaf edir
Məlumdur ki, respublikamızda ilk futbol komandası 1911-ci ildə yaradılıb. “Britaniya klubu” adlanan bu komanda 1912-ci ildə Gürcüstanın Tbilisi şəhərində yerli “Sokol” komandası ilə ilk beynəlxalq görüşünə çıxıb və 4:2 hesabı ilə qələbə qazanıb.
Sonrakı illərdə respublikamızda daha bir neçə futbol komandası yaradılıb. Azərbaycanın futbol tarixində ən böyük uğura isə 1937-ci ildə “Neftyannik” adı ilə yaradılan “Neftçi” komandası imza atıb. Bu komanda güclü SSRİ çempionatında uğurla çıxış edib, 1966-cı ildə isə üçüncü pilləyə yüksəlməyə nail olub.
Ötən dövrdə Azərbaycanda hər bir futbolsevərə qürur gətirən bir neçə məşhur futbolçular pleadası yetişib. Ələkbər Məmmədov, Anatoli Banişevski, Kazbek Tuayev, Yaşar Babayev, Adil Babayev, Sergey Kramarenko, Valeri Hacıyev və digərləri indi də əfsanəvi futbolçular kimi xatırlanırlar.
Müstəqil Azərbaycanda da futbolun inkişafına xüsusi qayğı göstərilir. Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkəmizdə insanların çox sevdikləri futbolun qarşısında yeni inkişaf perspektivləri açıb. Uğurla reallaşdırılan Dövlət Proqramında ölkəmizdə futbolun inkişaf istiqamətləri müəyyənləşdirilib. Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvləri ilə görüşündə ölkəmizdə futbolun inkişaf etdirilməsinin dövlət siyasəti olduğunu bir daha nəzərə çatdırıb: “...Futbolun inkişafı Azərbaycanda dövlət siyasətidir, Dövlət Proqramı qəbul edilmişdir. Əminəm ki, gələcək illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcəkdir”.
Hər bir idman növü kimi, futbolda da uğurlar qazanılmasında müasir standartlara cavab verən infrastrukturun yaradılması mühüm şərtdir. Bu cəhətdən son illərdə ölkəmizdə futbol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər məmnunluq doğurur. Futbol infrastrukturunun yenilənməsi istiqamətində yerinə yetirilən layihələr içərisində mövcud stadionların yenidən qurulmasını, eləcə də, yeni arenaların tikintisini xüsusi vurğulamaq gərəkdir.
Prezident İlham Əliyevin “Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” 6 iyul 2011-ci il tarixli müvafiq Sərəncamına əsasən sözügedən arenada böyük iş həcmi yerinə yetirilib. Belə ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülüb və yerində yeni tribuna inşa edilib. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülüb, yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, stadionda tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyası quraşdırılıb. Beləliklə də, tribuna 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülüb.
Son illərdə əksər futbol klubları yeni, müasir standartlara cavab verən təlim-məşq bazaları ilə təmin olunub, paytaxt Bakıda və bölgələrdə yeni stadionlar tikilib. Bu sırada “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-Lənkəran” komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Birinci Avropa Oyunları ərəfəsində isə Bakıda möhtəşəm Olimpiya Stadionu istifadəyə verilib. 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.
“2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nda uşaq futbolu ilə də bağlı bir çox maddələr öz əksini tapıb. Son vaxtlar AFFA tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, uşaqlar üçün paytaxtda və bölgələrdə UEFA-nın “Het-trik” proqramına uyğun olaraq çoxlu sayda süni örtüklü meydançalar istifadəyə verilib. Belə meydançalarda əsasən məktəbyaşlı uşaqlar, şagirdlər futbolun sirlərini öyrənmək imkanı əldə edirlər. Respublikamızda futbolu yeniyetmələr arasında kütləviləşdirmək məqsədilə 13, 14, 15, 16 və 17 yaşlılardan ibarət komandaların çempionatları təşkil olunub. Həmçinin, AFFA Futbol Akademiyası inşa olunaraq uşaqların ixtiyarına verilib. AFFA və Təhsil Nazirliyinin birgə layihəsi əsasında isə orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi fənləri futbol dərsləri ilə əvəz edilir. Son illərdə ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi məqsədilə xüsusi təyinatlı məktəblərin yaradılması da təqdirəlayiq haldır.
“Qarabağ” və “Qəbələ” Azərbaycan futbolunu Avropada tanıdır
Son illərdə ölkəmizdə futbolun inkişafına göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Belə ki, artıq Azərbaycan komandaları güclü futbol ənənələrinə malik ölkələrin təmsilçiləri ilə başabaş mübarizə aparırlar. İşğal altındakı Ağdam rayonunu təmsil edən “Qarabağ” komandasının son illərdə nüfuzlu Avropa Liqasında uğurlu çıxışları bunu bir daha təsdiqləyir. Ötən mövsümdə Avropa Liqasının təsnifat mərhələsini uğurla keçən “Qarabağ” qrup mərhələsində də məzmunlu oyunu ilə diqqət mərkəzində oldu və “İnter”lə görüşdə hakimlər briqadasının ədalətsizliyi nəticəsində mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yuxarıda bəhs etdiyimiz görüşdə “Qarabağ”ın öz oyunları ilə azarkeşlərə, bütün xalqımıza xoş anlar yaşatdığını xüsusi vurğulayıb: “Deyə bilmərəm ki, futbolçularımız bizi tez-tez sevindirirlər. Ancaq gözəl anlar da kifayət qədər çoxdur və “Qarabağ” futbol klubu o klublardandır ki, bu anları xalqımıza bəxş edir”.
Cari mövsümdə də “Qarabağ” öz ənənəsinə sadiq qalaraq Avropa Liqasında uğurlar seriyasını davam etdirir. Komanda təsnifat mərhələsinin son görüşündə İsveçrənin “Yanq Boyz” klubunu 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq qrup mərhələsinə adladı.
Digər bir komandamız - “Qəbələ”də Avropa Liqasında parlaq çıxışları ilə azərbaycanlı futbolsevərlərə böyük sevinc bəxş etməkdədir. Komanda təsnifat mərhələsində keçirdiyi son səfər görüşündə Yunanıstanın güclü “Panatinaikos” komandası ilə məhsuldar bərabərliyə (2:2) imza atmaqla qrup mərhələsində iştirak hüququnu təmin etdi.
Azərbaycanın eyni vaxtda iki komandasının Avropa Liqasının qrup mərhələsində təmsil olunması ilk dəfədir ki baş verir. Əminik ki, komandalarımız qrup mərhələsindəki oyunlarında da azarkeşlərə, xalqımıza qələbə sevinci yaşadacaqlar.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 2 sentyabr
S. 3.