Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var

 

Nahid Bağırov: Yaxın 5 ildə Azərbaycana gələn turistlərin sayı 2 dəfədən çox artacaq

 

Turizm tükənməyən gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrin dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Turizm mövsümünün ilboyu davam etməsi ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Türkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla hesablanan əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, avqustun 8-də Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlara ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün öz dəyərli tövsiyələrini verib. Bəs, görəsən, artıq başa çatmaqda olan turizm mövsümü bu il hansı cəhətləri ilə yaddaqalan oldu? Turizm şirkətlərimiz ölkəyə kifayət qədər turist cəlb edə bildilərmi? Daxili turizmin inkişafında nə kimi yeniliklər oldu, yerli sahibkarlar öz qiymət siyasətlərini düzgün qura bilirlərmi? Bütün bu suallara Azərbaycan Turizm Şirkətləri və Hotellər Assosiasiyasının (AZTA) prezidenti Nahid Bağırovla müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Nahid müəllim, Azərbaycanda turizm mövsümü artıq ekvator xəttini keçib. Ötən dövrə nəzər saldıqda turizmin inkişafını necə görürsünüz? Bu il ölkəmizə kifayət qədər turist cəlb edə bildikmi?

- Bəli, bu il turizm şirkətləri vasitəsilə Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilməkdədir. Apardığımız monitorinqlərin nəticəsində təqribən 20-30 faiz artım müşahidə etmişik. Bu, hər şeydən əvvəl, iyun ayında Bakıda keçirilən ilk Avropa Oyunları ilə bağlıdır. Ümumiyyətlə götürdükdə, xarici turistlərin Azərbaycana marağı ildən-ilə artır. İlk Avropa Oyunları da buna bir təkan verdi. Belə ki, yarışları izləmək üçün minlərlə turist ölkəmizə gəldi. Yarışların başa çatmasından xeyli müddət ötsə də, bu proses hələ də davam etməkdədir. Bunun əyani şahidi olmaq üçün elə paytaxtın mərkəzi küçələrinə çıxmaq kifayətdir - çoxlu əcnəbi vətəndaşı görmək mümkündür. Bundan əlavə, ölkəmizə gələn turistlər təkcə paytaxtla kifayətlənmirlər, onlar həm də ölkəmizin regionlarını görməyə can atırlar. Odur ki, Şəki, Qəbələ, Qax, Lənkəran və digər bölgələrimizdə də xarici turistləri müşahidə etmək artıq adi bir hala çevrilib. Bu prosesin təqribən hələ bir ay da davam edəcəyi gözlənilir. Elə gün olmur ki, xarici ölkələrdən bizim yerli turoperatorlarla əlaqə qurmaq üçün AZTA-ya müraciətlər daxil olmasın. Bu isə xarici ölkələrdə Azərbaycana olan marağın necə artdığını göstərir. Yeri gəlmişkən xatırladım ki, bu ilin martında Moskva şəhərində böyük turizm festivalı -”II Workshoop” keçirildi. Tədbirə dünyanın bütün aparıcı hotelləri, iri turizm şirkətlərinin nümayəndələri qatılmışdılar. Ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi AZTA ilə birgə bu tədbirdə iştirak edirdi. Biz həm də tədbirin baş sponsoru qismində çıxış edirdik. Ziyarətçilərin, demək olar ki, böyük əksəriyyəti stendimizə yaxınlaşıb Azərbaycandan olan turizm şirkətləri ilə maraqlanırdılar, onların əlaqə telefonlarını soruşurdular. Baxmayaraq ki, Azərbaycan ilk dəfə olaraq bu tədbirə qatılmışdı, biz bir daha əmin olduq ki, həqiqətən də, xarici ölkələrdə Azərbaycana maraq çox böyükdür. Ümid edirəm ki, yaxın 5 ildə ölkəmizə gələn turistlərin sayında ən azı 100 faiz artım olacaq.

- Xaricdə ölkəmizə maraq həmişə olub və olacaq da. Gəlin, yaxşı olar ki, Azərbaycanda daxili turizmin inkişafından danışaq. Sizcə, bu gün ölkəmizdə daxili turizmin inkişafı qənaətbəxşdirmi?

- Ölkəmizdə daxili turizmin inkişafı ildən-ilə yüksəlir. Dövlət tərəfindən bu sahəyə böyük diqqət ayrılır. Bildiyiniz kimi, avqustun 8-də möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin təntənəli açılışı oldu. Dövlət başçısı həmin tədbirdə turizmin necə gəlirli bir sahə olmasını bir daha sahibkarların nəzərinə çatdırdı, bu sahənin inkişaf etdirilməsinə dair tövsiyələrini verdi. Hesab edirəm ki, yerli sahibkarlarımız da dövlət başçısının tövsiyələrindən lazımi nəticələr çıxaracaqlar.

- Sualı verməkdə məqsədim, əslində, bizdə yerli şirkətlərin vətəndaşlarımıza təklif etdikləri qiymətlərin yüksək olmasına münasibətinizi öyrənmək idi. Sizcə, niyə bizim yerli turistlər ölkəmizdə deyil, xarici ölkələrdə, məsələn, elə qonşu Gürcüstanda istirahət etməyə can atırlar?

- Bilirsiniz, burada bir neçə amil var. Gürcüstanı misal çəkdiniz. Biz müəyyən monitorinq keçirmişik. Gürcüstanda 5 ulduzlu hotelin 1 günlük qiyməti təqribən 300 dollardır, bizdə isə 200-250 manat, 4 ulduzlu- onlarda 100-130 dollar dəyərində, bizdə isə 80-130 manatdır. 3 ulduzlu hotel Gürcüstanda 50-80 dollar dəyərindədir, bizdə isə 3 ulduzlu hotellərin sayı barmaqla sayılan qədərdir. Gürcüstanda 2 ulduzlu hotellər, hətta yataqxana tipli hotellər belə var. Amma biz yerli turistlərimizə bu seçimi verə bilmirik. Bax bizim turistləri xarici ölkələrə cəlb edən də bu amildir. Ən qəribəsi odur ki, bizim sahibkarlar turizm sənayesinə ad-san, şöhrət prizmasından, hətta deyərdim ki, “qonşudan qalma dala” prinsipi ilə yanaşırlar. Nədən filankəsin hoteli 5 ulduzludur, mənimki olmasın?! Bu, düzgün yanaşma deyil. Sahibkar daha fikirləşmir ki, 5 ulduzlu hotelin elə bir o qədər dərdi də böyükdür. Bunun üçün gərək yüksəkixtisaslı peşəkar kadrların olsun, qidalanma, xidmət, SPA salonları, trenajorlar və s. beynəlxalq standartlara cavab versin, işçilərə verilən əməkhaqqı yüksək olsun, işçilər mütəmadi olaraq peşəartırma kurslarına cəlb olunsunlar, sertifikatlaşmadan keçsinlər. Belə götürəndə, həmin 5 ulduzlu hotellərin gəlirləri bir o qədər də yüksək olmur, amma risklər yüksəkdir. Bizim sahibkarlar isə fikirləşirlər ki, daha çox və tez gəlir götürmək üçün mütləq hotelimin ulduzu yüksək olmalıdır. Bilirsiniz, problem nədir? Bizim sahibkarlar hotel tikərkən peşəkarlardan bir məsləhət almağı özlərinə ar bilirlər. Əvvəlcə hoteli tikirlər, sonra Mədəniyyət və Turizm Nazirliyinə (MTN) müraciət edirlər ki, gəl bizə ulduz ver. Əslində, bunun tam tərsi olmalıdır. Hotel tikmək istəyən sahibkar digər qurumlardan icazə aldığı kimi, Mədəniyyət və Turizm Nazirliyi ilə də bunu razılaşdırmalıdır ki, hotelin mətbəxi, yeməkxanası, hovuzu, otaqlarda yerləşdirmə necə olmalıdır və s. Bu, ondan irəli gəlir ki, bizim sahibkarlarda turizm marketinqi ilə bağlı məlumat azdır. Turizmlə məşğul olmağa bunlar, sadəcə, hobbi kimi baxırlar. Başqa sözlə desək, öz bizneslərinin yanına daha bir hotel də qatırlar ki, guya, bunlar holdinq sahibləridirlər. Nəticə etibarı ilə bugünkü mənzərə ilə qarşılaşmalı oluruq.

- Bəs həmin şirkət və hotelləri özündə birləşdirən bir qurum olaraq, niyə sahibkarlara bu istiqamətdə iradlarınızı vaxtında söyləmirsiniz?

- Söyləyirik, qulaq asan kimdir? Bilirsiz bizdə necədir? Turizmlə məşğul olan sahibkarlar, ilk növbədə, öz məsuliyyətlərini dərk etməlidirlər. Binanı tikməzdən əvvəl mütləq Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırma aparılmalıdır ki, burada hotel tikmək olar, ya yox? Bu yer turistlər üçün nə dərəcədə cəlbedicidir və s. Bütün bunlar mütləq araşdırılmalıdır. Hazırda sizə həm paytaxtda, həm də regionlarda elə hotellər göstərə bilərəm ki, onlar nə şəhərin gediş-gəliş, avtomobillərin parklanması baxımından əlverişli yerdədir, nə də ki, hansısa bir turizm marşrutunun, yaxud tarixi abidələrin yaxınlığında yerləşir. Bu sahibkar, sadəcə, tikib və üstünə də 5 ulduzunu yapışdırıb. Bundan soruşan lazımdır ki, heç meşənin adamkeçməz yerində, yaxud paytaxtın ucqar, ətrafı pərakəndə şəkildə salınmış dar küçələrindən ibarət məhəlləsində də 5 ulduzlu hotel olar? Bax, budur bizim əsas problemlərimiz. Hotelini tikib, ulduzunu alıb, lazımi infrastruktur yox, gələn yox, qiymətdə də ki, aşağı düşmək istəmirlər. Digər tərəfdən, həmin hotelləri işlədənlərin böyük əksəriyyətinin turizmdən anlayışları belə yoxdur, marketinqin nə olduğundan xəbərsizdirlər. Təsəvvür edin ki, hoteli tikməyə 10 milyon manat vəsait xərcləyir, amma kadrlara təlim keçmək üçün 10 min manat xərcləməyə belə xəsislik edirlər. Odur ki, həmin hotellərdə xidmət səviyyəsi bu qədər aşağıdır. Baxın, ildə iki dəfə Mədəniyyət və Turizm Nazirliyi şirkətlər üçün pulsuz treninqlər təşkil edir, Türkiyədən müəllimlər dəvət edir, məşğələlərə adam tapmaq olmur. Eləcə də, AZTA-nın nəzdində treninq mərkəzi fəaliyyət göstərir, burada ABŞ-dan gəlmiş tanınmış mütəxəssislər dərslər keçirlər. Qazaxıstan, Rusiyadan bizə müraciətlər daxil olur ki, gəlib iştirak etsinlər, nəyisə öyrənsinlər - biz isə bura hələ də yerli şirkətləri cəlb edə bilmirik. Nə qədər ki, sahibkarlarımız turizm işinə hobbi, əlavə iş kimi baxacaqlar, bu, belə də davam edəcəkdir. Yenə də ölkə vətəndaşları dincəlmək üçün xarici ölkələrə üz tutacaqlar. Ölkədən valyuta axını güclənəcək, qiymətlər də yüksək olacaq. Burada bir haşiyəyə çıxmaq istərdim. Bizə xarici ölkələrin turizm şirkətlərindən təkliflər olur. Xarici turistlər çox maraq göstərirlər ki, bir turpaketlə 3-4 ölkəyə birdən səfərlər etsinlər. Bizim Ermənistanla münasibətlərimizin indiki vəziyyətində danışıqlar Gürcüstan üzərindən aparılır. Xarici turistlərə təqdim edilən turpaketlərdə 1 nəfər üçün qidalanma Gürcüstanda 4 dollar təşkil edir. Bu gün Bakıda 4 dollara turistə nahar verə bilən restoran tapa bilərsinizmi? Odur ki, həmin şirkətlər avtomatik olaraq Azərbaycanı öz siyahılarından çıxarırlar. Gəlirlər isə Gürcüstanda qalır.

- Olmazmı ki, bu məsələ bir qanunvericilik səviyyəsində nizamlansın? Məsələn, Tarif Şurası, yaxud başqa bir dövlət qurumu bu sahəyə müdaxilə etsin, qiymət siyasətini müəyyənləşdirsin? Yaxud millət vəkilləri bu sahədə hansısa təşəbbüslə çıxış etsinlər?

- Bilirsiniz, ölkədə azad sahibkarlıq fəaliyyəti mövcuddur, dövlətimiz azad sahibkarlığı dəstəkləyir. Odur ki, buna inzibati yolla müdaxilə etmək bir qədər müşkül məsələdir. Amma çox istərdik ki, bu məsələdə bizə parlament səviyyəsində dəstək verilsin, qanunlarımızdakı boşluqlar peşəkarcasına aradan qaldırılsın. O zaman, inanın ki, hotellərimizdəki qiymətlər də ucuzlaşacaq, vətəndaşlarımız da öz istirahətlərini elə ölkəmizin dilbər guşələrində keçirəcəklər, öz gəlirimiz də elə burada qalacaq, dövlət büdcəmizə də xeyri olacaq.

- Nahid müəllim, bəs onda yaranmış belə bir vəziyyətdə, ölkəmizdə daxili turizmin inkişafı üçün çıxış yolunu nədə görürsünüz?

- Bilirsiniz, mən turizm şirkətləri və hotelləri özündə birləşdirən bir təşkilatın rəhbəri olduğum üçün, əslində, sahibkarların mənafeyini müdafiə etməliyəm. Amma bu gün ölkədən bu qədər turist axınının fonunda məcburam ki, sahibkarlarla həmrəylik nümayiş etdirməyəm. Sualın birmənalı cavabı odur ki, sahibkarlarımız ölkədə turizmin inkişafına töhfə vermək istəyirlərsə, bir qədər vətənpərvər olmalı, “daşı ətəklərindən tökməli”, daha aşağı - 2 və 3 ulduzlu hotellərin tikintisinə üstünlük verməlidirlər. O zaman qiymətlər də ucuz olacaq, hotellərimiz də indikindən dəfələrlə artıq dolu olacaqdır. Digər tərəfdən isə, çox yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sahibkarlara hotel fəaliyyəti üçün verilən lisenziyaların şərtləri bir qədər ciddiləşdirilsin. Hotellərdə çalışan heyətin ali təhsilli və treninq mərkəzlərindən keçib gəlmiş kadrlar olmasına ciddi nəzarət olmalıdır. Bilirsiniz, turizm sənayesi inkişaf etmiş ölkələrin hamısı bu yolu keçiblər. Elə baxın qardaş Türkiyəyə. Bu gün Türkiyədə turizm sənayesi dünyada 1 nömrə səviyyəsinədək yüksəlib. Arzu edərdim ki, bizim sahibkarlar da heç olmasa tez-tez üz tutduqları qardaş ölkədən bir nümunə götürsünlər, öz fəaliyyətlərini düzgün qura bilsinlər.

 

Səlim LOĞMANOĞLU

Yeni Azərbaycan.-2015.- 2 sentyabr S. 6.