Azərbaycanda sənaye quruculuğunun yeni mərhələsi başlayıb

 

Prezident İlham Əliyev: Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır

 

1848-ci ildə dünyada ilk dəfə olaraq məhz Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanması nəticəsində ölkəmizdə sənayenin inkişafının təməli qoyulub və ötən illərdə bu sahədə zəngin ənənələr formalaşıb. Ümummilli lider Heydər Əliyevin böyük siyasi iradəsi ilə 1994-cü il sentyabrın 20-də Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” isə müstəqil Azərbaycanda sənayenin inkişafına geniş perspektivlər açıb.

Prezident İlham Əliyevin müasir dünya çağırışlarını nəzərə alaraq müəyyənləşdirdiyi ölkəmizin qarşıdakı illərdə yeni inkişaf paradiqmaları sırasında müasir sənaye quruculuğu mühüm yer tutur. Daha dəqiq desək, dövlət başçısı innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sənaye quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Sənaye quruculuğu istiqamətində dövlətin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Müasir sənaye quruculuğunun Azərbaycan iqtisadiyyatının əsas prioriteti olduğunu dəfələrlə bəyan edən dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda sənayeləşmənin uğurla həyata keçirildiyinə diqqət çəkərək vurğulayıb: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq”.

Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir

Hər bir dövr digər sahələrdə olduğu kimi, sənayeləşmə sahəsində də ölkələrin qarşısına yeni çağırışlar qoyur. Bu mənada müasir inkişaf yolu tutan Azərbaycanda yeni sənaye quruculuğu siyasəti yeni dünya trendlərinə uyğun müəyyənləşdirilib. Prezident İlham Əliyev 2014-cü ilin noyabrında Bakıda dünyanın 20 ölkəsindən 300-dən çox nümayəndənin iştirakı ilə keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq sənaye konfransının iştirakçılarına ünvanladığı məktubunda müasir dövrdə sənaye inkişafı sahəsində yeni çağırışları belə ümumiləşdirib: “Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır”.

Ölkəmizdə sənayeləşmə siyasəti məhz bu meyarlara uyğun surətdə həyata keçirilir. Son 12 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Təsadüfi deyil ki, yuxarıda haqqında bəhs olunan məktubunda Prezident İlham Əliyev ölkəmizdə sənaye quruculuğuna hərtərəfli qayğı göstərildiyinə diqqət çəkərək vurğulayıb: “Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır”.

Beləliklə, davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir.

Ölkəmizdə 2014-cü ilin və cari ilin birinci yarısının uğurlu göstəriciləri sırasında sənaye sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Ümumiyyətlə, respublikamızda “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə cari ilin 6 ayında sənaye sahəsində qazanılan uğurları yüksək qiymətləndirib: “Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir.

Azərbaycanda sənayenin yeni regional strukturu formalaşır

Yeri gəlmişkən, Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda yeni sənaye məhəllələrinin yaradılmasına start verilməsi ilə ölkədə sənayeləşmənin yeni mərhələsi başlayıb. Dövlət başçısının yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib: “Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır”.

Ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bölgələrin ənənələrinə, xammal potensialına uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı konkret müddəalar öz əksini tapıb.

Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından dövlət başçısının cari il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyır. İlk növbədə onu vurğulamaq lazımdır ki, dövlət başçısının Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı ayrıca Sərəncam imzalaması ölkəmizdə müasir sənaye quruculuğunun dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı imzaladığı Sərəncam sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə əlaqədar ayrı-ayrı mərkəzi icra orqanlarına müvafiq tapşırıqlar verilib. Dövlət başçısının imzaladığı Sərəncamda bildirilir ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.

Yeni sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. İqtisadiyyat və Sənaye Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin edəcək. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də dövlət başçısının imzaladığı Sərəncamla İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.

Möhkəm hüquqi baza ölkədə sənayenin yeni regional strukturunun formalaşması üçün münbit zəmin yaradır

Qeyd edək ki, ölkəmizdə dövlət sənayenin səmərəli regional strukturunun formalaşdırılmasına güclü siyasi iradə nümayiş etdirir. Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Bundan başqa, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb.

Göründüyü kimi, ölkəmizdə son illərdə sənaye inkişafı və sənayenin yeni səmərəli regional strukturunun formalaşması güclü şəkildə təşviq olunur və bu məqsədlə möhkəm hüquqi bazanın yaradılması təmin edilir. Bu və digər amillər isə, öz növbəsində, sənayenin yeni səmərəli regional strukturunun formalaşması üçün münbit zəmin qismində çıxış edir.

Ölkədə sənaye parklarının yaradılması vaxtında atılan addımdır

Bir sözlə, Azərbaycanda sənayenin yeni regional strukturunun formalaşdırılması siyasəti uğurlu nəticələr verir. Belə ki, regionlarda yaradılan yeni sənaye müəssisələri böyük müvəffəqiyyətlə fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir. Bu sırada Qazax sement zavodunu da nümunə göstərmək mümkündür. Yeni müəssisənin tikintisi çərçivəsində Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol və bu yolun kənarı ilə zavoda dəmir yolu, həmçinin, 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub. Layihəyə əsasən, müəssisənin gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sementdir. Zavodda bir neçə markada sement istehsal olunur. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılıb və ən müasir avadanlıqla təchiz edilib. Müəssisənin idarəedilməsi mərkəzi nəzarət otağından həyata keçirilir. Bütövlükdə zavodun ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ilin sentyabrında Gədəbəydə istifadəyə verilən “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodu da ən müasir standartlar səviyyəsində qurulub. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalıb. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib.

Zavodda istifadə olunan avadanlıqlar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.

Ölkənin müxtəlif şəhərlərində yeni sənaye parklarının yaradılması da milli sənayemizin inkişafı və regional strukturunun formalaşdırılıması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı nitqində ölkədə sənaye parklarının yaradılmasını vaxtında atılmış addım kimi dəyərləndirərək vurğulayıb: “Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi”.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 3 sentyabr S. 3.